Məhkəmə qərarları › İş №2-1(112)-7840/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7840/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7840/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun maddi durumunu və iki dəfə yaralanıb İ qrup müddətsiz Qarabağ əlili olmağının nəzərə aınlaraq münasib yerdən 2 (iki) otaqlı mənzillə təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İ Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə zamanı 2 dəfə ağır yaralanmışdır (1993 və 1994-cü illərdə) və bu səbəblə İ qrup Əlillik dərəcəsi almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi sənədə əsasən əlilliyinin səbəbi: “Hərbi travmadır. Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi zamanı alınmışdır. 11 oktyabr 2012-ci il tarixdən mənzil növbəsinə dayansa da cavabdeh orqan artıq 10 ildən artıqdır əsassız və formal bəhanələrlə onu evlə təmin etməmişdir. Bu illər ərzində müxtəlif qohumları gildə və ya kirayələrdə qalmaqla ağır həyat şəraitini davam etdirir. Onu 2012-ci ildə qanunsuz olaraq mənzil növbəsinə alıblar. Onun statusunda olan şəxsə haqqı olan məzil növbədənkənar verilməli idi. Belə ki, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində əlillərin dövlət hesabına mənzillə təmin edilməsi hüququ təsbit edilmişdir. Qanunun 43-cü maddəsində həmçinin yazılmışdır ki, “l qrup əlillərə, sağlamlıq imkanları məhdud uşağın ailələrinə mənzillər növbədənkənar verilir.” Göründüyü kimi 2012-ci ildə ona növbədənkənar mənzil verilməli olduğu halda, nəinki bu mənzil verilməmiş, üstündən 10 il keçsə də cavabdeh orqan formal cavablarla onun müraciətlərini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 20 aprel 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(112)-7840/2022 saylı qərardadı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq, 22 sentyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbində yol verilmiş xətalarla bağlı qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən onun Bakı şəhəri Yasamal rayon ərazisində iki otaqlı mənzillə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçıya mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə 1 (bir) nəfər ailə tərkibini nəzərə alaraq tərəflərindən 1 (bir) otaqlı mənzil təklif edilmişdir. Lakin iddiaçı əsassız olaraq sözügedən mənzildən imtina etmişdir. Belə ki, “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı Qərarına əsasən “Sosial kirayə müqaviləsi” əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının İnzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminoluma səvəiyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv. m. müəyyən edilsin” kimi qərara alınmışdır. Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kv. metr müəyyən olunmuşdur. Sözügedən normada həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan bir otaqlı mənzildən ibarət olsun. Maddədən aydın olduğu kimi, adambaşı normadan artıq ölçüdə yaşayış sahəsi ancaq o halda verilə bilər ki, həmin mənzil bir otaqdan ibarət olsun. Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən “Şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Sosial kirayə müqavilələri əsasında mənzillərlə Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və digər müxtəlif kateqoriyalardan olan minlərlə vətəndaş təmin olunur və onların bir çox geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normadan artıq ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa üçotaqlı mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus xx.xx.2012-ci il tarixdə Yasamal RPİ tərəfindən verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1974-cü ildə Quba rayonu, Alpan kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Quba rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdə verilmiş 078058 №-li “Müharibə veteranı” vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Z.İ.X3 veteranı imtiyazlarından istifadə etmək hüquqlarına malik olan şəxsdir. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin “İddiaçı mənzil uçotunun yaşayış yeri üzrə güzəştli siyahıya keçirilməsi haqqında” 176 №-li, xx.xx.2012-ci il tarixli Sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2012-ci il tarixdən yaşayış yeri üzrə Quba RİH-də mənzil növbəsinə qəbul edilmişdir. Hal-hazırda o, yaşayış yerini dəyişərək, ünvan 3 ünvanda qeydiyyata alınmışdır. Bununla əlaqədar onun mənzil-uçot sənədlərinin yaşayış yeri üzrə köçürülməsi üçün sənədlər Yasamal RİH-nə göndərilmişdir. Qeyd olunanlara əsasən İddiaçı növbəsi xx.xx.2012-ci il tarixdən Yasamal rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçot siyahısına daxil edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 186/9 №-li, xx.xx.2013-cü il tarixli arayışa əsasən ünvan 4 ünvanda qeydiyyatda olan Ağayev X5 rayon İcra Hakimiyyətində yaşayış yeri üzrə xx.xx.2012-ci il tarixdən Qarabağ Müharibəsinin İ qrup əlili kimi güzəştli əsaslarla mənzil uçotundadır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4714/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, sözügedən qətnamə ilə xx xxxx 1974cü il tarixdə Quba rayonu, Alpan kəndində doğulmuş İddiaçı 23 iyun 1994-cü il tarixdən 2008-ci ildə TSEK tərəfindən əlillik təyin olunan vaxtadək əlil olmağı faktının təsdiq olunması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdə birinci dərəcəli əlillik təyin olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1140 №-li və 1 nömrəli Tibbi- Sosial Ekspert Komissiyasının 40 №-li xx.xx.2016-cı il tarixli eyni məzmunlu məktublarının notarial qaydada təsdiq olunmuş surətində 17 iyun 1974-cü ildə Quba rayonu Alpan kəndində doğulmuş İddiaçı 23 iyun 1994-cü il tarixdən-xx.xx.2012-ci il tarixədək İ dərəcə əlil olmağı faktının qəti şəkildə təsdiq edildiyi, 1993-cü və 1994-cü illərdə iki dəfə yaralandığı, əlilliyinin səbəbinin “Hərbi travma Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün Müdafiəsi zamanı almışdır” qeyd olunmuşdur. Əsas: 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-1611/15 saylı, xx.xx.2015-ci il tarixli və 2(004)-4714/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsi və tibbi-ekspert sənədləri. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 218 №-li, xx.xx.2019-cu il tarixli Qərarının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Quba RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildə N nömrəli hərbi hissənin tibb bölüyündə müayinə olunduğu travma və yaralanmadiaqnoz: “Yüngül dərəcəli kontuziyadan sonrakı vəziyyət. Təpə nahiyəsinin kor qəlpə yaraları. Görmənin zəifliyi” və xx.xx.1994-cü il və MN Mərkəzi Hərbi Hospitalında müayinə olunduğu travma və yaralanma diqanozu” Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsinin xx.xx.2019cu il tarixli 336 nömrəli arayışı, N nömrəli hərbi hissənin tibb bölüyündən verilmiş xx.xx.1994-cü il tarixli 1985 nömrəli ilk tibbi karta, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır”. MN MHHK-nın 07.010.2008-ci il tarixli 526 nömrəli qərarı ləğv edilir. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin a) yarımbəndi. Bakı şəhəri Yasamal Bələdiyyəsi tərəfindən verilmiş 173 №-li, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, ünvan 6 ünvanında qeydiyyatda olan Ağayev X5 Bələdiyyəsindən torpaq sahəsi almamışdır. Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 48 №-li, xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı M.Seyidov küçəsi 18a saylı evin 91 saylı mənzilində qeydiyyatdadır. Ailə tərkibi: bacısı- X4 qeyd olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli arayışında İddiaçı adına Quba rayonu, Alpan kəndində 0,15 ha yaşayış məntəqəli torpaqları (qeydiyyat nömrəsi 230A); Quba rayonu, Alpan kəndində 0,7 ha Kənd təsərrüfatı təyinatlı torpaqlardan (JN: 804) ibarət daşınmaz əmlak qeydiyyata alındığı qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə bağlı müraciətlərinə cavab olaraq verilmiş aşağıda qeyd olunan: - **********0 saylı, xx.xx.2021-ci il tarixli məktubda (notarial qaydada təsdiq olunmuş surətində) göstərilmişdir ki, onun mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 04 mart 2014-cü il tarixli 188/d nömrəli məktubda onun xx.xx.2012-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Həmin məktub və növbəlilik siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Qeyd olunanlara əsasən onun sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə növbəlilik qaydasında baxılacağı qeyd olunmuşdur. - **********4 saylı, xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyində baxılmışdır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yasamal rayonu İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş 04 mart 2014-cü il tarixli 188/d nömrəli məktubda onun xx.xx.2012-ci il tarixdən mənzil növbəsinə dayandığı qeyd edilmişdir. Sosial Xidmətlər Agentliyində qəbul edilərkən ona Nazirliyin balansında olan mənzillərdən təklif olunmuş, lakin o, Bakı şəhərinin Nəsimi və Yasamal rayonları ərazisində, habelə Binəqədi rayonu, Azadlıq metrosu ətrafında mənzillə təmin edilmək istədiyini bildirmişdir. Həmin ərazilərdə Nazirliyin balansında mənzillərin olmadığı barədə ona məlumat verilmişdir. Sosial-məişət şəraitinin yaxşılaşdırılması məsələsinə qanunvericiliyə uyğun olaraq baxılacağı qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş **********1 saylı, xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Nazirlik tərəfindən 2014-2028-cı illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Bakı şəhəri, Yasamal Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş 4 mart 2014-cü il tarixli 188/d nömrəli məktubda İddiaçı 11 oktyabr 2012-ci il tarixindən mənzil növbəsinə dayandığı göstərilmişdir. İddiaçı ailə tərkibi nəzərə alınmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi. Yeni yaşayış kompleksində bir otaqlı mənzil təklif olunmuş, lakin İddiaçı Bakı səhəri Yasamal rayonu, Nəsimi rayonu və Binəqədi rayonu ərazilərində mənzillə təmin edilmək istədiyini bildirərək, təklifdən imtina etmişdir. İddiaçı mənzillə təmin olunmaq istədiyi ərazilərdə Nazirliyin balansında mənzillərin olmadığı barədə vətəndaşa yazılı və şifahi məlumat verilmişdir. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı Bakı şəhəri Yasamal rayon ərazisində iki otaqlı mənzillə təmin edilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun Bakı şəhəri Yasamal rayonu ərazisində iki otaqlı mənzillə təmin olunması barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; - 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 56.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1-ci maddəsinə əsasən yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. 56.3-cü maddəsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. 56.5-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə yaşayış sahəsi vətəndaşlara onların yaşayış yeri üzrə (müvafiq yaşayış məntəqəsinin hüdudlarında) adambaşına düşən ümumi sahəsi ayrılma normasından az olmamaqla verilməlidir. 56.6-cı maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə otaqlar yalnız bu Məcəllənin 58.3-cü maddəsi ilə nəzərdə tutulmuş hallarda verilə bilər. 56.7-ci maddəsinə əsasən mülkiyyətində yaşayış sahəsi olan vətəndaşa sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsinin ümumi sahəsi müəyyənləşdirilərkən onun mülkiyyətində olan yaşayış sahəsinin ölçüsü nəzərə alınır. 56.8-ci maddəsinə əsasən vətəndaşa sosial kirayə müqaviləsinə əsasən yaşayış sahəsi verilərkən vətəndaşın yaşayış sahəsinin ölçülərinin azalmasına və ya özgəninkiləşdirilməsinə səbəb olmuş hərəkətlər və bağladığı mülki-hüquqi əqdlər nəzərə alınır. Vətəndaşa yaşayış sahəsi sosial kirayə müqaviləsinə əsasən verilərkən həmin müddətdən əvvəl aparılmış yuxarıda göstərilən hərəkətlər və əqdlər qanunvericiliklə müəyyən edilən müddət ərzində, lakin həmin müddət beş ildən çox olmamaq şərti ilə nəzərə alınır. 56.9-cü maddəsinə əsasən Bu Məcəllənin 56.8-ci maddəsində göstərilən hallarda yaşayış sahəsinin ümumi sahəsinin müəyyənləşdirilməsi qaydası qanunvericiliklə müəyyən edilir. 57.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. 57.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-cı illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilmələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən Sosial Xidmətlər Agentliyi (bundan sonra – Agentlik) sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində fəaliyyət göstərir (1.2); Agentliyin hüquq və vəzifələrinə aşağıdakılar aiddir: sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsini təşkil etmək və həyata keçirmək (3.1.2); dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək (3.1.16). “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 №li qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İşin araşdırılan hallarından da göründüyü kimi, Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 176 №-li, xx.xx.2012-ci il tarixli sərəncamı ilə İddiaçı xx.xx.2012-ci il tarixdən Yasamal rayon İcra Hakimiyyətində İ qrup Qarabağ Müharibəsi əlillərinin güzəştli əsaslarla mənzil uçotu siyahısına daxil edildiyi nəzərə alınmaqla, Sosial Xidmətlər Agentliyi tərəfindən ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan mənzillərdən təklif olunsa da, souncu təklif olunan mənzillərin, yerləşdiyi ərazi və mənzillərin sahəsi ilə razı olmadığından həmin mənzilləri qəbul etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). İşin yuxarıda sadalanan hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, məhkəmə sonda belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan Sosial Xidmətlər Agentliyi tərəfindən sosial xidmətə ehtiyacı olan şəxs kimi iddiaçıya münasibətdə hazırki tələb üzrə onun sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olmuşdur. İPM-yə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir (52-ci maddə). Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar