Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7841/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsinin adına rəsmiləşdirilərək çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbin “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsinin verilməsinə dair JN 21121D, Kod 00305016 saylı şəhadəynamədə Quliyev Mehman Z.o adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsi torpaqların mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsusdur. Həmin mülkiyyət şəhadətnamə ilə qeydiyyat nömrəsi JN 21121D, Kod 00305016 olmaqla əks olunmuşdur. Dövlət əmlakının özəlləşdirilməsi haqqında İİ dövlət proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsinin adına rəsmiləşdirilməsi və çıxarışın verilməsinə dair İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də, həmin idarə tələbinin qanunauyğun olmadığını əsas gətirərək müraciətini icra etməmişdir. Göstərilən hallar mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Mənzil üzərində sərəncam hüquqlarını realizə edə bilmir. Bu səbəbdən dövlət tərəfindən tanınan və qorunan hüquqları pozulmuş olur. 23 iyun 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin plenum qərarına əsasən müəyyən olunur ki, şəxsin mülkiyyətində olan əmlak yalnız çıxarışla onun mülkiyyətində olan əmlakı deyil, həm də qanuni əsaslarla onun mülkiyyətində olan sahələri əhatə edir. Yəni, faktiki sahiblik də mülkiyyəti ehtiva edir. Göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsinin adına rəsmiləşdirərək çıxarış verilməsi İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsin üzərinə qoyulmalıdır.
4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə cavabeh orqana müraciət edərək ona məxsus olan JN 21121D nömrəli şəhadətnamədə göstərilən Quliyev Mehman Z. oğlu ilə hər hansı bir əlaqəsi olmadığını bildirərək, ona məxsus torpaq şəhadətnaməsinin hansı əsaslarla verilməsini, arxiv və s. sənədlərinin, həmçinin Quliyev Mehmana hansı əsasla verilməsinin araşdırılmasını, sənədində olan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmişdir.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, ““Məhsul” bağçılıq yoldaşlığının Xəzər rayonu, Türkan qəsəbəsi, 354 saylı bağ sahəsinə dair İddiaçı və Quliyev Mehman Z. adına verilmiş JN-21121D (kod ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə İdarənin arxivində mövcuddur. Müraciətiniz əsasında verilmiş sorğu ilə əlaqədar olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən göndərilən şəhadətnamənin verilməsi üçün əsas olmuş sənəd surətləri (xx.xx.1987-ci il tarixli protokoldan çıxarış, bölgü sxemi, “Məhsul” bağçılıq yoldaşlığı üzvlərinin siyahısından çıxarış və Forma-2 arayışı) araşdırılmış və məlum olmuşdur ki, tərəfinizdən təqdim edilmiş 102 nömrəli MİS-nin 11 dekabr 2001-ci il tarixli 894 nömrəli Forma-2 arayışında qeydiyyat ünvanınız Əl. Nəvai küçəsi, ev 74, mənzil 4 ünvanında yerləşən mənzilin icarədarı X2, ailəsi İddiaçı (2 nəfər), qeydiyyatda olanlar kimi isə İddiaçı C. (özü.təvəllüd- 1953) və Quliyev Mehman Z. (qohumu, təvəllüd-1976, qeydiyyat tarixixx.xx.2001) adları qeyd edilmişdir.”
6. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehə müraciəti olduğunu bildirərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının hazırkı tələblə müraciət etmədiyini bildirərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
8. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
9. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır... 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.
14. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə təyin olunmuş məhkəmə iclasınıda iştirak edən iddiaçıya cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin məhkəmə tərəfindən göstərilən hüquqi yardım nəzərə alınmamış, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Bu baxımdan hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.
15. Belə ki, iddia ərizəsindən, ona əlavə olunmuş iddiaçının müraciəti və ona cavab məktubundan müəyyən olunur ki, iddiaçı cavabdehə olan müraciətində ona məxsus torpaq şəhadətnaməsinin hansı əsaslarla verilməsini, arxiv və digər sənədlərin surətlərinin ona təqdim edilməsini, həmçinin sənədində olan uyğunsuzluğun aradan qaldırılmasını xahiş etmiş, hazırkı iddia tələbi ilə, yəni həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məzmunlu ərizə ilə cavabdehə müraciət etməmişdir.
16. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının xx.xx.2024-cü il tarixli ərizəsinə münasibətdə qeyd edir ki, bağ sahəsinin verilməsinə dair şəhadətnamədə Quliyev Mehman Z.o adının çıxarılması tələb ilə də cavabdehə müraciəti mövcud olmadığından həmin dəqiqləşmə barədə ərizənin icraata qəbul edilməsinə zərurət yaranmır.
17. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.
18. Göstərilənlərə əsasən işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya baxılması mümkün deyildir.
19. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva