Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7844/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “borcun tələb edilməsi ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə onun borclarının olmaması barədə qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iş üzrə əsl olmayan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi ilə əvəz edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin borclarının mövcud olmadığının müəyyən edilməsi və həmin gömrük bəyannamələri ilə bağlı İddiaçı MMC-dən pul vəsaitlərinin tutulması (ödənilməsi) tələbinə yönəltmiş hər hansı hərəkətin həyata keçirilməsinin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun iddiaçıdan tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin 04 iyun 2020-ci il tarixli, 1000-160/1xx-xx/010087 nömrəli məktubu ilə, habelə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 04 mart 2020-ci il tarixli, 1400- 012/0xx-xx/001711 nömrəli və 10 oktyabr 2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubları ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin gömrük borcunun olması bildirilmişdir. Lakin həmin bəyyannamələr üzrə İddiaçı MMC-nin heç bir borcu mövcud deyildir. Belə ki, qeyd olunan gömrük bəyyannamələri əsasında müvvəqəti idxal olunmuş mallar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin icazəsi əsasında gömrük ödənişlərindən və vergilərdən qismən deyil, tamamilə azad olunmuşdur. Mallar gömrük ödənişlərindən və vergilərdən tam azad olunduğundan bu gömrük bəyyannamələri üzrə İddiaçı MMC-nin borcları yaranmamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6 738,82 manat idxal vergisi, 31 210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla ümumilikdə 51 800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi iddiaçıdan xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 fevral 2021-ci il tarixli qərardadı ilə (iş № 2- 1(112)-3000/2021) İddiaçı MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında irəli sürülmüş tələbin ləğv edilməsi barədə tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən hər hansı müvafiq inzibati akt qəbul edilməmişdir, ləğv olunması tələb olunan məktub məlumat xarakteri daşımaqla, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə əlaqədar olmamışdır. İddiaçı MMC ərizə ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət edərək **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə İddiaçı MMC-nin borclarının olmaması barədə qərar qəbul etməsini xahiş etmiş, lakin qanunla müəyyən olunmuş müddətin keçməsinə baxmayraq heç bir qərar qəbul olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə tərtib edilmiş **********3431, **********2533, **********3575 və **********4446 nömrəli bəyannamələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük prodeuru altında yerləşdirilməsi Qaydaları”nın tələblərinin pozulması faktı aşkar edilmiş, gömrük rüsumları və vergilərin İddiaçı MMC tərəfindən ödənilmədiyi müəyyənləşdirilmişdir. "Atlaskorp” MMC-nin rəhbəri İslam Abdullayev Bakı Baş Gömrük İdarəsinə xx.xx.2020-ci il tarixli, AC-2020/047 saylı Öhdəlik məktubu ilə müraciət edərək, **********3431, **********2533, **********3575 və **********4446 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranmış borcun ödənilməsini təmin edəcəyini öhdəsinə götürmüşdür. Bununla da yuxarıda qeyd edilən gömrük bəyannamələri üzrə yaranmış gömrük borcları iddiaçı tərəfindən etiraf edildiyi üçün iddiaçı ilə Bakı Baş Gömrük İdarəsi arasında iddianın predmetini təşkil edən mübahisə mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhz bu baxımdan iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 1400-012/0xx-xx/001711 nömrəli məktubundan görünür ki, X2 18 noyabr 2019-cu il tarixli 1000/331 nömrəli sərəncamına əsasən, Bakı Baş Gömrük İdarəsinin 01 yanvar 2016-cı il tarixdən 01 yanvar 2019-cu il tarixədək olan dövr üzrə fəaliyyətin audit yoxlaması zamanı MMC tərəfindən 2017-2018-ci il ərzində müvəqqəti idxal xüsusi gömrük proseduruna uyğun rəsmiləşdirilmiş malların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli "Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalar”-ın təsdiq edilməsi haqqında qərarın 7.2.1-7.2.9-cu yarımbəndlərində göstərilən şərtlərə uyğun istifadə edilməsi nəzərdə tutulmadığı aşkarlanmışdır. Bu səbəbdən yoxlamanın nəticəsi olaraq müvəqqəti idxal edilən mallar gömrük rüsumlarından və vergilərdən qismən azad olunmalı və mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilərək hər ay ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq əlavə 1-də qeyd olunan MMC-nin GB-ləri üzrə yaranmış gömrük borcu və dəbbə pulunun (51800.73 AZN) cəmi qısa müddət ərzində ödənilməsinin təmin edilməsi İddiaçı MMC-dən xahiş edilmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin xx.xx.2020-ci il tarixli, 1400-012/0xx-xx/007522 nömrəli məktubundan görünür ki, aparılmış təftiş zamanı 2017-2018-ci illər ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara tərtib edilmiş **********3431, **********2533, **********3575, **********4446 sorğu nömrəli gömrük bəyannamələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2013-cü il tarixli, 245 nömrəli “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalar”ının tələbləri pozulması halı aşkar edilmişdir. Belə ki, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlər ödənilməmişdir. Qeyd edilən gömrük bəyannamələri üzrə 6738.82 AZN idxal vergisi, 31210.43 AZN əlavə dəyər vergisi, 13851.48 AZN dəbbə pulu olmaqla ümumilikdə 51800.73 AZN gömrük borcunun tam şəkildə qısa zaman ərzində dövlət büdcəsinə ödənilməsi İddiaçı MMC-dən xahiş edilmişdir. İddiaçı hazırda cavabdehin bu məktublarda göstərilən borcun ondan tələb edilməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddiaçı hazırda cavabdehin İdarəsinin **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə gömrük borcunun ondan tələb edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş edir ki, bu iddia müəyyən etmə haqqında iddiaya uyğun iddiadır. Məhkəmə qeyd edir ki, hər hansı bir inzibati aktın qanunsuz olmasının müəyyən edilməsi üçün əsas şərt ondan ibarətdir ki, iddiaçı işin mahiyyəti üzrə qərar qəbul edilən an qanunsuz olmanın müəyyən edilməsində haqlı marağa malik olsun. Əgər belə bir maraq mövcud deyilsə, onda məhkəmənin işin mahiyyəti üzrə qərar qəbul etməsi üçün heç bir əsas olmayacaqdır. Başqa sözlə, iddiaçının hüquqları nəzərə alınmaqla işin mahiyyəti üzrə qərarın qəbul edilməsinə yalnız o zaman ehtiyac duyulur ki, həmin qərar iddiaçı üçün faydalı olsun. Yəni müəyyən etmə haqqında iddiaya dair çıxarılmış məhkəmə qərarı hansısa bir şəkildə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırmaq üçün münasib olmalıdır. Belə bir münasiblik İPM-in 36-cı maddəsində təsbit edilmiş müəyyən etmə haqqında iddiaya münasibətdə nəzərdə tutulmuş xüsusi müəyyən etmə marağının olduğu hallarda mövcud olur. Lakin işin yuxarıda qeyd olunan hallarına əsasən hazırkı iş üzrə belə bir maraq müəyyən olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının sözügedən gömrük borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, cavabdeh tərəfindən sözügedən məsələ ilə bağlı “İnzibati icraat haqqında” Qanunun müddəaları çərçivəsində inzibati icraat aparılmamış, inzibati akt qəbul edilməmiş, iddiaçıya qarşı mübahisə edilən pul vəsaitinin tutulmasına yönəldilmiş hər hansı məcburedici hərəkətlər edilməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 81-ci maddəsinə əsasən İnzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur (maddə 81.1). Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir (maddə 81.2). İnzibati orqan inzibati aktın icrası ilə bağlı şəxsin hansı hərəkətləri etməli olduğunu dəqiq müəyyənləşdirməyə borcludur (maddə 81.3). Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Eyni zamanda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249-cu maddəsinə görə: - maddə 249.1 Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. - maddə 249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar. - maddə 249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur. - maddə 249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır. Göründüyü kimi, qanunvericiliyə əsasən şəxsin mövcud olan gömrük borcunun ödənilməsi üçün inzibati orqanın həmin borcun məcburi tutulması barədə qərar qəbul etmək, tələbi icraya yönəltmək, icra sənədi vermək və digər bu kimi səlahiyyətləri müəyyən edilmişdir. Lakin işdən görünür ki, cavabdeh gömrük borcunun ödənilməsi ilə bağlı 2020-ci ildə iddiaçıya məktub ünvanlasa da, 2 il ərzində bu tədbirlərdən hər hansı birini görməmişdir. Bu hal həmçinin cavabdehin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda da təsbit edilmişdir. Belə ki, cavabdeh həmin məktubda qeyd etmişdir ki, İddiaçı MMC-yə hesablanmış borcla əlaqədar olaraq gömrük orqanı tərəfindən borcun tutulmasına yönəldilmiş hər hansı bir hərəkət edilməmiş, sərəncam qoyulmamış, icra sənədi verilməmiş, digər gömrük rəsmiləşdirmələrinə borc ödənilmədiyinə görə məhdudiyyət qoyulmamışdır. Həmin borcun ödənilməməsi İddiaçı MMC tərəfindən digər idxal-ixrac əməliyyatlarının aparılmasına təsir etmir. Göründüyü kimi, işin halları ilə iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur. O da qeyd edilməlidir ki, işdən görünür ki, iddiaçı daha əvvəl cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 01 oktyabr 2020-ci il tarixli 1400- 012/0xx-xx/007522 nömrəli məktubu ilə **********3431, **********2533, **********3575 və **********4446 nömrəli gömrük bəyannamələri üzrə 6.738,82 manat idxal vergisi, 31.210,43 manat əlavə dəyər vergisi, 13 851,48 manat dəbbə pulu olmaqla, ümumilikdə 51.800,73 manat gömrük borcunun dövlət büdcəsinə ödənilməsi haqqında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı irəli sürülmüş tələbin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadda məhkəmə qeyd etmişdir ki, “İddiaçının iddia tələbindən görünür ki, iddiaçı ümumiyyətlə gömrük ödənişlərindən qismən deyil, təmamilə azad edildiyini qeyd edərək cavabdeh orqan tərəfindən məktub əsasında, (müvafiq icra, yaxud ödəniş sənədi olmadan) ödənilməsi tələb olunan ümumilikdə 51 800,73 manat ləğv edilməsini tələb edir. Halbuki qanunvericiliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, cavabdeh orqan tərəfindən hər hansı müvafiq inzibati akt qəbul edilməmişdir. O cümlədən ləğv olunması tələb olunan məktub məlumat xarakteri daşımaqla, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə əlaqədar olmamışdır.” Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə müəyyən edilir ki, iddiaçının daha əvvəl müraciət etdiyi tələb üzrə tələb olunan mümkünlük şərti hazırkı iddia üzrə də ödənilmir. Yəni iddiaçı iddianın mümkünlük şərtinə əməl etmədən yenidən iddia qaldırmışdır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə, yəni iddianın mümkünlüyü üçün zəruri olan tələblərə cavab vermədiyindən məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7844/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7844/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver