Məhkəmə qərarları › İş №2-1(112)-7844/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7844/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7844/2023 07.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X8, X9, X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X4, X5, X3 Bakı şəhəri, ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsin Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzili xx.xx.2019-cu il tarixdə AN-l№0766179 saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Mənzili aldıqdan sonra iddiaçının adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin daşınmaz Əmlakın Dövlət reyesterindən ********** nömrəli çıxarış verilmişdir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan üçüncü şəxs X2 X6 Mələk Türhan qızı mənzil ona satıldıqdan sonra 90 (doxsan) gün müddətində mənzildən qeydiyyatdan çıxacağını bildirsə də lakin onlar, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır, bu da mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Lakin hazırda elektron çıxarışdan iddiaçıya məlum olumşdur ki, onun aldığı mənzildə üçüncü şəxs X2 Rəsul Pərviz oğlu X3 onun mənzilində qeydiyyatdadırlar. Hazırda iddiaçı evi alandan orada yaşamamış və ona məxsus mənzildə heç bir əmlak yoxdur. Üçüncü şəxs onun mənzilində hazırda yaşamır. Hazırda da harada yaşaması barədə iddiaçıda heç bir məlumat yoxdur.Ona görə ki, üçüncü şəxslə hər hansı qohumluq əlaqəsi yoxdur. Üçüncü şəxsin qeydiyyatdan çıxmaması mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7844/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X8, X9, X7 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Üçüncü şəxs qismində cəlb edilmiş X9 mübahisəli ünvandan qeydiyyatda çıxdığından məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun inzibati iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmiş, eyni tarixli qərardadla iddia tələbi X8 və X3 ünvan 4 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi şəklində icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü X8, xx.xx.1998-ci il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X7 ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrarayon, Mmir Cəlal küçəsi, ev 66, mənzil 21 İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 463 nömrəli məktubla göndərilmiş ünvan 6 ünvanında yerləşən mənzilin alqı-satqı müqaviləsinə dair notariat işinin surətindən görünür ki: - AN-İ seriyalı, xx.xx.2019-cu il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X8 ünvan 6 ünvanında yerləşən mənzili alıcı İddiaçı mülkiyyətinə verir. Müqavilənin 13-cü maddəsinə səasən satıcı xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. - X10 notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsində bildirmişdir ki, o, qeydiyyatda olduğu ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2- 12410/2023 nömrəli məktubunda bildirilmişdir ki, X8 xx.xx.2017-cı il tarixdən, X7 xx.xx.2017-ci il tarixdən 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən, X9 xx.xx.2005-ci il tarixdən Nəsimi RPŞ tərəfindən ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 51/2-14221 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 8 ünvanına sorğuda adları qeyd olunan şəxslər, X8 xx.xx.2017-ci il, X9 xx.xx.2005-ci il, X7 isə xx.xx.2017-ci il tarixlərdə qeydiyyata alınmışdır. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA4404847 nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü X9 Bakı şəhəri, Nəsimi rayonu, X17 küçəsi, ev 176, mənzil 6 ünvanında qeydiyyatdadır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 51/2-M- 5240 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, müraciətdə göstərilən şəxslərin ünvan 11 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Sizin məhkəmə orqanlarına müraciət etmək hüququnuz var. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, İddiaçı ünvan 6-in xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyətçisidir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi X8 mənzilin keçmiş mülkiyyətçisi, X7 isə sonuncunun qohumudur. Belə ki, X1 mənzili AN-İ seriyalı, xx.xx.2019-cu il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış, müqavilə tələbinə uyğun olaraq xx.xx.2019-cu il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də alqı-satqıdan sonra qeydiyyatdan çıxmamışdır. Eyni zamanda müqavilə bağlanan zaman satıcının qohumu X10 mənzilin satılmasına notarial qaydada razılıq vermiş olsa da alqı-satqıdan sonra yetkinlik yaşına çatmayan övladı X7 qeydiyyatda qalmışdır. Hazırda adları çəkilən üçüncü şəxslər iddiaçıya məxsus sözügedən ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsa da hazırkı mülkiyyətçinin ailə üzvü deyildirlər, həmin ünvanda faktiki olaraq yaşamırlar, onların mənzilə dair istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə mənzilə əmlak hüquqları olmayan şəxs olduqlarından mənzilin hazırkı mülkiyyətçisi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1990-cı il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X3 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X8 və X3 ünvan 6 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar