Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7847/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı və cavabdehin nümayəndələri X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1995-ci il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 saylı, 3 sot torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Bakı şəhəri Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1995-ci il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 saylı, 3 sot torpaq sahəsinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı uzun illər “Azerelektroterm” zavodunun işçisi olduğu üçün ona Bakı şəhər X6 İcrayə Komitəsi tərəfindən xx.xx.1985-ci il tarixində 15358 saylı qərarı ilə Bakı şəhəri Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 05 saylı bağ-torpaq sahəsində 3 sot torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsində hazırda ev mövcuddur. Lakin torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı rəsmi ərizə ilə müraciət etsə də və ərizəsinə lazımi hüquqi sənədləri əlavə etməyinə baxmayaraq xx.xx.2024-cü il tarixli imtina məktubu vermişdir. Cavabdeh inzibati orqanın hərəkəti qanunsuz olmaqla yanaşı, həm də bir ziddiyət təşkil edir. Belə ki, xx.xx.2022-ci il tarixli imtina məktubuna istinad edərək bildirilmişdir ki, onun müraciətinə baxılmış, lakin ona məxsus istifadəsində olan indi İcra hakimiyyətinin sərəncamı ilə eyni hüquqi qüvvədə olan sərəncam mövcud olsa da bildirilmişdir ki, o “Azerelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin guya siyahısında onun adı və protokoldan çıxarışda isə qeyd olunan Krıdova A. adları aşkar olunmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və protokoldan çıxarışda qeyd olunan Krıdova A. adları aşkar olunmamışdır.İdarənin mütəxəssisləri tərəfindən göstərilən bağ sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 407 kv.m təşkil edir, bağ sahəsində birmərtəbəli yaşayış evi və artıq torpaq sahəsində kölgəlik və köməkçi tikililər mövcuddur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və ona imtina edilmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş üzrə toplanılmış sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanladığı 08 yanvar 2024-cü il tarixli, 3-48-2F/2-Ə-00061/2024 saylı məktubu əsasında keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1985-ci il tarixli, 16/358 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 111 nömrəli, xx.xx.2008-ci il tarixli Sərəncamından çıxarışdan görünür ki, İddiaçı Hövsan qəsəbəsində 05 saylı bağ evinin tikintisi üçün ona məxsus torpaq sahəsində rayon İcra hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq yaşayış evinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Deputatları Sovetinin İcraiyyə Komitəsinin “Torpaq sahələrinin Bağçılıq Ortaqlıqlarının layihələndirilməsinə verilməsi haqqında” 16/358 nömrəli, 12 oktyabr 1985-ci il tarixli Qərarına əsasən, Orconikidze rayonu, Hövsan Şərq qəsəbəsi və Zığ Cənub-Şərq qəsəbəsi, “Serebrovski” BŞEİ-nin istifadə olunmayan ərazisində; Rayon Sovetlərinin İcraiyyə Komitələrinin nəzdində fəhlə komissiyaları tərəfindən baxılan materiallara əsasən yuxarıda sadalanan massivlərinin ərazisində Bağçılıq Ortaqlıqlarının yaradılması üçün torpaq sahələri aşağıda sadalanan müəssisələrə ayrılsın; “Azərelektroterm” X2 Cəmiyyətinin 290 üzvü üçün Hövsan qəsəbəsinin ərazisində. “Azərelektroterm”Bağçılıq-Yoldaşlığ Cəmiyyətinin idarə iclasının 28 iyun 1990-ci il tarixli protokoluna əsasən, Hövsan qəsəbəsində aşagıdakı işçilərə torpaq sahələrinin verilməsi qərara alınmışdır: sahə №5 İddiaçı Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin 28 iyun 1990-cı il tarixli, 03 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Hövsan bağçılıq cəmiyyəti bağından sahəsi 300 kv.m olan 5 nömrəli bağ sahəsi xx.xx.1985ci il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. Bakı şəhər Xətai rayonu İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 96 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26 nömrəli, 13 fevral 2008-ci il tarixli “Arayışın”dan görünür ki, İddiaçı Gün. Mehmandarov küçəsindəki 100 nömrəli evin, 9 mərtəbəli evin 9 mərtəbəsində 30.14 kv.mn sahəsi olan 2 otaqlı 45 nömrəli mənzildə yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı, X4, X5 və X7. İddiaçı əlavə olaraq məhkəməyə Torpaq sahəsinin planı və ölçüsü, “Azərelektroterm EİB” BakETAZ üzrə yoldaşlıq – bağçılıq üzvlər arasında bölgü sxemi, iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********78 nömrəli məktubuna əsasən bildirilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı və protokoldan çıxarışda qeyd olunan Krıdova A. adları aşkar olunmamışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3- 30/2-17193/2024 **********93 “Sənəd surətlərinin təqdim olunması barədə” cavab məktubuna əsasən mübahisəli ünvana dair müayinə aktı təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsində 1 mərtəbəli y/evi, artıq torpaq sahəsində s/qovşağı, kölgəlik köməkçi tikililəri var.
İV. Məhkəmənin mövqeyi
6. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.
7. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
-9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -10.Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139-1.1. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
- 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8.0. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. -10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun qeyd edilən normanın məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil.
9. İşin faktiki hallarına əsasən iddiaçı “Azərelektroterm” bağçılıq yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş, ona 05 nömrəli bağ səhəsi daimi istifadə etmək üçün verilmişdir, bu barədə bağçılıq yoldaşlıq cəmiyyətin üzvlərinin iclasının 28 iyun 1990-cı il tarixli, 3 nömrəli protokoldan çıxarış və bağçının üzvlük kitabçası mövcuddur. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən bağ sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin bağ sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh tərəfindən iddiaçının mübahisəli bağ sahəsinə dair mülkiyyət hüquqlarının mövcudluğunu təsdiq edən sənədlərin mötəbərsizliyi sübuta yetirə bilməmişdir. Cavabdeh inzibati orqanın imtinanın əsası kimi istinad etdiyi və etirazda qeyd etdiyi dəlillərə (bağçılıq yoldaşlığının üzvlərinin siyahısında adının aşkar olunmaması) gəldikdə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, işdə olan sənədlər: “Azərelektroterm” bağçılıq cəmiyyətinə üzv olmasına dair üzvlük kitabçası, 28 iyun 1990-cı il tarixli, 3 saylı protokolundan çıxarışı İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 saylı, 3 sot torpaq sahəsinə dair hüquqlarını təsdiq edir. Buda o nəticəyə gəlmək əsas verir ki, iddiaçının hazırda hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır.
11. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun
- 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçıya qanuni əsaslarla bağ sahəsi məxsus olmasına baxmayaraq, hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin
- 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
12. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1995-ci il tarixli sərəncamı əsasında verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 saylı, 300 kv.m bağ- torpaq sahəsi iddiaçının adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.
13. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsi tərəfindən xx.xx.1995-ci il tarixli sərəncamı ilə verilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 5 saylı, 300 kv.m ibarət bağ- torpaq sahəsi İddiaçı adına qeydiyyata alınaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova