Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7848/2023 25.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdüdlaşdırılmasının götürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərar (inzibati akt) qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər baş idarəsinin ərizəsi əsasında iddiaçının direktoru olduğu “Gülüstan-2020‘’ MMC-nin (VÖEN **********) xx.xx.2021-ci il tarixə cəmi 235.708.76 manat məbləğində vergi borcu olduğu üçün iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Keçən müddət ərzində MMC tərəfindən qətnamədə göstərilən vergi borcu ödənilmiş, qalan 1 manat 82 qəpik də iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ödənilmişdir. İddiaçı müalicəsi ilə əlaqədar Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçün bilet almış, lakin təsadüfdən ona məlum olmuşdur ki, vergi orqanı bu məhdudiyyəti aradan qaldırmamış, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması hələ də qüvvədədir. İddiaçı qalıq olan 1,82 manat borcu ödəməsi barədə sənədi, şəxsi hesab vərəqəsini və Belarus Respublikasına xx.xx.2023-cü il tarixdə getmək üçün biletinin surətlərini ərizəyə əlavə edərək "Gülüstan-2020 MMC-nin artıq heç bir vergi borcu qalmadığı üçün müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasının təxirə salınmadan aradan qaldırılması üçün tədbirlər görülməsinə görə cavabdehə təqdim etsə də, cavabdeh həm şifahi, həm də rəsmi olaraq bildirmişdir ki, Gülüstan-2020'“ MMC şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləği olduğundan iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olmuşdur. İddiaçı imtina ilə razılaşmır. Hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin hüquqi şəxsin vergi öhdəliyini icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Yuxarıda qeyd edildiyi kimi, Bakı Kommersiya məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3727 saylı qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş cəmi 235.708.76 manat məbləğində vergi borcunu xx.xx.2023-cü il tarixdə tam ödəmiş və bu ödəmələr şəxsi vərəqədə öz əksini tapmışdır. Başqa sözlə, şərait dəyişmişdir, yəni, direktoru olduğu "xxxx" MMC-nin artıq büdcəyə borcu qalmamışdır. Lakin cavabdeh iddiaçının şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləğinin qalmasını bildirsə də, bu borcun açıqlamasını şəxsi hesabında təsdiqlənməmiş azalma kimi göstərilən 202.765.54 manat məbləğinin borc kimi qalması ilə əsaslandırır. İddaçı dəfələrlə bildirmişdir ki, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına əsas olmuş məhkəmə qətnaməsində göstərilən məbləğ ödənildiyi halda, şəxsi vərəqədə göstərilən hər hansı digər borca görə bu hüququ vergi orqanı tərəfindən müvəqqəti məhdudlaşdırıla bilməz. Qeyd olunan səlahiyyət məhkəməyə aiddir ki, cavabdeh də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765.54 manat məbləğinin borc olmasına dair məhkəməyə müraciət etməmiş və məhkəmənin bu məbləğlə bağlı iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qətnamə qəbul etməmişdir. Həmçinin iddiaçı bildirir ki, cavabdeh tərəfindən də təsdiqlənməmiş azalma kimi göstərilən 202.765.54 manat məbləği borc kimi qəbul edilmir. Vergi orqanı bu məbləği əslində əvəzləşdirib silməli olduğu halda, bunu etməmiş, şəxsi vərəqədə əks etdirmişdir ki, iddiaçının ölkədən getmək hüququndan istifadə etməsi üçün borc sayılmayan təsdiqlənməmiş azalma məbləğini məcburi olaraq ödəsin. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir: Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edərək "Gülüstan 2020” MMC-nin (VÖEN **********) vergi borcunun ödənilməsini təmin etmək üçün İddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)- 3727/2021 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "Gülüstan 2020” MMC-nin vergi borcunun ödənilməsi üçün İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Cavabdeh Vergi Məcəlləsinin 23.1.15-3, 24.0.1, 70.3, 77.1, 77.3-cü və İnzibati Prosessual Məcəllənin 48.2-ci maddələrinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -"xxxx" MMC-nin direktoru E.T.İsmayılov tərəfindən imza və möhürlə təsdiqlənən 01 nömrəli əmrdən görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı 10 dekabr 2019-cu il tarixindən əmək haqqı ştat cədvəli üzrə razılaşdırılmış maaş ilə direktor vəzifəsinə təyin edilmişdir. -Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3727/2021 nömrəli 23 iyul 2021-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ümumilikdə 235800,12 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə təmin edilərək xx xxxx 1956-cı il tarixdə Naxçıvan MR, Şərur, Sədərək kəndində anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 333 ünvanında qeydiyyatda olan İddiaçı (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -İddiaçı tərəfindən cavabdeh vergi orqanına ünvanlanmış 21 fevral 2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı ərizəsində müvafiq qətnamə üzrə 1,82 manat məbəğində qalıq qalan vergi borcunun onun tərəfindən ödənildiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. -Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 09 fevral 2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin şəxsi vərəqəsi üzrə ödənilməmiş borc məbləği olduğundan İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması mümkün olmamışdır. Məhkəmənin "xxxx"MMC-nin şəxsi hesab vərəqəsi əlavə edilməklə ödənilməmiş borc barədə məlumatın təqdim edilməsinə dair sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2023-cü il tarixə şəxsi vərəqə üzrə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 6692,38 manat, penya üzrə 2125,34 manat, icbari tibbi sığorta üzrə 436,26 manat, faiz üzrə 112,82 manat dövlət büdcəsinə ödənilməli olan borcu vardır. xx.xx.2023-cü il tarixə oan məlumatları əks etdirən şəxsi hesab vərəqəsi təqdim edilmişdir. -xx.xx.2023-c il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən DSMF-in Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə 8513 manat (büdcə səviyyə kodu-121111), işsizlikdən sığorta haqqı üzrə (büdcə səviyyə kodu-121300) 331 manat və icbari tibbi sığorta haqqı üzrə (124110) 553 manat ödəniş edilmişdir. -xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, "xxxx" MMC tərəfindən icbari tibbi sığorta üzrə 41 manat (124110), işsizlikdən sığorta haqqı üzrə 10 manat, sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərə görə 273 manat ödəniş etmişdir. -"xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə olan 235708.76 manat borcunun ödənilibödənilməməsi barədə məhkəmənin sorğusuna cavabdeh vergi orqanı tərəfindən verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC-nin 14 iyun 2023-cü il tarixə şəxsi vərəqəsi üzrə 202.773,31 manat məbləğ kameral qaydada yoxlanılır. -Vergilər və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilib-yetirilməməsi hallarının mövcud olub-olmamasına dair 12 iyun 2023-cü il tarixə olan elektron məlumatdan görünür ki, "xxxx" MMC-nin qeyd olunan tarixə Dövlət büdcəsinə vergilər üzrə, sosial sığorta üzrə, işsizlikdən sığorta (işsizlik) üzrə və icbari tibbi sığorta üzrə borcu yoxdur. "xxxx" MMC-nin 25 iyun 2023-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının qeyd olunan tarixə Dövlət büdcəsinə 1,39 manat artıq ödəməsi mövcuddur. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 235800,12 manat vergi borcu olduğu üçün iddiaçının Cəmiyyətin icra orqanının rəhbəri kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Hazırda iddiaçı göstərilən vergi borcunun ödənildiyini və Cəmiyyətin şəxsi hesab vərəqəsi üzrə borcunun olmadığını bildirərək ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin aradan qaldırılması üçün cavabdeh quruma müraciət etmiş, lakin müraciəti təmin olunmadığından indiki tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə "xxxx" MMC-nin ödənilməmiş vergi borcunun olmasını əsas gətirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi, məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə, yaxud hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiq edilməsi nəzərdə tutulur. Hazırkı halda da iddiaçıya qoyulmuş məhdudiyyət onun rəhbəri olduğu müəssisənin xx.xx.2021-ci il tarixə olan vergi borcunun ödənilməməsi ilə bağlıdır. İş materiallarında olan "xxxx" MMC-nin elektron şəxsi hesab vərəqəsindən, vergi orqanı tərəfindən verilmiş sorğuya cavab məktubunda Cəmiyyətin mübahisə dövrünə mövcud olan vergi borcunun iddiaçı tərəfindən ödənilməsini təsdiq edən ödəniş qəbzlərindən müəyyən edilir ki, "xxxx" MMC-nin hazırda ödənilməmiş vergi borcu yoxdur. Məhkəmə qeyd edir ki, qanunvercilikdə fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin qoyulması tədbiri həmin vergi ödəyicisini vergi öhdəliklərini yerinə yetirməyə məcburetmə məqsədi daşıyır. Bu baxımdan hazırkı halda "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödənilməmiş borcunun olmaması artıq tətbiq edilmiş məhdudiyyətin saxlanılması zərurətini aradan qaldırmış olur. Cavabdehin gətirdiyi dəlilə, yəni “təsdiqlənməmiş azalma” məsələsinə gəldikdə isə vergi orqanı apardığı müvafiq yoxlamanın nəticəsi olaraq müəssisənin vergi borcunun olmasını müəyyən etdiyi təqdirdə hüquqi şəxsin icra orqanının ölkədən getmək hüququna müvəqqəti məhdudiyyət qoyulması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən tədbir görə bilər. Belə olan halda məhkəmə hesab edir ki, indiki halda iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas aradan qalxmış, lakin cavabdeh inzibati orqan tərəfindən məhdudiyyətin götürülməsi təmin olunmamışdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan götürülməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə bu şərtləri istisna edən sübutlar təqdim edə bilməmişdir. Odur ki, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı "xxxx" MMC-nin icra orqanının rəhbəri kimi Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3727/2021 saylı qətnaməsi üzrə ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi əsaslı olduğundan təmin edilməli və onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə inzibati akt qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırılmanın götürülməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-7848/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7848/2023
25.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver