Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7849/2021 26.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Xəzər rayon Polis İdarəsinə qarşı Məmmədova (Əliyeva) Fəzilə Əli qızı məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılması”tələbinə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Məmmədova (Əliyeva) Fəzilə Əli qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh DİN Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 29.06.2021-ci il tarixli 2-1(112)-7849/2021 saylı qərardadı ilə Məmmədova (Əliyeva) Fəzilə Əli qızı 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir və ailəsi ilə birlikdə yaşayır. X3 onun bacısıdır. Burada yaşadığı müddətdə qeydiyyata düşmüş, daha sonra ailə quraraq bu mənzildən birdəfəlik köçmüşdür. Məmmədova (Əliyeva) Fəzilə Əli qızının onun mənzilində qeydiyyatda olması formal xarakter daşıyır. Məmmədova (Əliyeva) Fəzilə Əli qızının qeydiyyatdan çıxarılması üçün Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət etsədə imtina edilmişdir. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, X1 qeydiyyatının formal xarakter daşıdığını, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclası ilə bağlı iclasın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə ərizə ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxs məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidr. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında iddiaçıdan başqa üçüncü şəxs X2 da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxsin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxsin qeydiyyatının formal olması ilə əsaslandırır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri, Xəzər rayon Polis İdarəsi tərəfindən göndərilmiş 07.08.2021-ci il tarixli, 055-15874-1221 nömrəli məktubdan görünür ki, 28.05.1954-cü il təvəllüdlü Məmmədova (Əliyeva) Fəzilə Əli qızı 15.09.2005-ci il tarixdə Bakı şəhəri, Xəzər rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 03.01.2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, Məmmədova (Əliyeva) Fəzilə Əli qızı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin 111 saylı MKİS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışın surətindən də müəyyən olunur ki, Məmmədova (Əliyeva) Fəzilə Əli qızı ünvan 1 ünvanında qeydiyyatda olsa da həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər RPİ tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 055-9979Ə – 3221 nömrəli İddiaçı müraciətinə cavab məktubun surətindən görünür ki, Məmmədova (Əliyeva) Fəzilə Əli qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasından imtina edilərək, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, 05.08.2021-ci il tarixli, **********85 nömrəli sorğuya cavab məktubunda Məmmədova (Əliyeva) Fəzilə Əli qızının Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 16, 30 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, 12.02.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən **********26-05101-093061 reyestr nömrəli daşınmaz əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Eyni zamanda iş materiallarına əlavə edilmiş Məmmədova (Əliyeva) Fəzilə Əli qızının notarial qaydada təsdiq edilmiş ərizələrinin surətindən görünür ki, qeydiyyatda olduğu Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Güloğlan Məmmədov küçəsi, ev 16, 30 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, hazırki işin mübahisə predmetini təşkil edən ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair üçüncü şəxsin istifadə hüququ mövcud deyildir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 28.05.1954-cü il təvəllüdlü Məmmədova (Əliyeva) Fəzilə Əli qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində ondayaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında qeydiyyatda olan 28.05.1954-cü il təvəllüdlü Məmmədova (Əliyeva) Fəzilə Əli qızının qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Xəzər Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilovküçəsi 540-cıməhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-7849/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7849/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver