Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-785/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “texniki şərt verilməklə enerji təchizatı şəbəkəsinə qoşulma və elektrik sayğacının quraşdırılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) "xxxx" ASC-yə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə sayğac quraşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə texniki şərt verilməklə, enerji təchizatı şəbəkəsinə qoşulması və həmin qeyri-yaşayış sahələrinə elektrik sayğacının quraşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi və Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və qeyri yaşayış sahələrinə dair çıxarış alındıqdan sonra, qeyri-yaşayış sahəsinin hər ikisində istehlak olunmuş elektrik enerjisinə görə sayğac quraşdırılması barədə "xxxx" ASC-nə müraciət etmiş, lakin cavabdeh qeyriyaşayış sahələrinin məxsus olduğu "xxxx" MTK tərəfindən TX-08-0355 nömrəli xx.xx.2008-ci il tarixli texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbindən imtina etmişdir. Bundan sonra iddiaçı özünə məxsus qeyri-yaşayış sahələrinə elektrik enerjisinin təchizatı ilə bağlı Asan Kommunal Mərkəzinə müraciət edərək, sayğacın quraşdırılması üçün tələb olunan 1802 manat və əlavə olaraq 15 manat xidmət haqqı olmaqla ümumilikdə 3634 manat ödəniş etmiş, lakin yenidən "xxxx" ASC "xxxx" MTK tərəfindən TX-08-0355 nömrəli xx.xx.2008-ci il tarixli texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbindən imtina etmişdir. İddiaçı bildirir ki, Bakı şəhəri Nərimanov rayonu, X5 prospekti 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən ev 16 mərtəbədən ibarət olmaqla, hər bir mənzil elektrik enerjisi ilə təchiz olunmuş, hər mənzilə sayğac quraşdırılmışdır. Bu halda qeyri yaşayış sahəsinin sayğacla təmin olunmaması onun hüquqlarını pozur. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə "xxxx" MTK üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda təbii inhisar subyekti olan iddiaçının elektrik enerjisi ilə təchiz olunması üçün şəbəkəyə qoşulma və sayğacla təmin ediməsini xahiş edir, lakin cavabdeh bundan imtina edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 1.6-cı bəndinə əsasən həmin Qaydalara uyğun olaraq, hər bir sifarişçinin enerji təchizatı şəbəkəsinə qoşulma hüququ vardır. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi heç bir ayrıseçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. Həmin Qaydaların 1.8-ci bəndinə əsasən sifarişçi verilmiş texniki şərtlərin tələbləri ilə razı olmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. İstinad olunan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış hazırkı mübahisə müqavilə münasibətlərinə qədər yaranmış mübahisə olmaqla, cavabdehin publik hüquq sahəsindəki hərəkətlərindən irəli gəlmişdir və buna görə də hazırkı mübahisəyə inzibat mühakimə icraatı qaydasında baxılmalıdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia tələbinin əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2006-cı il tarixli müqavilədən (tərəflər: Satıcı- "xxxx" MTK-nin sədri X4, alıcı - İddiaçı) görünür ki, Satıcı Bakı şəhəri, Nərimanov rayonu, 1104-cü məhəllə, O.Salamzadə 66 ünvanında tikdiyi yaşayış binasının 2-ci blokunun 1-ci mərtəbəsində ayrılmış 190 kv.m və 2-ci mərtəbəsində ayrılmış 221 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini alıcının mülkiyyətinə vermişdir. xx.xx.2019-cu il tarixli 209 saylı çoxmənzilli yaşayış binasının istismarına icazədən görünür ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən sifarişçisi "xxxx" MTK olan Bakı şəhəri, Nərimanov rayonu, O.Salamzadə küçəsi, 1104-cü məhəllə, 2 girişli, 3 səviyyəli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 10/11 mərtəbəli (Blok A) və 1 girişli zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 11 mərtəbəli (Blok B) yaşayış binalarının istismarına icazə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi (qeydiyyat tarixi xx.xx.2020) və Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti 1104-cü məhəllə, ev 33 (yeni qaydalarla: ünvan 5 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsi (qeydiyyat tarixi xx.xx.2020) İddiaçı xüsusi mülkiyyətindədir. İşdən görünür ki, iddiaçı enerji təchizatı şəbəkəsinə qoşulmaq üçün qoşulma haqqını ödəməklə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, müraciətin icrası Nərimanov rayonu, Atatürk prospekti 33 ünvanında yerləşən binanın məxsus olduğu ‘‘Azər-Ross” MTK tərəfindən TX-08-0355 nömrəli xx.xx.2008-ci il tarixli texniki şərtlərin tələblərinin yerinə yetirilməməsi səbəbindən mümkün olmamışdır. Qeyri-yaşayış sahəsinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” nın və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVT-a qədər (150 kVT-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na uyğun olaraq, binanın məxsus olduğu mənzil-tikinti kooperativi tərəfindən müvafiq sənədlərlə “ASAN Kommunal” mərkəzinə, “ASAN Kommunal” Mərkəzi olmayan bölgələrdə “ASAN Xidmət” mərkəzlərinə müraciət edilməlidir. İddiaçı bu imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən: - Bənd 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: - elektrik şəbəkəsi - birgə fəaliyyət göstərən müxtəlif gərginlikli transformator yarımstansiyalarından, paylayıcı qurğulardan, kabel və hava elektrik veriliş xətlərindən ibarət olan elektrik qurğuları - bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. - Bənd 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir (9 nömrəli əlavə). Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlaya bilər. Enerjitəchizatı müəssisəsi bilavasitə subabonentlə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağladıqda, subabonentin elektrik enerjisi sərfi və ona aid tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) əsas istehlakçının sərfindən çıxılmalıdır. - bənd 1.5. Girişləri enerjitəchizatı müəssisəsinin balansında olan istehlakçıya məxsus paylayıcı qurğulardan iki və daha artıq başqa istehlakçıya elektrik enerjisi verildikdə, enerjitəchizatı müəssisəsinə onlarla bilavasitə elektrik enerjisinin alqı-satqı müqaviləsini bağlamaq və elektrik enerjisinə görə hesablaşmalar aparmaq hüququ verilir. İstehlakçının paylayıcı qurğusunun enerjitəchizatı müəssisəsinin balansına verilməsi mövcud qanunvericiliyə uyğun həyata keçirilir. - Bənd 7.1. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. - bənd 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. - bənd 7.8. Bir elektrik enerjisi təchizatı mənbəyindən müxtəlif tarif qruplarına aid bir neçə istehlakçı qidalandırıldıqda, hər bir tarif qrupu üçün hesablaşma elektrik uçot cihazları quraşdırılmalıdır. Bundan başqa, elektrik enerjisinə nəzarət uçotu üçün müəyyən edilmiş elektrik enerjisi sərfi normalarının yerinə yetirilməsinə nəzarət üçün ayrı-ayrı sexlərdə, elektrik tutumlu aqreqatlarda, texnoloji xətlərdə, binalarda, ayrı-ayrı kənd təsərrüfatı, kommunal-məişət və başqa obyektlərdə texniki-nəzarət uçot cihazları quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”na əsasən: - bənd 1.2. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.1. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərində elektrik qurğularının enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.2. enerji təchizatı müəssisəsi (bundan sonra - ETM) – xüsusi icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.4.sifarişçi – ETM-in ETŞ–yə qoşulması nəzərdə tutulan tikinti obyektlərinə və ya tikinti obyektlərinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət (sahiblik) və ya digər əşya hüququ əsasında sahiblik edən hüquqi və ya fiziki şəxs olan istehlakçı; 1.2.6. tikinti obyektləri – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina (o cümlədən, yaşayış binaları, yaşayış evləri) və ya qurğular; 1.2.9. tikinti obyektlərinin ETŞ–yə qoşulması (texnoloji qoşulma) – elektrik enerjisinin alqı-satqı münasibətlərinin yaranmasına qədər ETM tərəfindən verilmiş texniki şərtlərə uyğun olaraq, tikinti obyektindən ETŞ–yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsi, əlavə güc alınması ilə bağlı layihə sənədlərinin hazırlanması və tikintiquraşdırma işlərinin görülməsi, tikinti obyektlərinin elektrik qurğularının ETŞ–yə fiziki qoşulması və qoşulma aktının tərtib edilməsinə dair göstərilən kompleks xidmət; - bənd 1.6. Bu Qaydalara uyğun olaraq, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır. - bənd 1.7. ETM heç bir ayrı-seçkiliyə yol vermədən, bu Qaydalara uyğun olaraq sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərtlər verməkdən imtina edə bilməz. - bənd 1.11. Sifarişçi tərəfindən texniki şərtlərin tələbləri yerinə yetirildikdən və qoşulma haqqı ETM-in bank hesabına ödənildikdən sonra, onun tikinti obyektinin ETŞ–yə qoşulmasına dair qoşulma aktı tərtib edilir və tikinti obyekti ETŞ–yə 3 (üç) iş günü ərzində qoşulur. - bənd 2.1. Sifarişçinin elektrik enerjisi (gücü) və ya əlavə güc alması və tikinti obyektinin ETŞ–yə qoşulması ETM tərəfindən verilən texniki şərtlər əsasında həyata keçirilir. - bənd 2.3. Texniki şərtlər almaq (tələb edilən gücdən asılı olmayaraq) üçün sifarişçi tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən enerjitəchizatı müəssisəsinə ərizə ilə müraciət etməlidir. Həmin enerjitəchizatı müəssisəsi sifarişçinin tikinti obyektinin yerləşdiyi əraziyə ən yaxın məsafədə olan lazımi gücə malik enerji mənbəyini müəyyən etməli və texniki şərtlər verməlidir. - bənd 2.16. Texniki şərtin verilməsindən aşağıdakı hallarda imtina edilir: 2.16.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər tam təqdim edilmədikdə (çatışmazlıqlar və uyğunsuzluqlar aradan qaldırılmadıqda); 2.16.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst məlumatlar olduqda. 2.34. Elektrik şəbəkəsinə qoşulan sifarişçi (istehlakçı) tikinti obyektlərinin inşası müddətində elektrik gücünə olan tələbatın layihədə nəzərdə tutulmuş maksimum həddən çox olduğu və elektrik enerjisinin nominal parametrlərinə mənfi təsir edəcəyi təqdirdə, enerjitəchizat müəssisəsi sifarişçidən (istehlakçıdan) yeni texniki şərt alınmasını tələb edə bilər. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”na əsasən: - Bənd 1.1. Bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra – tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. - 1.2. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.2.2. sahibkar – əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; 1.2.3. texniki şərtlər – elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektinin enerji təchizatı şəbəkəsinə (bundan sonra – ETŞ) qoşulması ilə əlaqədar layihə sənədlərinin hazırlanmasına əsas verən və elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd; 1.2.4. enerji təchizatı müəssisəsi (bundan sonra – ETM) – icazə əsasında əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təchizatına təminat verən hüquqi şəxs; 1.2.5. sifarişçi – ETŞ-yə qoşulması nəzərdə tutulan tikinti obyektinə və ya tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) torpaq sahəsinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edən sahibkar; 1.2.6. tikinti obyekti – tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular; - 1.3. Bu Qaydaya uyğun olaraq, hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. - 1.4. Sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulması aşağıda göstərilən iki mərhələdən ibarət olmaqla, ümumilikdə 20 (iyirmi) gündən gec olmayaraq təmin edilməlidir. - 1.9. Sahibkarların tikinti obyektlərinə əlavə güc alması (bu şərtlə ki, əlavə güc verildiyi halda tikinti obyektinə bütövlükdə veriləcək güc 150 kVt-dan çox olmasın) tələb olunduqda, onlara verilmiş mövcud texniki şərtlər nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq əlavə gücün alınması üçün yeni texniki şərtlər verilməlidir. Əlavə gücün alınması üçün yeni texniki şərtlər verilərkən sifarişçi tələb etdiyi əlavə gücə uyğun qoşulma haqqı ödəyir. - 2.1. Texniki şərtlərin və layihə sənədlərinin alınması üçün sifarişçi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə ilə (elektron və ya yazılı formada) tikinti obyektinin yerləşdiyi (yerləşəcəyi) ərazi üzrə KOB evlərindəki və ya mərkəzlərdəki Texniki Şuraya müraciət edir. Texniki Şuraya müraciətlərin qəbulu, qeydiyyatı, habelə sənədlərin baxılması və verilməsi ilə əlaqədar katiblik funksiyaları Texniki Şuranın üzvü olan ETM-in nümayəndəsi tərəfindən həyata keçirilir. - 2.5. Sifarişçidən bu Qaydada nəzərdə tutulmayan məlumatlar və sənədlər tələb edilə bilməz. - 2.6. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə və bu Qaydanın 2.1-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Texniki Şuranın üzvü olan ETM nümayəndəsi sifarişçinin KOB evləri və ya mərkəzlər vasitəsilə şəxsən təqdim etdiyi və ya elektron formada göndərdiyi ərizəsini və ona əlavə olunmuş sənədləri qəbul etməli və qeydiyyata almalıdır. - 2.7. Qeydiyyat zamanı həmin sənədlərin bu Qaydanın 2.2-ci və 2.3-cü bəndlərinin tələblərinə uyğunluğu yoxlanılır. Sənədlərdə aradan qaldırılması mümkün olan, imtinaya əsas verməyən çatışmazlıqlar aşkar edildikdə, həmin çatışmazlıqların aradan qaldırılmasının zəruriliyi barədə məlumat dərhal sifarişçiyə bildirilir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri ona izah edilir. - 2.8. Sifarişçi həmin çatışmazlıqları məlumatı aldığı tarixdən ən geci 10 (on) gün müddətində aradan qaldırmalıdır. Bu zaman bu Qaydanın 1.4-cü bəndində nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Çatışmazlıqların aradan qaldırıldığı barədə sifarişçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. - 2.9. Sifarişçi sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.8-ci bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, müraciətin baxılmamış saxlanılması haqqında Texniki Şura tərəfindən qərar qəbul edilir və bu barədə məlumat 2 (iki) gün müddətində KOB evləri və ya mərkəzlər və ya sifarişli poçt göndərişi vasitəsilə sifarişçiyə təqdim edilir və ərizəsində qeyd olunduğu hallarda elektron poçt ünvanına göndərilir. Texniki Şura tərəfindən müraciətin baxılmamış saxlanılması haqqında qərar qəbul olunduqda, sifarişçinin ödədiyi qoşulma haqqı ETM tərəfindən 1 (bir) gün müddətində geri qaytarılmalı, sifarişçiyə təqdim edilən və ya göndərilən məlumatda vəsaitin əldə olunma qaydası əks olunmalıdır. - 3.1. Tikinti obyektindən və ya tikinti obyektinin yerləşəcəyi torpaq sahəsindən (ETMin müəyyən etdiyi yerdən) ETŞ-yə qoşulma nöqtəsinədək elektrik xətlərinin çəkilməsini və tikinti-quraşdırma işlərini ETM həyata keçirir. Bu zaman sifarişçi bu Qaydanın 1.2.7-ci yarımbəndində nəzərdə tutulan qoşulma haqqından əlavə, heç bir haqq ödəmir. - 3.4. Elektrik enerjisi sayğacı sifarişçinin tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin sərhədində (girişində), qidalandırıcı kabelin uclarında, ETM nümayəndəsinin maneəsiz baxış keçirə biləcəyi yerdə quraşdırılmalıdır. 3.5. Sifarişçinin sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Beləliklə, qanunvericiliyin tələbindən görünür ki, hər bir sifarişçinin ETŞ–yə qoşulma hüququ vardır və ETM heç bir ayrı-seçkiliyə yol vermədən sifarişçinin tikinti obyektlərinin və elektrik qurğularının ETŞ–yə qoşulması üçün texniki şərt verməlidir. “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.16-cı bəndində texniki şərt verilməsində imtina halları göstərilmiş, hazırkı işdə belə bir hal mövcud olmamışdır. Həmçinin “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda sahibkara ümumiyyətlə imtina verilməsi nəzərdə tutulmamış, hər hansı çatışmazlıq aşkar edilərsə, onun aradan qaldırılması üçün sahibkara vaxt verilməsi müəyyən edilmişdir. Lakin cavabdeh yuxarıda istinad olunan normaların tələblərinə əməl etməmiş, iddiaçıya ‘‘Azər-Ross” MTK tərəfindən TX-08-0355 nömrəli xx.xx.2008-ci il tarixli texniki şərtin tələblərinin yerinə yetirilməməsi səbəbindən mümkün olmadığını bildirsə də, daha sonra həmin binada yerləşən digər sahibkar Ələddin Cabbarova məxsus qeyri-yaşayış sahəsinin elektrik şəbəkəsinə qoşulmasını təmin etməklə 06/34-51 nömrəli abonent kodu ilə qeydiyyatını aparılmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçının tələbinin təmin edilməsinin qeyri-yaşayış sahələrinin qoşulduğu paylayıcı elektrik verilişi xətlərinin güc ötürmə qabiliyyətlərinə və transformatorların güc imkanına uyğun olmadığını, yəni əlavə güc alınmasına ehtiyac olduğunu bildirsə də, bu dəlilini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, məsələ ilə bağlı məhkəmə sorğusu da cavablandırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən X1 Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra – müvafiq sahə) istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndiskommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1.7-ci bəndinə əsasən müvafiq sahədə istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə nəzarəti həyata keçirir, bu sahədə qanun pozuntularının qarşısının alınması və pozuntuya yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür; 3.1.18-ci bəndinə əsasən Agentlik müvafiq sahədə qanunvericiliyə, o cümlədən iqtisadi, texniki və təşkilati tələblərə, təlimatlara əməl olunmasına, habelə müəssisələrin texniki şərtlər verməsinə nəzarət edir; 3.1.22-ci bəndinə əsasən istehlak olunan elektrik və istilik enerjisinə, habelə təbii qaza görə hesablaşmaların müvafiq sayğaclar vasitəsilə aparılmasına nəzarət edirş Həmçinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. İşin hallarının araşdırılması üçün X1 Agentliyinə sorğu verilmiş, Agentliyin Bakı filialı məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərmişdir ki, “ünvan 8 ünvanında yerləşən, "xxxx" MTK-ya məxsus yüksəkmərtəbəli yaşayış binasına baxış zamanı müəyyən edilmişdir ki, yaşayış binası enerji təchizatı şəbəkəsinə (ETŞ) qoşulmuş, "xxxx" ASC-nin Nərimanov RETSl-nin balans və xidmətində olan 10/0,4 kV-luq, 2x1000 kVA gücündə 637 saylı transformator məntəqəsindən (TM) qidalanan MTK-ya məxsus 10/0,4 kV-luq, gücü 2x1000 kVA olan TM-in 0,4 kV-luq paylayıcı qurğusunda elektrik enerjisinin hesablaşması üçün VİKO markalı, 02819600 zavod nömrəli hesablaşma elektrik sayğacı quraşdırılmış, habelə "Azərişıq” ASC-nin uçot bazasında 06/34-45 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, "xxxx" MTK- ya məxsus yüksəkmərtəbəli yaşayış binasında yerləşən mənzillərdə quraşdırılmış sayğaclar üzrə istehlak edilmiş elektrik enerjisinin göstərişləri "Azərişıq” ASC-nin əməkdaşları tərəfindən oxunaraq uçot bazasına daxil edilir. MTK-nın girişində inşa edilmiş stomotoloji klinika üçün MTK-ya məxsus TM-dən yeraltı kabel elektrik verilişi xətti çəkilərək "Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin edilmiş, klinikada istehlak edilmiş elektrik enerjisinin uçotunun aparılması üçün hesablaşma elektrik sayğacı quraşdırılmış və "xxxx" ASC-nin uçot bazasında 06/34-51 nömrəli abonent kodu ilə Cabbarov Ələddin adına qeydiyyata alınmışdır. "xxxx" MTK tərəfindən xx.xx.2008-ci il tarixli TX-08-035 nömrəli texniki şərt təqdim edilmədiyindən onun tələblərinin yerinə yetirlib-yetirilməməsinin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı məxsus qeyri-yaşayış sahələri MTK-nın avtonəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulan yeraltı qarajında olan 0,4 kV-luq paylayıcı lövhəsinə (PL) qoşulsa da, hesablaşma üçün quraşdırılmış Makel markalı, 52098672 zavod nömrəli sayğac "xxxx" ASC tərəfindən qeydiyyata alınmamışdır. Araşdırma ilə əlaqədar yerində baxış keçirilən zaman, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahələrinin 40 metrlik məsafəsində yerləşən yaşayış binalarının istilik təchizatı üçün nəzərdə tutulan istilik qazanxanasının tam yaxınlığında "xxxx" ASC-nin Nərimanov RETSl-nin balans və xidmətində olan 637 saylı TM-in 0,4 kV-luq paylayıcı qurğusundan (PQ) qidalanan PL-in quraşdırıldığı müəyyən edilmişdir. Eyni zamanda məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilən ünvanda yerləşən qeyri-yaşayış sahələrinin ETŞ-yə qoşulması üçün xx.xx.2020-ci il tarixində rəsmi qaydada “ASAN Kommunal” mərkəzinə müraciət edilmiş və hər bir obyekt üçün müvafiq gücə uyğun qoşulma haqqı ödənilmiş, lakin buna baxmayaraq "Azərişıq” ASC tərəfindən müvafiq gücə uyğun texniki şərtlər verilməsindən imtina edisə də, qoşulma haqqına görə ödənilən vəsait geri qaytarılmamışdır. Qeyri-yaşayış sahəsinin ETŞ-yə qoşulması Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2017-ci il tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt-da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydasf’na (bundan sonra - Qayda) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 2018-ci il tarixli 180 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nə əsasən yerinə yetirilir. Qaydanın 1.1-ci bəndində qeyd edilir ki, bu Qayda sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin (bundan sonra - tikinti obyekti) elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması üzrə proseduru və tələbləri müəyyən edir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən hər bir sifarişçinin ETŞ-yə qoşulma hüququ vardır. Həmçinin Qaydanın 1.6-cı bəndində göstərilir ki, bu Qaydada nəzərdə tutulmamış əsaslara görə sifarişçinin tikinti obyektinin ETŞ-yə qoşulmasından imtina edilə bilməz. Odur ki, yuxarıda qeyd edilənlərə və araşdırma zamanı müəyyən edilmiş hallara əsasən, vətəndaş İddiaçı məxsus ünvan 8 ünvanında yerləşən 181 m2 və 205,40 m2 sahəsi olan qeyri-yaşayış sahələrinə texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, enerji təchizatı şəbəkəsinə qoşulması, habelə elektrik sayğaclarının quraşdırılması mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq "Azərişıq” ASC tərəfindən təmin edilməlidir.” Məhkəmə hazırkı iş üzrə Agentlik tərəfindən təqdim edilən rəyi mötəbər qəbul edir və yuxarıda istinad olunanlar nəzərə alınaraq belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdeh iddiaçının tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən 205.40 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinə və Bakı şəhəri, Nərimanov rayonu, X5 prospekti, 1104-cü məhəllə, ev 33 ünvanında yerləşən sahəsi 181 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinə texniki şərtin verilməsi, həmin qeyri-yaşayış sahələrinin enerji təchizatı şəbəkəsinə qoşulması və elektrik sayğacının quraşdırılması vəzifəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-785/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-785/2022
20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver