Məhkəmə qərarları › İş №2-1(112)-785/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-785/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-785/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi Rayonu Xocahəsən Bələdiyyəsinin 23 yanvar 2004-cü il tarixli, 02 saylı qərarı əsasında ünvan 1 ünvanında fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və adına reyesterdən Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri Binəqədi Rayon Xocahəsən Bələdiyyəsinin 23 yanvar 2004-cü il tarixli, 02 saylı qərarına uyğun olaraq fərdi yaşayış evinin tikilməsi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmasnı xahiş etmişdir. O, bununla əlaqədar olaraq ondan tələb olunan bütün sənədlərin əslini, o cümlədən qərar, torpaq sahəsinin təsdiq olunmuş plan-cizgisi, arxiv çıxarışı, eskiz layihəsi, məlumatlandırma icraatı haqqında ərizəni təqdim etmişdir. xx.xx.2023-cü il tarixində qeyd olunan sənədləri cavabdehə poçt vasitəsilə göndərsə də, 2 aydan artıq vaxt keçməsinə baxmayaraq, hüquqlarının daşınmaz əmlakın dövlət reyetrində qeydə alınması və ya buna dair imtinanın verilməsi bildirilməmişdir. Cavabdeh öz hərəkətsizliyi ilə iddiaçının hüquqlarını pozmuş və bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. 2004-cü ildə fərdi yaşayış evinin tikilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Xocahəsən Bələdiyyəsinin verdiyi 23 yanvar 2004-cü il tarixli, 02 saylı qərarda və cavabdehə təqdim olunmuş arxiv sənədlərində fərdi yaşayış evinin tikilməsi üçün iddiaçıya ayrılmış torpaq sahəsində heçbir uyğunsuzluq olmamışdır. İddiaçının qonşuluğunda bütün inşa edilmiş fərdi yaşayış evlərinə və torpaq sahələrinə daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışlar verilmişdir. İddiaçı 2004-cü ildən etibarən həmin torpaq sahəsindən istifadə edir, torpaq sahəsinin ona ayrıldığı vaxtdan etibarən hər il torpaq vergisi ödəyir. Həmin torpaq sahəsinin idiaçının sahiblik və istifadəsində olmasına dair bu günə kimi mübahisə və hər hansi bir iddia olmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – üçüncü şəxs) iş üzrə iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs kimi cəlb edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** saylı ərizə ilə cavabdehə müraciət etmiş və xx.xx.2022-ci il tarixli, **********98 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilmiş “Torpaqların alqı-satqısına dair” akt torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) ərazisidir və 35-105 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı var. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin 242 kv.m hissəsi və üzərində inşa edilmiş tikililərin bir hissəsi 6 kv.luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia olunan torpaq sahəsi “SOCAR”-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, hazırda isə "xxxx" Əməliyat Şirkətinin istifadəsindədir. Həmçinin, 35 və 105 m məsafədə ləğv edilmiş neft quyularının mühafizə zonası daxilində yerləşir. Bu səbəblərdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız neft-qaz əməliyyatlarının aparılması məqsədilə istifadə oluna bilər. Sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur. Cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtinası əsaslı olmuşdur. “SOCAR”-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də “SOCAR”-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda “SOCAR”-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, hal-hazırda həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Həmin sahə ilə bağlı hər hansı şəxsin tələb və etirazı yoxdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazı müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 02 nömrəli, xx.xx.2004-cü il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün əlavə edilmiş cizgiyə uyğun olaraq iddiaçıya 600 kv.metr torpaq sahəsi alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında akta əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 02 nömrəli, xx.xx.2004-cü il tarixli qərarına əsasən 600 kv.metr torpaq sahəsi iddiaçıya satılmışdır. İddia ərizəsinə torpaq sahəsinə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən təsdqi edilmiş torpaq sahəsinin plan-cizgisi əlavə edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi Dövlət Neft Şirkətinə ayrılmış torpaqlrın hüdudları daxilindədir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı barəsində Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin arxiv fondu üzrə 02 nömrəli, xx.xx.2004-cü il tarixli qərar, alqı-satqı aktı və torpaq sahəsinin plan-cizgisi məhkəməyə göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, göstərilən torpaq sahəsi hasardaxili 628.0 kv.m təşkil edir. Faktiki olaraq göstərilən torpaq sahəsi iki hissədən ibarət olmaqla, ara sərhədləri mişar daş hasarla sərhədlənib (bir hissəsinin üzərində fəaliyyətsiz transformator mövcuddur). Sahə üzərində yaşayış evi və qeyri-yaşayış obyekti mövcuddur. Sahənin bir tərəfindən 1.0-0.9 m məsafədən yüksək gərginlikli (6-10 kVt-lıq) elektrik hava xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahədən 35-105 metrlik məsafədə ləğv edilmiş neft quyularının məlumatı var. Bundan əlavə torpaq sahəsinin 250.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. Həmçinin eyni istiqamətdə (yol tərəfdən) diametri 220.0 mm-lik orta təzyiqli qaz xətti keçir. İş üzrə məhkəmə tərəfindən təyin edilmiş ekspertizaya əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qyd olunur ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oyl). Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Sahədən 35-105 metrlik məsafədə ləğv edilmiş neft quyularının məlumatı var. Bundan əlavə torpaq sahəsinin 250.0 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşür. Həmçinin eyni istiqamətdə (yol tərəfdən) diametri 220.0 mm-lik orta təzyiqli qaz xətti keçir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsi ilə qonşuluqda yerləşən və üzərində vətəndaşların mülkiyyət hüquqlarının qeydə alındığı torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və onların verilməsinə əsas olan sənədlər məhkəməyə göndərilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). İşdən görünür ki, iddiaçı Binəqədi Rayon Xocahəsən Bələdiyyəsinin 23 yanvar 2004cü il tarixli, 02 saylı qərarına əsasən alqı-satqı yolu ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdehin imtinasının əsasını aşağıdakılar təşkil etmişdir: 1) torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir; 2)Elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi Oyl) ərazisidir və 35-105 metr məsafədə ləğv edilmiş neft quyusu məlumatı var. 3) torpaq sahəsinin 242 kv.m hissəsi və üzərində inşa edilmiş tikililərin bir hissəsi 6 kv.luq yüksək gərginlikli elektrik xəttinin mühafizəsində yerləşir. 4) təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçü və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilmişdir ki, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi bələdiyyələrin iclaslarında həll edilir (144.İ. 6). Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (145.İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (145. İİ.). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyələrin səalhiyyətlərinə aiddir (4.0.1). Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur (6.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki,hamı qanun və inzibati orqan qarşısında bərabərdir (12.1.). İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır (12.2.). İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır (12.3.). İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir (12.4.). İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.1.). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (13.2.). Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (13.3.). İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur (13.4.). Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz (13.5.). Ərazinin ortofoto görüntüsündən görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin ətrafında, çoxsaylı fərdi yaşayış evləri mövcuddur. Məhkəmə sorğusu əsasında iddiaçının torpaq sahələri ilə qonşuluqda yerləşən torpaq sahələrinə dair verilmiş çıxarışlar və onların verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşən ərazilərdə bir neçə şəxsə Binəqədi rayonu Xocasən bələdiyyəsinin qərarları ilə torpaq sahələri ayrılmış və həmin qərarlar əsasında həmin şəxslərin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə çıxarışlar verilmişdir. İddiaçının təqdim etdikləri ilə eyni olan sənədlər əsasında digər şəxslərin hüquqları qeydə alındığı və bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən imtina olunmuşdur. İddiaçının halında hüququ qeydə alınmış şəxslərlə müqayisədə fərqli başqa hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş bərabərlik və etimad prinsipləri əsas götürülməklə iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün cavabdehin göstərdikləri səbəblər əsaslı hesab edilə bilməz. Torpaq sahəsinin elektrik xətinin keçməsi ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2-ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi torpaq sahəsi iddiaçıya 2004-cü ildə ayrılmış və onun sahəyə dair hüququ həmin tarixdən əmələ gəlmişdir. Belə olan halda cavabdeh ərazidən elektrik xəttinin həmin vaxtdan keçdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin, cavabdeh bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində təsbit olunmuş bərabərlik hüququnu pozaraq eyni faktiki hallara dair fərqli imtina vermişdir. Belə ki, iddiaçıya məxsus bağ sahəsinin qonşuluğunda yerləşən ayrı-ayrı şəxslərə məxsus bağ sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verildiyi halda iddiaçıya onun mülkiyyətində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, Binəqədi Rayon Xocahəsən Bələdiyyəsinin 23 yanvar 2004-cü il tarixli, 02 saylı qərarına əsasən alqı-satqı yolu ilə iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün ayrılan 600 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Binəqədi Rayon Xocahəsən Bələdiyyəsinin 23 yanvar 2004-cü il tarixli, 02 saylı qərarına əsasən alqı-satqı yolu ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ünvan 2 ünvanında ayrılan 600 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar