Məhkəmə qərarları › İş №2-1(112)-7850/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7850/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7850/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı və iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Zəruri cəlb edilmiş üçüncü şəxs X3, Zəruri cəlb edilmiş üçüncü şəxs X13 nümayəndəsi və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə qarşı “mənzildən çıxarılmanın qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində qaldırılan e-2(005)-5080/2022 saylı mülki işlə bağlı mübahisəyə mahiyyəti üzrə baxılıb qəti qərar qəbul edilənədək icraatın dayandırılması barədə Nərimanov rayon İcra Şöbəsinin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.

2. X14 və X15 məhkəməyə ərizə təqdim edərək hazırkı iş üzrə İddiaçı ilə birlikdə ünvan 1 ünvanında daimi yaşadıqlarını bildirmiş, iş üzrə birgə iddiaçı kimi nəzərə alınmalarını xahiş etmişdirlər.

3. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş iddianın dəyişdirilməsinə dair sonuncu ərizədə İddiaçı, onun oğlu X6 və qızı X8 yaşadıqları ünvan 2 ünvanından Nərimnaov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “iddiaçılar İddiaçı, onun oğlu X6 və qızı X8 yaşadıqları ünvan 2 ünvanından Nərimanov rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən çıxarılmasının qanunsuz hesab edilməsi” kimi dəyişdirilmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov rayon İcra Şöbəsinə müraciət edərək Nərimanov rayon məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şöbə rəisinin xx.xx.2023-cü il tarixli 1309-54757/2022-15-18 nömrəli məktubuna əsasən iddiaçının xahişi nəzərə alınmamışdır. Əsas kimi "İcra haqqında” Qanunun 17.1-ci maddəsi göstərilmişdir. İddiaçı ərizədə "Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair Bakı şəhəri Nərimanov rayon məhkəməsində qaldırılan e-2(005)-5080/2022 saylı mülki işlə bağlı mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraatın dayandırılması barədə qərar" qəbul edilməsini xahiş etmişdir. İcra şöbəsinin gəldiyi nəticə fakt və hüquq baxımından əsassızdır, bu səbəbdən icra vərəqəsi üzrə icraatın dayandırılmaması barədə müvafiq inzibati akt ləğv edilməli və cavabdehin üzərinə icraatın dayandırılması öhdəliyi qoyulmalıdır. Belə ki, iddiaçı ünvan 1 ünvanında yerləşən əmlaka dair xx.xx.2007-ci il tarixli və xx.xx.2019-cu il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, habelə həmin müqavilələrlə bağlı daşınmaz əmlak hüquqlarına dair 21,12.2012-ci il tarixli **********59-05301-093165 reyestr nömrəli və ********** qeydiyyat nömrəli dövlət reyestr qeydiyyatı və xx.xx.2022-ci il tarixli 1790 nömrəli reyestr kitabının 164693 nömrəli vərəqindəki dövlət reyestr qeydiyyatın və çıxarışların ləğv edilməsi; həmin əmlaka iddiaçının mülkiyyət hüququnun tanınması; əmlaka dair mülkiyyət hüquqlarının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınması barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır. Hazırda həmin iddia üzrə e-2(005)-5080/2022 nömrəli mülki iş məhkəmənin icraatındadır. Göründüyü kimi 2(005)-695/2021 nömrəli icra sənədi üzrə icraat aparılan iş üzrə iddianın mübahisə predmeti e-2(005)-5080/2022 nömrəli mülki iş üzrə iddianın predmeti ilə eynidir.

6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən iddia ərizəsinə əlavədə iddianın əsası kimi aşağıdakı hüquqi əsasların da nəzərə alınmasını xahiş etmişdir: 1) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci tarixli, 4 nömrəli qərarında bildirilir: - "2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən ec məsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilmə dir - "3.1. (...) Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir"; - "3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır”; - "5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır"; 2) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarında dəqiqləşdirilir ki, "İnzibati hüquq mübahisələrinin əsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır. İnzibati orqanların siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda verilmişdir". Plenum qərarı məhkəmə mübahisələrinin həlli >zamanı hüquq münasibətlərinin xarakterini (ümumi və ya xüsusi hüquq sahəsi) müəyyənləşdirərkən xüsusi hüquq mənbəyinə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na müraciət etməyi tələb etmişdir. 3) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların Təsnifatı"nın 2.1-ci bəndində göstərilir ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin: (...) 2.1.1. icra xidməti" inzibati orqandır. Hazırki işdə Cavabdeh Ədliyyə Nazirliyinin "icra xidməti"nə aid orqan - Nərimanov rayon İcra Şöbəsidir. Deməli, onunla fiziki şəxs arasında hüquq münasibətləri də inzibati hüquq münasibətləridir. Belə işlərə isə inzibati məhkəmələr baxmalıdır. 4) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 2.1- ci maddəsində (Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti) vurğulanır ki, "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir". Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarın Preambulasında bu qanun norması məhkəmələrin diqqətinə çatdırılır. Məlum olduğu kimi, "qanunla başqa aidiyyət qaydası müəyyən edilməmiş"dir. Deməli, hazırki iddianın məhkəmə aidiyyəti inzibati məhkəməyədir. 5) “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə (Maddə 15. Məhkəmə aidiyyətinə riayət edilməsi) müəyyən edilib ki, "İşlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə,aidiyyətinin dəyişdirilməsi (...) qadağandır". Məhkəmə aidiyyəti məsələləri yalnız "qanun normaları" ilə tənzimlənir. Digər hüquq mənbələri, o cümlədən Ali Məhkəmənin Plenum qərarları məhkəmə aidiyyəti məsələlərini tənzimləyə bilməz (özü də qanun norması ilə müəyyən edilən qaydadan əhəmiyyətli dərəcədə fərqlənən tərzdə). 6) “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunun 42-ci maddəsində (Maddə 42. İnzibati məhkəmə və onun səlahiyyətləri) göstərilir ki, "İnzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır". Normada inzibati məhkəmələrin aidiyyət məsələlərinin məhz QANUNla tənzimləndiyi xüsusi vurğulanıb. 7) “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanunun 77-ci (Maddə 77. Ali Məhkəmə), 79-cu (Maddə 79. Ali Məhkəmənin Plenumu və onun səlahiyyətləri), 79-1-ci Maddə 79-1. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması) maddələrində və nəhayət, Azərbaycan Respublikası Konstitusiyasının 131 -ci maddəsində (Maddə 131. Azərbaycan Respublikasının Ali Məhkəməsi) Ali Məhkəmənin və onun qurumlarının (o cümlədən, Ali Məhkəmənin Plenumunun) məhkəmə aidiyyəti məsələlərini həll etmək səlahiyyətinə malik olması barədə normalar yoxdur. Yəni, İPM-nin 2.1-ci maddəsinin dispozisiyasında göstərilən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə" şərti "başqa aidiyyət qaydası"nın belə saydanın Ali Məhkəmənin Plenumu tərəfindən müəyyən edilməsini qadağan edir. 8) Nəhayət, əsas iddia ərizəsinin bir arqumentinin - “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının 33-cü bəndinin hazırki iddia ərizəsi ilə əlaqəsi barədə. Qeyd edilən bəndə göstərilir: "Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər". Burada "inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı" ifadəsinin bir arqument kimi iddianın əsasları sırasına daxil edilməsinin yol verilən olması izah olunmalıdır. Çünki, hazırki iddia üzrə icraya yönəldilmiş məhkəmə qərarı inzibati deyil, ümumi məhkəmə tərəfindən çıxarılmışdır. Aydınlıq gətirilməlidir ki, ümumi və ya inzibati məhkəmələrin qanuni qüvvəyə minmiş qərarlarının icrasında qanunla müəyyən edilmiş fərqlər mövcuddurmu? "İcra haqqında" Azərbaycan Respublikası Qanununun Preambulasında bəyan edilib ki, bu Qanun "məhkəmə və digər orqanların) qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir". Norma ümumi və inzibati məhkəmələr arasında fərq qoymur, bütün məhkəmələri nəzərdə tutur. Bu Qanunun 87.1-ci maddəsində (Maddə 87. İcra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi) göstərilir ki, "İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir". Göründüyü kimi, qanun norması müvafiq şikayətin "inzibati məhkəmə"yə verilməsi qaydasını təsbit edib. Nəinki bu normada, ümumiyyətlə, bu Qanunun mətnində "ümumi məhkəmə" anlayışından istifadə edilmir. Bu o deməkdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının hansı məhkəmə (ümumi və ya inzibati) tərəfindən çıxarılmasından asılı olmayaraq, icra məmurunun hərəkətindən (və ya hərəkətsizliyindən) şikayət yalnız inzibati məhkəməyə verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə, belə işlərin başqa, məsələn ümumi məhkəmələr tərəfindən baxılması "qanunsuz"dur. Konstitusiyanın 62-ci maddəsində (Maddə 62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi) vurğulanır ki, "Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir". Bu hüquq Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə də təsbit edilmişdir. Məsələn, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsində (Maddə 6 Ədalətli məhkəmə araşdırması hüququ) göstərilir ki, "Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən (...) qanun əsasında yaradılmış (...) məhkəmə vasitəsi ilə (...) araşdırılması hüququna malikdir". Göründüyü kimi, burada da işə baxmalı olan məhkəmənin plenum qərarın əsasında" deyil, məhz "qanun əsasında" yaradılması vurğulanır.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Nərimanov rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclular X3 və X5, tələbkar X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılaraq tələbkar X16 təhvil verilməsi qət edilmişdir. İcra sənədi Nərimanov rayon icra şöbəsinin icraatına xx.xx.2022-ci ildə daxil olmuş, həmin tarixdə icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün tələbkar və müvafiq məhkəməyə göndərilmişdir. Nərimanov rayon Məhkəməsinin 2(005)- 695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında cavabdeh tərəfindən tərtib edilmiş icraata başlama haqqında qərar və tələbin könüllü icası ilə bağlı bildiriş xx.xx.2022-ci il tarixdə rəsmi qaydada borclular X7 və X11 tərəfindən qəbul edilmişdir. İcra sənədinin icrası borclular tərəfindən könüllü icra müddəti ərzində icra edilmədiyinə görə, həmin şəxslərin Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilindən çıxarılmalarını təmin etmək üçün xx.xx.2022, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022 illərdə icralar təyin edilmiş, həmin zaman mənzilin qapısı bağlı olduğuna görə təyin edilmiş icra hərəkətləri təxirə salınmışdır. Həmçinin Nərimanov rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi borclular X3 və X5, tələbkar X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair hissəsində icra edilməsi üçün xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-nə müraciət edilmiş və icra sənədi xx.xx.2022-ci il tarixdə Nərimanov RPİ-i tərəfindən həmin hissədə icra olunmuşdur. İcra sənədi üzrə borclu X7 xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək, yekun məhkəmə aktından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə konstitusiya şikayəti verdiyini bildirərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müşayətedici məktubunun surətini ərizəsinə əlavə etmiş və nəzərə alınmasını xahiş etmişdir. Sözügedən məsələ ilə bağlı xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilmiş və icra sənədinin icrası təxirə salınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən müraciətə cavab verilməmişdir. X1 şikayəti xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun icraatına daxil edilmişdir və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.8-ci maddəsinin tələbinə əsasən icra sənədinin icrası dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərardadına əsasən X1 şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Bundan sonra icra hərəkətləri təzələnmiş və xx.xx.2022 il tarixə yenidən icra təyin edilmiş, həmin zaman mənzilin qapısı bağlı olduğuna görə təyin edilmiş icra hərəkətləri təxirə salınmışdır. Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı tərəfimizdən yenidən xx.xx.2023-cü il tarixə icra təyin edilmiş, lakin mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri təxirə salınmışdır. Növbəti təyinat xx.xx.2023-cü il tarixə təyin edilmiş və mənzilin qapısı bağlı olduğuna görə icra hərəkətləri növbəti dəfə təxirə salınmışdir. Nərimanov RPİ-i tərəfindən X3 mülkiyyətində olan və icra sənədində qeyd olunan mənzilin dələduzluq yolu ilə özgəninkiləşdirilməsi faktına əsasən xx.xx.2023-cü il tarixdə AR CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Həmçinin sorğuda qeyd edilmiş İddiaçı ilə bağlı bildirilmişdir ki, "xxxx" MMC-nin İddiaçı təqdim etdiyi arayışa əsasən, o, bina istismara verildiyi gündən bu günədək Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında rəsmiləşdirilmiş “Green Park” yaşayış kompleksindəki 134 saylı mənzildə yaşayır.

8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə X20, X7 və X11 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişdirlər.

9. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X20 tərəfindən məhkəməyə ünvanlanan etiraz ərizəsində qeyd olunmuşdur ki, qaldırılmış iddia tam əsassızdır və təmin edilməməlidir. İşin halları ilə bağlı bildirilmişdir ki, 13 may 2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən X3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 134 nömrəli mənzili Bakı şəhəri 9 nömrəli notariat ofisində 153.000 manat dəyərində əldə edib. Əmlaka dair mülkiyyət hüququ AR Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 15 may 2019-cu il tarixdə qeydə alınmış, hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən çıxarışa əsasən üçüncü şəxsin tam mülkiyyətindədir. Alqı-satqını həyata keçirdikdən sonra İntizar Xanməmmədova mənzili boşaldıb təhvil verilməsi üçün üçüncü şəxsdən vaxt istəmiş və üçüncü şəxs həmin şəxslərə müəyyən vaxt vermişdir. Bir müddət keçdikdən sonra İntizar Xanməmmədova müxtəlif bəhanələr gətirərək mənzilin təhvil verilməsindən yayınmışdır. Daha sonra üçüncü şəxs Sultanova Əsmər məcbur olub, iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəf isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmiş və aralarında bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X3 və X5 iddiaçı X22ma məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin, 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onlar həmin mənzildən çıxarılması və mənzil boşaldılaraq iddiaçı X22ma təhvil verilməsi, iddiaçı X3 cavabdehlər X22ma və DƏDRX-nin Bakı şəhər Ərazi idarəsinə, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 qarşı alğı-satqı müqaviləsinin, mülkiyyət hüququ haqqında qeydiyyat və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021 ci il tarixli, 2( 103)-5906/2021 saylı qətnaməsi ilə cavabdeh X7 və X11 tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəkəsinin 12 aprel 2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2( 102)-555/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra qarşı tərəf AR Konstitusiya Məhkəməsinə müraciət etmiş, AR Konstitusiya Məhkəməsi Plenumununun 30 noyabr 2022-ci il tarixli Qərardadı ilə İ.Xanməmmədovanın şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Qeyd olunan sonuncu AR Konstitusiya Məhkəməsinin Qərardadından sonra Məhkəmə qərarının icrasının qarşısını almaq və icra işini uzatmaq məqsədi ilə uydurma iddia qaldırmışlar və bu yolla məhkəmə qərarının icrasına mane olmaq istəyirlər. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdehlər X9ma, X22ma və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi, dövlət reyestr qeydiyyatının ləğv edilməsi, mülkiyyət hüquqlarının tanınması və mənzilin mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4320/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-854/2023 saylı iş üzrə 10 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonuncu məhkəmə araşdırması zamanı İddiaçı məhkəməyə icra işinin dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etmişdir. Həmin ərizələridə müvafiq olaraq Nərimanov Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdir. Qeyd olunanlardan aydın görünür ki, Bakı İnzibati Məhkəməsində hal hazırda qaldırdırılmış iddianın səbəbi, Nərimanov Rayon Məhkəməsində icranın dayandırılmasına dair nəticə əldə edə bilmədiklərindən irəli gəlir. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. AR MPM-nin 82.3-cü maddəsinin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüququ müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsi ilə cavabdehlər X4 və X5 iddiaçı X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X16 təhvil verilməsi qərara alınmışdır.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5906/2021 saylı, xx.xx.2021ci il tarixli Qətnaməsi ilə ilkin iddia üzrə cavabdehlər X3 və X5 apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-695/2021 saylı qətnaməsi ilkin iddia üzrə cavabdehlər X3 və X5 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-555/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə cavabdeh X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5906/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli İcra vərəqəsində cavabdeh (borclu) qismində X10 və X11 göstərilməklə cavabdehlər X4 və X5 iddiaçı X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X16 təhvil verilməsi qərara alınmışdır.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-443/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən tələbkar X20 şikayətində icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün könüllü icra müddəti verildiyini, daha sonra mənzilin boşaldılması üçün 4 dəfə məznilin boşadılması üçün vaxt təyin edildiyini, təyin edilmiş vaxtlarda qapının bağlı olması və borclunun evdə olmaması ilə əlaqədar icra sənədinin icra edilməsinin təxirə salındığı qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru izahatında icra sənədinin icrası zamanı heç bir hərəkətsizliyi olmadığını, icra hərəkətlərinin həyata keçirilməsinə hər dəfə borclu tərəfindən maneələr yaradıldığını bildirmişdir.

15. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 saylı Arayışda qeyd olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən yaşayış binasının 134 saylı mənzilində yaşayır.

16. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) iştirak edən İddiaçı və nümayəndəsi (vəkili) iddianın təmin olunmasını xahiş etmişdir.

17. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən üçüncü şəxs və nümayəndəsi X2 mənzildə yaşamadığını, həmin evdə qardaşının arvadı olan İddiaçı və ailəsinin bina istismara veriliyi gündən yaşadığını bildirmişdir.

18. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən X13 nümayəndəsi (vəkili) iddiaya etiraz edərək bildirdi ki, icra hərəkətləri faktiki olaraq hazırki iş üzrə iddiaçılara münasibətdə də davam etdirilməli, belə ki, icra sənədində X4 və X5 həmin mənzildən çıxarılması ilə yanaşı, mənzilin boşaldılaraq iddiaçı X16 təhvil verilməsi də nəzərdə tutulmuşdur. Odur ki, icra hərəkətləri mənzil boşaldılanadək mənzildə kimin yaşamasından asılı olmayaraq davam etdirilməlidir.

II. İddianın növü və mümkünlüyü

19. İPM-dən: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

20. Məhkəmə hesab edir ki, iddiaçılar mübahisə predmeti barədə müştərək hüquqi maraqlara malikdirlər və hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənir. Odur ki, birgə iddiaçı qismində çıxış edə bilərlər.

21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.

22. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

23. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...

24. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.

25. X27 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X27 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

26. Odur ki, məhkəmə aidiyyəti icra məmurunun hərəkətlərinin məhz konkret icra sənədinin icrası ilə əlaqəli olmasından asılıdır.

27. Hazırki işdə iş üzrə iddiaçı qismində çıxış edən şəxslərə münasibətdə (mənzilən çıxarılma ilə bağlı) icra sənədi mövcud deyildir.

28. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

29. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. İddiaçının növü müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi

31. “İcra haqqında” Azərbaycan Respublikası Qanunundan:

7. İcra sənədinə aid tələblər 7.1.2. icra sənədinin verilməsinə əsas olan iş və ya materiallar və onların nömrələri; 7.1.4. tələbkar və borclu fiziki şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi (əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müvəqqəti, yaxud daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə qaçqın vəsiqəsinin seriyası və nömrəsi), yaşayış yeri və olduğu yer, doğum tarixi, işlədiyi halda borclu fiziki şəxsin iş yeri, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda VÖEN-i, tələbkar və borclu hüquqi şəxsin adı, hüquqi və faktiki ünvanları, VÖENi.

32. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarından:

33. Məhkəmələr nəzərə almalıdılar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

33. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, İddiaçı və ailə üzvləri faktiki olaraq Bakı şəhəri, Nərimanov rayou, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 143 saylı mənzildə hazırda yaşayırlar, üçüncü şəxslər isə sözügedən mənzildə yaşamırlar.

34. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-443/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən tələbkar X20 şikayətində icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün könüllü icra müddəti verildiyini, daha sonra mənzilin boşaldılması üçün 4 dəfə vaxt təyin edildiyini, təyin edilmiş vaxtlarda qapının bağlı olması və borclunun evdə olmaması ilə əlaqədar icra sənədinin icra edilməsinin təxirə salındığı qeyd etmişdir. Eyni zamanda həmin iş üzrə məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru izahatında icra sənədinin icrası zamanı heç bir hərəkətsizliyi olmadığını, icra hərəkətlərinin həyata keçirilməsinə hər dəfə borclu tərəfindən maneələr yaradıldığını bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktubda da bir neçə dəfə qapının bağlı olması səbəbi ilə icra hərəkətlərinin təxirə salındığı qeyd olunmuşdur.

35. Qeyd edilən mənzildə İddiaçı (bina istismara veriliyi gündən) ailə üzvləri ilə birlikdə yaşaması və dəfələrlə mənzilin boşaldılması üçün icralar təyin edilməsi işin mübahisəsiz halıdır.

36. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçılar İddiaçı, X14 və X12 münasibətdə cavabdeh Nərimanov rayon İcra Şöbəsinin icra məmuru tərəfindən mənzildən çıxarılma ilə bağlı faktiki xarakterli hərəkətlər tətbiq edilir.

37. Məhkəmə qeyd edir ki, cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən müvafiq icra hərəkətlərin həyata keçirilməsi üçün əsas olaraq göstərilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli Qətnaməsində cavabdehlər X4 və X5 iddiaçı X16 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsindəki 7 nömrəli evin 134 nömrəli mənzilinə istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X16 təhvil verilməsi qərara alınmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-695/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində (icra sənədinin verildiyi tarix: 07 mart 2022-ci il) cavabdeh (borclu) qismində X4 və X11 qeyd olunmuşdur.

38. İddiaçı və ailə üzvlərinin sözügedən mənzildən çıxarılması barədə qanuni qüvvəyə minmiş hər hansı məhkəmə qərarı və icra sənədi müəyyən olunmamışdır.

39. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, icra məmurunun qeyd edilən hərəkətləri məhkəmə aktının icrasının davamı kimi qiymətləndirilə bilməz. Qeyd edilən halda, yəni icra məmurunun icra sənədi ilə əhatə olunmayan həmin hərəkətlərinin qanuniliyinə qiymət verməyə səlahiyyətli məhkəmə məhz inzibati məhkəmədir.

40. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir.

41. Azərbaycan Respublikaı Konstitusiyasınn 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

42. X27 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir.

43. Odur ki, məhkəmə şəxsin mənzil hüququnun müdafiəsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X27 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə varmı? - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?

44. Hazırkı iş üzrə icra qurumunun qeyd edilən hərəkətləri nəticəsində iddiaçıların mənzil hüquqlarına müdaxilənin olması mübahisəsizdir. Lakin həmin müdaxilənin həyata keçirilməsi üçün qanuni əsas – qüvvədə olan məhkəmə qərarı və ona uyğun verilmiş icra sənədi olmadığına görə müdaxilə qanuni hesab edilə bilməz.

45. Məhkəmə hesab edir ki, iddiaçıların mənzildən çıxarılmasına münasibətdə icra sənədi olmadığından cavabdeh Nərimanov rayon İcra Şöbəsinin onların yaşadıqları Bakı şəhəri, Nərimanov rayou, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən 143 saylı mənzildən çıxarılmasına yönəlmiş hərəkətlərı qanuna ziddir və iddiaçıların mənzil hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçılar İddiaçı, X6 və X8 yaşadıqları ünvan 6 ünvanından cavabdeh Nərimanov rayon İcra Şöbəsi tərəfindən çıxarılmasına dair hərəkətlər qanunsuz hesab edilsin. İddiaçılar İddiaçı, X6 və X8 icra sənədi olmadan yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7, 143 nömrəli mənzildən çıxarılmasına dair hərəkətlərdən çəkinmək öhdəliyi cavabdeh Nərimanov rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar