Məhkəmə qərarları › İş №2-1(112)-7854/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7854/2025

12.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7854/2025 12.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X3, X1. X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ev ona məxsusdur, üçüncü şəxslər mərhum qızının birinci həyat yoldaşından olan oğlu, ikinci həyat yoldaşı və onun azyaşlı oğludur və həmin evdə qeydiyyatdadır. Üçüncü şəxslər qeydiyyatda olsalar da, həmin evdə yaşamırlar. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İş materiallarında olan: İmtina məktubunda qeyd edilir ki, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması mümkün deyildir, məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Bələdiyyənin 12 iyul 2007-ci il tarixli qərarında qeyd edilir ki, Binəqədi qəsəbə ərazisindən 600 kv.m torpaq sahəsi iddiaçıya ayrılır. Arayışdan görünür ki, üçüncü şəxslər həmin ünvan üzrə qeydiyyatdadırlar. Cavabdehin 07 aprel 2024-cü il tarixli məktubunda qeyd edilir ki, ünvan üzrə dəqiq küçə müəyyən edilmir. Qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Göründüyü kimi iddianın qaldırılmasında şəxsin subyektiv hüququnun mövcud olubolmaması iddianın mümkün hesab edilib-edilməməsi ilə bilavasitə bağlıdır. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, məhkəmə qaydasında qaldırılmış iddia tələbi özünün və ya başqasının mənafeyi naminə, pozulması ehtimal edilən hüquq və azadlıqların müdafiəsi naminə məhkəmə qaydasında həyata keçirilən prosessual hərəkətdir. Göründüyü iddia tələbinin pozulması ehtimal olunan hər hansı hüquq və azadlıqla bağlı olması və mənafe naminə irəli sürülməsi zəruri şərtdir. AR İPMnin 35.1-ci maddəsi ilə də müəyyən edilir ki, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusu yoxdursa iddia mümkünsüzdür. Məhkəmə hesab edir ki, hazırkı iddiada pozulması ehtimal olunan hüquq məhz mülkiyyət hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsindən də göründüyü kimi hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin mülkiyyət hüququ vardır. Hazırkı iddia da iddiaçının mənafeyi namində məhz iddiaçının konstitusion hüquqlarından biri olan mülkiyyət hüququnun təminatı ilə əlaqədar qaldırılmışdır ki, iddia tələbindən də göründüyü kimi iddiaçı daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxslərin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. Bu səbəbdəndir ki, hazırkı iş üzrə iddiaçının əmlaka dair iddia qaldırılmasında hər hansı hüquqa malik olub-olmamasının müəyyən edilməsi və nəticədə subyektiv hüququn mövcud olub-olmaması müəyyən edilməlidir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin tələbə münasibətdə yaşayış sahəsinə dair üçüncü şəxslərdən daha üstün mövqedə olduğunu nümayiş etdirən hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdir. İş materiallarından da aydın olduğu kimi iddiaçı yaşayış sahəsinə münasibətdə mülkiyyət hüquqları mövcud olmayan şəxsdir. Onun həmin əmlakda faktiki yaşaması hazırkı iddianın qaldırılmasına münasibətdə mümkünlük baxımından vəziyyəti iddiaçının xeyrinə dəyişməyən hal hesab edilir. Qeyd olunur ki, əmlak orqanı tərəfindən sorğuya cavab təqdim edilməsə belə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, torpaq sahəsinin ayrılmasına dair qərar təqdim edilsə də, nə həmin torpaq sahəsinə, nə də üzərində inşa edilmiş fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd iddiaçıda mövcud deyildir. Məhkəmə diqqətə çatdırır ki, vətəndaşın daşınmaz əmlaka qeydiyyata alınması onun həmin əmlak üzərində mülkiyyət hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə vətəndaşın qeydiyyata olmasını təsdiq edən sənəd hüquqmüəyyənedici sənəd hesab edilmədiyindən, iddiaçı üçün hər hansı hüquq yaratmamaqla yanaşı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması mənasını ifadə etmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Hazırda da iddaçının mübahisəli yaşayış sahəsində qeydiyyatda olması, onun daşınmaz əmlak üzərində sərəncam, sahiblik və mülkiyyət kimi hüquqlarının yaranmasını ehtiva etmir. Təbii haldır ki, hazırkı növ iddialar mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan mülkiyyət hüququna malik olmayan şəxsin, ümumiyyətlə digər əmlak hüquqları da mövcud olmayan şəxsin əmlaka dair mövcud olmayan hüququn müdafiəsinə dair iddianın da mümkünlüyü ödənilmir. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Həmçinin, qeyd edilməlidir ki torpaq sahəsinə münasibətdə iddiaçı barəsində bələdiyyə qərarının olması da hazırkı iddianın subyektiv hüquq baxımından mümkünlüyü anlamına gəlmir. Belə ki, adıçəkilən qərardan görünür ki, məhz iddiaçının yaşadığı fərdi yaşayış evinin altında olan torpaq sahəsinin iddiaçıya ayrıldığı nə qərarın özü, nə də cizgi ilə müəyyən edilə bilmir. Digər tərəfdən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmaması hal-hazırda müəyyən edilmir. Digər tərəfdən torpaq sahəsi qanunvericiliyin tələblərinə uyğun olaraq ayrılsa belə, həmin hal fərdi yaşayış evinə hər hansı hüququn yaranması anlamına da gəlməməkdədir. Belə ki, Mülki Məcəllənin: 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi hazırkı halda torpaq sahəsinə hər hansı hüquq müəyyən edilmədiyindən onun üzərində inşa edilmiş fərdi yaşayış evi iddia verilən, inzibati məhkəmə icraatının aparıldığı mərhələdə özbaşına tikili statusundadır. Nə qədər ki, həmin fərdi yaşayış evinə hər hansı mülkiyyət hüququndan, eləcə də sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı mövcud deyildir, deməli kiminsə həmin fərdi yaşayış evindən ünvan üzrə qeydiyyatdan çıxarılmaya münasibətdə subyektiv hüququn mövcudluğundan söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-400/2020 nömrəli analoji işi ilə bağlı 03 iyun 2020-ci il tarixli qərarında da Məhkəmə özbaşına tikinti ilə bağlı iddiaçının başqa şəxsi qeydiyyatdan çıxarılmasına münasibətdə də iddianın mümkün sayılmamasını qanuni və əsaslı saymışdır. Eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-952/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-1133/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Qeyd olunur ki, həmin təcrübə də nəzərə alınmaqla müəyyən edilməli olan hal fərdi yaşayış evinə dair subyektiv hüququn mövcudluğunun müəyyən edilməsidir. Belə ki, iddiaçının tələbi şəxslərin torpaq sahəsindən çıxarılması yox, məhz yaşayış sahəsi üzrə qeydiyyat ünvanından çıxarılmasıdır. Bunun üçün də həmin fərdi yaşayış evinə dair sənədin olması mütləqdir ki, fərdi yaşayış evi özbaşına tikili hesab edildiyindən iddia üzrə subyektiv hüququn mövcudluğu istisna edilir. Bununla belə, məhkəmə iddiaçıya bələdiyyə qərarı əsasında torpaq sahəsinə mülkiyyət hüququnu qeydə alınması, daha sonra fərdi yaşayış evinə əmlak hüququnu onun adına qeydiyyata alınaraq, hazırkı tələblə bağlı inzibati orqana yenidən müraciət etmək hüququnu, imtina alındıqda isə əmlak hüququnun müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnu da izah edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar