Məhkəmə qərarları › İş №2-1(112)-7855/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7855/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7855/2023 13.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X6 iştirakı ilə iddiaçı Azərbaycan Milli Elmlər X3 İnstitutunun cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair ayrıc aktının olması faktının müəyyən olunması, bərpa edilməsi və həmin aktın dublikatının verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Milli Elmlər X3 İnstitutu cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair ayrıc aktının olması faktının müəyyən olunması, bərpa edilməsi və həmin aktın dublikatının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarı ilə Azərbaycan SSR X2 İnstitutunun (indiki X7) 52 üzvü olan “Kibernetik” Bağçılıq Yoldaşlığı üçün keçmiş Lenin rayonunun (indiki Sabunçu rayonu) Nardaran qəsəbəsinin şimal-qərbində hər birinə 0,05 ha və 4 ədəd 0,05 ha texniki zona olmaq şərti ilə torpaq sahəsi ayrılmışdır. Həmin il X8 Yoldaşlığının üzvləri qurumun ümumi yığıncağında püşkatma yolu ilə pay bölgüsü aparmış, torpaq sahələrindən istifadə edəcək əməkdaşlar müəyyənləşdirilmişdir. 1990-cı ilin mart ayında “Kibernetika” Bağçılıq Yoldaşlığının üzvlərinin Bakı Bağlar İdarəsinin əməkdaşları ilə birlikdə, təqdim etdikləri ayrıc aktı əsasında bağ torpağının həm ümumi sahəsinin sərhədlərinin, həm də hər bir 0,05 ha sahə üçün mərzçəkmə işləri aparılmış və mərz nişanları qoyulmuşdur. Sonra ayrılmış ümumi sahənin sərhədlərinə beton dirəklər basdırılmışdır. Təəssüf ki, 1990 – 1993-cü ilin 1-ci yarısında həmin torpaqlardan istifadə edilməsi, qorunması, sanitar qaydalara əməl edilməsi, eyni zamanda torpaq sahələrinin ayrı-ayrı əməkdaşlar üçün sənədləşdirilməsi işlərinə nail olunmamışdır. Belə ki, Bağçılıq Yoldaşlığı üzvlərinin məlumatına görə həmin illərdə Kürdəxanı kəndinin yerli sakinləri ilə İnstitutun əməkdaşları arasında həmin torpaq sahələri ilə bağlı mübahisəli hal olmuşdur. Bu səbəbdən də, uzun illər “Kibernetik” Bağçılıq Yoldaşlığının üzvləri onlar üçün ayrılmış torpaq sahələrinin sahibinə çevrilə bilməmişlər. Torpaq sahəsinin Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində yenidən rəsmiləşdirilməsi üçün 2014-cü ildən tədbirlər görülməsinə başlanılmışdır. Əvvəlcə, sahənin sərhədlərinin naturada müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə komitəsinə (ləğv olunmuş) müraciət edilmişdir. Komitə 21 avqust 2014-cü il tarixli 17-3/107 saylı cavab məktubunda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə istinadən bildirmişdir ki, torpaq sahəsinin ayrılmaz hissəsi olan və sahənin sərhədlərini müəyyənləşdirən sahənin planı (ayrıc aktı) olmadan bağ sahələrinin döngə nöqtələrini müəyyənləşdirmək mümkün deyildir. Həmçinin bildirilmişdir ki, ayrılmış torpaq sahələrini müəyyən edən Bakı XDS İK-nın 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarının ayrılmaz hissəsi olan ayrıc aktı təqdim olunduqda müraciətə baxılacaqdır. Təsdiq edilmiş siyahı, ümumi bölgü və ayrıc aktının İnstitutda olan nüsxələri itdiyindən göstərilən sənədlərin dublikatlarının verilməsi üçün Bakı ŞİH-ə müraciət edilmişdir. Bakı ŞİH-dən bildirilmişdir ki, Bakı ŞİH-in tabeliyində olan X11 və İnkişafı Birliyi ləğv edilmiş və həmin İdarənin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təhvil verilmişdir. Sonuncu dəfə “Kibernetik” Bağçılıq Yoldaşlığının kollektiv imzası ilə 14 fevral 2018-ci il tarixli 01/2018 saylı məktubla Bakı ŞİH-ə müraciət edilmişdir. ŞİH Başçısı Aparatının 23 fevral 2018-ci il tarixli 7-911/17 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin 1991-ci ilə qədər olan qərar və sərəncamları ŞİH arxivində yox, Azərbaycan Milli Arxivinin Bakı Filialında saxlanılır. Cizgi, sxem, çertyoj, siyahı və s. kimi sənədlər isə, Daşınmaz Əmlakın Bakı şəhəri üzrə Dövlət Reyestri Xidməti İdarəsinin arxivində saxlanılır. Bu halda, həmin arxivlərə müraciət olunması məqsədəuyğundur. Milli Arxivinin Bakı Filialının 3 noyabr 2015-ci il tarixli 3108 saylı cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri XDS İK-nın 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarına ayrıc aktı əlavə edilməmişdir. Digər tərəfdən, Bakı ŞİH Başçısı Aparatının 17 mart 2017-ci il tarixli 1-113-112 saylı arxiv arayışında göstərilmişdir ki, ayrıc aktının yenidən bərpa olunması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindəki mühəndislərə müraciət olunması məqsədəuyğundur. Odur ki, bu məsələ ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. İdarənin 25 may 2017-ci il tarixli **********56 saylı cavab məktubunda göstərilmişdir ki, . . . “Kibernetik” Bağçılıq Yoldaşlığına aid ayrıc aktı İdarənin arxivində aşkar olunmamışdır. Bu səbəbdən sözügedən ayrıc aktının bərpa edilməsi qurumun səlahiyyətləri xaricindədir. Son illər bağçılıq təsərrüfatının 10 üzvü onlara ayrılmış torpaq sahələrinə reyestrdən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Bu təşkilatın 11 dekabr 2019-cu il tarixdə əksər müraciət edənlərə daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə göndərilən bildirişində qeyd edilmişdir ki, sözügedən bağ sahəsi bir neçə bağ sahələri ilə birlikdə ümumi ərazinin daxilində yerləşməklə sərhədləşmə işləri aparılmadığından dəqiq yerini tapmaq mümkün olmamışdır. Həmçinin, göstərilən bağ sahəsi heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktının daxilində yerləşmir. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Digər tərəfdən, müraciət edən əməkdaşlardan birinə (X14) DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisinin imzası ilə **********08 saylı 4 dekabr 2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, “Kibernetik” Bağçılıq Yoldaşlığı ərazisində yerləşən və müraciətdə qeyd edilən bağ sahələrinə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və sözügedən bağ sahələrinin döngə nöqtələrinin koordinatları naturada (yerdə) təyin edilmişdir. Sonuncu dəfə problemin həlli üçün 23 iyul 2022-ci il tarixdə 21-3/140 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. Göstərilən təşkilatın 26 avqust 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan “Kibernetik” Bağçılıq Yoldaşlıq təsərrüfatına aid arxiv qovluğunda ayrılmış ərazinin ayrıcı və sahələrin kollektiv bölgüsü aşkar edilməmişdir, şərti olaraq göstərilən sahə isə, ümumi ərazinin bir hissəsi olmaqla fiziki sərhədləri mövcud deyil. Hesab olunur ki, problemə diqqətlə yanaşılmamışdır. Belə ki, Azərbaycan Neft və Kimya İnstitutunun bağ sahəsinin ayrıc aktında onların qonşuluğunda yerləşən “Kibernetik” Bağçılığına aid torpaq sahəsi aşkar şəkildə göstərilmişdir. Bağ sahəsinin qonşuluğunda yerləşən digər təşkilatların – Azərbaycan Pedoqoji İnstitutunun, Lenin Rayon Partiya Komitəsinin və Məhkəmə Tibbi Ekspertiza İnstitutunun bağ sahələrinin ayrıc aktlarında da bu hal göstərilməlidir. Eyni zamanda, Bakı Şəhər XDS İK-nın (hazırkı Bakı ŞİH) 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarına uyğun olaraq təşkilat üçün ayrıc aktı hazırlanmışdır və Bağçılıq üzvləri Bakı şəhər Bağlar İdarəsinin əməkdaşları ilə birlikdə həmin sahədə ayrıc aktı əsasında bağ torpağının həm ümumi sərhədlərini, həm də hər bir 0,05 ha sahəni mərzləmişlər. Ayrıc aktı olmadığından ayrılmış torpaq sahəsinin sənədləşdirilməsi mümkün deyil. Halbuki, qərarla birlikdə ayrıc aktı olmuşdur və bir nüsxəsi də İnstitutda olmuşdur. Lakin, təəssüflər olsun ki, həmin sənəd itmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquq əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.6-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərə əsaslanaraq, Bakı Şəhər XDS İK-nın 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarının ayrılmaz hissəsi olan ayrıc aktı olması faktının müəyyən olunması, bərpa edilməsi və həmin aktın dublikatının cavabdeh tərəfindən iddiaçıya təqdim edilməsinə dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, iddiaçı Azərbaycan Milli Elmlər X1 İnstitutunun iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal-qərbində yerləşən torpaq sahəsinin ayrıc aktının bərpa edilməsi barədə 29 aprel 2017-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “Kibernetik” Bağçılıq Yoldaşlığına aid ayrıc aktı İdarənin arxivində aşkar olunmamışdır. Belə ki, qərarının ayrılmaz hissəsi olan ayrıc aktının olması faktının müəyyən olunması və sözügedən ayrıc aktının bərpa edilməsi 1 saylı Bakı Ərazi idarəsinin səlahiyyətləri xaricindədir. Həmçinin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur, ilkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması “DaşınmazƏmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir. İddiaçının “Kibernetik” Bağçılıq Yoldaşlığının boş qalan torpaq sahələrinin müraciət edən əməkdaşlarının adına reyestrdən çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciəti 1 avqust 2022-ci il tarixdə İdarəyə daxil olmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2, 11.1, 23-cü maddələrinə, İPM-in 35.1-ci maddəsinə əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X12 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının “Keçid müddəaları”na əsasən bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinin dördüncü hissəsinə görə bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.7) 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir, 3.1.16-cı və 3.1.20-ci bəndlərinə görə isə, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun vəzifələrinə daşınmaz əmlaka, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv, kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək qurumun vəzifələri sırasına daxildir. Göründüyü kimi, torpaq qanunvericiliyinə («Torpaq islahatı haqqında» Qanuna) əsasən vətəndaşların qanuni istifadəsindəki kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir. Eləcə də, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bu əsaslar sırasında nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Azərbaycan Elmlər X1 İnstitutu əməkdaşlarının üzv olduğu “Kibernetik” Bağçılıq Yoldaşlığına müvafiq təyinat üzrə Bakı Şəhər XDS İK-nın 9 oktyabr 1989-cu il tarixli 11/387 saylı qərarı ilə Bakı şəhəri, Nardaran qəsəbəsinin şimal-qərbində ayrılmış torpaq sahəsinin ayrıc aktını, həmin akt olmadıqda isə, onun olması faktının müəyyən edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı cavabdeh inzibati orqan “Kibernetik” Bağçılıq Yoldaşlığına müvafiq torpaq sahəsini ayıran qurum deyil, həmin torpaq sahəsi Bakı Şəhər XDS İK tərəfindən ayrılmışdır və onun səlahiyyətlərini Bakı ŞİH həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22 may 2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı ŞİH-in nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Nəzərə alınmalıdır ki, arxiv saxlayıcısı kimi müvafiq ayrıc aktının “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsində (qurum Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında yaradılmışdır) olan sənədlər arasında olmaması hazırkı iddiaçıya cavabdeh tərəfindən bildirilmişdir. Mövcud olmayan sənədin verilməsi isə, müknüsüzdür. Belə olan halda, iddiaçı iddia ərizəsində ayrıc aktının təqdim edilməsi, bərpa edilməsi və olması faktının müəyyən edilməsi kimi iki iddia (öhdəliyinin icrası, müəyyən etmə və tanınma haqqında) irəli sürsə də, iddianın bütün hissələri üzrə, yəni iddiaçınn arzuladığı həmin torpaq sahəsinin ayrılması ilə bağlı aktın, yaxud digər sənədin verilməsində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi səlahiyyətli olmadığından, hazırkı iddia üzrə – istər “öhdəliyin icrası haqqında”, istərsə də “müəyyən etmə və tanınma haqqında” iddiaya münasibətdə cavabdeh qismində çıxış edə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının müvafiq ayrıc aktını əldə etməkdə məqsədi “Kibernetik” Bağçılıq Yoldaşlığının üzvlərinə verilmiş bağ sahələrinin qanuni əsaslarla ayrılmış bağ sahələrinə hüquqların qeydiyyatı zamanı təqdim edilməsi zərurətindədir. Halbuki, ayrıc aktı ayrıca məhkəmə icraatında da aidiyyəti qurumdan əldə oluna bilər və həmin məhkəmə icraatı bağçılıq yoldaşlığının üzvlərinin özlərinin iddiası üzrə başlana bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, bütün qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar