Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7857/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xəzər rayon Türkan Bələdiyyəsinə qarşı (üçüncü şəxs Xətai rayon Xətai Bələdiyyəsi) “torpaq sahəsinin dəyərinin ödənilməsi və ya torpaq sahəsinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xəzər rayon Türkan Bələdiyyəsinə qarşı (üçüncü şəxs Xətai rayon Xətai Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona pulsuz verilməli olan torpaq sahəsinin 75000 (yetmiş beş min) manat dəyərinin ödənilməsi, yaxud Xəzər rayonunun Türkan qəsəbəsindən dənizə yaxın məsafədən 15 sot torpaq sahəsi verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, əlillərə olan güzəştlər ləğv edilməmiş, 1999-cu ildə Bakı şəhəri İcra Hakimiyyəti başçısının M-1355 nömrəli razılıq məktubuna əsasən onun Bakı Bağlar İdarəsində növbəyə durması və əlilliyi ilə əlaqədar qanunla ona növbədənkənar pulsuz daça-bağ yeri, torpaq sahəsi verilməli idi. Həmin vaxtdan qanunla xüsusi mülkiyyəti olmalı torpağı X1mışdır. Sonralar qəbul olunmuş "Bələdiyyələr haqqında” Qanunun bu məsələnin həllinə aidiyyəti yoxdur. İlk növbədə dövlətin pozulmuş qanunu, pozulmuş onun hüququ bərpa olunmalıdır. Pozulmuş hüququnun bərpa olunmasından, qanunla pulsuz torpaq təminatından əlavə torpaq sahəsi istəsə, ancaq əlavəyə “Bələdiyyələr haqqında” Qanunla baxılar. Bağlar İdarəsi ləğv olduğundan Torpaq Məcəlləsinin 59-cu maddəsinə görə Xətai və Xəzər rayon Türkan bələdiyyələri onun hüququnu bərpa etməli idi. Bakı və ətrafı üçün orta bazar qiyməti sotu 5000 (beş min) manat olmaqla, ona növbədənkənar pulsuz verilməli olan torpaq sahəsinin 75000 manat dəyəri adları çəkilən bələdiyyələr tərəfindən Konstitusiyanın 68-ci maddəsinə görə dövlət büdcəsindən ödənilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Xətai rayon bələdiyyəsinə torpaq sahəsi ayrılmış olsa da, onun hüququ təmin olunmamışdır, onlarda boş torpaq sahəsinin olmamasını bildirmişlər. Xəzər rayonunda boş torpaq sahələri olsa da, həmin rayonun Türkan bələdiyyəsindən də boş torpaq sahəsinin olmadığı bildirilmişdir. O, Xəzər rayonunun Türkan bələdiyyəsindən dənizə yaxın ərazidə torpaq sahəsi verilməsini istəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavadehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh orqana müraciət etməmişdir. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməmişdən əvvəl cavabdeh orqana iddia tələbində göstərilən məsələ ilə əlaqədar müraciət edilməsinə dair sübutları məhkəməyə təqdim edə bilmədi. Bundan başqa, iddia ərizəsində torpaq sahəsinin dəyəri Xəzər rayon Türkan Bələdiyyəsindən və Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsindən tələb edilsə də, Xətai rayon Xətai Bələdiyyəsi iddia ərizəsində cavabdeh deyil, üçüncü şəxs qismində göstərilmişdir. Eyni zamanda iddia tələbində iddiaçı Xəzər rayonunun Türkan qəsəbəsindən dənizə yaxın məsafədən 15 sot torpaq sahəsinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir ki, qeyd olunan formada iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Məhkəmə tərəfindən iddiaçıya təklif edilməsinə baxmayaraq, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6cı bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir (16.1-ci bənd). İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir (16.2-ci bənd). Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (16.3-cü bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7857/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7857/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver