Məhkəmə qərarları › İş №2-1(112)-7857/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7857/2023

04.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7857/2023 04.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülmə” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota götürülməsi öhdəliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1992-ci ildə X7 ilə ailə həyatı qurmuşdur. Özü müharibə veteranıdır. Müharibə iştirakçısı kimi 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. Oğlu X1 Aytən Ədalət qızı ilə ailə həyatı qurmuş və özünə məxsus, mülkiyyətində olan Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə 157 c ünvanındakı mənzilində yaşayır. İddiaçı, həyat yoldaşı və yetkinlik yaşına çatmış digər oğlu X22 ilə özünə məxsus mənzili olmadığından digər X6na məxsus həmin evdə yaşayır. O və həyat yoldaşı X16 Ceyhundan ayrıca təsərrüfat aparsalar da, öz mənzilləri olmadığından onunla eyni evdə qalmaq məcburiyyətindədirlər. Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olsa da, iddiaçının Suraxanı Rayon İcra Hakimiyyətinə mənzil növbəsinə qəbul edilməkdə köməklik göstərilməsi ilə bağlı edilmiş müraciətinə icra hakimiyyəti tərəfindən müsbət cavab verilməmişdir. Belə ki, həmin müraciətə Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-20/2-7-47068/2023 saylı cavabda Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə 157 c ünvanında yerləşən mənzilin oğlu Ceyhun Əliyevin mülkiyyətində olduğundan iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınmasıyla bağlı müraciətinin təmin edilməsinin RİH-in səlahiyyəti xaricində olması göstərilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 171 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan da görünür ki, iddiaçı, arvadı 1970-ci il təvəllüdlü X9, oğlu 1993-cü il təvəllüdlü X22, oğlu 1995-ci il təvəllüdlü X20 və onun arvadı 2001-ci il təvəllüdlü X5 qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə 157 c ünvanında yerləşən mənzildə yaşayır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan da görünür ki, oğlu X13, arvadı X3 və iddiaçının adına respublika üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin X6nun 2021-ci il təvəllüdlü azyaşlı övladı X18 da Zığ qəsəbəsi Hövsan yolu yaşayış sahəsi 83-cü küçə 157 c ünvanında valideynləri ilə yaşayır. İddiaçıya və yuxarıda adları qeyd olunmuş ailə üzvlərinə Zığ Bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri ayrılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətdə (etirazda) bildirmişdir ki, iddiaçı tərəfindən Suraxanı RİH-ə təqdim edilmiş müvafiq sənədlərdən o cümlədən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışından Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə, 157C, ünvanda yerləşən mənzilin iddiaçının oğlunun mülkiyyətində olduğu müəyyən edildiyindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən onun yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil uçotuna alınması ilə bağlı müraciətinə imtina cavabı verilmişdir. Qeyd olunanları nəzərə alaraq RİH-ə qarşı iddianı əsassız hesab etməklə tələbin təmin edilməməsinə dair qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı tələb iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınması ilə bağlıdır. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl bu tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin arzuladığı məqsədə nail ola bilmədiyindən müvafiq tələblə cavabdehə qarşı məhkəmədə iddia irəli sürmüşdür. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Cavabdeh Suraxanı RİH tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arayışında Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə , 157C, ünvanda yerləşən mənzil iddiaçının oğlunun mülkiyyətində olduğu müəyyən edildiyindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1.2. maddəsinə əsasən onun yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində yaşayış yeri üzrə uçota alınması ilə bağlı müraciətinin təmin edilməsi RİH-in səlahiyyətləri xaricindədir. -AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, ******* №-li arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, ünvan 4 ünvanında qeydiyyatdadır. -AR X24 tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 025590 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. -xx.xx.1992-ci il tarixli, 292984 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Qədimova (Əliyeva) Nelya Həsənağa qızı arasında xx.xx.1992-ci il tarixdə nikah bağlanmışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən görünür ki, Zığ qəsəbəsi, Hövsan yolu, 83 saylı küçə, 157 C saylı ünvanda qeydiyyatda olan vətəndaş İddiaçı ailə tərkibi aşağıdakı kimidir: X9 - xx.xx.1970 (arvadı), X20 -xx.xx.1995 (oğlu), X22 -xx.xx.1993 (oğlu) və X17 - xx.xx.2001 (gəlini) -4 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 545472 №-li, xx.xx.2022-ci il tarixli, 818882 №-li doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X18 və xx.xx.2022-ci il təvəllüdlü X4 validynləri X20 ilə X11r. -xx.xx.2022-ci il tarixli, 506226 №-li Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə Məmmədova (Əlizadə) Amina arasında nikah bağlanmışdır. -xx.xx.2023-cü il tarixli, 880452 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X19 valideynləri X22 ilə Məmmədova Aminadır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, iddiaçının adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X8 adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X13 adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X3 adına respublika ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, X10 adına fərdi yaşayış evi aşkar edilmişdir. (Bakı şəhəri, Suraxanı rayonu , Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi , 83-cü küçə , 157C, ünvanında yerləşən fərdi yaşayış evi). -Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 686 №-li arayışdan görünür ki, X17 Bakı şəhəri, Suraxanı rayonu , Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi , 83-cü küçə , 157C ünvanında qeydiyyatdadır. Ailə tərkibi X18 və X2 ibarətdir. -Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 687 №-li arayışdan görünür ki, Məmmədova Amina Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə, 157C ünvanında qeydiyyatsız yaşayır. Ailə tərkibi X14 ibarətdir. -Suraxanı rayonu Zığ bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 178 №li arayışdan görünür ki, Zığ bələdiyyəsi tərəfindən fərdi yaşayış evi tikintisi üçün iddiaçıya və aşağıda qeyd olunan şəxslərə torpaq sahəsi ayrılmamışdır: X9, X17, X20, X22 -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Hövsan yolu yaşayış sahəsi, 83-cü küçə, 157C saylı fərdi yaşayış evi X10 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli müvafiq çıxarışın surəti məktuba əlavə edilmişdir. Məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -43.2-ci maddəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin 3.9.6-cı bəndinə görə yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. Bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. Müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. Bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, hazırkı qanunvericilik yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanı həyata keçirən orqanları təsbit etmiş, habelə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınma qaydası və uçota almaqdan imtinanın əsaslarını Mənzil Məcəlləsinin müvafiq olaraq 51 və 53.1-ci maddəsində konkret müəyyən etmişdir. Qanunun məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı işdən görünür ki, iddiaçı müharibə veteranıdır, müharibə veteranı kimi Prezident təqaüdü alır, özünün və arvadının mülkiyyətində mənzil, fərdi yaşayış evi, yaxud fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq sahəsi aşkar edilmir. Belə olan halda cavabdehin imtinası iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi qanunvericiliklə təminat verilən konstitusion mənzil hüququnu məhdudlaşdırmışdır. Məhkəmə həmçinin cavabdehin imtinasını əsaslı saymayaraq qeyd edir ki, iddiaçının oğlunun mülkiyyətində daşınmaz əmlakın olması iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya səbəb ola bilməz. Belə ki, mülkiyyətində fərdi yaşayış evi olan X20 yetkinlik yaşına çatmış, nikaha daxil olmuş şəxsdir. Ailə Məcəlləsinin 9.4-cü maddəsində təsbit edilmişdir ki, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Nəticə etibarilə, müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq quran, qanunvericiliyin tələbinə uyğun şəkildə nikahlanan şəxslər arasında ailə münasibətləri, bilavasitə əmlak və şəxsi qeyri-əmlak münasibətləri, belə nikahdan irəli gələn hüquq və vəzifələri yaranır. Nikahın bağlanması özü-özlüyündə ər-arvaddan ən azı birinin yaşayış yerinin dəyişməsi, yeni birgə təsərrüfatın yaradılması ilə nəticələnir. Beləliklə, iddiaçının oğlu nikahda olan şəxs olduğundan yeni hüquq və vəzifələri yaranmışdır və o, öz ailəsinə məxsus təsərrüfat aparır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır. Odur ki, iddia təmin edilməli, İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı sərəncamın verilməsi öhdəliyi cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar