Məhkəmə qərarları › İş №2-1(112)-7858/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7858/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7858/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 2004-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin tibb fakultəsini həkim bioloq ixtisası üzrə bitirmişdir. "xxxx" MMC-nin direktoru X3 xx.xx.2020-ci il tarixli 135 № li əmrinə əsasən həkim – radioloq – USM mütəxəssisi – iddiaçı, Füzuli şəhəri, Əhmədbəyli Hərbi Hospitalına xx.xx.2020-ci il tarixdən tibb xidməti üçün ezamiyyətə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli 11 №-li ezamiyyə vərəqinə əsasən iddiaçı Füzuli şəhəri Əhmədbəyli Hərbi Hospitalına getmişdir. Getmə tarixləri xx.xx.2020xx.xx.2020 göstərilmişdir. Ezamiyyə vərəqinə MMC-nin və N № li hərbi hissənin möhürləri vurulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 2403 № li arayışında qeyd edilmişdir, iddiaçı həqiqətən N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirmişdir (arayışın qeyd hissəsinə əsasən iddiaçı hərbi hissə üzrə əmrlər kitabında qeydiyyata alınmamışdır). "xxxx" MMC-nin direktoru X3 xx.xx.2020-ci il tarixli, 136 №-li əmrinə əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən ezamiyyətdən qayıdaraq işdə hesab olunmuşdur. Əmrin verilməsinə əsas kimi ezamiyyə vərəqəsi və N nömrəli hərbi hissənin arayışı göstərilmişdir. İddiaçıya məxsus SX ******* №-li hərbi biletin surətindən (əslinə məhkəmə iclasında baxış keçirilmişdir) müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirmişdir. Əsas: N saylı hərbi hissənin N saylı, xx.xx.2020-ci il tarixli arayışı göstərilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabeh) müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktununda qeyd edilmişdir ki, “...Müdafiə Naziyliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın xx.xx.2023-cü il tarixli 4/3-1534 nömrəli məktubuna əsasən təqdim olunmuş sənədlərdə Sizin ezam olunduğunuz hərbi hissə və Füzuli şəhər Mərkəzi Xəstəxanasının yerləşmə yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 420 nömrəli qərarında nəzərdə tutulmuş ərazi üzrə meyarlara uyğun olmadığına görə xx.xx.2022-ci il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, vətən müharibəsi zamanı Hadrut, Suqovuşan, Xocavənd və Tuğ kəndlərində yaralı əsgər və zabitlərə ilkin tibbi yardım göstərib. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir Etiraz cavabehin imtina məktubu ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətinə riayət etmişdir. Məhkəmə iddia tələbinin cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə görə, Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Göründüyü kimi, ... hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı döyüş bölgəsinə "xxxx" MMC-nin 135 № li, xx.xx.2020-ci il tarixli əmrı̇ nə əsasən ezam olunmuş mülki şəxsdir və onun hərbi biletində N saylı hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatı gedişi zamanı könüllü həkim kimi xəstə və yaralıların müayinəsində yaxından köməklik etməsi və xx.xx.2020xx.xx.2020-ci il tarixədək yaralı əsgərlərə yardım fəaliyyətini davam etdirməsinə dair qeydlər aparılmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...başa düşülür. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Sadalanan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Əsasnaməyə görə, Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Hazırkı iş üzrə işin halları ondan ibarətdir ki, iddiaçı “Vətən müharibəsi” zamanı tibbi müəssisəsinin əmri ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N № li hərbi hissəyə və Füzuli şəhər Mərkəzi Xəstəxanasında yaralı əsgər və zabitlərə ilkin tibbi yardım göstərib. İddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri olmasa da (iddiaçı hərbi qulluqçu olmadığına görə), iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına dair kifayət qədər sübutlar mövcuddur. Belə ki, "xxxx" MMC-nin əmrlərindən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N № li Hərbi Hissənin xx.xx.2020-ci il tarixli 2403 № li arayışından, iddiaçıya məxsus SX ******* №-li hərbi biletin surətindən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N № li hərbi hissəyə və Füzuli şəhər Mərkəzi Xəstəxanasında yaralı əsgər və zabitlərə ilkin tibbi yardım göstərməsi müəyyən edilir. Bundan başqa məhkəməyə təqdim edilmiş Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Müalicə-profilaktika şöbəsinin rəisi tərəfindən "xxxx" tibb mərkəzinə ünvanlanmış 6.01.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən əks-hücum əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində faəliyyətlərinizi yüksək qiymətləndirərək, Sizə və rəhbərlik etdiyiniz tibb müəssisəsində çalışan İddiaçı Müdafiə Nazirliyi adından təşəkkür edirik”. Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin xx.xx.2020-ci il tarixli Fəxri Fərmanı ilə, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüş əməliyyatları zamanı Müdafiə Nazirliyinin tibbi hərbi hissə və müəssisələrinin işinin fasiləsiz rejimdə təmin olunmasında, yaralılara tibbi yardımın təşkilində verdiyi layiqli töhfəsinə görə iddiaçı təltif olunmuşdur. Müdafiə Nazirliyi Tibb İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...iddiaçı "xxxx" tibb mərkəzindən Füzuli şəhəri Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala ezamiyyətə gələrək 5.11.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək hərbi qulluqçulara tibbi yardım göstərmişdir. Əsas: N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixli 2403 nömrəli arayışı. Azərbaycan Respublikası Səfərbərəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı Rayon İdarəsi tərəfindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Füzuli Mərkəzi xəstəxanasına və Füzuli rayon N saylı hərbi hissəyə ezam olunaraq, həkim kimi könüllü xəstə və yaralıların müayinəsində yaxından köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin XTQ-nin baş giziridir. Vətən müharibəsi iştirakçısıdır. Murovdağ, Füzuli, Cəbrayıl, Hadrut, Tuğ, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. “Xocavənd uğrunda”, “Şuşa uğrunda”, “Füzuli uğrunda”, “Müharibə iştirakçısı” medalları ilə təltif olunub. Hadrutda erməni hospitalı, Tuğda yaradılmış xüsusi tibb məntəqəsində və N saylı hərbi hissədə noyabr ayının 18-ə kimi iddiaçının yanına ilkin tibbi yardım üçün yaralıları gətirib. Onlarla birlikdə iddiaçı həyatını təhlükə altına ataraq bir neçə hərbi qulluqçunun həyatını xilas etmişdir. İddiaçı onlarla birlikdə işğaldan azad edilmiş cəbhə bölgələrində olmuşdur”. Məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsi məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. İddiaçının döyüş bölgəsində hərbi qulluqçulara tibbi xidməti göstərməsi hazırkı iddianın təmini üçün əsasdır. Belə ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə göndərilməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar