Məhkəmə qərarları › İş №2-1(112)-7858/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7858/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7858/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya “Müharibə veteranı adı və müharibə veteranı vəsiqəsinin” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2010-cu ildən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin Birliyi O.D.Məlikov adına X12 publik hüquqi şəxsi olan xəstəxanada Reanimasiya şöbəsində Tibb bacısı vəzifəsində çalışırmış, İkinci Qarabağ müharibəsi zamanı o, xx.xx.2020-ci il tarixində, yəni İkinci Qarabağ müharibəsinin başlanması ilə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrinin Birliyi O.D.Məlikov adına X12 publik hüquqi şəxsi tərəfindən verilən 1136-K saylı əmrə əsasən "X10”nə ezam edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən Müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X6 yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli 18-1-18/3-1-1149/2023 nömrəli əmrə (sərəncama) əsasən xx.xx.2023-cü il tarixindən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında da tibb işçisi kimi Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilmişdir. Bütün bu faktlar döyüşlərdə tibb işçisi kimi iştirak etməyi iddiaçıya təqdim edilmiş hərbi biletində, ezamiyyət vərəqələrində möhürlə öz əksini tapmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların döyüş təminatı üzrə tapşırıqlarında döyüş aparılan ərazilərdə yerləşən hərbi hissədə iştirakı faktı təsdiq olunmamışdır. Belə ki, Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin" verilməsi üzrə komissiyanın xx.xx.2025-ci il tarixli 3-25-14/2-M-xx-xx/2025 nömrəli məktubuna əsasən iddiaçı "Vətən müharibəsi" dövründə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək "TƏBİB"-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. İddiaçının Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin, hər hansı döyüş tapşırığını yerinə yetirməsi barədə təsdiqedici sənədlər olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azerbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçının ezamiyyə əmrində cəbhə bölgəsinə ezam olunduğu qeyd edilsə də, iddiaçı Fizuli rayonu Diaqnostika Mərkəzində fəaliyyət göstərmişdir. İddiaçının tibb xidmətini döyüş əməliyyatlarının aparıldığı ərazilərdə göstərməsi iş materialları ilə müəyyən olunmamışdır. Həmçinin, İddiaçının xx.xx.2020-ci il tarixdə X7 ezam olunması, onun Fizuli rayonunun 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmamış ərazisində fəaliyyət göstərdiyini təsdiq edir. İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatında da tibb işçisi kimi Hadrut qəsəbəsi N sayli hərbi hissəyə ezam edildiyini bildirmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, Əsasnamənin 1-ci hissəsinin 9-cu yarımbəndinə əsasən 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletler (hərbi xidmet keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işler, orden və medallarla təltif olunmaq haqqında vesiqeler, xesaret (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının tesdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə teqdim edildiyi halda), emrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında "Müharibə veteranı" adı verilir. Əsasnamənin qeyd edilən tələbinə əsasən iddia tələbi bu hissədə də əsassızdır. İddiaçı döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə eləcə də, tibbi xidməti döyüş əməliyyatlarının aparıldığı ərazidə göstərməsinə dair sübutlar olmadığına görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədilə Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilməməsi qanunsuz deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan “Ə.D.Məlikov adına X12” publik hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 1136 nömrəli əmrindən çıxarışdan görünür ki, “Ə.D.Məlikov adına X12” publik hüquqi şəxsin Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin tibb bacısı vəzifəsində çalışan İddiaçı hərbi vəziyyətlə əlaqədar könüllü olaraq xx.xx.2020-ci il tarixində 1136-K nömrəli əmrə əsasən “X8” ezam olunmuşdur. İşdə olan ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildən xx.xx.2020ci ilədək cəbhə bölgəsi - X8 ezam edilmişdir. “Füzuli Mərkəzi rayon Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 978 nömrəli məktubundan görünür ki, iddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci ildən, xx.xx.2020ci ilə qədər X9 Mərkəzində yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X9 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir. “Ə.D.Məlikov adına X12” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-18/2- 241/2025 nömrəli məktubundan görünür ki, Məmmədova X1, reanimasiya və intensiv terapiya şöbəsində tibb bacısı vəzifəsində çalışır. İddiaçı könüllü olaraq Vətən müharibəsi dövründə yaralı hərbiçilərə tibbi yardım göstərilməsi məqsədilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək X9 Mərkəzi ( Füzuli rayon Diaqnostik Mərkəzi), xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam olunmuşdur. İşdə olan AR SHXÇDX-nin Bakı şəhəri, Xətai rayonu idarəsi tərəfindən xx.xx.2016-cı ildə verilmiş SX seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı geniş miqyaslı əks hücum əməliyyatların həyata keçirilməsi zamanı 44 günlük vətən müharibəsi dövründə xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilə qədər X9 Mərkəzində yaralı hərbiçilərə tibbi xidmət göstərmişdir. (Əsas: “Füzuli Mərkəzi rayon xəstəxanası” P.H.Ş xx.xx.2021-ci il tarixli N978 saylı arayış.) İşdən görünür ki, iddiaçı qeyd olunan sənədlərə istinad edərək ona müharibə veteranı adı verilməsi üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh isə xx.xx.2025ci il tarixli məktub ilə bildirmişdir ki, iddiaçı “Vətən müharibəsi” dövründə 27 sentyabr 2020ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “TƏBİB”-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədlər olmadığına görə ona “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirərək, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminatı həyata keçirdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etməli, yəni döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçı həkim kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüşlərdə tibbi təminatı həyata keçirdiyini iddia edir. Lakin hazırkı iş üzrə iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, yəni tibbi təminatı həyata keçirməsi, hansısa hərbi hissəyə ezam olunması müəyyən olunmur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25- 4/2-1597/2025 nömrəli məktubundan görünür ki, İddiaçı 2-ci Qarabağ Müharibəsi dövründə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə sorğuya cavab verilməsi qeyri-mümkündür. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı “Vətən müharibəsi” dövründə 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək “TƏBİB”-in tabeçiliyində yalnız X4 fəaliyyət göstərmişdir. Müdafiə Nazirliyinin hər hansı hərbi hissə və bölmələrində xidməti, fəaliyyəti və həmçinin hər hansı döyüş tapşırığının yerinə yetirilməsi barədə təsdiqedici sənədlər olmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərməsi məqsədəuyğun hesab edilməmişdir. İşdə olan N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Vətən müharibəsi” zamanı N nömrəli hərbi hissəyə ezamiyyətə gəlibgetməsi barədə nizami hissə üzrə əmrlər kitabında heç bir qeydiyyat yoxdur. Məhkəmə diqqətə çatdırır ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərt hərbi biletdəki qeydlərin arxiv arayışı və nizami hissə üzrə əmrlərlə də təsdiq edilməsidir. Hazırki işin hallarından isə görünür ki, İddiaçı döyüş əməliyyatı keçirilən ərazilərdə yerləşən hərbi hissələrdən heç birində iştirak etməsi, ezam edilməsi halı müəyyən olunmamışdır. İddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi məsələsinə gəldikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə münasibətdə müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının 2023-cü ildə Hadrut qəsəbəsi N saylı hərbi hissəyə ezam edilməsi ona müharibə veteranı adının verilməsi üçün əsas deyildir. Oxşar iş üzrə mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1658/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Beləliklə, göstərilənlərə əsasən hazırkı iş üzrə iddiaçının müharibə veteranı adının verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar