Məhkəmə qərarları › İş №2-1(112)-786/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-786/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-786/2020 28.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaysan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaysan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə X2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bu əmək müqaviləsinə xitamın yerinə yetirilməsini X1 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən 04 dekabr 2019-cu il tarixli məktub ünvanlanaraq iddiaçıya izah olunmuşdur ki, iddia tələbi Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 2-ci maddəsində nəzərdə tutulan iddia növlərinə uyğun deyil. Belə ki, iddiaçının iddia tələbində «sizlə fiziki şəxs X2 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün qərar qəbul edilməsi və bu əmək müqaviləsinə xitamın yerinə yetirilməsinin cavabdehə həvalə edilməsi üçün kömək edilməsi» kimi iddia tələbi seçilsə də, bu tələb inzibati Prosessul Məcəllənin 2-ci maddəsində göstərilən iddia növlərinə aid deyil. Bununla bağlı iddiaçıya təklif olunmuşdur ki, qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq, iddia ərizəsini dəqiqləşdirərək, dəqiqləşdirilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçıya 10 gün müddətində vaxt təyin edilmiş, əks təqdirdə iddianın mümkünlüyü məsələsinə baxılacağı bildirilmişdir. İddiaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilmiş iddia ərizəsi təqdim olunmadığından iddianın mümkünlüyü məsələsinin həlli ilə əlaqədar məhkəmə iclası 28 yanvar 2019-cu il tarixə təyin edilmişdir. Həmin iclasa iddiaçı gəlmədiyindən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan hər hansı bir iddia hüquqi cəhətdən yoxlanılmalı və iddianın mümkünlüyü və əsaslılığı məsələləri aydınlaşdırılmalıdır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmaması yoxlanılarkən iddiaçının cavabdehə qarşı hər hansı maddi-hüquqi tələbinin və sonuncunun müvafiq qanunla müəyyən olunan cavabdehliyinin mövcud olub-olmaması araşdırılır. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya vaxt verilməsinə baxmayaraq, dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia növlərinə uyğunlaşdırılmadığından, bununla da, iddianın baxılması mümkün olmadığından, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım göstərilmiş və bununla bağlı məktub iddiaçının qeydiyyatda olduğu (Bərdə rayonu, Nazirli kəndi) ünvanına göndərilmiş, lakin “Bu ünvanda yaşamır” qeydi ilə poçt tərəfindən məhkəməyə qaytarılmışdır. Bununla bağlı Məhkəmə MPM-in 146-ci maddəsini əsas gətirir. Belə ki, sözügedən maddədə göstərilmişdir ki, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə izah edir ki, iddia ərizəsində iddiaçının faktiki yaşadığı ünvan qeyd edilmədiyindən, iddiaçının qeydiyyatda olduğu ünvana göndərilmiş məktub qeri qaytarılsa belə, həmin məktub iddiaçıya rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 37, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaysan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar