Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-786/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Aqrar Universiteti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “ilk ehtiyyatda olan zabit hərbi rütbəsinin verilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 31.01.2020-ci il tarixli, 1/M-1525 saylı imtinasını əsassız və qanunsuz hesab edərək ona “X4” kimi “ilk ehtiyyatda olan zabit hərbi rütbəsi”nin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3898/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-786/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Dövlət Aqrar Universiteti iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Bərdə rayonunun Hacallı kəndində doğulmuş və orada qeydiyyatdadır. 1988-ci ildən 1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hal-hazırda Ali təhsillidir. 1992-ci ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. 1997-ci ildə həmin Akademiyanm X1 və İdarə edilməsi ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 26.11.1997-ci il tarixli qərarı ilə ona ixtisasçı-Təşkilatçı ixtisası verilmişdir. Bundan başqa həmin Akademiyanın hərbi kafedrasında da təhsil alıb təlimlərdə iştirak edərək müvəffəqiyyət qazanmış (ADAU-nun Arxiv arayışı). Lakin sonradan ona məlum olub ki, ona zabit (leytenant) rütbəsi vəsiqəsi verilməli olduğu halda verilməyibdir. Ali təhsil aldığı müddətdə hərbi dərslərdə iştirak edərək imtahanlarda müvəffəqiyyət qazandığı üçün hesab etmiş ki, o artıq ehtiyyatda olan zabitdir. Həqiqi-hərbi xidmətə ali təhsil almamışdan əvvəl getdiyi üçün zabit rütbəsinin ona verilmədiyindən xəbərsiz olmuşdur. O, 2008-ci ildən Azərsu ASC-də müxtəlif idarələrdə işləyir. İş yeri Bakı şəhərində yerləşir. Dövlət qulluğuna qəbul olmağı üçün sənəd verərəkən kadrların uçot vərəqəsinə anket məlumatında ehtiyyatda olan zabit kimi qeyd etmiş, imtahan komissiyası tərəfindən araşdırılma aparılması nəticəsində onun zabit olmağını təsdiq edən vəsiqənin verilməməsi üzündən ehtiyyatda olan zabit olmadığı aşkarlanmışdır. Bundan sonra onun bu olanlardan məlumatı olmuşdur. Yuxarıda qeyd etdikləri barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrların rəisinə mürəciət etmişdir. Müraciətinə baxılaraq 31.01.2020- ci il tarixdə l/M-1525 saylı məktubla ona ilk ehtiyyatda olan zabit hərbi rütbəsinin verilməsindən imtina edilmişdir. Həmin imtina məktubunu poçt vasitəsi ilə 10.02.2020-ci il tarixdə almışdır. Ona "ilk ehtiyyatda olan zabit hərbi rütbəsi"nin verilməsinə dair xahişindən imtina edilməsinə əsas kimi yaşının 35-dən yuxarı olması qeyd edilmişdir. Məktubda qeyd edilir: “Hərbi Xidmətkeçmə Haqqında" Əsasnaməyə əsasən "ilk ehtiyyatda olan zabit hərbi rütbəsi" Azərbaycan Respublikasının müvafiq İcra Hakimiyyəti Orqanı tərəfindən verilir; həmin müvafiq İcra Hakimiyyəti Orqanı barədə ətraflı məlumat bilməmişdir. O da müraciətini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrların rəisinə etdiyi üçün hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyidir. Həmçinin məktubda bildirilir ki, tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında "X4" hərbi rütbəsi verilir. Ona "X4" hərbi rütbəsi verilməsinə dair xahişindən imtina edilməsini tamamilə əsassız və qanunsuz hesab edir. Çünki, Azərbaycan Dövlət Aqrar Universitetinin 30.10.2017-ci il tarixli, 12/228 saylı arxiv arayışından onun 1993-cü ildən 1997-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil almağı və təhsil aldığı müddətdə hərbi hazırlıq dərsləri keçməyi və nəzarət formalarından müvəffəqiyyətli qiymətlər aldığı təsdiqini tapmışdır. O da 1987-1990-cı illərdə həqiqi hərbi xidmətdə olduqdan sonra ali təhsil almış və hərbi dərslərdə iştirak etmişdir. 35 yaşı tamam olanadək o bu xidmətləri başa vurmuşdur. Lakin ona "X4" hərbi rütbəsi verilməyibdir. İddiaçı qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı nəiki xüsusi, hətta ümumi iddia müddətinin vaxtını ötürmüşdür. Belə ki, mübahisələndirdiyi münasibət 1997-ci ilə aid olduğu halda, o, 23 ildən sonra, 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini qat-qat ötürmüşdür. 2000-ci ilin sentyabrın 01-dək qüvvədə olmuş AR MM-nin 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqları müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) 3 il müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. X5 Məcəlləsi qanuni qüvvəyə minməmişdən əvvəl də olan qanunvericiliyə əsasən iddia müddətinin axımını ötürmüş olub. İddia müddətinən müddət nəinki İnzibati Prosessual Məcəlləsinin 38-ci maddəsində; ehtiyata buraxılan zaman qüvvədə olmuş qanunvericiliydə, həmçinin ondan sonra da qəbul olunmuş Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də nəzərdə tutulmuşdur. AR MPM-nin “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrı icraat” adlı 27-ci fəsli mövcud idi (Azərbaycan Respublikası 10.06.2011-ci il tarixli, 143-İV QV №-li Qanunu ilə qüvvədən düşmüşdür). Həmin fəslin 298-ci maddəsinə əsasən: “Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək huququna malikdir”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3- cü bəndinə əsasən: “məhkəmələr ilk növbədə İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar.” Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Quliyeva iddia tələbinə verilmiş yazılı etirazın məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, ilk zabit hərbi rütbəsi 35 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilərə verilir, hazırda isə iddiaçının 50-dən çox yaşı var. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: - AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və Bərdə rayonu, Hacallı kəndində qeydiyyatdadır. - AB-İ № 057194 saylı 16 oktyabr 1998-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1992-ci ildə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuş və 1997-ci ildə X1 və İdarə edilməsi ixtisası üzrə tam kursunu bitirmişdir. Dövlət imtahan komissiyasının 26.11.1997-ci il tarixli qərarı ilə ona İqtisadçı-təşkilatçı ixtisası verilmişdir. - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin 30.10.2017-ci il tarixli № 12/228 saylı arxiv arayışından görünür ki, İddiaçı ondan ötrü ki, Azərbaycan Dövlət Aqrar Universitetinin ( 1991-ci ildən Akademiya, 2009-cu ildən ADAU) arxivində saxlanılan sənədlərə müvafiq olaraq o, həqiqətən 1993-cü ilin fevral ayında Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı və idarə olunması” ixtisası üzrə əyani təhsil formasının birinci kursuna qəbul olunmuş (əmr № 79, 08. 02.1993-cü il) və 1997-ci ilin dekabr ayında həmin ixtisası bitirmişdir (əmr № 844,
20. 12.1997-ci il). Təhsil müddətində o, hərbi hazırlıq dərsləri keçmiş və nəzarət formalarından müvafiq qiymətlər almışdır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 31 yanvar 2020-ci il tarixli, № 1/M-1525 saylı imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ilk zabit rütbəsi “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında “ehtiyatda olan leytenant” hərbi rütbəsi verilir. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, zabitlərin həqiqi hərbi xidmətinə ilk zabit hərbi rütbəsi verməklə 35 yaşadək ehtiyatda olan hərbi vəzifəlilər daxil edilirlər. İşin faktiki hallarından görünür ki, iddiaçı 1992-1997-ci illərdə Azərbaycan Kənd Təsərrüfati Akademiyasının (hazırki Azərbaycan Dövlət Aqrar universiteti) Kənd təsərrüfatının iqtisadiyyatı fakultəsinin “X1 və idarə edilməsi” ixtisası üzrə təhsil almış, Dövlət imtahan komissiyasının 26.11.1997-ci il tarixli qərarı ilə ona iqtisadçı-təşkilatçı ixtisası verilmişdir. Təhsil aldığı müddət ərzində Akademiyanın hərbi kafedrasında təlimlərdə iştirak edərək, imtahan verdiyini, lakin ona kursu bitirdikdən sonra ilk ehtiyatda olan zabit hərbi rütbəsinin verilmədiyini qeyd edərək cavabdeh Müdafiə Nazirliyinə müraciət etmiş, lakin inzibati orqan müraciətinə müsbət cavab verməmişdir. İşin göstərilən halları ilə bağlı Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə tətbiq edilməli qanunvericilik norması Azərbaycan Respublikasının 1997-ci il 03 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədir. Həmin Əsasnamənin 58-ci maddəsinin q) bəndinə əsasən tədris dövründə hərbi hazırlıq keçən və proqram üzrə müəyyən edilmiş imtahanları verən mülki ali tədris müəssisələrinin məzunlarına və müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə, hərbi kafedranın attestasiyası əsasında «ehtiyatda olan leytenant» hərbi rütbəsi verilir. Həmin Əsasnamənin 61-ci maddəsinə əsasən bu Əsasnamənin 57-ci maddəsinin «v», «q», «d» bəndlərinə (dinc dövrdə), «j» bəndinə (müharibə dövründə) və 58-ci maddəsinin «a» bəndinə (hərbi təhsil müəssisəsini bitirməklə bilavasitə ehtiyata buraxılarkən), «q», «d», «e», «ə», «j» bəndlərinə müvafiq olaraq ehtiyatda olan ilk zabit rütbəsi verilir. «Ehtiyatda olan zabit proqramı» üzrə hərbi hazırlıq keçmiş mülki ali tədris müəssisəsinin məzunları ali təhsil haqqında diplom aldıqdan sonra 60 günlük toplanışa çağırılır və toplanışın sonunda hərbi hazırlıq üzrə imtahan verirlər. Həmin şəxslər toplanışın keçirildiyi hərbi hissə (gəmi) komandirləri tərəfindən «ehtiyatda olan leytenant» hərbi rütbəsi almaq üçün attestasiyadan keçirilirlər. Həmin Əsasnamənin 62-ci maddəsinə əsasən ilk zabit rütbəsi zabit vəzifələrinə təyin edilmiş və bu vəzifələri müvəffəqiyyətlə icra edən dinc dövrdə əsasən ali hərbi təhsil müəssisəsinin fakültəsini (şöbəsini) qiyabi bitirmiş, yaxud hərbi ixtisas hazırlığı profilinə yaxın mülki ali təhsil almış və ya hərbi ixtisas hazırlığı profilinə yaxın olmayan ali təhsil almış, lakin ali hərbi təhsil müəssisəsinin proqramı üzrə ekstern imtahanlar vermiş, bir qayda olaraq, yaşı 35-dən çox olmayan və belə ixtisaslı zabitlərə ehtiyac olduqda gizirlərə və miçmanlara verilir (bu Əsasnamənin 57-ci maddəsinin «d» və «e» bəndləri, 58-ci maddəsinin «ə» bəndi). Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 36.1.4cü maddəsinə əsasən zabitlərin həqiqi hərbi xidmətinə – hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar daxildir. Qanunvericilik normasından göründüyü kimi, «ehtiyatda olan leytenant» hərbi rütbəsi müddətli həqiqi hərbi xidməti keçdikdən sonra mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə hərbi kafedrasının attestasiyası əsasında verilir. Habelə ilk zabit hərbi rütbəsi 35 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilərə verilir. İş üzrə araşdırılmış hallardan və yuxarıda qeyd edilmiş qanunvericilik normalarından aydın görünür ki, xx.xx.1970-ci il təvəllüdlü iddiaçı hazırki iddia üzrə subyektiv hüquqa malik olsa da, lakin qanunvericilik normasına əsasən «ehtiyatda olan leytenant» hərbi rütbəsinin mülki ali tədris müəssisəsinə daxil olan və orada proqram üzrə hərbi hazırlıq keçən məzunlara bilavasitə bu tədris müəssisəsini bitirdikdə hərbi kafedrasının attestasiyası əsasında, həmçinin, ilk zabit hərbi rütbəsi 35 yaşınadək ehtiyatda olan hərbi vəzifəlilərə verildiyindən hazırki halda cavabdeh inzibati orqanın imtinası qanunvericilik tələblərinə zidd deyildir. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Aqrar Universiteti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “ehtiyatda olan leytenant” kimi “ilk ehtiyyatda olan zabit hərbi rütbəsinin verilməsi” tələbinə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Dövlət Aqrar Universiteti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “ehtiyatda olan leytenant” kimi “ilk ehtiyyatda olan zabit hərbi rütbəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aytən Oruczadə