Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-786/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1520/1393” saylı bağ sahəsi və inşa edilən bağ evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2021-ci il tarixli məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin nömrəsi və yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir və “1392” saylı bağ sahəsinə uyğun gəlir. Həmçinin, bağ sahəsi hüquqmüəyyənedici sənədlərə əsasən 2500 kv.m, faktiki 2271 kv.m təşkil edir. Bundan əlavə, inşa edilən bağ evinin mətbəx kimi göstərilən sahəsinin qapı və pəncərəsi quraşdırılmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilən dəlil və sübutları nəzərə alaraq ona aid olan bağ sahəsinin nömrəsinin bərpa olunması barədə ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 2271 kv.metr olan 1393 saylı bağ sahəsinə (naturada 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, atası X6 1941- 1945-ci il vətən müharibəsi iştirakçısı, müharibə veteranı kimi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində istifadə üçün bağ sahəsi ayrılmışdır. Atası vəfat etdikdən sonra ailənin yeganə varisi kimi 1 avqust 2006-cı ildən etibarən 1520/1393 №-li bağ sahəsi 16558 №-li icarə müqaviləsi ilə onun istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 №-li sərəncamı ilə İcra Hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri cavabdehə təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1520/1393 saylı bağ sahəsi və inşa edilən bağ evinin üzərində hüquqlarının qeydiyyata alınması məqsədi ilə caavbdehə müraciət etmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas tutaraq 50 ildən artıq müqavilə əsasında onun istifadəsində olan bağ sahəsi üzərində qanuni hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsində imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan: - Bakı şəhər icraiyyə komitəsinin bağ tresti ilə X10 arasında bağlanmış 16558 saylı, 14 noyabr 1969-cu il tarixli bağ və binaların uzunmüddətli icarəyə verilməsi barədə müqavilədən görünür ki, Bakı şəhər zəhmətkeş deputatları Sovetinin İcraiyyə Komitəsinin bağ bölgüsü üzrə Komissiyasının qərarına müvafiq olaraq 28 iyun 1968-ci il tarixli, 11 saylı protokolu əsasında Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan 1520 saylı bağ sahəsi Nağı Babayevə icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.1979-cu ilədək müəyyən edilmişdir. - Həmin müqaviləyə əlavə edilmiş noyabr 1972-ci il tarixli 1520/1393 saylı bağın yerləşmə cizgisindən görünür ki, həmin bağ sahəsi bir tərəfdən yolla, bir tərəfdən 1519/1392, bir tərəfdən 1521/1394, bir tərəfdən isə 1651/1511 saylı bağ sahəsi ilə qonşu olmuşdur. -X7 xx.xx.1982-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı bağlar idarəsinə müraciət edərək, 1393 nömrəli bağ sahəsinə dair icarə müqaviləsinin vaxtının artırılmasını xahiş etmiş, habelə bağ nömrəsinin səhv olduğunu, ona 1520 nömrəli bağ sahəsi ayrıldığına baxmayaraq 1519 nömrəli bağın ərazisində yerləşdiyini bildirmişdir. - xx.xx.1995-ci il tarixli, İV-ЖГ seriyalı, 432574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş X10 07 noyabr 1995-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin noyabr ayının 16 günündə 69 nömrə ilə qeyd edilmişdir. - İddiaçı xx.xx.2006-cı il tarixli ərizəsindən görünür ki, o, X4 müraciət edərək Ləhiş ərazisindəki 1393 nömrəli bağ sahəsinin onun adına keçirilməsini xahiş etmişdir. Anası X3 mərhum həyat yoldaşı X9 Ləhiş ərazisində 16558 saylı müqavilə əsasında məxsus olan 1393 saylı bağ sahəsini bütövlükdə oğlu İddiaçı adına sənədləşdirilməsinə etiraz etməmişdir. - Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə İddiaçı arasında bağlanmış 16558 saylı, 01 avqust 2006-cı il tarixli müqavilədən görünür ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 16 nömrəli protokolu əsasında Ləhiş qəsəbəsində 0,25 ha sahəsi olan 1520/1393 saylı bağ sahəsi İddiaçı icarəyə verilmişdir. Müqavilənin müddəti xx.xx.2016-cı ilədək müəyyən edilmişdir.. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-748/2013 saylı qərarı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyinin 16558 saylı, 01 avqust 2006-cı il tarixli müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1520/1393” saylı bağ sahəsinə dair plan-cizginin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 1392 saylı bağ sahəsinə dair sənəd İdarənin arxivində aşkar edilməmişdir. - xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “1520/1393” saylı bağa baxış keçirilmiş, bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 2500 kv.m., faktiki 2271,0 kv.m. olduğu müəyyən edilmişdir. Torpaq sahəsinin üzərində A-1 mərtəbəli ev, hüquqmüəyyənedici sənəd üzrə sahəsi 38,2 kv.m. olan 2 yaşayış otağı, 4,75 kv.m. olan köməkçi sahə, 19.15 kv. m. olan açıq eyvan, faktiki sahəsi 37,6 kv.m. olan 2 yaşayış otağı, 4,7 kv.m. olan köməkçi sahə, 19,1 kv.m. olan açıq eyvan olduğu qeyd olunmuşdur. Bağ sahəsi hasar daxilindədir. Mətbəx kimi göstərilən sahənin qapı və pəncərəsi quraşdırılmayıb (natamamdır). Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bağ sahəsinin nömrəsi ilə faktiki yerləşməsi uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 1392 saylı bağın ərazisinə uyğun gəlir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki sahəsi 0.2271 ha olan torpaq sahəsi hasar daxilindədir. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən bağ sahəsinin nömrəsi ilə faktiki yerləşməsi uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən sahə 1392 saylı bağın ərazisinə uyğun gəlir. Bundan əlavə sözügedən ərazi faktiki iddiaçının istifadəsindədir. İddiaçı hazırda istifadəsindəki faktiki sahəsi 2271 kv.m. olan 1393 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin ona verilməsi ilə bağlı müvafiq icarə müqaviləsini təqdim etmişdir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 1393 saylı bağ sahəsinin iddiaçıya ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur (müqavilə arxiv saxlayıcılarında mövcuddur). Həmin müqavilə ləğv edilməmişdir və hazırda qüvvədədir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla ona ayrılmış və istifadəsində olan bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. İşdən görünür ki, cavabeh də iddiaçının tələbini təmin etməkdən imtina edərkən onun təqdim etdiyi sənədlərin mötəbərliyinə deyil, bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, yəni bağ sahəsinin 1393 deyil, 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsinə istinad etmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu dəlili idda tələbinin təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunan yuxarıdakı sənədlərdən məlum olur ki, mübahisəli bağ sahəsi iddiaçının atası N.Babayevə 1969-cu ildə 1520/1393 nömrə ilə ayrılsa da, N.Babayev hələ 1982-ci ildə bağ sahəsini ayıran quruma yazdığı ərizədə 1520 deyil, 1519 (yəni 1392) saylı bağ sahəindən istifadə etdiyini bildirmiş, lakin bu hal müvafiq quruma məlum olsa da, onunla yeni müddətə bağlanmış icarə müqaviləsində bağın nömrəsinə düzəliş etməmiş, yalnız əvvəlki icarə müqaviləsinin müddətini uzatmaqla kifayətlənmişdir. İddiaçı atasının vəfatından sonra mübahisəli bağın onun adına rəsmiləşdirilməsi üçün inzibati orqana müraciət etmiş, bu zaman da inzibati orqan iddiaçının naturada hansı nömrəli bağ sahəsindən istifadə etdiyini dəqiqləşdirmədən onunla bağladığı icarə müqaviləsində bağın nömrəsini 1393 kimi qeyd etmişdir. Məhkəmə qeyd edir ki, 1991-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, 1969-cu ildə iddiaçının atasına (daha sonra isə iddiaçıya) naturada faktiki olaraq sənəddə göstərilən 1520 (1393) saylı bağ deyil, 1519 (1392) saylı bağ sahəsi təhvil verilmiş, iddiaçının atası, ondan sonra isə iddiaçı həmin tarixdən etibarən həmin bağdan fasiləsiz istifadə etmişdir. Qanunvericiliyə əsasən şəxslərin əvəzsiz mülkiyətinə onların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri verildiyindən məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə bu bağ sahəsi 1393 deyil, faktiki istifadə etdiyi 1392 saylı bağ hesab edilməli və həmin bağa dair onun yaranmış mülkiyət hüququ qeydə alınmalıdır. Çünki torpaq sahəsinə dair rəsmiləşdirmənin düzgün aparılmaması iddiaçının günahı ucbatından baş verməmiş, habelə iş materialları ilə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla ayrıldığı müəyyən olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki sahəsi 2271 kv.metr olan 1393 saylı bağ sahəsi (naturada 1392 saylı bağ sahəsinin ərazisinə uyğun gələn) üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-786/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-786/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver