Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7863/2021 08.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçı X1 iştirakı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, iddiaçı (X2) 4 mart 1992-ci il tarixdən 6 yanvar 2016-cı il tarixədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə 23 il 10 ay 02 gün müddətində qulluq etmişdir və hal-hazırda işləmir. Bundan əlavə 2 il müddətində 20 may 1979-cü il tarixdən 28 may 1981-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş və hərbi xidmətdən sonra isə 10 il 4 ay 3 gün müddətində ayrı-ayrı idarə, müəssisə və təşkilatlarda işləmişdir. Habelə, 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək 3 il 9 ay müddətində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni təcavüzkarlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir və «Qarabağ müharibəsi» veteranıdır. Beləliklə, onun əmək kitabçası üzrə prokurorluq orqanlarında xidmət etdiyi 23 il 10 ay 2 gün və müddətli həqiqi xərbi xidmət dövrü də daxil olmaqla 36 il 2 ay 5 gün ümumi iş stajı vardır. Yuxarıda qeyd olunan müvafiq ümumi iş stajı olmaqla yanaşı, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmasına əsas verən 60 yaşı da 4 may 2020-ci il tarixdə tamam olmuşdur. Göstərilənləri və mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq təsdiqedici sənədləri əlavə etməklə 10 fevral 2021-ci il tarixli ərizə ilə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin pensiya təyin edən orqan həmin müraciətə baxılmasının nəticəsi olaraq, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.2-ci maddəsinə istinad edərək, qeyd olunan maddədə nəzərdə tutulmuş bərabər hüquqlu güzəştli şərtlərin bir-birindən “vergül” durğu işarəsi ilə ayrılmasına, eləcə də 9.4-cü maddənin mətninin sonunda qoyulmuş “qoşa nöqtə” işarəsinə əhəmiyyət vermədən, onun prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilməsini və bu səbəbdən prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmamasını göstərməklə, **********5 nömrəli 15 mart 2021-ci il tarixli cavab məktubu ilə pensiya təyin edilməsindən imtina etmişdir. Bununla belə, yuxanda qeyd olunan ərizəyə əlavə edilməklə pensiya təyin edən orqana təqdim olunmuş müvafiq təsdiqedici sənədlərin yalnız telefon vasitəsilə olan çoxsaylı müraciətlərindən sonra onun (iddiaçının) poçt ünvanına göndərilməsi təmin olunmuşdur. Lakin imtina barədə cavab məktubu xeyli müddət keçməsinə baxmayaraq, poçt ünvanına daxil olmadığından, şifahi müraciətlərə əsasən cavabdeh inzibati orqan tərəfindən həmin məktubun “əsli ilə düzdür” ştampı və möhürlə təsdiq edilmiş surəti 26 may 2021-ci tarixdə ona qeyri-rəsmi qaydada şəxsən təqdim edilmişdir. Həmin məktubdan görünür ki, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin oluması ilə bağlı müvafiq ərizəyə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4 və 9.4.2-ci maddələrinin tələbləri baxımından mahiyyəti üzrə baxılmamış və həmin Qanunun qeyd olunan maddələrinin norma və müddəaları düzgün qiymətləndirilməmiş, nəticədə pensiya təyinatı məsələsinin düzgün həlli üçün əhəmiyyətli olan qanunvericilikdə nəzərdə tutulmuş hallar nəzərə alınmamış və tətbiq edilməli hüquq normaları tətbiq edilməmiş, tətbiq edilməli olmayan «Prokurorluq haqqında» AR Qanununun 33-cü maddəsinin 7-ci hissəsinin yeddinci abzasına və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 26.1.7-ci maddəsinə istinad edilməklə ona əmək pensiyası təyin olunmasından qanunsuz və əsassız olaraq imtina olunmuşdur. Belə ki, o (iddiaçı), 26 may 2021-ci il tarixdə təqdim edilmiş 15 mart 2021-ci il tarixli cavab məktubunda göstərilən əsaslarla prokurorluq orqanlarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtina etməsini hesab edir ki, mövcud qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, onun əmək pensiyası almaq hüququnun əsassız şəkildə pozulmasına səbəb olmuşdur. Halbuki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: Qanunun bu normasına “qoşa nöqtə” durğu işarəsi ilə bilavasitə tabe olan 9.4.2-ci maddəsinin tələblərinə görə də, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, sözügedən Qanunun 9.4 və 9.4.2-ci maddələrinin mənasından da göründüyü kimi, həmin normalarda prokurorluq orqanlarında qulluq etmiş şəxslərin yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququnun istisna edilməsi halı, yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə aid edilmişdir. Habelə, bu Qanunun 9.4.2-ci maddəsinin mətnində bir-birindən “vergül” durğu işarəsi ilə ayrılan «yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş», «35 il və daha çox ümumi stajı olan», «bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri» kimi nəzərdə tutulmuş üç əsas güzəştli şərtin hər biri ayrılıqda 9.4-cü maddənin qoşa nöqtə işarəsi qoyulmaqla tamamlanan normativ göstərişlərinə tabe etdirilmişdir. Bu da onu göstərir ki, prokurorluq işçilərinin qulluğuna digər əsaslarla xitam verildiyi hallarda belə, Qanunun 9.4-cü maddəsində göstərilən istisna halı olmadıqda, 9.4.2-ci maddəsində nəzərdə tutulmuş sonuncu iki şərtin mövcud olması prokurorluq işçilərinə prokurorluq orqanlarında qulluğuna xitam verilməsinin səbəb və əsaslarından asılı olmayaraq, yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə imkan verir. Eyni zamanda, mövcud qanunvericilikdə prokurorluq orqanlarında qulluğuna yaşa görə deyil, digər əsaslarla xitam verilmiş prokurorluq işçilərinə 60 yaşında güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini qadağan edən hər hansı bir norma və müddəa yoxdur, eləcə də bununla bağlı başqa hər hansı bir xüsusi qayda və şərtlər də müəyyən edilməmişdir. Həmçinin «Əmək pensiyaları haqqında» AR Qanunun 9.4.1 və 9.4.2-ci maddələrində nəzərdə tutulmuş müddəaların, həmin Qanunun 9.4-cü maddəsinin istisna barədə normativ göstərişi ilə qarşılıqlı əlaqədə mənasından da aydın olur ki, yalnız xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçilərinə xidmət illərinə və ya yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi istisna edilir. Bu hal isə, Baş Prokurorluqdan adına verilmiş və ərizəyə əlavə edilməklə pensiya təyin edən orqana təqdim olunmuş 2 dekabr 2019-cu il tarixli arayışdan da göründüyü kimi, konkret olaraq ona (iddiaçıya) və iddia tələbinə münasibətdə mövcud deyildir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 32.2-ci maddəsinin tələbinə görə də, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Bütün bunlar isə bir daha onu göstərir ki, onun DSMF publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı, Fondun Nəsimi rayon şöbəsinə qarşı «prokurorluq orqanlarında xidmət illərinə görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə» əvvəllər məhkəmədə baxılmış iddia tələbinə dair iş üzrə müvafiq məhkəmə aktları ilə ona prokurorluq orqanlarında yaşa görə əmək pensiyası təyin olunmasının 60 yaşda yaranması haqqında məlumatlara malik olmuş olsa da, məhkəmə tərəfindən bununla bağlı müəyyən edilmiş faktları və hüquq münasibətlərini, mövcud qanunvericiliyin tələblərini, o cümlədən digər təsdiqedici sənədləri və sübutları nəzərə almadan, bu barədə həmin filiala 12 fevral 2021-ci il tarixdə daxil olmuş ərizəni başqa inzibati icraat prosesində mübahisələndirərək, ona yaşa görə prokurorluq orqanlarında güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina barədə hüquqlarının pozulmasına səbəb olan yanlış qərar qəbul etmişdir. Bununla belə, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəyə baxarkən həmçinin nəzərə almamışdır ki, Fondun Nəsimi rayon şöbəsinə qarşı yuxarıda qeyd olunan iddia tələbinə dair iş üzrə istər birinci və apellyasiya instansiyası məhkəmələrinin onun xeyrinə olan 14 fevral 2017-ci il və 27 aprel 2017-ci il tarixli müvafiq qərarları, istərsə də, Ali Məhkəmənin Kollegiyasının iddia tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 7 sentyabr 2017-ci il tarixli yeni qərarı ilə ona prokurorluq orqanlarında əmək pensiyasının güzəştli şərtlərlə 60 yaşda təyin ediləcəyi müəyyən olunmuşdur. Bu hal cavabdeh pensiya təyin edən orqan DSMF Nəsimi rayon şöbəsinin həmin iş üzrə məhkəməyə təqdim etdiyi 14 fevral 2017-ci il tarixli 14/685 saylı məktubunda göstərilənlər ilə də bir daha təsdiq olunur. Bundan sonra da «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.2-ci maddəsinə 10 mart 2017-ci il tarixli 543- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş müvafiq dəyişikliklər əsasən rəqəm dəyişikliklərindən ibarət olmuşdur. Həmin norma, 9.4-cü maddə ilə əlaqədə qanunverici tərəfindən aydın ifadə edilməsinə baxmayaraq, cavabdeh imtina məktubunda 9.4.2-ci maddəyə istinad edərkən, bu normanın məzmununda bərabərhüquqlu güzəştli şərtlər kimi nəzərdə tutulmuş müddəalar arasında “vergül” durğu işarəsini qoymaması özü də hesab edilir ki, qanun tələblərinin pozulması deməkdir. Bundan başqa, pensiya təyin edən orqan tərəfindən müvafiq ərizəyə baxılarkən «Əmək pensiyaları haqqında» AR Qanununun 31,2 və 31.4-cü maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Habelə sözügedən Qanunun 31.4-cü maddəsinin tələblərinə görə də müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə göndərir. Göründüyü kimi, prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə 10 fevral 2021 -ci il tarixli müraciət pensiya təyin edən orqana 12 fevral 2021-ci il tarixdə daxil olmuş olsa da, həmin müraciətə yuxarıda qeyd olunan Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş norma və müddəların tələbləri pozularaq, 1 ay 03 gündən sonra baxılmış və bununla belə, pensiya təyin olunmasından imtina edilməsi barədə cavab məktubunun bütün sənədlərlə birlikdə müvafiq ünvana göndərilməsi təmin edilməmişdir. Bununla bağlı telefon vasitəsilə pensiya təyin edən orqana edilən çoxsaylı müraciətlərdən sonra imtina barədə cavab məktubunun surətini əldə etmək mümkün olmuşdur. Bütün bunlar isə nəticə etibarı ilə cavabdeh tərəfindən hüquqlarıma açıq-aşkar şəkildə müdaxilənin göstəricisidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 30.2, 32.1, 32.1-1 maddələrinə, İPM-in 2, 4, 33, 38, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən prokurorluq orqanlarında yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilib verilməsi öhdəliyinin cavbdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda aşağıdakılar bildirilmişdir: - X1 iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məlum olduğu kimi, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının müvafiq olaraq 2.2 və 4-cü bəndlərinə əsasən 2007-ci il 1 yanvar tarixdən AR Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. «Əmək pensiyaları haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62,3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, cavabdeh orqan «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.2-ci maddəsinin tətbiqində düzgün nəticəyə gəlməmişdir, həmin maddənin tələbləri ona şamil olunmalıdır. Pensiya təyinatı barədə müraciətə baxarkən cavabdeh «İnzibati icraat haqqında» AR Qanununun 16-cı maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Prokurorluq haqqında» AR Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin maddi və sosial müdafiəsi bu Qanun və «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» AR Qanununun 20.14-cü maddəsinə görə pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» AR Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 32.2-ci maddəsinə görə prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. Həmin Qanunun 32.4-cü maddəsinə görə yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: - (9.4.1) prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; - (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Göründüyü kimi, qüvvədə olan əmək pensiyaları qanunvericiliyi prokurorluq orqanlarında qulluq etmiş (xüsusi rütbədən məhrum edilmiş işçilər istisna olmaqla) şəxslərə yaşa görə əmək pensiyasının təyin olunmasını aşağıdakılarla şərtləndirir: 1) prokurorluq orqanlarında 35 il qulluq etmək; 2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilməklə 35 il ümumi staja, o cümlədən 17 il 6 ay prokurorluq orqanlarında staja malik olmaq. Hazırkı işin hallarına görə məlum olur ki, iddiaçı X2 17 il 6 ayından artıq müddət prokurorluq orqanlarında qulluq etməklə 35 ildən artıq ümumi iş stajına malik olsa da, onun prokurorluq orqanlarından xaric edilməsi qulluqda son yaş həddinə çatması ilə bağlı olmamışdır (əmək kitabçasındakı 6 yanvar 2016-cı il tarixli qeydə əsasən). Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçı «Əmək pensiyaları haqqında» AR Qanununun 9.4.2-ci maddəsi ilə nəzərdə tutulan şəxslərin dairəsinə daxil deyil. Odur ki, 4 may 1960-cı il tarixdə doğulmuş hazırkı iddiaçı X1 prokurorluq orqanlarının sabiq əməkdaşı kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır və bu səbəbdən də cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya əmək pensiyasının təyin olunmasından imtinası qanuna zidd qiymətləndirilmir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı «əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7863/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7863/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver