Məhkəmə qərarları › İş №2-1(112)-7863/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7863/2024

30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7863/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə alınan ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universiteti tərəfindən ona verilmiş verilmiş **********024 nömrəli 07 iyul 2018-ci il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasında tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi X3 Universitetinə daxil olmuş həmin ali məktəbi 2018-ci il tarixdə mühasibat uçotu, analiz və audit ixtisası üzrə bitirmiş təhsil aldığı müddətdə isə dərslərdə vaxtında iştirak etmiş imtahanlardan müvəffəqiyyətlə keçmişdir. Ali təhsil müəssisəsini bitirdikdən sonra ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınması məqsədi ilə cavabdeh Təhsil Nazirliyinin tabeliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Agentlik isə müraciətinə cavab olaraq ali təhsil haqqında diplomun tanınmasından imtina edərək əsas olaraq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4, 32-ci və 44-cü maddələrinin tələblərinə əsasən xarici ölkədə aldığı ali təhsilə uyğun olaraq ixtisası tanınmalı və bu barədə ona müvafiq şəhadətnamə verilməlidir. Belə ki, təhsil aldığı müddətdə dərslərin tamamında iştirak etmiş, imtahanlarını müvəffəqiyyətlə vermişdir. Əgər təhsil aldığı ixtisas üzrə bilikləri kifayət etməsəydi, imtahanlardan məqbul nəticə almağı mümküsüz olardı. Eyni zamanda onunla eyni ali məktəbdə təhsil alan və eyni müddətdə dərslərdə iştirak edən xx.xx.1995-ci il təvəllüdlü X1 diplomu cavabdeh inzibati orqan tərəfindən tanınmış və müvafiq şəhadətnamə verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli protokol qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının ərizəsi əsasında “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxs ilə əvəz edilmişdir. Cavabdeh iddiaya dair yazılı vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətində kifayət qədər həmin ölkədə olmadığı və ona təqdim olunan diplom əlavəsində göstərilən tədris yükünü qiyabi təhsilalma forması üzrə dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. İddiaçı əldə etdiyi kvalifikasiyanın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədi ilə elektron ərizə sistemi vasitəsi ilə Agentliyinə müraciət etmişdir. Cavabdeh ərizəçinin tanınma haqqında müraciətinə baxaraq iddiaçının təhsil aldığı ölkədə olduğu müddətin qüvvədə olan tanınmaya dair tələblərlə uyğunsuzluğunu müəyyən etmiş və xx.xx.2024-cü il tarixində iddiaçıya tanınma haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş üzrə inzibati icraat Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na(bundan sonra- Qaydalar) uyğun olaraq aparılmışdır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Ölkə ərazisində müvafiq sahəni tənzimləyən əsas qanunaltı normativ aktlardan biri olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur, bu da ərizəçinin hər tədris ili üzrə auditoriya dərslərində 6-8 həftə , hər yarımil üzrə imtahanlarda 2 həftə iştirakını zəruri edir. Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması üzrə tətbiq olunan Qaydaların 4.1.4-cü yarımbəndində Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tanınmaya dair tələblər arasında əks olunmuşdur. Həmçinin Qaydaların 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə bütütədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilmişdir. İddiaçının müraciəti əsasında aparılmış inzibati icraatzamanı onun xarici ali təhsil aldığı ölkədə olmasını yoxlamaq məqsədilə sərhədkeçmə məlumatları tədqiq edilmiş, onun təhsil aldığr illər üzrə xarici ali təhsil aldığı ölkədə olma müddətləri aşağıdaki kimi müəyyənləşdirilmişdir: İ il-2 gün 2014-2017-ci illərdə Cənub Federal Universitetində təhsil almışdır. İİ il-2 gün. İİİ il-1 gün. İV il-2 gün. 2017-ci ildə X3 Universitetinə köçürülmüşdür V il-1 gün. Əlavə olaraq oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-2546/2023 saylı qərarının 24-cü bəndinə əsasən qeyd olunur ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünü yerinə yetirmədiyinə dair nəticə əsaslı hesab edilə bilər. Həmçinin oxşar işlər üzrə, Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli, 2-1(102)-959/2024 nömrəli Qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərək bunları qeyd etmişdir: “55. Məhkəmə kollegiyası xaricdə təhsil alınarkən distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin burada həlledici olan qeyd edilən qaydada xaricə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir (bax: 2-1(102)-2229/2023 və 2-1 (102)-2762/2023 №-li işlər üzrə Qərarlar)” “50. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın: 1.6-cı bəndinə əsasən, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir; 2.8-ci bəndinə əsasən, qiyabi təhsil forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir; 2.9-cu bəndinə əsasən, qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur” Eyni zamanda Qaydaların 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir ki, bu da “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununda əks olunmuş diskresion səlahiyyətin mövcudluğuna əsasdır. Cavabdeh inzibati orqan tərəfindən tanınma üzrə inzibati icraatın aparılması zamanı Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 14.1-ci bəndinə uyğun olaraq diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində və ona verilmiş səlahiyyətlər daxilində çərçivəsində həyata keçirdiyindən və Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 73.3.1-ci yarımbəndinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildiyi üçün Məhkəmə məcburetmə haqqında iddiaya dair iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (Qeyd: Vətəndaşın iddia ərizəsində adını vurğuladığı şəxsin ad soyad məlumatları üzrə elektron bazada aparılmış axtarış zamanı həmin şəxsin Agentliyə müraciəti aşkarlanmamışdır). Qiyabi təhsilalma formasında tədris olunan təhsil programları üzrə tədris yükünün qeyd olunmuş müddətlərdə yerinə yetirilməsinin faktiki olaraq mümkünsüzlüyü nəzərə alınaraq, habelə iddia tələbi həm maddi, həm də prosessual normalarla ziddiyət təşkil etdiyi üçün, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə formalaşmış təcrübəsi ilə uyğunsuz olduğu üçün rədd edilməlidir. “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” publik hüquqi şəxsin NA00022698 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilmişdir. Rusiya Federasiyası Ali təhsil üzrə federal dövlət büdcə əsaslı təhsil müəssisəsi “X3 Universiteti” tərəfindən təqdim edilmiş 8/1019 saylı xx.xx.2018-ci il tarixli bakalavr diplomundan görünür ki, İddiaçı Dövlət İmtahan Komissiyasının 41/16 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə bakalavr dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 3-38-2/33-1532/24 saylı xx.xx.2024cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı 2013-2018-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında müvafiq məlumatlar qeydə alınmışdır: xx.xx.2013-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2013-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2014-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2014-cü il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2015-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2015-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2016-cı il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2016-cı il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2017-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, xx.xx.2018-ci il tarixdə giriş Rusiya, xx.xx.2018-ci il tarixdə çıxış Rusiya, giriş Rusiya. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Odur ki, Təhsildə Keyfiyyətə Təminat Agentliyinin xx.xx.2024-cü il tarixli cavab məktubu qeyd edilən əlamətlərə malik olmadığından inzibati akt hesab edilmir, inzibati aktın qəbulundən imtinaya dair yazılı məlumatdır.Həmin imtinanın iddiaçıya hansı tarixdə çatdırılması müəyyən edilmir. İddiaçı inzibati aktın qəbul edilməsini arzulayır və iddia məcburetməyə dair iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmənin hüquqi mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 2546/2023 nömrəli iş üzrə 08 dekabr 2023-cü il tarixli qərarına uyğundur. Həmin hüquqi mövqe bu qərarda ifadə olunur. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan: Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarından: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: ...8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.3-cü maddəsinə əsasən, qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən. 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4-cü maddəsinə əsasən, ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Qanunvericiliyin istinad olunan normalarının tələblərinə görə ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsinə dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddət sözügedən tədris yükünün yerinə yetirilməsinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər. İddiaçı cavabdehin imtinasının əsassız olduğunu qeyd etsə də, bunu əsaslandırmamış, yalnız təhsil aldığı universitetin diplomunu əldə etdiyini dəlil kimi göstərmişdir. Göründüyü kimi, xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomunun tanınması və tanınmasından imtinanın şərtləri qanunvericiliklə dəqiq müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun təhsil aldığı universitetdə tədris işinin həcminin kredit vahidləri ilə aparıldığı, iddiaçının təhsil müddəti kimi müəyyən edilmiş 05 tədris ili müddətində iddiaçı məhkəmə sorğusun əsasən sərhədkeçmə haqqında məlumatdan yalnız Cənub Federal Universitetində təhsil aldığı 2014-2017-ci illərdə illərdə 1-ci tədris ili-2 gün, 2-ci tədris ili-2 gün, 3-cü tədris ili-1 gün, 4-cü tədris ili-2 gün, 2017-ci ildə X3 Universitetinə köçürüldükdən sonra isə 5-ci tədris ili-1 gün müddətində olduğu müəyyən olunmuş, bununla da iddiaçının qeyd edilən illər ərzində auditoriya dərslərində iştirakının az olduğu öz təsdiqini tapmışdır. Belə ki, yuxarıda göstərilənlərlə iddiaçının Rusiyada tələb olunan müddətin qarşılığında qısa müddət ərzində olduğu, həmçinin auditoriya dərslərində iştirakının az olduğu təsdiq olunur. Qiyabi təhsil alan xarici tələbələrin təlim prosesini optimallaşdırmaq məqsədilə təhsil müəssisəsi tərəfindən münasib qrafikin təşkilinin və ya fərqli qaydanın müəyyən edilməsinin mümkünlüyü qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, bakalavr təhsilinin qanunvericiliklə müəyyən edilmiş müddət meyarlarına riayət edilməsi məcburi şərtdir. Həmin şərtlərin ödənilməməsi mahiyyət və nəticə etibarı ilə diplom verilmiş şəxsin ixtisasa yiyələnməməsini ehtiva edir. Belə olan halda məhkəmənin mövqeyinə görə, iddiaçı Rusiya X3 Universitetinin normativi qarşılığında həmin ölkədə (ölkə hüdudlarından kənarda) qısa müddət olduğundan cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsil müddətinin yetərli olmaması qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi 106124 ******* nömrəli 07 iyul 2018-ci il tarixli 8/1019 qeydiyyat nömrəli bakalavr diplomu üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar