Məhkəmə qərarları › İş №2-1(112)-7864/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7864/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7864/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı və onun vəkili Bakı şəhər 19 saylı Vəkil bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X5 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “pul” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N0-ci ilin fevral ayından həmin ilin dekabr ayınadək 3 nəfər ailə üzvü ilə ünvan 1-də müvəqqəti kirayədə yaşadıqları halda qanunvericiliklə hərbi qulluqçu üçün hər ay müəyyən edilmiş 75 manat nəzərə alınmaqla 11 ay üçün 825 manat, ailə üzvləri olan arvadı və üç uşağına görə isə hər biri üçün həmin məbləğin 50 faizini təşkil edən 32 manat 50 qəpik hesablanaraq, 11 ay üçün təşkil edən 1.430 manat, cəmi 2.255 manat pul kompensasiyasının ödənilməsinin məhkəmə qaydasında təmin olunması, N saylı hərbi hissədə xidmət edərkən N1-ci ilin dekabr ayında ödənilməyən ikinci qat əmək haqqı olan 503 manat pul vəsaitinin ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, İddiaçı tərəfindən N saylı hərbi hissədə xidmət edərkən 2012-ci ilin dekabr ayında qanunvericiliklə nəzərdə tutulmuş iki qat əmək haqqısının ikinci qatını təşkil edən 503 (beş yüz üç) manat və N0-ci ilin fevral ayından həmin ilin dekabr ayı daxil olmaqla hərbi qulluqçular üçün nəzərdə tutulan 75 manat və onun ailə üzvləri olan arvadı və iki uşağı üçün həmin məbləğin 50 faizini təşkil edən 37,50 manat mənzil kirayə pulu ödənilmədiyinə görə iddiaçıya dəymiş maddi ziyanın cavabdeh tərəfindən hesablanaraq, ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İPM-nin 54-cü maddəsinə əsasən məhkəməyə yenidən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, 2012-ci ilin dekabr ayında qanunvericiliklə nəzərdə tutulmuş iki qat əmək haqqının ödənilməyən 512 (beş yüz on iki) manat 07 qəpik hissəsinin və N0-ci ilin mart ayından həmin ilin dekabr ayı daxil olmaqla ödənilməmiş, hərbi qulluqçular üçün nəzərdə tutulan 75 manat və onun ailə üzvlərinin (arvadı və iki övladı) hər biri üçün həmin məbləğin 50 faizini təşkil edən 37 manat 50 qəpik olmaqla, mənzil kirayə pulunun cavabdeh inzibati orqan tərəfindən, ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilmiş və 2003-cü ildə həmin məktəbi “motoatıcı” ixtisası üzrə bitirmişdir. Hərbi məktəbi bitirdikdən sonra ona “leytenant” hərbi rütbəsi verilərək Silahlı Qüvvələrin TəlimTədris Mərkəzinə göndərilmiş və orada ixtisas hazırlığı kursunu keçmişdir. Təlim-Tədris kursunu başa vurduqdan sonra ayrı-ayrı hərbi hissələrdə müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir, nümunəvi xidmət etdiyinə görə növbəti hərbi rütbələri almışdır və yüksək vəzifələrə irəli çəkilmişdir. Sonuncu dəfə N nömrəli hərbi hissədə hərbi hazırlıq və idman rəisi vəzifəsində xidmət edərkən 2019-cu ilin avqust ayından N1-ci ilin dekabr ayına kimi o, və ailəsi hərbi şəhərcikdə xidməti mənzil ilə təmin edilmədiyinə görə ailəsi ilə birlikdə ünvan 1 ünvanda müvəqqəti kirayədə yaşamışdır, bu barədə kirayə müqaviləsi də var. Qanunvericiliyin tələbinə görə xidmət yerində yaşayış yeri ilə təmin edilməyən hərbi qulluqçular hər il hərbi hissə komandirinə raportla müraciət edərək xidmət etdiyi yaşayış məntəqəsində müvəqqəti kirayədə yaşadıqlarına görə qanunvericiliklə nəzərdə tutulmuş məbləğdə pul kompensassiyasının verilməsi nəzərdə tutulmuşdur. Hərbi qulluqçulara müvəqqəti kirayədə yaşamaqları və müvafiq pul kompensasiyasının verilməsi məqsədi ilə hərbi hissədə mənzil təminatı kommissiyası yaradılır. O, N0-ci ilin fevral ayında ailəsi ilə birlikdə ünvan 1 ünvanda müvəqqəti kirayədə yaşmağı və kirayə pulunun ödənilməsi üçün N nömrəli hərbi hissə komandirinə raportla müraciət etmişdir. Rapotuna ailə tərkibi haqqında müvafiq arayışları də əlavə etmişdir. Lakin hərbi hissənin mənzil komissiyası tərəfindən heç bir qanuni əsas olmadan yuxarıda qeyd etdiyi yaşadığı mənzilə baxış keçirməkdən imtina etmişdirlər və bu səbəbdən də N0ci ilə görə müvəqqəti kirayədə yaşadığına görə qanunvericilikdə nəzərdə tututlmuş pul kompensassiyasından məhrum edilmişdir. N saylı hərbi hissədə xidmət edərkən N0-ci ildə ailəsi ilə birgə yuxarıda qeyd etdiyi mənzildə müvvəqqəti kirayədə yaşadığına görə qanunvericiliklə nəzərdə tutltulmuş cəmi 1.897,5 manat pul kompensassiyasının və N0-ci ilin dekabr ayının ikinci əmək haqqısı olan 503 manat pul vəsaitinin verilməsi üçün 28 oktyabr N1-ci il tarixdə ərizə ilə Müdafiə Nazirliyinə müraciət etsə də, hazırki vaxtadək yazdığı ərizəyə baxılaraq cavab verilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, ehtiyatda olan İddiaçı N nömrəli hərbi hissədə xidmət edərkən ona N0-ci ilin yanvar və fevral ayları üçün özünə və 2 nəfər ailə üzvünə görə hər ay 150 manat olmaqla, ümumilikdə 300 manat müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Mart ayı ərzində hərbi hissədə yaradılmış Mənzil Komissiyası tərəfindən sui-istifadə hallarının qarşısının alınması məqsədilə hərbi qulluqçuların kirayədə yaşamaları barədə təqdim etdikləri ünvanlarda yoxlamalar keçirilmiş, İddiaçı təqdim etdiyi ünvanda ailə üzvlərinin yaşamadığı müəyyən edilmişdir. Belə ki, həmin müddətdə ailəsi Bakı şəhərində olmuş, COVİD-19 pandemiyası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasın aviareyslərin olmaması və quru yollarının bağlı olması səbəbindən gələ bilməmişlər. İddiaçı bu müddət ərzində hərbi şəhərcikdə yaşaması təklif olunmuş, lakin o, hərbi şəhərcikdə olan mənzildə yaşamaqdan imtina etmişdir. Buna görə də N nömrəli hərbi hissə komandirinin müvəqqəti mənzilin kirayəsi üçün pul komensasiyasının ödənilməsi ilə bağlı olan əmrlərində mart ayından etibarən mayor İddiaçı adı çıxarılmış və ona dekabr ayınadək kirayə pulu ödənilməmişdir. Həmin ilin dekabr ayında isə kirayə pulu ödənmişdir. Mayor İddiaçı kirayə pulunun ödənilməməsinin səbəbi onun tək yaşaması və dövlət vəsaitinin israfçılıqla xərclənməsi hallarının qarşısının alınması məqsədi olmuşdur. Belə ki, iddiaçının özünün də qeyd etdiyi kimi 2019-N1-ci illərdə ona və ailə üzvlərinə görə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası tam həcmdə ödənilmişdir. Əlavə olaraq iddiaçının ərzəsində göstərdiyi ikinci qat əmək haqqının ödənilməməsi ilə bağlı araşdırma aparılaraq müəyyən edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət edərkən 2012-ci ilin dekabr ayı üçün ona 512 manat 07 qəpik məbləğində 2-ci qat əmək haqqı ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın qismən, 2012-ci ilin dekabr ayı üçün ödənilməmiş 512 manat 07 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi hissəsində təmin olunması, qalan hissədə isə iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı və onun vəkili Vəkil ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X11 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın qismən, 2012-ci ilin dekabr ayı üçün ödənilməmiş 512 manat 07 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi hissəsində təmin olunmasını, qalan hissədə isə iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsini, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkündür. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi ödənilməmiş kirayə pulunun və qanunda nəzərdə tutulmuş ikiqat əmək haqqının ödənilməyən hissəsinin ödənilməsindən (öhdəliyin icrası haqqında iddia) ibarətdir. İddia buna subyektiv hüququ olan şəxs tərəfindən iddiaya cavab verməli olan inzibati orqana qarşı qaldırılmışdır. İddiaçı eyni tələblərlə əvvəlcə inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyi üçün iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; iddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi, ev 16, mənzil 20 ünvanında qeydiyyatdadır. AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş X6 Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatdadır. Bakı şəhəri Səbail rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 053610 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 ilə xx.xx.2015-ci ildə nikaha daxil olmuşdur, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2015-ci ilin sentyabrın 12-ci günündə 209 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əmirov, arvada Əmirova soyadı verilmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ saylı, 959242 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 xx.xx.2017-ci ildə Naxçıvan şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında 2017-ci ili avqust ayının 01 günündə 371 № ilə qeyd edilmişdir. Şəhadətnamədə valideyinləri qrafasında atası İddiaçı, anası X7 qeyd olunmuşdur. 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.N0-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 420359 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 xx.xx.N0-ci ildə Bakı şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N0-ci ili fevral ayının 26-cı günündə 1469 № ilə qeyd edilmişdir. Şəhadətnamədə valideyinləri qrafasında atası İddiaçı, anası X7 qeyd olunmuşdur. Culfa rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.N1-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 627233 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 xx.xx.N1-ci ildə Culfa şəhərində doğulmuşdur, bu barədə doğum haqqında akt qeydləri kitabında N1-ci ili iyul ayının 23-cü günündə 137 № ilə qeyd edilmişdir. Şəhadətnamədə valideyinləri qrafasında atası İddiaçı, anası X7 qeyd olunmuşdur. Mənzillərin, evlərin (Bağların) müvəqqəti istifadəyə verilməsinə dair xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən müəyyən olunur ki, kirayəyəverən X16 ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 35,36 kv. metr olan 2 (iki) otaqlı mənzili aylıq kirayə haqqı 200 manat olmaqla kirayəçi İddiaçı olunun istifadəsinə vermişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa rayon İdarəsi tərəfindən verilmiş 27 №-li, xx.xx.N0-ci il tarixli və 14 №-li xx.xx.N1-ci il tarixli arayışların surətindən müəyyən olunur ki, İddiaçı, arvadı Əmirova (Quliyeva) Nərminə Tofiq qızının adına Naxçıvan Muxtar Respublikasının daşınmaz əmlakın dövlət reyestrində fərdi ev və mənzil qeydə alınmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N №-li, xx.xx.N0-ci il tarixli arayışda İddiaçı ailə üzvləri qismində-arvadı xx.xx.1993-cü il təvəllüdlü Əmirova (Quliyeva) Nərminə Tofiq qızı; uşaqları- xx.xx.2017-ci il təvəllüdlü Məryəm, xx.xx.N0-ci il təvəllüdlü Aliyə göstərilmişdir. xx.xx.N0-ci il tarixli və xx.xx.N1-ci il tarixli raportların surətindən müəyyən olunur ki, İddiaçı xidmət yerində mənzillə təmin edilmədiyinə görə ona və ailə üzvlərinə müvəqqəti mənzil kirayəsi əvəzi pul kompensasiyasının ödənilməsinə göstəriş verilməsini xahiş etmiş və eyni zamanda onun və ailə üzvlərinin ünvan 4 ünvanında vətəndaş X8 məxsus mənzildə kirayə yaşadıqları və onun tərəfindən hər ay 200 (iki yüz) manat kirayə haqqı ödənildiyi qeyd olunmuşdur. N nömrəli hərbi hissənin Mənzil Təminatı Komissiyasının iclasının 8 №-li, 27 noyabr N0-ci il, 01 №-li 02 yanvar N1-ci il və 03 №li 27 aprel N1-ci il tarixli protokollarının surətindən müəyyən olunur ki, təqdim olunmuş sənədlər üzrə NQ 28 №-li və 53 №-li hərbi şəhərciklərdə mənzillə təmin olunmayan hərbi qulluqçu İddiaçı 187.50 manat ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasmal rayon İdarəsi tərəfindən xx.xx.N1-ci il tarixdə verilmiş xx.xx.1982-ciil təvəllüdlü İddiaçı məxsus EZ seriyalı ******* №li hərbi biletin surətindən müəyyən olunur ki, o, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsi tərəfindən hərbi xidmətə çağırılmış və xx.xx.1999-cu ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N1-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01230 №li əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. İddiaçı (vəkili Vəkil) hazırki iddia tələbi ilə xx.xx.N1-ci il tarixdə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin Cavabdeh tərəfindən onun müraciətinə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı xx.xx.N2-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: 10-cu maddəsinin: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 2-ci bəndinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbi 2012ci ilin dekabr ayında iki qat əmək haqqının ödənilməyən 512 (beş yüz on iki) manat 07 qəpik hissəsinin ona ödənilməsi hissəsində qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun omaqla yanaşı, cavabdeh tərəfindən işin mübahisələndirilməyən hallarındandır. Belə, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda məhkəmədən iddianın 2012-ci ilin dekabr ayı üçün ödənilməmiş 512 manat 07 qəpik məbləğində pulun iddiaçıya ödənilməsi hissəsində təmin olunması xahiş edilmişdir. İddiaçının ona və ailə üzvlərinə mənzil kirayə pulunun cavabdeh inzibati orqan tərəfindən ödənilməsi ilə bağlı tələbinə gəldikdə isə məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi həmin hissədə də qanuni və əsaslıdır. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin; - 1-ci bəndinin birinci cümləsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” xx.xx.2006-cı il tarixli 171 nömrəli qərarının 1-ci bəndinə əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına müvəqqəti mənzilin kirayəsi üçün ayrı-ayrı yaşayış məntəqələri üzrə hər ay aşağıdakı qaydada kompensasiya ödənilir: Bakı şəhərində - 150 manat; Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; başqa şəhər və rayon mərkəzlərində - 75 manat miqdarında; digər yaşayış məntəqələrində - 55 manat. Adları çəkilən hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Qeyd olunan normalar o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya N0-ci ilin mart ayından həmin ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş, hərbi qulluqçular üçün nəzərdə tutulan 75 manat və onun ailə üzvlərinin (arvadı və iki övladı) hər biri üçün həmin məbləğin 50 faizini təşkil edən 37 manat 50 qəpik olmaqla, mənzil kirayə pulu ödənilməlidir və bu verilmiş tələb üzrə cavabdehliyi məhz Azərbaycan Respublikası Müdafiə Nazirliyi daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Beləliklə, məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı-İddiaçı 2012-ci ilin dekabr ayında iki qat əmək haqqının ödənilməyən 512 (beş yüz on iki) manat 07 qəpik hissəsinin və N0-ci ilin mart ayından həmin ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş, hərbi qulluqçular üçün nəzərdə tutulan 75 manat və onun ailə üzvlərinin (arvadı və iki övladı) hər biri üçün həmin məbləğin 50 faizini təşkil edən 37 manat 50 qəpik olmaqla, mənzil kirayə pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar