Məhkəmə qərarları › İş №2-1(112)-7865/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7865/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7865/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı “doğum və nikah haqqında şəhadətnamələrdə düzəliş edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus doğum haqqında şəhadətnamədə ata adı qrafasında “Cəmi” adına düzəliş etməklə “Cəmil” kimi yazılması (göstərilməsi), vətəndaşın adı qrafasında isə “Cəmieviç” adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması və nikah haqqında şəhadətnamədə “Cəmieviç” ata adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması (düzəlişlər edilməsi) vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus doğum haqqında şəhadətnamədə ata adı qrafasında ata adı “Cəmi” və həmin şəhadətnamənin vətəndaşın adı qrafasında ata adı “Cəmiyeviç” olaraq qeyd edilmişdir. Eyni zamanda, ona məxsus nikah haqqında şəhadətnamədə ata adı “Cəmiyeviç” olaraq qeyd edilmişdir. Hər iki şəhadətnamə arasında müxtəlif fərqliliklər mövcud olduğundan bu hal ona bir sıra problemlər yaradır. Ona məxsus şəxsiyyət vəsiqəsində eləcə də digər vəsiqələrdə adı, soyadı, ata adı doğru şəkildə yəni, İddiaçı olaraq qeyd edilmişdir. Lakin doğum haqqında və nikah haqqında şəhadətnamələrdə ata adı səhv yazılmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehə rəsmi şəkildə müraciət edərək qeydə alınmış doğum və nikah haqqında akt qeydində ata adının “Cəmi” oğlundan “Cəmil” oğluna, nikah haqqında şəhadətnamədə Cəmieviç adından “Cəmil” oğluna dəyişikliyin edilməsi ilə bağlı müraciət etsə də, müraciəti nəticəsiz qalmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə doğum və nikah haqqında akt qeydində dəyişikliyin və düzəlişin edilməsi qeydiyyat şöbəsi tərəfindən mümkünsüz hesab edilmiş, bununla bağlı məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktubla müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, iddiaçının müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı və təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda ərizə qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Doğum və Nikah haqqında akt qeydində dəyişiklik və düzəliş ediməsi üçün müraciətin icra olunması qeyri mümkündür. Məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Vİİ-ВМ № 038566 saylı Nikah haqqında şəhadətnamədən görünür ki, X4 və X1 20 iyul 1957-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydlər kitabında xx.xx.1957-ci il tarixli 17 №-li qeyd aparılmışdır. İddiaçıya məxsus olan Dərbənd rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Vİİ-ВМ № 046483 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Cəmiyeviç xx.xx.1960cı il tarixdə Dərbənd rayonunun Bilqədi kəndində doğulmuş, atası Əlibəyov Cəmi, anası Əlibəyova Biçəgizdir. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydlər kitabında xx.xx.1960-cı il tarixli, 50 №-li qeyd aparılmışdır. AZ-İ № 321719 saylı Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X3 15 sentyabr 2008-ci ildə ölmüşdür. İV-ЖГ № 471255 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı Cəmiyeviç və xx.xx.1960-cı il təvəllüdlü X2 10 iyun 1984-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixli 477 №-li qeyd aparılmışdır. İddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi yazılmışdır. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin MV seriyalı, 0462 nömrəli vəsiqəsində iddiaçının adı, soyadı və ata adı “İddiaçı” kimi yazılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, iddiaçının doğum və nikah haqqında akt qeydləri şöbənin arxivində aşkar edilməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində doğum haqqında və nikah haqqında şəhadətnamələrdə düzəliş edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir (161.1.). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər (161.2.). Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır (161.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasında göstərilmişdir ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (1.4.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır (10.2.). İşdən görünür ki, iddiaçının Rusiya Federasiyası Dərbənd şəhər Qeydiyyat orqanı tərəfindən verilmiş doğum şəhadətnaməsi və nikah şəhadətnaməsində onun soyadı “Cəmieviç”, ata adı isə “Cəmi” kimi qeyd edilmişdir. Lakin, iş üzrə iddiaçının digər sənədlərindən də görünür ki, onun atasının adı X3 olmuşdur. Yəni doğum və nikah şəhadətnamələrində iddiaçının ata adı səhv göstərilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus doğum haqqında şəhadətnamədə ata adı qrafasında “Cəmi” adına düzəliş etməklə “Cəmil” kimi yazılması, vətəndaşın adı qrafasında isə “Cəmieviç” adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması və nikah haqqında şəhadətnamədə “Cəmieviç” ata adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus doğum haqqında şəhadətnamədə ata adı qrafasında “Cəmi” adına düzəliş etməklə “Cəmil” kimi yazılması, vətəndaşın adı qrafasında isə “Cəmieviç” adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması və nikah haqqında şəhadətnamədə “Cəmieviç” ata adına düzəliş edərək “Cəmil oğlu” kimi yazılması vəzifəsi cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar