Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7865/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “mənzil kirayə xərclərinin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mənzil kirayə xərclərinin ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 22 iyun 2007-ci ii tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissəsində zabit kimi xidmətə başlamış və 27 fevral 2024-cü il tarixə kimi müxtəlif hərbi hissələrdə qüsursuz xidmətdə olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iştirak etmişdir. “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Hərbi xidmətçəkmə haqqında” Əsasnamənin 154-cü maddəsinin “b” bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır. Hazırda müharibə veteranıdır. Ordu sıralarından tərxis olunduqdan sonra ailəsiylə birgə yuxarıda qeyd edilən ünvanda qeydiyyatdadır və orada yaşayır. İddiaçı ordu sıralarından tərxis olunduqdan bir müddət sonra yəni, 24 iyul 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinə istefada olan zabit kimi mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək özünə və həyat yoldaşına kirayə haqqı verilməsinə dair ərizə ilə müraciət etdi. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən ərizəyə cavab olaraq adının Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və adına mülkiyyət hüququ əsasında yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olduğundan müraciətində qeyd edilən məsələnin müsbət həllinin mümkün olmaması bildirilmişdir. İddiaçının artıq Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan adının keçməsi məlumatı aldıqdan sonra xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin edilənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə dair təkrarən Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdi. 27 yanvar 2025-ci il tarixdə yaşadığı ünvanda yerləşən poçt məntəqəsindən ***-***-**-** nömrəli mobil telefonuna 050- ***-**-** nömrəli telefondan zəng olunmuş və Binəqədi Rayon İcra Hakimiyyətindən məktub daxil olması bildirilmişdir. Həmin gün poçt məntəqəsinə gedərək məktubu qəbul etdi. Binəqədi rayon İcra Hakimiyyətindən etdiyi müraciətə cavab olaraq əvvəlcə verilən eyni məzmunlu təkrar cavab verilmişdir. Odur ki, yaşayış sahəsi alana kimi kirayə haqqı ilə təmin edilməyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edir.
3. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin imtina məktubunda bildirilmişdir ki, “Sizin adınız Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-25-22/2-Q- 2xx-xx/2024 nömrəli arayış). Müraciətinizlə əlaqədar bildiririk ki, Sizin adınıza daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyiniz xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Q0313-8/2024 **********64 saylı arayışa əsasən İmişli rayonu, Məzrəli kəndində 0.11 ha ümumbirgə əsaslarla (5 nəfər) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Nəzərinizə çatdırırıq ki, Sizin adınızın Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçməsi və adınıza mülkiyyət hüququ əsasında yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olduğundan müraciətinizdə qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracətiniz əsasında məsələyə yenidən baxıla bilər.”
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına mənzillə təmin edilənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2024-cü il tarixli 5-10/1-Q-83/2-068/2-t/1-2024 saylı müraciətinə baxılmışdır. Həmin müraciətə baxılmasının nəticəsi olaraq, rayon icra hakimiyyəti tərəfindən vətəndaşa təqdim olunan xx.xx.2024-cü il tarixli 5-10/2-Q83/2-068/2-t/1/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən o, Azərbaycan Respublikası Müdafiə Nazirliyində mənzil növbəsinə götürülməklə dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçu kimi qeydiyyatdadır (Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-25-22/2-Q-2xx-xx/2024 nömrəli arayış). Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-Q0313-8/2024 **********64 saylı arayışa əsasən İddiaçı İmişli rayonu, Məzrəli kəndində 0.11 ha ümumbirgə əsaslarla (5 nəfər) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmiş və bu barədə JN-146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. Həmçinin müraciətə baxılmasının nəticəsi barədə vətəndaş İddiaçı nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatda olduğundan və mülkiyyətində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olduğundan müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracəti əsasında məsələyə yenidən baxıla bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli 36 nömrəli Qanununun 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. İşin araşdırılan hallarından və qeyd olunan qanunvericilik normalarından görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətində deyil Azərbaycan Respublikası Müdafiə Nazirliyində mənzil uçotuna götürüldüyü halda, rayon icra hakimiyyəti tərəfindən ona müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini xahiş edir. Bununla da, vətəndaş İddiaçı “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin tələblərini pozduğundan rayon icra hakimiyyəti tərəfindən onun müraciəti müsbət təmin edilməmişdir. Beləliklə də, hesab edirik ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onun hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu isə iddia ərizəsində əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən qüvvədə olan mövcud qanunvericiliyin tələbləri yalnız əlilliyi müəyyən olunmuş şəxslərə şamil edildiyindən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
5. Məhkəmənin sorğusuna əsasən Binəqədi Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı və X2 X1 Sistemində vergi ödəyicisi kimi qeydiyyatı aşkarlanmamışdır.
6. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin 3-21-3-45/2-2539/2025 saylı 25 aprel 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğuda qeyd edilən İmişli rayonu, Məzrəli kəndi ünvanında yerləşən İddiaçı və ailə üzlərinin ümumi birgə mülkiyyətində olan 0,11 ha həyətyanı (JN-146 A, kod 90710005, ümumi birgə 5 nəfər) “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunur. Əlavə olaraq, JN-146 A seriya nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olan sənədlər aşkarlanmadığından sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmək mümkün olmadı.
7. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-11856/2025 saylı 19 mart 2025ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına İmişli rayonu, Məzrəli kəndində yerləşən 1.7326 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə payda qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddiaçı adına ümumi birgə payda olan İmişli rayonu, Məzrəli kəndində yerləşən 0.11 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair ləğv edilmiş DTXK tərəfindən JN-146A nömrəli şəhadətnamə verilmişdir. X2 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.
8. Məhkəmənin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iştiraklarını təmin etməmişdirlər.
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
11. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
III. Məhkəmənin mövqeyi
12. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ilkin olaraq Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə istefada olan zabit kimi mənzil növbəsinə götürülməsi və mənzillə təmin edilənədək kirayə haqqı verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən verilən cavab məktubu əsasında onun artıq Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan adının keçməsi barədə məlumatlı olduqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyində dövlət vəsaiti hesabına mənzillə təmin edilənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə dair təkrarən Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Hazırda mənzillə təmin edilənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir.
13. İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir.
14. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinin: -Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir.... - Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər...
15. Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun.
16. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublika ərazisində - İmişli rayonunda daşınmaz əmlaka malikdir. Belə ki, JN-146A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən iddiaçıya İmişli rayonu, Məzrəli kəndində 0.11 ha ümumbirgə əsaslarla (5 nəfər) yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir.
18. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi olduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
19. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
20. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva