Məhkəmə qərarları › İş №2-1(112)-7867/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7867/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7867/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı və Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı və 23.01.2007-ci il tarixli Qərarının ona şamil edilməsi barədə arayışın verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı və 23.01.2007-ci il tarixli Qərarının ona şamil edilməsi barədə arayışın verilməsinin Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş Bakı İnzibati Məhkəməsinin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 28.09.2021-ci il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, noyabr 2020- ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına “Güzəştli Şərtlərlə pensiya” təyin edilməsi barədə müraciət etmişdir. Müraciətinə 206 332 10254 saylı 18.12.2020-ci il tarixli məktubla verilən cavabda Kənd Təsərrüfatı Nazirliyindən Nazirlər Kabinetinin qeyd olunan Qərarların ona şamil olunması barədə arayışın təqdim edilməsi tövsiyə edilmişdir. Cavabdeh Kənd Təsərrüfatı Nazirliyi 05/09-08-14-984 saylı 16.04.2020-ci il tarixli cavabında onun 1989 - 2005-ci illərdə Lerik rayon Aqrokimya Laboratoriyasında işlədiyi mütəxəssis vəzifəsinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin və göstəricilərin siyahısının NK-nin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarında aqrokimya laboratoriyasının mütəxəxssisi vəzifəsi öz əksini tapmışdır” qeyd edilmişdir. Hesab edir ki, cavabdeh qeyd olunan qərarın ona qarşı münasibətdə hüquqi əhəmiyyətini və mövcud digər qanunları nəzərə almamışdır.Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 12.08.2021-ci il tarixində iddiaya dair etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci il 18 fevral tarixli ərizə ilə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edərək Lerik Rayon Aqrokimya Laboratoriyasında çalışdığı mütəxəssis vəzifəsinin ağır və zərərli əmək şəraitli istehsalat peşə və vəzifələrinin siyahısına aid edilməsi, həmçinin vəzifə maaşına əlavə artım əmsalının tətbiq edilməsinə dair arayışın verilməsini xahiş etmişdir. Nazirliyin 2020-ci il 16 aprel tarixli 05/09-08-14-984 nömrəli cavab məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə təsdiq edilmiş siyahıda aqrokimiya laboratoriyasının mütəxəssisi vəzifəsinin öz əksini tapmadığı, eyni zamanda kənd təsərrüfatı nazirinin 2004-cü il 2 aprel tarixli 65 nömrəli əmri ilə zərərli əmək şəraitinə görə aqrokimya laboratoriyalarında çalışan mütəxəssislərin tarif (vəzifə) maaşlarına 1.20 artım əmsalı tətbiq edildiyi bildirmişdir.Qeyd etmək lazımdır ki, iddiaçı Lerik Rayon Aqrokimya Laboratoriyasında 01.09.1989- 07.10.2005 tarixində çalışmışdır. Həmin müəssisədə qeyd olunan vəzifədə əmək stajı 16 il 1 ay 6 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu isə 2006-cı il 1 yanvar tarixindən qüvvəyə minmişdir..Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları” təsdiq edilmişdir. Həmin qərara “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əlavə edilmişdir. Siyahının 30-cu hissəsində Kənd təsərrüfatında aqrokimya xidməti: Heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsi qeyd edilmişdir. Həmin hissənin birinci bəndində heyvan cəsədlərinin ixtisaslaşdırılmış baytarlıq-sanitariya utilizasiya zavodunda (sexlərdə) toplanması, emalı və istifadə edilməsi xidmət sahəsi müəyyən olunmuş və həmin zavodlarda göstərilən xidmətləri yerinə yetirən fəhlələr, rəhbərlər və mütəxəssislərin vəzifələri qeyd edilmişdir. Açıq aydın görünür ki, həmin siyahıda aqrokimya laboratoriyasında mütəxəssis vəzifəsi qeyd edilməmişdir. Həmin hissənin 2-ci bəndində isə pestisidlərin saxlanılması xidməti qeyd edilmişdir. Qeyd olunan bəndin “a” yarımbəndində pestisidlərlə təchizetmə üzrə respublika, rayon (rayonlararası) ehtiyat bazalarında, “Kəndkimya” birliyinin pestisidlər saxlanan rayon bazalarında və bilavasitə pestisidlərin yüklənib boşaldılması və anbarlara vurulması ilə məşğul olan kimya məhsulları ilə təchizetmə bazalarında işləyən fəhlələr, yükləyicilərin sürücüləri, yükləyicilər, anbardarlar, kran maşinistləri (krançılar) və yükləyici maşınların maşinistlərinin vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına daxil edilmişdir. Göründüyü kimi, bu bənddə də hər hansı mütəxəssis vəzifəsi qeyd edilməmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının müraciətinə verilmiş cavab tam əsaslıdır və qanunvericiliyin tələblərinə uyğundur.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “arayışın verilməsi” iddia tələbini əsassız hesab etməklə təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, iddiaçının hüquqi marağı qiymətləndirilmiş, iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmədi və hazırkı tələb üzrə iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından aydın görünür ki, iddiaçının müraciətinə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi 05/09-08-14-984 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında aqrokimya laboratoriyasının mütəxəssisi vəzifəsi öz əksini tapmamışdır.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2004-cü il 25 mart tarixli 10- 03/162/1919 nömrəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2004-cü il 19 fevral tarixli 07/11-121 nömrəli birgə razılaşdırılmış məktubuna əsasən Kənd Təsərrüfatı nazirinin 2004-cü il aprel tarixli 65 nömrəli əmri ilə zərərli əmək şəraitinə görə aqrokimya laboratoriyalarında çalışan mütəxəssislərin tarif (vəzifə) maaşlarına 1.20 artım əmsalı tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırda iddiaçı cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı və 23.01.2007-ci il tarixli Qərarının ona şamil edilməsi (işlədiyi aqrokimya laboratoriyasının mütəxəssisi vəzifəsinin Siyahıda nəzərdə tutulması) barədə arayışın verilməli olduğunu iddia edir. Cavabdeh inzibati orqan isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarında aqrokimya laboratoriyasının mütəxəssisi vəzifəsinin öz əksini tapmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, güzəştli iş stajına dair arayış Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında verilir. Buna görə də hazırkı iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar