Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-787/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı , Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə (Xətai rayon xidmət nümayəndəliyinə) qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona aprel 2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3904/2020 saylı, 28.10.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1959-cu ildə anadan olmuşdur. Bakı Maliyyə Kredit Texnikumunu mart 1978-ci ildə bitirib Ç.İldırım adına Azərbayca politexnik institutuna 1978-ci ildə qəbul olunmuş və iyun 1984-cü ildə institutu bitirmişdir. May 1978-ci ildən əmək fəaliyyətinə başlamış və hal-hazıra kimi işləyir. Mərhum həyat yoldaşı X5 ilə sentyabr 1978-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan üç övladı vardır. Böyük övladı 16 oktyabr 1985-ci il təvəllüdlü X9 astma xəstəsi olduğu üçün əlillik pensiyasını mərhum atası X2 pensiyasına əlavə edilmişdir. X5 1992-ci ildə vəfat etdiyi üçün uşağın pensiyası iddiaçının adına keçirilmişdir. İddiaçı 2019-cu ilin sentyabr ayında cavabdeh orqana “Əmək pensiyaları haqqında” qanunun 8-ci maddəsinə əsaslanaraq iddiaçıya yaşa görə əmək pensiyasının müraciət olunması üçün DSMF XŞTİ müraciət edilməsi tövsiyyə olunmuş, DSMF XŞTİ-yə müraciət etdikdən sonra isə bildirilmişdi ki iddiaçı aidiyyəti üzrə DSMF Xətai rayon Şöbəsinə müraciət etməlidir. Son olaraq cavabdehin 27.01.2020-ci il tarixli imtina məktubunda bildirilmişdir, X6 pensiya alması barədə məlumatın olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinasının əsassız olduğunu qeyd edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon xidmət nümayəndəliyi təmsil edən Ş.Ağayeva Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 2017-ci il iyul ayının 01-ə qədər qüvvədə olmuş Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən 57 yaşına çatmış qadınların 10 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ yaranır. Həmin Qanunun 8-ci maddəsinin 2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Üstəlik qeyd olunmalıdır ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyi halda, astma xəstəsi olduğunu iddia etdiyi oğlu ilə bağlı DTSRX-a sorğu göndərilmiş, sorğuya cavab olaraq iddiaçının oğlu Aminov Emin Tofiq oğluna dair Əlillik altsistemində heç bir qiymətləndirmə aşkar edilmədiyi müəyyən edilmişdir. Buna görə də 8-ci maddəyə əsaslanaraq pensiyasının təyin edilməsi mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək,əlavə olaraq bildirmişdir ki, Xətai rayonu 4 nömrəli uşaq poliklinikasının 14.03.2020-ci il tarixli arayışından göründüyü kimi, oğlu Aminov Emin Tofiq oğlu 21.06.1991-ci il tarixindən 30.07.1995-ci il tarixədək İİ qrup xəstə kimi qeydiyyata olub müalicə almışdır və ona qulluğa görə müavinət iddiaçıya ödənilmişdir. Həmçinin,o, uşağa qulluq etmək məcburiyyətində olduğundan Bakı Beynəlxalq Telefon Stansyasında 06.09.1991-ci il tarixindən öz ərizəsi ilə işdən azad edilmişdir. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinə, Xətai rayonu və Nərimanov rayonları üzrə 4 saylı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinə və Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, bu idarələrin hamısında yalnız 2006-cı ildən sonraki məlumatların olduğu bildirilmiş və ərazi üzrə uşaq poliklinikasına müraciət etməyi tövsiyyə olundu.İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: -AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il tarixdə doğulmuş İddiaçı Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 113, mənzil 50 ünvanında qeydiyyatdadır. -BOKT “xxxx” MMC tərəfindən verilmiş 07.06.2019-cu il tarixli arayışdan görünür ki, 01.04.2013-cü il tarixdən etibarən İddiaçı BOKT “xxxx” MMC-də daxili auditor vəzifəsində işləyir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin 28.01.2020-ci il tarixli imtina məktubunun surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Respublikamızda vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları 01.01.2006-cı ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin 8.2-ci bəndinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş və azı 10 il sığorta stajl olan anaların bu Qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Nəzərə alınması xahiş olunmuşdur. İşdə olan iddiaçının nömrəli ИT-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: -11.05.1978-ci il tarixdən 26.10.1987-ci il tarixədək operator vəzifəsində, 28.10.1987-ci il tarixdən 06.09.1991-ci il tarixədək əməliyyatçı vəzifəsində, 02.11.1992-ci il tarixdən 10.10.1994-cü il tarixədək operator vəzifəsində, 12.10.1994-cü il tarixdən 10.12.1997-ci il tarixədək kadrlar şöbəsinin rəisi vəzifəsində, 15.12.1997-ci il tarixdən 27.11.1998-ci il tarixədək mühasib vəzifəsində, 01.12.1998-ci il tarixdən 28.12.2001-ci il tarixədək mühasib vəzifəsində, 01.02.2002-ci il tarixdən 31.11.2005-ci il tarixədək mühasib vəzifəsində, 01.12.2005-ci il tarixdən 30.12.2007-ci il tarixədək baş mühasib vəzifəsində, 01.01.2008-ci il tarixdən 29.03.2013-cü il tarixədək mühasib-maliyyə meneceri vəzifəsində, 01.04.2013-cü il tarixdən hal-hazırki vaxtadək auditor vəzifəsində işləyir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğulara cavab məktublarından görünür ki: -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Bakı şəhəri Xətai rayo Xidmət Nümayəndəliyinin 05.10.2020-ci il tarixli məktubuna əsasən, İddiaçı və oğlu 06.10.1985-ci il təvəllüdlü Aminov Emin Tofiq oğlu kompyuter bazasına əsasən heç bir növ əmək pensiyası almır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 4 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, 1985-ci il təvəllüdlü Aminov Emin Tofiq oğlu həqiqətəndə 21.06.1991-ci ildən 30.07.1995-ci ilədək ds.bronxial astma, qarışıq forma, ağır gedişli, İİ tənəffüs çatmamazlığı diaqnozu ilə əlillik müavinəti almışdır. -Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 18.12.2020-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən görünür ki,Nazirliyin arxivində saxlanılmış Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Şəhərlərarası Telefon Stansiyasının 19.09.1991-ci il tarixli, kş/141 saylı əmrdən görünür ki, abunə sahəsinin əməliyyatçısı İddiaçı 06.09.1991-ci il tarixdən AR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə, uşağının 2-ci qrup əlil olması ilə əlaqədar) işdən azad edilmişdir. -Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC tərəfindən verilmiş 22.04.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1991-1995-ci illərdə poçt şöbələrində pensiya və müavinətlərin ödənişi kağız daşıyıcılar vasitəsilə həyata keçirilirdi. Poçt şöbələri tərəfindən göstərilən xidmətlər üçün yazılan ciddi hesabat blanklarının (qəbzlərin) saxlama müddəti və məhv edilmə qaydası Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 24.11.2004-cü il tarixli 28 saylı əmri ilə təsdiqlənmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 01.12.2004-cü il tarixdə 3104 nömrə ilə qeydiyyata alınmış sənədə əsasən ödəniş qəbzlərinin və alıcının imzası olan bildirişlərin saxlama müddəti 5 il təyin edilmişdir. Bununla əlaqədar olaraq, Aminov Emin Tofiq oğluna görə İddiaçı ödənilən əlillik müavinəti barədə məlumat verilməsi qeyri-mümkündür. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə daxil edilir. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, ümumi əsaslarla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş qadının azı 10 il sığorta stajı olduğu təqdirdə, onun yaşa görə əmək pensiyası hüququ 5 il azaldılmaqla yaranır. Burada mühim olan arqument odur ki, qadının səkkiz yaşınadək təbiyə etmiş olduğu uşağın sağlamlıq imkanlarının məhdud olması sübuta yetirilsin. Bu hal üzrə sübutetmə yükü isə yaşa görə əmək pensiyasına çıxmaq istəyən vətəndaşa məxsusdur. Məhkəmə bu istiqamətdə araşdırma apardıqda müəyyən edir ki, İddiaçı tərbiyə etmiş olduğu oğlu Aminov Emin Tofiq oğlunun əlillik dərəcəsi olması müəyyən edilməsə belə, bu hal iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsinin tələblərinin ona şamil olunmaması üçün əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları: 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. 4.1.5. Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 1992-ci il tarixli 284 nömrəli Qanunun 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Həmin Qanunun 38-ci maddəsinə əsasən əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texniki və başqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlar və analizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq nəzərdə tutulur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əlavəyə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyasının Qərarında Əlilliyin qiymətləndirilməsinin nəticələri kimi “əlillik dərəcəsi (İ, İİ, İİİ) və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq” nəzərdə tutulur. İstinad edilən normaların məzmununa görə, hazırda qanunverici “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq”lara münasibətdə əlillik qrupları müəyyən etmir. Bundan başqa, Məhkəmə qeyd edir ki, Aminov Emin Tofiq oğlunun sağlamlıq imkanlarının məhdud olması bir neçə əsaslar ilə sübuta yetirilir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş Aminov Emin Tofiq oğlunun ambulator kitabçasında olan qeydlərdən görünür ki, 1985-ci il təvəllüdlü Aminov Emin Tofiq oğlu 4 №-li uşaq poliklinikasında 1989-cu ildən bronxial astma diaqnozu ilə dispansert qeydiyyatında olmuş, 05.06.1993-cü il tarixdən 19.06.1993-cü il tarixədək 6 №li klinik uşaq xəstəxanasında bronxial astma, qarışıq forma, İİ dərəcəli tənəffüs çatmamazlığının diaqnozu ilə müalicə almış, 1991-ci ildən əlilliyə görə təqaüd almışdır. Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, ümumiyyətlə iddiaçının övladına baxdığı müddət ərzində əlillik müavinətinin almasına dair poçtda (arxvidə) hər hansı bir sənəd aşkar olunmasa da, həmin müavinətin təyin olunması Səhiyyə Nazirliyinin nəznində olan 4 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. Hətta, iddiaçının abunə sahəsinin əməliyyatçısı kimi Azərbaycan SSR Rabitə Nazirliyi Bakı Şəhərlərarası Telefon Stansiyasında işlədiyi zaman məhz uşağının əlil olması səbəbi ilə öz xahişi əsasında işdən azad olunması məhkəmə sorğusu əsasında təqdim olunmuş əmrdə öz əksini tapmışdır. Göründüyü kimi, yuxarıda göstərilən hallar ona dəlalət edir ki, İddiaçı həqiqətən də, sağlamlıq imkanları məhdud olan övladına baxmış, onun övladında olan xəstəlik (bronxial astma) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 3.1.31-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşdüyündən, o cümlədən də, uşağın sağlamlıq imkanlarının məhdud olması təqdim olunmuş ambulator kitabçasında və poliklinikanın arayışında öz əksini tapdığından, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsində təsbit olunmuş “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa... qulluq edilməsi müddəti” müddəası iddiaçıya münasibətdə tətbiq edilərkən 1985-cı ildə doğulmuş və 1989-cu ildən sağlamlıq imkanın məhdudluğu müəyyən edilmiş Aminov Emin Tofiq oğluna qulluq müddəti əllik qrupundan asılı olmayaraq - sağlamlıq imkanı məhdud uşaq kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının müddəaları əsasında hazırda qadınların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müəyyən edilmiş yaş həddi 62 il 06 ay müəyyən olunsa da, iddiaçının 10 ildən çox ümumi stajı və onun səkkiz yaşınadək sağlamlıq imkanı məhdud olan uşağın tərbiyə etməsi müəyyən olunduğundan, “Əmək pensiyaları haqqında” Qanunun 8.2-ci maddəsi ona tətbiq olunmalıdır. Belə olan halda, iddiaçının yaşa görə əmək pensiyası hüququ 18.04.2016-cı il tarixdən yaranır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, ona 57 yaşı tamam olduğu vaxtdan, yəni 18.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon nümayəndəliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu vaxtdan, yəni 18.04.2016-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon nümayəndəliyinin üzərinə qoyulmalıdır. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-787/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-787/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver