Məhkəmə qərarları › İş №2-1(112)-787/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-787/2023

19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-787/2023 19.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçünün verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 0,08 hektar torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən torpağın alqı-satqısına dair akt əsasında 31 may 2006-cı il tarixli 69 saylı qərarla İddiaçı satılmışdır. Satılan torpağın dəyəri 3.328 manat pul vəsaiti iddiaçı tərəfindən M.Ə.Rəsulzadə bələdiyyəsinin hesabına ödənilmişdir. Bələdiyyənin sözügedən qərarının əsasları Dövlət Arxivinin Bakı Filialında saxlanılır. Fərdi yaşayış evi 0,08 hektar torpaq sahəsində yerləşir. Torpaq sahəsinin ölçüləri bələdiyyə tərəfindən tərtib edilmiş ərazinin planında öz əksini tapmışdır. İddiaşı memar tərəfindən tərtib olunmuş layihə əsasında 2006-cı ildə fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi 110 ünvanında yerləşir və 1 otaqdan ibarətdir. İddiaçı sözügedən evi daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh təşkilata 3 yanvar 2022-ci il tarixdə məktubla poçt vasitəsilə müraciət etmişdir. Lakin cavabdeh bu günədək müraciətə cavab verməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaktı mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkivyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, İPM-nin 2, 33, 45, 46, 68-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146.1, 152.1, 158-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 10, 15-ci maddələrinə, əsaslanaraq, məhkəmədən ünvan 1anında yerləşən ümumi sahəsi 34.4 kv.metr olan 1 otaqlı fərdi yaşayış evini eskiz layihəyə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmamışdır. Həmçinin torpaq sahəsinə dair verilən yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmamışdır və sözügedən torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. Bununla yanaşı, fərdi yaşayış evinə dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir və torpaq sahəsinin faktiki ölçüsü 830 kv.m-dir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya 23 dekabr 2021-ci il və 23 fevral 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. ünvan 1anında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi vahid əmlak kimi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1 – 4-cü zonalar üzrə – 0,04 hektaradək, 5 – 8-ci zonalar üzrə – 0,05 hektaradək, 9 – 12-ci zonalar üzrə – 0,06 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş «Torpaqların alqı-satqısı» Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.9, 8.0.10, 11.1-ci maddələrinə əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İddiaçı tərəf sonradan məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 800 kv.metr torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşdiyindən, işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsində baxılması qanunamüvafiqdir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “torpaq sahəsinin planı və ölçüsü”nün verilməsini də nəzərdə tutur. İnzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək vurğulayır ki, hazırkı iddiaçıya Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən müvafiq ərazidə 800 kv.m torpaq sahəsi ayrılan zaman keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbəsinin və Binəqədi RİH-in rəyləri alınmalı, bələdiyyə ilə iddiaçının arasında müqavilə bu barədə kollegial orqan kimi bələdiyyənin müvafiq qərarı qəbul olunduqdan sonra bağlanmalı idi. Məhkəmə diqqətə çəkir ki, İddiaçı ayrılan torpaq sahəsi ilə bağlı aidiyyəti qurumdan rəy alınmaması və “Torpaq sahəsinin alqı-satqı aktı”nın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (yerli qurumu) tərəfindən təsdiqlənməməsi hər hansı şəxs üçün bilavasitə nəticə yaratmadığından, inzibati akt xüsusiyyətlərinə malik deyil, icraatda yalnız iştirak xarakterli olmaqla yekun aktın qəbuluna xidmət edirlər. Odur ki, məhkəmənin qənaətinə görə müvafiq “rəyin alınmaması” və “alqı-satqı aktının təsdiqlənməməsi” iddiaçının iradəsindən asılı olmayan hallar kimi onun torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina əsası olaraq çıxış edə bilməz. Mübahisənin obyekti olan müvafiq torpaq sahəsinin koordinatlarının, məqsədli təyinatının, ayrılan dövrdə M.Ə.Rəsulzadə bələdiyyəsinin mülkiyyətdəki, habelə Bakı ŞİHin 31 avqust 2000-ci il tarixli 812 nömrəli sərəncamı ilə adıçəkilən bələdiyyəyə ayrılması nəzərdə tutulan ərazi hüquqlarında yerləşib-yerləşməməsinin müəyyən edilməsi üçün 4 oktyabr 2022-ci il tarixli məhkəmə qərardadı ilə məhkəmə ekspertizası təyin olunmuş və ekspertizanın keçirilməsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 16 yanvar 2023-cü il tarixli məktubu ilə qurumun ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı təqdim olunmuşdur. Məlumatda bildirilir ki, məhkəmə ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadda ekspert qarşısında qoyulmuş sualların həlli üçün Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən həmin suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair faktiki koordinatların, baza məlumatlarının və mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 3 noyabr 2022-ci il tarixli vəsatət göndərilmişdir. Vəsatətin verildiyi tarixdən 1 aydan artıq müddət keçməsinə baxmayaraq, mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim olunmamışdır. Göstərilənləri nəzərə alaraq, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Qanunun 12-ci maddəsinə və «Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 3.1.25-ci bəndinə görə qurumun vəzifələri sırsaına dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq da daxildir. Hazırkı iş üzrə İddiaçı M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ayrılmış torpaq sahəsinin ayrılan zaman bələdiyyə mülkiyyətində olub-olmaması barədə məhkəmə icraatında yalnız cavabdeh inzibati orqandan məlumat (yazılı etiraz) daxil olsa da, işin bu xüsusatı ilə bağlı başqa mənbədən məlumat və ya əks arqument alınması mümkünsüzdür. Belə olan halda, təyin edilmiş ekspertizanın da müsbət nəticə vermədiyi (yenidən ekspertiza təyin edilməsi əlavə vaxt itkisinə səbəb ola bilərdi) nəzərə alınmaqla, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətindəki ərazilərə aid olması barədə imtinasının dəlili cavabdehin fəaliyyət istiqamətləri üzrə səlahiyyətləri çərçivəsində verdiyi rəy kimi qəbul olunmalıdır. Qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hazırkı icraatda tədqiq olunmuş sübutlara məcmu qaydada qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının hüquq müəyyənedici sənəd kimi təqdim etdiyi 31 may 2006-cı il tarixli 69 nömrəli qərarı M.Ə.Rəsulzadə bələdiyyəsi müvafiq torpaq sahəsi üzərində səlahiyyəti olmayan qurum kimi qəbul etdiyindən, cavabdeh inzibati orqan iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15.1-ci maddəsinə əsasən haqlı olmuşdur. M.Ə.Rəsulzadə bələdiyyəsinin 31 may 2006-cı il tarixli 69 nömrəli qərarı iddiaçının həmin qərarda nəzərdə tutulan torpaq sahəsi üzərində hüququnun qeydiyyat alınmasına əsas kimi çıxış edə bilməz. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçünün verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçünün verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar