Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7871/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdehnə qarşı “icraatın dayandırılması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Xəzər Universiteti Dünya Məktəbi Cavabdeh icra məmuru Kamran Mirzəyevin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin– mütəxəssis dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və 2(013)-6654/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra Vərəqəsi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulmuş hərəkətlərin edilməsi vəzifəsinin icra məmurunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli, xx/xx-36455-30 nömrəli məktubla "xxxx" MMC-yə 2(013)-6654/2022 saylı, xx.xx.2022-ci il tarixli İcra Vərəqəsi və xx.xx.2023-cü il tarixli "İcraata başlamaq haqında" qərar göndərmişdir. xx.xx.2023-cü il tarixdə həmin məktubla birgə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6654/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi də poçt möhürü olmayan konvertlə məktəbə daxil olmuşdur. Məktəb tələbkar X1 iddiaçı tərəfindən mübahisələndirilməmiş ödənilməyən əmək haqqısını və müvafiq dövr üçün məzuniyyət pulunu ondan ötrü alınmış bank kartına köçürüb xx.xx.2023-cü il tarixdə ev ünvanına göndərmişdir. Məktəb 24 fevral 2023-cü il tarixdə, 15 fevral 2023-cü il tarixdə möhürsüz konvertlə aldığı Bakı Apellyasiya Məhkəməsinin adı çəkilən qətnaməsindən kassasiya şikayəti vermiş, şikayət elektron məhkəmə sistemində AP (103)-38464/2023 nömrəsi ilə qeydiyyatdan keçmiş və müvafiq məhkəmənin icraatına qəbul olunmuşdur. Bundan sonra Məktəb 27 fevral 2023-cü il tarixli məktubla cavabdehə rəsmi müraciət edərək həmin icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmiş, 28 fevral 2023-cü il tarixdə sözügedən məktub cavabdehə çatmış olsa da, icra məmuru icra haqqında müvafiq qanunun tələblərini pozaraq icraatın dayandırılması üçün qanunla nəzərdə tutulmuş hərəkətləri etməmiş, əksinə, tələbkarın iddia etdiyi məbləğin hesablanması üçün mütəxəsisin dəvət edilməsi barədə qərar qəbul etmişdir. İcra məmurunun "mütəxəsisin dəvət edilməsi barədə" xx.xx.2023-cü il tarixli qərarı həmin tarixli, xx/xx-36455-30 nömrəli məktubla 07 mart 2023-cü il tarixdə məktəbə daxil olmuşdir. İddiaçı icra məmurunun icra sənədi üzrə icraatı dayandırmamaq hərəkətini və "mütəxəsisin dəvət edilməsi barədə" qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarını əsassız və qanunsuz hesab etmişdir.
3. Cavabdeh icra məmuru Kamran Mirzəyev xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6654-2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar mütəxəssis dəvət edilmiş və mütəxəssis qarşısında suallar qoyulmuşdur.
4. İddiaçının xx.xx.2023-cü il tarixli cavab məktubunda isə qeyd edilir ki, X1 Xəzər Universiteti Dünya Məktəbi MMC-e tərəfindən mübahisələndirilməmiş ödənilməyən əmək haqqısını və müvafiq dövr üçün məzuniyyət pulunu ondan ötrü alınmış bank hesabına köçürmüş xx.xx.2023-cü il tarixdə ev ünvanına göndərilmişdir. Hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6654-2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, şikayət “Elektron Məhkəmə” sistemi vasitəsilə müvafiq məhkəmənin icraatına qəbul olunmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən Cavabdehndən qeyd olunan icra vərəqəsi üzrə icraatın dayandırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə (dəftərxana vasitəsilə) təqdim edilmiş xx.xx.2023-cü il tarixli etirazda bildirilir ki, şöbənin icraatında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6654/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “Xəzər Universiteti Dünya Məktəbi" MMC-dən X1 xeyrinə ödəniləcək pul vəsaitinin hesablanması zərurəti yarandığından “icra haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən mütəxəssisin dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir, icraatın dayandırılması üçün hər hansı bir əsas mövcud olmadığından icra tədbirləri davam etdirilmişdir. Mütəxəssisin dəvət edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və icraatın dayandırılması üçün əsas olmadığından Xəzər Universiteti Dünya Məktəbi” MMC-nin iddiasının təmin olunmaması xahiş olunur.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və iddiaçı məhkəmə iclasında iştirak etmir.
II. Məhkəmə aidiyyatı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarından
7. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına əsasən: - Məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair bu Qərarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələri arasında uyğunsuzluğun aradan qaldırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin; - Qanunvericilikdə müvafiq dəyişikliklər edilənədək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin “icra məmurunun olduğu yerin məhkəməsi” müddəası icra məmurunun olduğu ərazi üzrə inzibati-iqtisadi məhkəmə kimi başa düşülməlidir.
8. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarına əsasən: - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. - İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.
9. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir...
III. İddianın mümkünlüyü
10. Məhkəmə icra sənədinin icra edilməsi (o cümlədən icraatın dayandırılması) zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, icra sənədinin icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun hərəkətlərindən şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.
11. X3 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X3 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).
12. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
13. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6654/2022 saylı iş üzrə verilmiş icra sənədi üzrə icra icraatının dayandırılmasını tələb edir.
14. İcraatın dayandırılmasının məcburi və mümkün olduğu hallar “İcra haqqında” Qanunun 17 və 18-ci maddələri ilə tənzimlənir. “İcra haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir.
15. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
18. İddiaçıya müvafiq əsaslar olduqda icraatın dayandırılması barədə icra məmuruna ərizə ilə müraciət etmək hüququ, müraciəti təmin olunmadığı təqdirdə müvafiq şikayətlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun.
19. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
20. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva