Məhkəmə qərarları › İş №2-1(112)-7874/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7874/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7874/2022 08.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 0678 nömrəli, xx.xx.2014-cü il tarixli iddiaçının ehtiyata buraxılması barədə əmrinin ləğv edilməsi, N saylı hərbi hissədə rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri vəzifəsinə bərpa edilməsi və xx.xx.2014-cü il tarixdən qərar qəbul edilən tarixədək orta aylıq vəzifə maaşının hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının sonuncu xidmət yeri xx.xx.2014-cü ildən xx.xx.2014-cü il tarixədək N saylı hərbi hissələrdə tağım komandiri vəzifələrində olmuş, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası müdafiə Nazirinin 0678 nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən ehtiyata buraxılmışdır. Dəfələrlə cavabdehə müraciətlər göndərərək əmrin ona rəsmi qaydada verilməsini xahiş etmiş, lakin imtina verilmişdir. Xidmətdə olduğu müddət ərzində heç bir hərbi nizamnamə pozuntusuna yol verməmiş, qanunla üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirmiş, iltizam və digər məsuliyyətə cəlb edilməmişdir. Hərbi hissə rəhbərliyi onu ehtiyata buraxmaq üçün barəsində qərəzli və həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Cavabdehin əmri xx.xx.2014-cü ildə qəbul edilməsinə baxmayaraq, ona rəsmi qaydada xx.xx.2022-ci ildə məhkəmədə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümyəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uygun verdiyi izahatına əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən əmr ona rəsmi qaydada təqdim edilmədiyindən iddia müddəti ötürülməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/1853 nömrəli yazılı etirazda bildirilmişdir ki, iddiaçı 2014-cü il tarixli əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə ehtiyata buraxılmış, lakin əmr iddiaçı tərəfindən onun qəbulundan 8 il sonra mübahisələndirilmiş, bununla da inzibati prosessual qanunvericilikdə bu qəbildən olan iddialar üçün müəyyən edilmiş mümkünlük şərti pozulmuşdur. Belə ki, iddiaçı qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzürlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının ehtiyata buraxılmasına dair əmrlə məlumatlı olması, həmin əmrin ona elan edilməsi iddia tələbinin mübahisə doğurmayan haldır. Həmçinin, iddia tələbinin mahiyyətinə dair aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Belə ki, iddia tələbinin əsasında iddiaçı ehtiyata buraxılmasına dair əmrin ləğvinin əsası kimi əmrin ona təqdim edilməməsi dəlili əsas gətirilmişdir. Bununla əlaqədar olaraq, iddiaçı bu predmetlə əlaqədar daha əvvəl Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət edərək 13 sentyabr 2014-cü il tarixli ehtiyata buraxılmağı barədə əmrin verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. 3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Beləliklə də, Əsasnamənin qeyd olunan müddəalarında hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarışın elan olunmasına dair norma əks edilmiş, əmrin hərbi qulluqçuya bilavasitə verilməsinə dair bilavasitə göstəriş əks edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Müdafiə Nazirinin 13 sentyabr 2014-cü il tarixli əmrində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən N nömrəli hərbi hissənin Rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əks edilmişdir. Həmçinin, surəti etiraza əlavə edilmiş 26 avqust 2018-ci il tarixli təqdimatda iddiaçının 02 iyul 2014-cü il tarixdən hərbi hissənin rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri vəzifəsində xidmət etməsi, hərbi xidmətə başladığı qısa müddət ərzində özünü nizam-intizamsız bir zabit kimi göstərməsi qeyd edilmişdir. Surəti etiraza əlavə edilmiş xidmət vərəqəsində cəzalar bölməsində iddiaçının xidməti dövründə törətdiyi xətalar və buna müvafiq tətbiq edilən cəza tədbirləri ətraflı əks edilmişdir. Həmçinin, qeyd etmək zəruridir ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 24 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi ilə tətbiq edilərək cərimə cəzasına məhkum edilmişdir. İnzibati işin sadalanan xüsusatları bir daha iddia tələbinin dəlillərinin tamamilə əsassız olduğuna dəlalət etmiş olur. Sonda iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan: İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cavabdehə ünvanlanan ərizəsində iddiaçı mübahisələndirilən əmrin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 0678 nömrəli əmrindən çıxarışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, N nömrəli hərbi hissənin Rabitə bölüyünün avtomatik idarəetmə sistemləri taqımının komandiri leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr edilmişdir. İddiaçıya məxsus olan EZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 0678 nömrəli əmrinə əsasən maddə 156 “e” (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci madəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldırıla bilər. Hazırki işdə iddiaçı inzibati orqanın bundan 7 il 7 ay əvvəl onun barəsində qəbul etdiyi əmrin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Beləliklə, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, əmr ona rəsmi təqdim edilmədiyindən bu səbəbdən də məhkəməyə müraciət etmək üçün imkanının olmaması ilə əlaqədar iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə iddia verilməsi axımının başlanması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Göründüyü kimi inzibati aktdan şikayət müddəti həmin aktın təqdim, eləcə də elan olunmasından sonra, şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın isə təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Məhkəmə qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqqhesabı aparmaq üçün göndərilir. Beləliklə də, Əsasnamənin qeyd olunan müddəalarında hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarışın elan olunmasına dair norma əks edilmiş, əmrin hərbi qulluqçuya bilavasitə verilməsinə dair bilavasitə göstəriş əks edilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi EZ seriyalı, ******* nömrəli hərbi biletin surətindən göründüyü kimi onun xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 0678 nömrəli əmrinə əsasən maddə 156 “e” (xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması barədə qeyd yazılmış və iddiaçı hərbi biletini təqdim edərək Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Bu isə inzibati akt barəsində iddiaçının məlumatlı olmasını ehtiva edir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati aktın qəbul olunmasından 7 il 7 ay müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı əmr ona elan olunmaqla və təhvil-təslim sənədlərinə imza etməklə tanış olduğundan, mübahisələndirilən qərar üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddəti həmin vaxtdan başlayır və iddiaçı həmin müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Ona görə də qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar