Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7875/2025 13.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə dair çıxarışın və texniki pasportun verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının “Müharibə əlilləri, Şəhid ailələri, Çemobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamından Çıxarışa əsasən aşağıda adları çəkilən Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisəsi əlilləri, BVM-si əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə dair onlarla kirayə müqaviləsi bağlanmışdır. İddiaçı (bundan sonra iddiaçı) ailə tərkibi 4 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 28, 2 otaq, ümumi sahəsi 77.82 kv.m, yaşayış sahəsi 35.7 kv.m. İddiaçı mənzil növbəsindən çıxarılmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 31A saylı ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. xx.xx.2023-cü il tarixdə Yasamal rayonu 19 saylı MKİS ilə iddiaçı arasında Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. X4, X2, X1 və X6 notarial qaydada ərizə verərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 31A ünvanında yerləşən 28 nömrəli mənzilin İddiaçı adına qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişdirlər. İddiaçı qeyd edilən mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla iddiaçının müraciətinə imtina cavabı vermişdir. İmtina məktubunda bildirilmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 8 saylı evin, 7 saylı mənzili qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddia tələbi, tələbin əsaslandırılması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Müharibə əlilləri, Şəhid ailələri, Çernobıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamına əsasən İddiaçı verilmiş ünvan 3 ünvanında yerləşən 28 saylı, 2 otaq, ümumi sahəsi 77,82 kv.m yaşayış sahəsi 35,70 kv.m olan mənzil daşınmaz əmlaka hüququn dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, “Müharibə əlilləri, Şəhid ailələri, Çernobıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli,130 saylı sərəncamı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 4 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə 08 noyabr 2010-cu il tarixli, 11/7-143 saylı əmrlə yaradılmış kommisiyanın qərarlarına əsasən Yasamal Rayon İcraHakimiyyətində mənzil növbəsində olan müharibə əlilləri, Şahid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və yuxarıda qeyd olunan qərarlardan çıxarışları nəzərə alınaraq ona ünvan 5 ünvanında yerləşən 28 saylı mənzil verilmişdir. Qeyd edilən bina əlil və şəhid ailələri üçün tikilmiş, layihə smeta sənədləri xx.xx.2008-ci ildə təsdiqlənmiş, xx.xx.2008-ci ildən tikintisinə icazə verilmişdir. Bina tikildikdən dərhal sonra mənzilləri təyinatı üzrə əlil və şəhid ailələrinə, o cümlədən də, ona təhvil verilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının “ünvan 6 ünvanda şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 saylı sərəncamına əsasən qeyd olunan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin balansına qəbul ediməklə vahid texniki istismar normalarına uyğun xidmətin təşkili istiqamətində müvafiq təşkilati tədbirləri həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 7 ünvanda tikilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. “Müharibə əlilləri, Şəhid ailələri, Çernobıl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 130 saylı sərəncamının surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 28 saylı,2 otaq,ümumi sahəsi 77,82 kv.m yaşayış sahəsi 35,70 kv m İddiaçı verilmiş və mənimlə 20 oktyabr 2023-cü il tarixdə 44 saylı kirayə müqaviləsi bağlanmışdır. Həmin sənədlərə istinad edərək xx.xx.2025-cl il tarixdə Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüququ çəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Katastrı və Reyestri Publik Hüququ çəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-c1 il tarixli 3-21-3-30/2-D-0006-8/2025,**********44 saylı cavab məktubu ilə ərizəmə imtina cavabı verilmişdir... Həmin cavab məktubunu əsassız hesab edir. Cavabdehin etirazı: Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 31a saylı evin, 28 saylı mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının 130 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan əlavə, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 8 saylı evin, 7 saylı mənzili qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. Qeyd olunan mənzilin faktiki ümumi sahəsi 76.8 kv.m təşkil edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalniz bir dəfə istifadə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciətə imtina cavabı verdiyindən, hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İlk öncə qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 3 ünvanında yerləşən 28 saylı mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı sözügedən mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciətinə imtina cavabı vermiş, imtina məktubunun və iddiaya dair etirazın dəlilləri ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 8 saylı evin, 7 saylı mənzili qanunvericiliyinin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Bununla bağlı aşağıdakılar qeyd edilir: Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Odur ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 8 saylı evin, 7 saylı saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınması səbəbindən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən dövlət yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilməsinə dair dəlili hazırkı işin hallarına uyğun deyil. Məhkəmə qeyd edir ki, mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1-ci maddəsi çıxış edir. Belə ki, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 130 nömrəli Sərəncamına əsasən müəyyən olunur ki, qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Yasamal rayonunda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobıl hadisələri əlilləri üçün inşa edilmişdir. Odur ki, binanın inşa edilməsinin məqsədi məhz qeyd edilən kateqoriyadan olan şəxslərin mənzil ehtiyacının təmin edilməsi ilə bağlı olmuş və dövlət tərəfindən əvəzsiz olaraq verilmişdir. Həmin mənzillərin müvəqqəti olaraq verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. Nəzərə almaq lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İcra hakimiyyətinin vahidliyi prinsipindən irəli gələrək vətəndaşın həmin aktla tanınmış və faktiki olaraq icra edilmiş hüquqlarının qeydiyyatını tələb etmək hüququ vardır. Qeyd edilən yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə məhz Yasamal rayonunda əlil və şəhid ailələri üçün inşa edilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 31A saylı ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş yaşayış binasının balansa qəbul edilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 226 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 1 ünvanda əlil və şəhid ailələri üçün inşa edilmiş 9 mərtəbəli 81 mənzilli yaşayış binası dövlət mənzil fonduna keçirilməklə əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına və xidmət dairəsinə verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 8 ünvanda inşa edilmiş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə xx.xx.2010-cu il tarixli 11/7-143 N-li əmrlə yaradılmış komissiyanın qərarlarına əsasən Yasamal rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış müharibə əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisələri əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərin bölgü siyahısı və qərarlardan çıxarışlar nəzərə alınaraq mənzillərə dair onlarla kirayə müqavilələri bağlanmışdır. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “Müharibə əlilləri, Şəhid ailələri, Çernobl hadisələri əlilləri və 20 Yanvar hadisələri əlillərinə ayrılmış mənzillərin sənədləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli, 130 nömrəli Sərəncamından Çıxarışa əsasən Dadaov X7 (ailə tərkibi 4 nəfər, Əsəd Əhmədov küçəsi, ev 31 a, mənzil 28, 2 otaq, ümumi sahəsi 77.82 kv.m, yaşayış sahəsi 35.7 kv.m) ilə (Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri, 20 Yanvar hadisəsi əlilləri, BVMsi əlilləri və Çernobl hadisələri əlillərinə ayrılmış mənzillərə) kirayə müqaviləsi bağlanmışdır. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edildiyindən və mənzil növbəsində olduğundan mübahisə edilən daşınmaz əmlak ona güzəştli əsaslarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə ünvan 8 ünvanda inşa olunmuş 81 mənzilli binadakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə nazirlikdə xx.xx.2010-cu il tarixli 11/7-143 №-li əmrlə yaradılmış komissiyanın qərarı ilə ayrılmış və ayrılmış mənzilin sənədləşməsi icra hakimiyyətinə həvalə edilmişdir. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsindəki 31A nömrəli evin 28 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-7875/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7875/2025
13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver