Məhkəmə qərarları › İş №2-1(112)-7877/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7877/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7877/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, mülkiyyət hüququnu təsdiq edən Türkan bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 515/3 nömrəli bağ sahəsinin texniki pasportunun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək cərimələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-372/2022 nömrəli qərarının icrası nəticəsində İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli mülkiyyət hüququ haqqında çıxarış əldə edilmişdir. Həmin Çıxarışa əsasən Türkan bağ massivi ünvanında yerləşən 515/3 nömrəli bağ sahəsi (torpaq sahəsi) iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən mülkiyyət hüququnu təsdiq edən çıxarışla birlikdə həmin torpaq sahəsinin texniki pasportunun verilməsinə dair cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli nömrəli məktubla texniki pasportun verilməsindən imtina edilmişdir. Məktubda imtina əsası kimi qeyd edilmişdir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından müraciət edilən bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi və plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. Bu imtina əsası mülkiyyət hüququnu təsdiq edən çıxarışının verilməsindən imtina edərkən də yazılmış, halbuki məhkəmə qərarı ilə çıxarışın əldə edilməsinə nail olunmuşdur. Cavabdehin imtinası əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrinin aparılası və s. kimi funksiyalar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə verilmişdir. Həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Əsasnaməsinə əsasən bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini yaratmaq Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin vəzifəsi hesab edilir. Torpaq sahələrinin, o cümlədən bağ sahəsinin naturada dəqiq yerinin müəyyənləşdirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Əsasnaməsinə əsasən onun vəzifəsi hesab edilir. Beləliklə, Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti öz səlahiyyətlərinə aid olan məsələlərin həll edilməməsi, yəni bağ sahəsinin naturada dəqiq yerinin müəyyənləşdirilməməsi və buna müvafiq olaraq texniki pasportu verməkdən imtina edilməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

3. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, ümumi ərazidə hasarlanma işlərinin bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin naturada dəqiq yerləşməsini müəyyən edilməsi və plan ölçünün tərtib edilməsi tərəfimizdən mümkün olmamışdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışının (elektron) surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 515/3 saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

5. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3032/2021 saylı 05 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X1 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

6. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına izah verilməsi barədə ərizəsi təmin edilmiş, Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə mərhum X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi kimi izah verilmişdir.

7. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

8. Məhkəmənin hazırlıq icraatı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

14. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçıya Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mərhum X1 məxsus olmasına dair arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 515/3 nömrəli bağ sahəsinin mülkiyyət hüququ üzrə mərhum X1 məxsus olması haqqında arayışın İddiaçı verilməsi kimi izah verilmişdir.

15. Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilərək bunun əsasında iddiaçının adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır.

16. İddiaçı torpaq sahəsinə dair texniki pasportun tərtib edilməsini tələb etsə də, hüquqi marağı Torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib.

17. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır.

18. Məhkəmə həm də nəzərə alır ki, torpaq sahəsinin mövcud vəziyyəti, o cümlədən faktiki ölçüləri, konfiqurasiyası və koordinatları məhkəmə araşdırmasının predmeti olmuş və bağ torpaq sahəsinin müvafiq sənəddə göstərilən 0,12 ha ölçüyə uyğun olduğu müəyyən edilmişdir.

19. Belə ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı qərarında qeyd etmişdir ki, “Bakı şəhər X5 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Bakı şəhəri Soveti İcraiyyə Komitəsinin yanında bağ təsərrüfatı məsələlərinin araşdırılması üçün komissiyanın xx.xx.1990-cı il tarixli 16 nömrəli protokolu)» xx.xx.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən bağ tikinti kooperativlərinin tərkibinin (əlavə № 1-10) … 163 nömrəli BTK - 22 nəfər, təsdiq edilməsi və onlara müəyyən edilmiş qaydada bağ sahələrinin ayrılması qərara alınmışdır. Həmin qərara 4 №li əlavədə 163 №-li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısı qeyd olunmuşdur və həmin siyahıda 13-cü sırada X3 göstərilmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsindəki 163 nömrəli kooperativ tərəfindən verilmiş 13 nömrəli orderə əsasən X2 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1/44 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 163 №-li BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 515/3 №-li bağ ayrılmışdır. X3 iddiaçının anasıdır və o, xx.xx.2010-cu ildə vəfat etmişdir, Bakı şəhəri 41 saylı dövlət notariat kontoru tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı onun vərəsəsidir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubla Bakı şəhər X5 İcraiyyə Komitəsinin «Bağ tikinti kooperatilərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi barədə (Birlik üzrə bağ sahələrinin məsələlərinin baxılmasına dair komissiyanın yığıncağının 23 mart 1990-cı il 16 nömrəli protokolu)» xx.xx.1990-cı il tarixli 1/44 nömrəli qərarının, qeyd olunan qərara 4 №-li əlavənin (163 №-li Türkan bağ-tikinti kooperativi üzlərinin siyahısında 13-cü sırada X3 göstərilmişdir) və 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planının (mübahisələndirilən 515/3 nömrəli bağ sahəsi də həmin yerləşmə planında göstərilmişdir) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən qeyd olunan sənədlərin (qərar, bağ-tikinti kooperativi üzlərinin siyahısı, order) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Qeyd olunan sənədlər, eləcə də 163 №-li BTK-nın bağ sahələrinin Türkan massivində yerləşmə planı cavabdeh orqanda mövcuddur və bağ sahəsinin naturada dəqiq yerləşməsinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. Həmçinin cavabdeh mübahisələndirilən torpaq sahəsinə digər şəxslərin müraciətlərinin olmasını, habelə həmin torpaq sahəsinin digər şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi.”

20. X7 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X7 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

21. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

22. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

23. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

24. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

25. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar