Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-788/2023 02.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X5 cəlb olunmaqla) «sərəncamın ləğv edilməsi» barədə iddia tələbi üzrə inzibati iş materiallarına şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Bakı şəhəri Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı ilə Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 3 oktyabr 2007-ci il tarixli razılıq məktubu və razılaşdılmış layihə əsas götürülməklə Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkında layihə üzrə İddiaçı tərəfindən bərpa edilmiş pavilyonun onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Bundan sonra Nəsimi RİH-in 24 sentyabr 2012-ci il tarixlki sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamının 2-ci bəndinə dəyişiklik edilərək, obyektin X6 adına rəsmiləşdirilməsi qərara alınmışdır. 20 sentyabr 2014-cü il tarixdə Nəsimi RİH başçısının imzası ilə obyektin istismarına dair 09 nömrəli icazə sənədi verilmişdir. Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı ilə RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli və 24 sentyabr 2012-ci il tarixli sərəncamları etibarsız sayılmışdır. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 17 may 2016-cı il tarixdə İddiaçı həmin obyektə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə reyestrdən çıxarış verilmişdir. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması hissəsində ləğv olunmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-182/2017 saylı iş üzrə 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır. Həmin məhkəmə qərarından apellyasiya şikayəti verilsə də, şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-893/2017 saylı iş üzrə 20 aprel 2017-ci il tarixli qərarı ilə təmin edilməmiş və 31 yanvar 2017-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1558/2017 saylı iş üzrə 22 avqust 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Nəsimi RİH-in 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamının qismən, yəni “5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamının etibarsız sayılması” hissəsində ləğv olunması tələbini irəli sürmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3451/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin məhkəmə qərarından apellyasiya şikayəti verilmis, lakin şikayət Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-475/2019 saylı iş üzrə 19 fevral 2019-cu il tarixli qərarı ilə təmin edilməmiş və 26 oktyabr 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2-1(102)-1553/2020 saylı iş üzrə 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məlum olmuşdur ki, Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı ilə müvafiq obyektin X3 adına rəsmiləşdirilməsi qərara alınmışdır. X5 Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərini mübahisələndirmiş və daşınmaz əmlakın dövlət reyestrində obyektə dair İddiaçı adına aparılmış qeydiyyatın ləğvini tələb etmişdir. İddiaçı Nəsulla oğlu həmin iş üzrə icraata üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9048/2021 saylı iş üzrə 28 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. İş hazırda İddiaçı apellyasiya şikayətinə baxılması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin icratındadır (2-1(103)-1556/2022 saylı iş). Bundan sonra İddiaçı cavabdeh Nəsimi RİH-ə qarşı hazırkı – RİH-in 26 fevral 2016cı il tarixli (müvafiq obyektin X2 adına rəsmiləşdirilməsi barədə) sərəncamının ləğv edilməsi barədə hazırkı tələblə çıxış edərək Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. X5 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunuşdir. Məhkəmə icaatının gedişində hazırkı iş üzrə icraatın Bakı Apellyasiya Məhkəməsinin icraatında olan müvafiq (2-1(103)-1556/2023 saylı) inzibati iş üzrə yekun qərar qəbul olunanadək dayandırılması barədə 12 may 2022-ci il tarixli qərardad qəbul olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 6 fevral 2023-cü il tarixli qərardadı ilə verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli “iş üzrə icraatın dayandırılması barədə” qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı hesab edir ki (iddia ərizəsinə əsasən), cavabdeh Bakı şəhəri Nəsimi RİH hazırkı iddia ilə ləğvi tələb olunan inzibati aktı qəbul etməklə, Azərbaycan Respublikası Konstitusiyasının, «İnzibati icraat haqqında» Qanunun, Şəhərsalma və Tikinti Məcəlləsinin, «Yerli icra hakimiyyətləri haqqında» Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərini pozmuşdur. Qanunsuz inzibati aktı qəbul edərkən cavabdeh inzibati orqan, həmin sərəncamın qəbulu üçün hər hansı faktiki və hüquqi əsasları göstərməmişdir. Çünki, belə bir sərəncamın qəbul edilməsi üçün Nəsimi RİH başçısının hər hansı faktiki və hüquqi əsasları mövcud olmamışdır. Sərəncamla, guya vətəndaş Könül Əliyevanın adına “sənədləşdirilməsi” qərara alınan qeyri-yaşayış sahəsinin Nəsimi RİH başçısının 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı ilə onun (iddiaçının) adına rəsmiləşdirilməsi, onun adına 30 sentyabr 2014-cü il tarixli istismara icazə sənədinin verilməsi və daşınmaz əmlak kimi mülkiyyət hüququ ilə ona məxsus olması işin mübahisəsiz halıdır ki, bu hallardan Nəsimi RİH-in başçısının birbaşa məlumatı olmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla, müasir üslubda, şəhərin və yerləşdiyi ünvanda parkın təbii görünüşünə, şəhərsalma və memarlıq dizaynına uyğun olaraq yerləşir, ictimai iaşə obyekti kimi yüksək keyfiyyətlə xidmət göstərməklə hazırda da fəaliyyətdədir və iddiaçı tərəfindən istifadə olunur. Əmlaka mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmışdır və bu qeydiyyat qüvvədədir. Nəsimi RİH-in 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı qanunsuz olduğundan ləğv edilməlidir. Cavabdeh Bakı şəhəri Nəsimi RİH hesab edir ki, 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncam qanuni əsaslarla verilmişdir və iddia əsassızdır. Belə ki, iddiaçının adına verilmiş Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı etibarsz sayılmışdır. Bununla bağlı məhkəmə mübahisələri olsa da, hazırkı iddiaçının tələbi həmin işlərdə təmin edilməmişdir. İddianın rədd edilməsi məhkəmədən xahiş olunur. İnzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X5 hesab edir ki, Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı qanunidir. İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs (və nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, üçüncü şəxsin iştirakı olmadan iclasın keçirilməsini mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. Qeyd olunmalıdır ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 35.1-ci maddəsinə görə maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: (35.1.1) inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə, (35.1.2) maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda, (35.1.3) inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.9-cu maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: (8.0.9.2) çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş bütün şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər, eləcə də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu şərtlərdən biri də iddiaçının müvafiq iddianı qaldırmaq üzrə subyektiv hüququnun olmasıdır. Ona görə də, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, iddiaçının subyektiv hüququnun olması şərti də yerinə yetirilməlidir. Hazırkı işin hallarına görə İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov və R.Behbudov küçələrinin kəsişməsində yerləşən istirahət parkındakı tikiliyə (qeyri-yaşayış sahəsinə) mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Bakı şəhəri Nəsimi RİH-in tikilinin rəsmiləşdirilməsi barədə 5 oktyabr 2007-ci il tarixli 328 saylı sərəncamı və həmin tikiliyə dair “istismara icazə” sənədi əsasında qeydiyyata alınsa da, sözügedən sərəncam cavabdehin özü tərəfindən ayrıca inzibati aktla etibarsız sayılmışdır, “istismara icazə” sənədinin isə hansı tarixdə, hansı icraat üzrə verilməsi (şəxsin ərizəsi, qeydiyyat kitabında qeyd aparıması) müəyyən edilmir. Nəzərə alınmalıdır ki, istismara icazə sənədinin cavabdeh Nəsimi RİH tərəfindən təsdiqlənməsi iş materiallarlna əlavə edilmiş qurumun 20 iyul 2016-cı il tarixli arayışı və ona əlavə olunmuş sənədlərlə təbzib olunur. İddiaçı hazırkı iddianı qaldırarkən subyektiv hüququnu müvafiq əmlaka dair adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılması və mülkiyyət hüququnun mövcud olması ilə əsaslandırsa da, məhkəmə bu mövqe ilə razılaşmır və qeyd edr ki, «İnzibati icraat haqqında» Qanunun tələblərinə görə etibarsız sayılmış inzibati aktın hüquqi nəticələri onun qəbul edildiyi andan aradan qalxmış olur. Yəni, Nəsimi RİH-in 5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncamı qurumun özünün 11 yanvar 2016-cı il tarixli 01 nömrəli sərəncamı sərəncamı ilə etibarsız sayıldığından, onun hüquqi nəticəsi kimi həmin sərəncam əsas götürülməklə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mövcudluğu da formal xarakter daşıyır. İşin bu xüsusatına qiymət verərkən məhkəmə həm də diqqətə çəkir ki, Nəsimi RİHin 11 yanvar 2016-cı il tarixli 01 nömrəli (5 oktyarbr 2007-ci il tarixli sərəncamın etibarsız sayılması barədə) sərəncamı hazırkı İddiaçı tərəfindən məhkəmə qaydasında iki dəfə - “sərəncamın qismən etibarsız sayılması” və “sərəncamın qismən ləğv edilməsi” tələbləri irəli sürülsə də, müvafiq məhkəmə aktları ilə iddialar əsassız qiymətləndirilmiş və rədd edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, müvafiq obyektə dair İddiaçı adına aparılmış qeydiyyat mübafiq icraat üzrə maraqlı şəxs kimi çıxış edən hazırkı üçüncü şəxs X5 tərəfindən ayrıca iddia ilə mübahisələndirilsə də, həmin işin icraatı hazırkı iş üzrə icraata baxılıb qərar qəbul edilənədək dayandırılmışdır. Bununla da belə nəticə yaranır ki, iddiaçının müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənəd (5 oktyabr 2007-ci il tarixli 328 nömrəli sərəncam) mövcud olmadığından, xüsusilə də qeydiyyatın aparıldığı 17 may 2016-cı il tarixdən əvvəlki dövrdə etibarsız sayıldığından, qəbul edildiyi andan əhəmiyyətsiz qiymətləndirilmiş həmin sərəncam əsasında ararılan qeydiyyatın da hüquqi nəticəsi istisna olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə gəldikdə isə, hazırkı işin hallarına həmin normanın tətbiqi yolverilən sayıla bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə, İddiaçı 26 fevral 2016-cı il tarixli 33 nömrəli sərəncamı mübahisələndirmək üzrə subyektiv hüququ olmadığından, məhkəmə icraatında hazırkı cavabdeh Bakı şəhəri Nəsimi RİH tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifələrin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayıla bilməz. Məhkəmə sadalananlarla yanaşı qeyd edir ki, formalaşmış inzibati məhkəmə icraatı praktikasına görə iddiaçının subyektiv hüququnun olduğu və digər mümkünlük şərtlərinin (mübahisənin publik olması, cavabdehin düzgün seçilməsi və s.) ödənildiyi hallarda növbəti qiymətləndirilən xüsusat iddia müddətinə riayət olunmasıdır. Lakin məhkəmə işin hazırkı mərhələsində iddiaçının subyektiv hüququnun olmaması qənaətinə gəldiyindən, bu xüsusata toxunulmasına zərurət görmür. Bununla belə məhkəmə diqqətə çəkir ki, iddia qaldırıldığı vaxtdan 30 gün əvvəlki tarixədək iddiaçıya mübahisə predmeti olan sərəncamın məlum olmasını təsdiqləyən sübut və dəlillər prosesin digər iştirakçıları tərəfindən məhkəmə icraatında təqdim edilməmişdir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «sərəncamın ləğv edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 2, 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-788/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-788/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver