Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7880/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “mənzilə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək uzun müddət şəxsi istifadəsində olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, 910 saylı mənzilə mülkiyyət hüququnun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, 910 saylı mənzil iddiaçının şəxsi istifadəsi barəsində sərəncam verilmişdir. Uzun müddət şəxsi istifadəsində olmasına baxmayaraq, həmin mənzilə mülkiyyət mənzil üzrə mülkiyyət hüququ ala bilməmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə müraciətinə cavab olaraq bildirmişdirlər ki, “Ulduz” X5 17 saylı, xx.xx.2008-ci il tarixli protokoluna əsasən verilmiş xx.xx.2008-ci il tarixli 11/62 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti quruma sorğu göndərilmiş, lakin sorğu bu günədək cavablandırılmadığından ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, mənzilə aid hüquq müəyyənedici sənəd olaraq təqdim edilmiş “Ulduz” X5 17 saylı, xx.xx.2008-ci il tarixli protokoluna əsasən verilmiş xx.xx.2008-ci il tarixli 11/62 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti quruma sorğu göndərilmiş, lakin sorğu bu günədək cavablandırılmamışdır. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamentinin kirayə müqaviləsinin bağlanmasına dair 67/5 saylı sərəncamı xx.xx.2020-ci il tarixində verilmişdir. Bu barədə iddiaçıya, **********14, **********69 və **********51 saylı, xx.xx.2020ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixli cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.2ci maddəsinə əsasən qeydiyyat orqanında təqdim edilmiş hər hansı sənədlə bağlı onun həqiqiliyinə dair şübhəsi olduqda müvafiq icra hakimiyyəti orqanlarına sorğu göndərmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqim edərək Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin, 910 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul eidlməsini xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən əldə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş “Ulduz” X7 xx.xx.2008-ci il tarixli, 11/62 nömrəli orderinə əsasən İddiaçı 5 (beş) nəfərdən ibarət ailə üzvləri (özü (1951), X3 - arvadı (1958), X11 - qızı (1979), X14 - qızı (1981), X15 (1982)) ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindəki 21a saylı evdə yerləşən 2 saylı yataqxananın 9 mərtəbəli binasındakı 9-cu mərtəbədə yaşayış sahəsi 24.0 kv.m olan 2 (iki) otaqlı 909-910 nömrəli mənzilində yaşamaq hüququna malikdir. Order “Ulduz” EİB-nin müdiriyyəti ilə razılaşdırılaraq HİK-nin 17 saylı protokolu ilə rəsmiləşdirilərək xx.xx.2008-ci il tarixli birgə qərara əsasən verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 67/5 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentin balansına verilmişdir. ünvan 2 ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adma kirayə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 1988-ci ildən qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin, yaşayış sahəsi 24,0 kv.metr olan 2 otaqlı 910 saylı mənzilində 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 qızı) yaşayır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsaslanaraq: Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin, yaşayış sahəsi 24,0 kv.metr olan 2 otaqlı 910 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 qızı) İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində ünvan 3 ünvanda yerləşən 910 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X12 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində ünvan 3 ünvanda yerləşən 910 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş X14 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində ünvan 3 ünvanda yerləşən 910 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razı olduğunu, heç bir etirazının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş BŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2021-ci il tarixli, 174 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Xətai rayonu, Cavanşir küçəsi, 21a nömrəli 9 mərtəbəli evin 9-cu mərtəbəsində 24.0 kv.m sahəsi olan 2 otaqlı 910 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı - özü (1951), X3 - h/yoldaşı (1958), X11 - qızı (1979), X14 - qızı (1981), qeydiyyata alındıqları vaxt 1988-ci il. Məhkəmə sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2022-ci il tarixli, 484 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı Sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin “Ulduz” İstehsalat Birliyinin balansında olan, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21A ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına qəbul edilmişdir. Qeyd edilən ünvandakı 910 saylı mənzil dövlət mənzil fondunun növünə aiddir. Həmin məktubla göndərilmiş sənədlərdən görünür ki: - X3 xx.xx.2020-ci il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X12 xx.xx.2020-ci il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X14 xx.xx.2020-ci il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - X15 xx.xx.2020-ci il tarixli ərizəsində qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına kirayə müqaviləsinin bağlanmasına etiraz etmədiyini bildirmişdir. - BŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 53 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Cavanşir küçəsi, 21a nömrəli 9 mərtəbəli evin 9-cu mərtəbəsində 24.0 kv.m sahəsi olan 2 otaqlı 910 nömrəli mənzilində yaşayır. Daimi qeydiyyatda olanlar: İddiaçı - özü (1951), X3 - h/yoldaşı (1958), X12 - qızı (1979), X14 qızı (1981), qeydiyyata alındıqları vaxt 1988-ci il. - İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərdə “Ulduz” zavodu, X18 Birliyində çilingər-santexnik, yığıcı çilingər vəzifələrində işləmişdir. - ünvan 1 910 nömrəli mənzilin yaşayış sahəsi 24 kv.m (12kv.m+12 kv.m) olmaqla sxemi 118 saylı MKİS-nin rəisi H.Vəliyev tərəfindən tərtib edilmiş, imzalanmış və Mənzil- Kommunal Təsərrüfatı Departamentinin möhürü ilə təsdiq edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********93 nömrəli məktubunda bildirilmişdir ki, “Ulduz” Elm-İstehsalat Birliyi özəlləşdirilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-18614 nömrəli məktubu ilə təqdim edilmiş İddiaçı fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Ermənistan SSR Krasnoselo rayonu, Ardanış kəndində anadan olmuşdur. Vətəndaşlığı: Azərbaycan, həyat yoldaşı: X3, atası: X16, anası: X4r. Yaşayış yeri: Xətai rayonu, Cavanşir küçəsi, ev 219, yat № 2, mənzil № 910, əsas: “Ulduz” EİBnin xx.xx.1987-ci il tarixli, 62 nömrəli orderi. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubunda bildirilmişdir ki, sorğu olunan məsələyə dair “Ulduz” Elm-İstehsalat Birliyinin arxivində heç bir sənəd yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli, 018-16863-1222 nömrəli məktubunda bildirilmişdir ki, sorğu etdiyiniz xx.xx.1951-ci il təvvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən hazıradək Cavanşir küçəsi, yataqxana 2, ev 21a ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildirilir ki, qeyd etdiyiniz ünvanda İddiaçı, həmçinin digər şəxslərin yaşayış yeri üzrə qeydiyyatı müəyyən edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli, xx/xx-05321 nömrəli məktubunda bildirilmişdir ki, Agentliyin mütəxəssisi tərəfindən qeyd olunan mənzilə baxış keçirilmiş və 26 iyul 2022-ci il tarixli rəy tərtib edilmişdir. Həmin məktubla təqdim olunmuş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azkommunlayihə” KLİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş rəydə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 34/08804 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7880/2022 saylı xx.xx.2022-ci il tarixli inzibati işlə əlaqədar İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair ünvan 5 ünvanda yerləşən 910 saylı mənzilin qəzalı olub-olmaması ilə bağlı Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” institutunun mühəndisi X13 aşağıdakıları bildirir: İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən 910 saylı mənzilin texniki vəziyyəti normaldır və mənzil saz vəziyyətdədir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Cavanşir küçəsi, ev 21A, 910 nömrəli mənzil üzrə yaşayış otağı: hüquqmüəyyənedici sənəd üzrə və faktiki - 2, yaşayış sahəsi: hüquqmüəyyənedici sənəd üzrə - 24,0 və faktiki - 23,2, ümumi sahəsi: faktiki - 35,1, 9 mərtəbəli binanın 9-cu mərtəbəsi. İş materiallarına əlavə edilmiş "xxxx" MMC 3 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli arayışında qeyd edilmişdir ki, verilir ondan ötəri ki, ***- **-** saylı telefon nömrəsi İddiaçı adına ünvan 6 ünvanında xx.xx.2000-ci il tarixindən işləyir. Məhkəmə sorğusuna cavab olaraq BŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 118 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 583 nömrəli məlumatına əsasən Bakı şəhəri, Xətai rayonu, Cavanşir 21a, 910 nömrəli mənzilə dair İddiaçı 1988-ci ildə qeydiyyata düşüb. Bina 2019cu ildə 118 saylı MKİS-ə təhvil verilmişdir və şəxsi hesab vərəqəsi açılmışdır. 118 saylı MKİS tərəfindən İddiaçı adına açılmış şəxsi hesab vərəqəsindən görünür ki, Cavanşir küçəsi, ev 21a, 909-910 nömrəli 2 otaqlı mənzilin norma ilə sahəsi 24,0 kv.m, artıq sahə 35,10 kv.m-dir. Mənzildə İddiaçı - özü (1951), X3 - h/yoldaşı (1958), X12 - qızı (1979), X14 - qızı (1981) yaşayırlar. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********51 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunmuşdur ki, “Ulduz” X5 17 saylı, xx.xx.2008-ci il tarixli protokoluna əsasən verilmiş xx.xx.2008-ci il tarixli 11/62 saylı order ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aidiyyəti quruma sorğu göndərilmiş, lakin sorğu bu günədək cavablandırılmadığından ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, 910 saylı mənzilin istifadəsində olduğunu, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2020-ci il tarixli, 67/5 nömrəli sərəncamı ilə həmin mənzilin kirayəçisi hesab edildiyini əsas götürərək mənzilin özəlləşdirilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müraciət təmin olunmadığından hazırkı iddia ilə məhkəməyə müraciət edərək sözügedən mənzilin onun adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İddiaçı hazırkı iddia üzrə mübahisəli mənzilin kirayəçisi hesab edilməsi haqqında Bakı şəhər MKTD-nin sərəncamı 2020-ci ildə verilsə də, həmin mənzildə 1988-ci ildən yaşadığını, mənzil münasibətlərinin Mənzil Məcəlləsi qüvvəyə minməzdən xx.xx.2009-cu il tarixdən əvvəlki dövrə təsadüf etdiyini nəzərə alaraq mənzili özəlləşdirmək hüququnun olduğunu iddia edir və həmin mənzilə mülkiyyət hüquqlarının qeydiyyatını mübahisələndirir. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun ilə mənzil hüquq münasibətlərinin iştirakçısı kimi mənzili özəlləşdirmək hüququnun olub-olmadığının müəyyən edilməsindən ibarətdir. İşin hallarından müəyyən olur ki, iddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərdə X18 Birliyində işləmişdir. İddiaçıya ilkin olaraq “Ulduz” EİB-nin müdiriyyəti ilə HİK-nin 17 saylı protokolu ilə qəbul olunmuş xx.xx.2008-ci il tarixli birgə qərarına əsasən xx.xx.2008-ci il tarixli, 11/62 nömrəli orderi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindəki 21 a saylı evdə yerləşən 2 saylı yataqxananın 9 mərtəbəli binasındakı 9-cu mərtəbədə yaşayış sahəsi 24.0 kv.m olan 2 (iki) otaqlı 910 nömrəli mənzili 5 nəfər ailə tərkibi olaraq istifadəsinə verilmişdir. İddiaçı xx.xx.1988-ci il tarixdə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 703s nömrəli Sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 543 saylı Sərəncamı ilə özəlləşdirilən dövlət müəssisələrinin (birliklərinin) və ləğv olunan dövlət şirkətlərinin balansında olan sosial-mədəni və kommunal-məişət təyinatlı obyektləri, o cümlədən ləğv edilmiş Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin “Ulduz” İstehsalat Birliyinin balansında olan, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 21A ünvanında yerləşən yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir. Mübahisəli mənzil hazırda dövlət mənzil fonduna aid olmaqla Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Balanssaxlayıcı Bakı şəhər Mənzil Kommunal Departamentinin xx.xx.2020-ci il tarixli, 67/5 nömrəli sərəncamı əsasında yerləşən 21A saylı evin 2 otaqlı 910 saylı mənzilə İddiaçı adına kirayə müqaviləsi bağlanması qərara alınmış və sonuncu mənzilin kirayəçisi hesab edilmişdir. Mənzilin iki otaqdan ibarət sxemi MKİS tərəfindən tərəfindən tərtib edilmiş, iki otaq birlikdə yaşayış sahəsi 24,0 kv.metr 910 nömrəli mənzil olaraq balanssaxlayıcı tərəfindən qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzili özəlləşdirmək hüququ 2020ci ildən əvvəl yaranmışdır. İddiaçıya 2008-ci ildə ünvan 2 evin, 910 saylı mənzilin verilməsi və Bakı şəhər MKTD tərəfindən 2020-ci ildə iddiaçının həmin mənzilin kirayəçisi hesab edilməsi iddiaçının sözügedən 910 saylı mənzilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş özəlləşmə hüququnun həyata keçirilməsinə mane olmur. Belə ki, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İddiaçı ilə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi vaxtdan keçmiş Mənzil Məcəlləsinin qüvvəyə olduğu müddətdə (xx.xx.2009-cu il tarixədək) yazılı kirayə müqaviləsinin olmaması iddiaçının iştirakçısı olduğu mənzil kirayə münasibətlərinin etibarlılığına təsir etməmişdir. Qeyd edildiyi kimi sözügedən mənzil keçmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə iddiaçının işləmiş olduğu müəssisə müdriyyəti və həmkarlar ittifaqının birgə qərarı əsasında istifadəsinə verilmiş, həmin mənzilə köçmək üçün iddiaçıya order verilmiş, orderin özündə konkret olaraq idarə müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarına istinad edilmiş, order müdiriyyətinin möhürü ilə təsdiq edilmişdir. İddiaçı həmin mənzildə yaşayış yeri üzrə 1988-ci ildən qeydiyyata alınmış, mənzilə dair ilkin şəxsi hesab vərəqə iddiaçının adına açılmışdır. İddiaçının adına olan order və orderin verilməsinə əsas olmuş müəssisə müdriyyəti və həmkarlar ittifaqının qərarı mübahisələndirilməmiş, hazırda da qüvvədədir. Bundan əlavə mənzilin hazırkı balansaxlayıcısı olan Bakı şəhər MKTD iddiaçını təqdim etdiyi xx.xx.2008-ci il tarixli 11/62 saylı order əsasında onu 910 nömrəli mənzilin kirayəçisi kimi tanımış, onunla həmin mənzilə dair kirayə müqaviləsini bağlamışdır. Başqa sözlə, cavabdehin istinad etdiyi mənzilə aid orderlə bağlı aidiyyəti qurumdan cavabın alınmasının mümkün olmaması mənzilin dövlət mənzil fondundan xüsusi mülkiyyətə keçirilməsinə mane deyildir və iddiaçının adına özəlləşməsinə əhəmiyyətli təsiri yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, hazırkı məhkəmə icraatında əldə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 26 iyul 2022-ci il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, iddia olunan ünvan 5 ünvanda yerləşən 910 saylı mənzilin texniki vəziyyəti normaldır və mənzil saz vəziyyətdədir. Həmçinin qeyd edilməldiir ki, sözügedən mənzildə qeydiyyatda olan şəxslər mənzilin iddiaçının adına özəlləşdirilməsinə notarial qayadada razılıq ərizələrini təqdim etmişlər. Beləliklə, məhkəmə hesab edir ki, icarədar kimi iddiaçının istifadəsində olan mənzilə keçmiş Mənzil Məcəlləsinin tələbinə uyğun olaraq kirayə müqaviləsindən irəli gələn istifadə hüquqları mövcud olmuşdur. Məhkəmə qeyd edir ki, iddia olunan mənzilə dair kirayə müqaviləsinin bağlanması sərəncamının 2020-ci ildə, yəni yeni Mənzil Məcəlləsinin qüvvəyə minməsindən sonra verilməsi həmin Məcəllənin qüvvəyə minməsindən əvvəl yaranmış və davam edən münasibətlərin mahiyyətinə təsir etmir. Əksinə, bu sərəncam mövcud münasibətləri yalnız yazılı formada təsbit etmiş, tərəflərin mənzil münasibətlərindən irəli gələn hüquq və öhdəliklərinə təsir etməmişdir. Başqa sözlə, iddiaçı hüquq münasibətlərinin yarandığı dövr üzrə qüvvədə olan mənzil qanunvericliyinə uyğun olaraq mənzilin özəlləşdirilməsi hüququnu qazanmışdır. İddiaçının adına mənzilə dair 2009-cu ildən sonra rəsmiləşmənin aparılması onun mənzilə həmin vaxtadək “qazanılmış hüququ”nu aradan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X10 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X8-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının xx.xx.2020-ci il tarixli, 67/5 nömrəli sərəncamını, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını, mənzildə yaşayan şəxslərin özəlləşməyə razılıq ərizələrini təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin 910 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 21A saylı evin 910 saylı mənzilinə İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-7880/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7880/2022
26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver