Məhkəmə qərarları › İş №2-1(112)-7884/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7884/2023

29.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7884/2023 29.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 və adi cəlbetmə qaydasında üçüncü şəxs X4 nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs X5) qarşı “qeydiyyata alınma öhdəliyinin qoyulması”na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və oğlu İddiaçı2 ilə birlikdə ünvan 3 ünvanında 1993-cü il tarixdən yaşayır. Lakin şəxsiyyət vəsiqələrində ünvan 4 ünvanında qeydiyyatdadırlar. Həmin mənzil başqa şəxsin mülkiyyətindədir və iddiaçıların mənzillə heç bir əlaqəsi yoxdur. Evin mülkiyyətçisi təcili mənzildən qeydiyyatdan çıxmaqlarını haqlı olaraq tələb edir. Bundan əlavə olaraq hər hansı sənədləşmə və s. məsələlərdə iddiaçılar öz yaşadıqları yerdə deyil, həmin yerdən uzaq məsafədə yerləşən və heç tanımadıqları ünvanlardan sənəd toplamalı olurlar. Bəzən iddiaçıları həmin ünvanda görmədikləri və yaşamadıqları üçün sənəd verməkdən də imtina edilir. Bu da iddiaçıları çətin vəziyyətə salır. Evin mülkiyyətçisi X4 da iddiaçıların həmin mənzilə qeydiyyata düşməyinə razı olsa da, cavabdeh iddiaçıları qeydiyyata almaqdan imtina edir. Həmin ev 1 mərtəbəli, 21 kvm. ibarətdir. Bütün kommunal şəraiti vardır. Bütün kommunal xərclər İddiaçı1 tərəfindən ödənilir. Mənzildə X1 (xx.xx.1993-cü il tarixdən) başqa heç kim qeydiyyatda deyil və heç kimin mülkiyyət hüquqları pozulmur. Həmin mənzildə X4 1993-cü il tarixdən yaşayır və həmin vaxtdan istifadə hüquqları tanınmışdır. Bu istifadə hüququ əsasında da mənzilin kirayə müqaviləsi də onun adına məhkəmə qərarı əsasında dəyişmişdir. İddiaçılar cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə dəfələrlə müraciət etsələr də, müraciətləri müsbət həll edilməmişdir. Məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X4 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2020 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə ünvan 5 ünvanında yerləşən mənzilə dair kirayə müqaviləsinin X4 ilə bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Xətai rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. X4 mənzilin qanuni sahibi olmaqla istifadəçisidir.

5. Xətai rayonu İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 221 saylı sərəncamı əsasında Xətai rayonu, Nobel prospektində yerləşən 155 nömrəli evin, 12 saylı mənzilinə daimi kirayə müqaviləsi vətəndaş X4 ilə bağlanılmışdır.

6. Cavabdeh Xətai rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən çıxarılacaq qətnamənin icraya yönəldikdən sonra cavabdeh tərəfindən icra olunacağı qeyd olunmuşdur.

7. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən Nümayəndə eyni zamanda X2 nümayəndəsi olduğunu və üçüncü şəxsin iddianın təmin olunmasını xahiş etdiyini bildirdi. Belə ki, mənzilin kirayəçisi X3r və iddiaçılar həmin mənzildə yaşayırlar və o, iddiaçıların qeyd edilən mənzilə qeydiyyata düşməsinə razıdır.

II. İddianın növü və mümkünlüyü

9. İPM-dən: 30.1 Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.4. İnzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.

10. Məhkəmə iddiaçıların mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olduqlarında prosessual həmiştirakçılığı yolverilən hesab edir.

11. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

14. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli cavabında qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. Cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

22. CMS-AZEMİS məlumat-axtrarış sistemindən görünür ki, şəxsiyyət vəsiqəsinin statusu “aktivdir” (iddiaçılar qeydiyyatda olduqları ünvanda yaşamırlar və həmin mənzillə heç bir əlaqələri yoxdur).

23. Məhkəmə müəyyən etdi ki, üçüncü şəxs iddiaçıların qeyd edilən mənzilə qeydiyyata düşməsinə etiraz etməmişdir.

24. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qeydiyyat “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmanın məqsədlərinə uyğun olmaqla iddiaçının uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmağa xidmət etdiyindən iddia təmin edilməlidir.

25. Qeyd edilən yanaşma X10 məhkəməsinin təcrübəsinə də əsaslanır. X10 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X10 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).

26. Digər tərəfdən həmin evdə yaşayan şəxslə müqayisədə fərqli yanaşma iddiaçıya münasibətdə ayrı-seçkilik və X10 Konvensiyasının 8-ci maddəsi ilə qorunan mənzilinə hörmət hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftarın X10 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin evdə yaşayan şəxslər arasındakı ailə bağları nəzərə alınaraq X10 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X10 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrıseçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X6rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14cü maddəsinin pozuntusu hesab edilə bilər.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarında Konstitusiya Məhkəməsi tərəfindən qeyd edilən hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasında yaşayan bütün şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrininin icra edilməsi barədə Qanunun tələbi mütləq yerinə yetirilməlidir. Yaşayış yeri olmayan vətəndaşların qeydiyyatını isə Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları təşkil etməlidirlər. Digər ölkələrin təcrübəsini nəzərə alaraq bu orqanlar belə vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirməklə onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin edə bilərlər. Belə ki, eyni problemlə rastlaşan Ukrayna və Belarusiyada bu məsələnin həlli üçün müəyyən yaşayış yeri olmayan şəxslərin reqional Qeydiyyat Mərkəzləri yaradılmışdır.

28. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh qurumun imtinası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Birgə iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən mənzilə qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi- 540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar