Məhkəmə qərarları › İş №2-1(112)-7888/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7888/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7888/2022 06.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (anası) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X12, X22, X21, X13 və X6) yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X9, X18, X16, X10 və X3 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Sabunçu Rayon Polis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2016-ci il tarixində verilmiş seriya RX № ******* qeydiyyat nömrəsi olan çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi ev 17 mənzil 18 onun xüsusi mülkiyyətindədir. Sözügedən mənzili bağışlamaq istədikdə mənzildə vətəndaşlar X12, X22. X21, X13 və X1 mənzilimdə pasport qeydiyyatında olduğunu öyrəndi. Yuxarıda qeyd etdiyim şəxslər xeyli vaxtdır ki, həmin ünvanda yaşamır, qeydiyyatları formal xarakter daşıyır. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına. mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Ümumiyyətlə, qeyd edilən şəxslərin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, onların mənzilinə formal qeydiyyatına son vermək üçün Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə müraciət etsə də, cavabdeh xx.xx.2022-ci il tarixində müraciətinə imtina etmiş və məhkəməyə müraciət etməyini izah etmişdir. Nəticədə o, məhkəmə müraciət etmək məcburiyyətində qalıb.

3. İddiaçının müraciətinə cavab olaraq Sabunçu rayon polis idarəsi tərəfindən bildirilmişdir ki, X7, X17, X14, X8 və X2 İddiaçı məxsus Sabunçu rayonu, Sabunçu qəs., Nəsib Məlikov küç., ev 17, mən. 18-dən pasport qeydiyyatından çıxarılmaları Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməlidir.

4. Məhkəmənin şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, qeydiyyatdan çıxarmaq istədiyi şəxs onunla bir evdə yaşamayırlar, qeydiyyatları formal xarakter daşıyır.

5. Məhkəmə iclasında üçüncü şəxslər iştirak etmir. II. İddianın növü və mümkünlüyü

6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

7. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

8. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə X12, X22, X21, X13 və X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar.

9. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X12, X22, X21, X13 və X6 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən, ünvan 3 iddiaçının xüsusi mülkiyyətindədir.

11. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bildirilmişdir ki, sorğuda adı qeyd edilən şəxslərin (üçüncü şəxslərin) ünvan 3 dair istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir.

12. ünvan 3 ünvanında yaşayan şəxslər barədə məlumat verilməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu rayon mənzil-kommunal təsərrüfatı birliyi 69 saylı mənzil-kommunal istismarı sahəsi tərəfindən bildirilmişdir ki, Sabunçu qəsəbəsi N.Məlikov küçəsi ev 17, 18 saylı mənzil 69 saylı MKİS-in balansında 2 (iki) mənzildir. Bunlardan biri xx.xx.2016-ci ildə DƏDRX tərəfindən verilmiş RX ******* saylı Çıxarışa əsasən İddiaçı adınadır. Digər 18 saylı mənzil isə xx.xx.2003-cü ildə Sabunçu rayon Məhkəməsində verilmiş № 2-2248 iş üzrə məhkəmə qətnaməsinə əsasən X14 adına Sərəncam verilməsinə dair bu mənzildə X21, X13, X5 qeydiyyatdadırlar. İddiaçı adına olan mənzildə yaşamırlar. X12, X22 qeydiyyatda olsa da, yaşamırlar.

13. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayon məhkəməsi tərəfindən təqdim edilmiş həmin məhkəmənin 2-2248/2003 nömrəli iş üzrə xx.xx.2003-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə iddiaçı X19 ilə Bakı şəhəri, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi 17 saylı evin 18 saylı mənzilinə dair icarə müqaviləsinin bağlanması tapşırılmışdır.

IV. Məhkəmənin mövqeyi

14. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabunşu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi ev 17, 18 saylı iki ayrı mənzi mövcuddur. Üçüncü şəxslərdən X21, X13, X5 iddiaçıya məxsus mənzildə deyil, digər 18 saylı mənzildə qeydiyyadadırlar.

15. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Məhkəmə iddiaçının subyektiv hüququ olmadığı qənaətinə də gəlmir. Belə ki, Sabunşu rayonu, Sabunçu qəsəbəsi, N.Məlikov küçəsi ev 17, 18 saylı mənzil mülkiyyətindədir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən ünvan üzrə iki mənzil mövcud olduğundan və üçüncü şəxslərdən X21, X13, X5 həmin ikinci 18 saylı mənzilə qeydiyyata alındıqlarından cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.

16. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydalarına əsasən: 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda.

17. Odur ki, iddiaçı ünvanların dəyişdirilməsi üçün aidiyyəti üzrə müraciət edə bilər.

18. Üçüncü şəxslərdən X12, X22 isə həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

19. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

22. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

23. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

24. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. X12 və X17 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar