Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7888/2025 29.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2025-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının və həmin qərarın icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2002-xx.xx.2007-ci il dövrlərinin dövlət qulluğu stajı kimi nəzərə alınmaqla iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması, cavabdehin iddiaçı barəsində xx.xx.2025-ci il tarixdə qəbul etdiyi aktın ləğv edilərək tutulmuş vəsatin (pensiya və maddi yardım hissəsinin) geri qaytarılması və tutulmanın (son 3 il dövr üçün) dayandırılması barədə qərar qəbul edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-113-403/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın və onun icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 28 avqust 2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən ona sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2009-cu ildə isə pensiyasının növü əlillikdən yaşa görə pensiyaya dəyişdirilmişdir.”Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.2025-ci ilin yanvar ayınadək eyni qaydada iddiaçının da aldığı əmək pensiyası indeksləşdirilərək ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh qurum tərəfindən iddiaçıya məktub ünvanlanaraq vaxtilə pensiya təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı, bununla bağlı araşdırma başlanıldığı bildirilmiş və cavabdeh quruma dəvət edilmiş, xx.xx.2025-ci il tarixdə inzibati akt qəbul edilmişdir və iddiaçının pensiyasından müvafiq tutulma edilərək əmək pensiyası 1698 manatdan 1034 manata azaldılmışdır.Eyni zamanda xx.xx.2025-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya məktub göndərilərək qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqnda" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyalarının və əmək pensiyasına əlavənin artiq ödənilmiş məbləği əmək pensiyaçılarından son üç il üçün tutulur. Həmin məktubda qeyd edilib ki, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuş, bununla belə tərəfindən hər hansı razılıq təqdim edilmədiyinə baxmayaraq 2024-cü ilin yanvar ayının pensiyasından 116 manat maddi yardıma görə, 547 manat isə pensiyasından azalma olmuşdur.Qeyd edilən məktubda eyni zamanda bildirilmişdir ki, maddi yardım üzrə 2022-cı il üçün iddiaçıya 467,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 467,64 manat pul vesaiti 2025-ci ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilir.Eyni zamanda həmin məktubda bildirilir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının yeniden hesablanması ilə bağlı inzibati icraata başlanılıb və qanunvericiliyin tələblərinə uyğun qaydada əmək pensiyasının yenidən hesablanması haqqında inzibati akt qəbul edilib.Belə ki, idarəyə dəvət olunduğu zaman ona bildirilmişdir ki, xx.xx.2002- xx.xx.2007-ci il dövrləri dövlət qulluğuna şamil edilmir, belə ki, həmin dövlərdə İqtisadi İnkişaf Nazirliyində, daha dəqiq desə xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək İİN nəzdində Ticarət və Xidmət Müəssisə Obyektlərinin fəaliyyətinin Əlaqələndirilməsi Mərkəzinin baş direktor müavini vəzifəsinə təyin edilmişdir, xx.xx.2003-cü il tarixdə Baş direktor vəzifəsinin icrası iddiaçıya həvalə edilmiş, xx.xx.2005ci il tarixdə Mərkəz AR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tabeliyinə verilmişdir, xx.xx.2005-ci ildə isə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək isə İstehsal və Xidmət Mərkəzlərinin İdarəetmə mərkəzində rəhbər vəzifədə çalışmışdır. Bu müddətin dövlət qulluğu stajına şamil edilməməsini isə dövlət qulluğu dərəcəsinin göstərilməməsi ilə izah etmişlər. Belə ki, cavabdeh qurum bir halı nəzərə almamışdır ki, illərlə bu müddəti özləri dövlət qulluğu kimi nəzərə almışdır. Eyni zamanda bildirir ki, müvafiq qurum tərəfindən müvafiq dərəcənin qeyd edilməməsi iddiaçının təqsirindən olmamışdır, buna görə dövlət qulluğu vəzifəsində çalışdığı halda 5 ilədək müddətin nəzərə almmadan pensiyanın aşağı salınmağını qanunsuz hesab edir. Odur ki, iddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı V.X2 rayon şöbəsi tərəfindən 27 dekabr 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilmişdir, 4 avqust 2009-cu il tarixindən isə pensiyanın növü əlillikdən yaşa görə pensiyaya dəyişdirilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi dayandırılır."İnzibati icraat haqqında" Qanunun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır.Qeyd edilən normaların tələblərinə əsasən iddiaçı barəsində əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğunun araşdırılması ilə bağlı inzibati icraat başlanmışdır.Həmin inzibati icraatın gedişində iddiaçının pensiya hüququna yenidən baxılması zamanı iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən dövlət qulluğu stajının düzgün hesablanmadığı və artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir.Belə ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 890,00 manat, qulluq stajına görə əlavəsi 63,81 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 141,93 manat olmaqla orta aylıq əmək haqqı 1140,74 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının "Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən, 9 il 1 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1140,74 manat) 53 faizi-604,59 manat məbləğində əlavə hesablanmışdır.Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.Bununla əlaqədar iddiaçının 9 il 1 ay 24 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifələr üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 30,28 faiz təşkil etmişdir.Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 980,00 manat, qulluq stajına əlavəsi 70,27 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 156,28 manat olmaqla orta aylıq əmək haqqı 1251,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1140,74 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (1251,55 manat) arasındakı fərq məbləğinin (110,81 man x 30,28 faiz=33,55 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (604,59 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 638,14 manat məbləğində hesablanmışdır.Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470,00 manat, qulluq stajına görə əlavəsi 105,40 manat, ixtisas dərəcəsinə görə əlavəsi 45,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 234,42 manat olmaqla orta aylıq əmək haqqı 1854,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1251,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1854,82 manat) arasındakı fərq məbləğinin (603,27 manat) 30,28 faizi-182,67 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (638,14 manat) üzərinə əlavə olunmaqla pensiya 820,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1210,52 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə iddiaçıya 4739,38 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 1035,62 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1527,32 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən həmin dövr üzrə iddiaçıya 5900,40 manat artıq pul vəsaiti ödənilmişdir.Əmək pensiyalarının növbəti dəfə 1 yanvar 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası həmin tarixdən 1151,60 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində kart hesabına hər ay 1698,38 manat məbləğində köçürülmüşdür. Buna görə də həmin dövr üzrə 6561,36 manat artıq pul vəsaiti ödənilmişdir."Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.Qeyd olunanları nəzərə alaraq, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilmişdir."İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər.Həmin Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur.Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər.Mülahizənin dinlənilməsi üçün iddiaçı Mərkəzi Filiala 9 yanvar 2025-ci il tarixində gəlmiş və ona vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən əmək pensiyasının düzgün hesablanmadığı barədə ətraflı məlumat verilmiş, daha sonra yuxarıda qeyd olunanlarla bağlı mülahizələri dinlənilmiş və bu barədə birgə akt tərtib edilmişdir. Lakin iddiaçı əmək pensiyasının yenidən hesablanmasından narazı olduğundan mülahizənin dinlənilməsi ilə bağlı tərtib edilmiş aktı imzalamamışdır.Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli,3-17-1/3-3-403/2025 nömrəli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçıya təyin edilmiş əmək pensiyasının məbləği yenidən hesablanaraq 1698.38 manatdan 1151.60 manata azaldılmışdır. Əlavə olaraq qeyd edirik ki, maddi yardım üzrə 2022-cı ıl üçün iddiaçıya 467,64 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş, həmin məbləğ 2025-ci ilin yanvar ayından etibarən hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilmişdir.Əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar iddiaçıya təyin edilmiş pensiya cari ilin fevral ayında 1 yanvar 2025-ci il tarixindən hesablanmaqla 1244,88 manat artırılmış, həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilmiş olan 93,28 manat fərq məbləği hesablanmışdır.İddiaçıya ödənilməli olan 93,28 manat pul vəsaiti artıq ödənilmiş 17201,14 manat pul vəsaitindən çıxılaraq əvəzləşdirilmiş qalan 17107,86 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün iddiaçının yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2.-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə riayət edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. . Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İnzibati iş materiallarında olan: Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 noyabr 2024-cü il tarixli, 3-17-1/1-2-N-269563/2024 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, iddiaçıya pensiya üzrə yalnız son üç il üçün ümumilikdə 17201,14 (4739,38+5900,40+6561,36) manat artıq pul vəsaiti ödənilib. Həmin vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Cavabdeh tərəfindən inzibati icraat materialları, iddiaçıya aid pensiya işində olan sənədlər təqdiim edilmişdir. Həmin sənədlərdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 3-17-1/3-3-403/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarına əsasən, İddiaçı xx.xx.2008-ci il tarixdən pensiya məbləği 1968,38 manatdan 1151,60 manata azaldılmışdır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası”nın: 1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir; 6.1-ci bəndinə əsasən əmək pensiyaları aşağıdakı hallarda yenidən hesablanır: 6.1.1. Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda; 6.1.2. Qanunun 37.3.1-ci, 37.3.2-ci və 37.3.2-1-ci maddələrində nəzərdə tutulmuş hallarda;..6.1.4. əmək pensiyaçısının müraciəti, yaxud Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq apardığı yoxlamalar nəticəsində əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı aşkar edildikdə;..6.1.6. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında;6.1.7. Qanunun 9.6-cı maddəsində nəzərdə tutulmuş şəxslər hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edildikdə; 6.1.8. Qanunun 18.2-ci maddəsində nəzərdə tutulmuş hallarda;6.1.9. Qanunun 9.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərə əmək pensiyası təyin edilərkən onların sonuncu xidmət (qulluq) keçdikləri dövlət orqanı tərəfindən təqdim edilmiş məlumat vərəqəsində qeyd olunanlardan fərqli məlumat (məlumatlar) əks olunan yenilənmiş məlumat vərəqəsi Fondun aidiyyəti struktur bölməsinə təqdim olunduqda. 6.3-cü bəndinə əsasən avtomatlaşdırılmış qaydada təyin olunmuş əmək pensiyalarının yenidən hesablanması zamanı Qanunun 22-1-ci maddəsinin tələbləri nəzərə alınır. 6.6.-ci bəndinə əsasən, əmək pensiyasının yenidən hesablanması yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6–6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 1.1. bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və yaonları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə ilkin olaraq yuxarıda sadalanan “İnzibati icraat haqqında” Qanunun normalarına əsasən qeyd edir ki, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə iddiaçının əmək pensiyasının yenidən hesablanması adı ilə, əslində iddiaçıya süni şəkildə (güya pensiyanın artıq ödəməsi ilə bağlı) borc hesablanması, iddiaçıdan həmin hesablanmış borcun tələb edilməsi, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Belə ki, ilkin olaraq məhkəmə müəyyən etmişdir ki, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə (inventarizasiya zamanı) araşdırma apararaq “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmadan, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı İddiaçı tərəfindən hal-hazırda mübahisələndirilən inzibati aktı qəbul etsə də, qərarı iddiaçıya təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, sözügedən inzibati akt əsaslandırılmamış, onda işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt yuxarıda göstərildiyi kimi qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əmək pensiyasının yenidən hesablanması, daha doğrusu isə borc hesablamaqla həmin borc məbləği qədər pensiyanın azaldılması, faktiki olaraq iddiaçıdan borc tutulması barədə iddiaçını əlverişsiz vəziyyətə gətirən qərar qəbul etmiş və həmin qərar “İnzibati icraat haqqında” Qanunun tələblərini pozulmaqla qəbul edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarına əsasən pensiyadan tutmalar yalnız pensiya alan şəxsin razılığı və ya məhkəmə qərarı əsasında icra edilə bilər. Hazırki halda iddiaçı onun pensiyasından tutmalara (cavabdehin adlandırdığı kimi yenidən hesablanması) razılığını bildirməmişdir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, yəni əmək pensiyası məbləğinin “düzgün hesablanmadığı aşkar edildikdə” yol verilmiş səhv nəticəsində yanlış – artıq məbləğdə təyin edilməsi halı ilə bağlı məhkəmə hesab edir ki, bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də, məhkəməyə daxil olmuş müvafiq sənədlərdə əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə cavabdeh təyin edilmiş əmək pensiyasının əsassızlığını səhv hesablama ilə bağlı əsaslandırılsa da, bu zaman iddiaçının səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Onun əmək kitabçası da iddiaçı tərəfindən yazılmamışdır. Belə olan halda maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, bu da cavabdehin səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas olmamasına dəlalət edir. Bundan əlavə, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Həmin qərarda qeyd edilmişdir ki, “... qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” Göründüyü kimi, inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə, səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-403/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və həmin qərarın icrası ilə bağlı meydana gəlmiş nəticələrin ləğv edilməsi, tutulmuş məbləğin geri qaytarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 32,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli, 3-17-1/3-3-403/2025 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqıbda” qərarı və həmin qərarın icrası ilə bağlı meydana gəlmiş nəticələr ləğv edilsin, İddiaçı qeyd edilən qərar əsasında tutulmuş məbləğlərin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-7888/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7888/2025
29.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver