Məhkəmə qərarları › İş №2-1(112)-7889/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7889/2022

30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7889/2022 30.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun nümayəndəsi X6, cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı mənzil növbəsinə alınması tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iki nəfər (bir oğlan və bir qız) ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı sərəncam verilməsi öhdəliyinin Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onun yəni, İİ dərəcəli əlil İddiaçı və yetkinlik yaşına çatmayan övladı xx.xx.2008-ci il təvəllüdlü X3 yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsinə götürülmələri barədə sərəncam qəbul olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qaynanası və digər gəlinlər ilə birlikdə yaşayır. Özünə məxsus evi yoxdur. O, ümumi əsaslarla İİ qrup əlildir. Bu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının arayışı ilə təsdiq olunur. Himayəsində yetkinlik yaşına çatmayan 2 uşağı var. Mənzil növbəsinə götürülməsi ilə əlaqədar olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsə də xx.xx.2022-ci il tarixli M-85-068 saylı məktubla ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirləri Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə yenidən baxılacaq. Hesab edir ki, Sabunçu rayon İcra Hakimiyyətinin imtinası qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-nin 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı münasibətində (etiraz) göstərilmişdir ki, qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı tələbi əsassız olduğundan onun ərizəsi İcra Hakimiyyəti tərəfindən təmin edilməmişdir. Belə ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunur ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənməsi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydalar Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənlərdən görünür ki, Nazirlər Kabineti qeyd olunan qaydaları müəyyən etmədiyindən əlilliyi olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qanunla tənzimlənmir. Bu baxımdan onların mənzil növbəsinə götürülməsi əsassızdır.Qeyd olunanlara əsasən İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X13 iddianı qəbul etməyərək, etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı 17185679 №li şəxsiyyət vəsiqəsinin surətindən (notarial qaydada təsdiq olunmuş) müəyyən olunur ki, xx.xx.1980-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan (notarial qaydada təsdiq olunmuş surəti) görünür ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 050553 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X4 28 may 2004-cü ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı 516012 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 28 may 2004-cü ildə Bakı şəhərində doğulmuş və doğumu doğum haqqında akt qeydləri kitabında 2004-cü ilin avqust ayının 11-ci günündə 1791 nömrə ilə qeyd olunmuş X1 atası kimi X4, anası kimi isə İddiaçı qeyd olunmuşdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 274476 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 22 noyabr 2008-ci ildə Bakı şəhərində doğulmuş və doğumu doğum haqqında akt qeydləri kitabında 2009-cu ilin may ayının 23-cü günündə 1530 nömrə ilə qeyd olunmuş X3 atası kimi X5, anası kimi isə İddiaçı qeyd olunmuşdur. Bakı şəhəri Sabunçu rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 69 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Forma 2 arayışından müəyyən olunur ki, İddiaçı qaynanası X9 məxsus ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 36,8 kv. metr olan 2 otaqlı evdə, həmin evdə qeydiyyatda olan digər şəxslərlə (15 nəfərdən ibarət qohumlar) birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu Sabunçu Bələdiyyəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 64 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı Ş.Rustavelli küçəsi, ev 11 ünvanında qeydiyyatdadır. Sabunçu Bələdiyyəsi tərəfindən adına torpaq sahəsi ayrılmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-4656/13 saylı məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı nikahı haqqında hər hansı məumat aşkar olunmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********65 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq, Bakı şəhəri Sabuçu rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 22-068 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, müraciətində o, yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunmağını xahiş edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə rayon icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığı məsələyə yenidən baxılacaq. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçı eyni tələblə məhkəməyə müraciət etmişdir Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. - 43-cü maddəsinin İİ hissəsinə görə Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 48.1-ci maddəsinə əsasən, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 48.2-ci maddəsinə əsasən, qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. - 49.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - 49.2-ci maddəsinə əsasən dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 50.1-ci maddəsinə görə, aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - 51.2-ci maddəsinə əsasən, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər; - 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 №li qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 3-cü yarımbəndində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İşin araşdırılan hallarından göründüyü kimi ömürlük ikinci dərəcəli əlillik statusuna malik olan iddiaçı ailəsi ilə birlikdə yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən (dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasından az) sahədə yəni, 15 nəfərin qeydiyyatda olduğu (yaşadığı) yaşayış sahəsi 36,8 kv. metrdən ibarət olan 2 otaqlı evdə qeydiyyatda olmaqla yaşayır ki, bu hal da ona yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən Mənzil Məcəlləsinin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ verir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Beləliklə, məhkəmənin mövqeyinə görə hazırkı iş üzrə İddiaçı, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan şəxslərin siyahısına daxil edilməsini və mənzil növbəsinə götürülməsini qeydiyyatda olduğu yer üzrə müvafiq orqan qismində Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyətindən tələb etməkdə haqlıdır. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, iddia təmin edilməli, cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə iddiaçı ömürlük ikinci dərəcəli əlil İddiaçı, yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə alınmasına dair sərəncam qəbul edilməsi haqqında vəzifə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin üzərinə iddiaçı ömürlük ikinci dərəcəli əlil İddiaçı, yetkinlik yaşına çatmayan oğlu xx.xx.2008-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində əlillər üçün nəzərdə tutulmuş güzəştli mənzil növbəsinə alınmasına dair sərəncam qəbul edilməsi haqqında vəzifə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar