Məhkəmə qərarları › İş №2-1(112)-7889/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7889/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7889/2023 20.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, Gəncə Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti Müdafiə Nazirliyinin İşlər İdarəsinin 2299 saylı məktubu ilə təsdiq edilmişdir ki, N saylı hərbi hissədən həqiqi hərbi xidmətdən ehtiya buraxılmışdır. Xidmət etdiyi müddət ərzində N saylı hərbi hissə komandirinin xx.xx.2020 - xx.xx.2020 tarixli 151№-li əmrinə əsasən döyüş tapşırığını yerinə yetirmişdir. Sonradan 178№-li əmrinə əsasən Fizulinin N saylı hərbi hissəsinə ezam olunmuş, xx.xx.2020 - xx.xx.2021-ci il tarixə kimi xidmət etmişdir. İddiaçi qeyd olunanlara əsasən iddia tələbinin ətmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli 4/3-1199 nömrəli məktubu ilə bildirmişdir: “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 2084 nömrəli məktubuna əsasən döyüş əməliyyatlarında iştirak etmədiyinizə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.”

5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi kimi qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

9. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

II. İddianın növü və mümkünlüyü

10. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

11. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

12. İddiaçının tələbi “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir.

13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır

14. İddianın növü öhdəliyin icrasında dair iddiadır. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

15. Kazımov X3 rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır.

16. SX ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı N №li hərbi hissənin tərkibində Füzuli, Xocavənd istiqamətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə MN-in xx.xx.2021ci il tarixli 370 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nin Kəlbəcər rayon idarəsinə göndərilmişdir.

17. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-9147 №li Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli Sərəncamı ilə İddiaçı “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

18. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-5066 №li Vəsiqəsinin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli Sərəncamı ilə İddiaçı “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

19. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsi tərəfindən verilən ******* nömrəli hərbi biletin qeydiyyat kartasına əsasən 2001-ci il təvəllüdlü Kazımov X3 rayon çağırış komissiyası tərəfindən yararlı sayılaraq xx.xx.2020-ci il tarixdən hərbi hissəyə göndərilmişdir. xx.xx.2020 - xx.xx.2020 tarixlərdə 151 №-li əmrə əsasən N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirmişdir. Sonradan 178 №-li əmrə əsasən N saylı hərbi hissəyə ezam olunmuş, xx.xx.2020 - xx.xx.2021-ci il tarixlərdə orada xidmət etmişdir. xx.xx.2021-ci ildə SQ-dən ehtiyata buraxılmışdır (tərxis edilmişdir).

20. Məhkəmənin sorğusuna cavab olaraq Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilən məlumata əsasən, Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əks-hücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir.

IV. Məhkəmənin mövqeyi

21. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

23. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.

24. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

25. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

26. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün məcburidir: şəxsin xidmət keçməsi; bunun müvafiq sənədlərdə - hərbi biletlə yanaşı hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışında əks olunması.

27. İşin hallarına əsasən Kazımov X3 rayon çağırış komissiyası tərəfindən xx.xx.2020-ci il tarixdən hərbi hissəyə göndərilmişdir. 151№-li əmrə əsasən xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərdə N saylı hərbi hissədə döyüş tapşırığını yerinə yetirmişdir. Sonradan 178№-li əmrə əsasən N saylı hərbi hissəsinə ezam olunaraq xx.xx.2020-ci ildən xx.xx.2021-ci il ilə kimi orada xidmət etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilən Müdafiə Nazirliyinin məlumatından da aydın olur ki, Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissə N sentyabr - N noyabr 2020-ci il tarixlərində Ermənistan Respublikasının irimiqyaslı təxribatının qarşısının alınması məqsədilə əkshücum və işğal altında olan ərazilərin azad edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir. Bununla yanaşı iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2362, 2364 nömrəli Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medallar ilə təltif edilmişdir.

28. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakı iddiaçının hərbi bileti, hərbi biletin qeydiyyat kartasındakı qeydlər ilə təsdiq edilir.

29. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

30. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

31. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.

35. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar