Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7891/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 62 yaşının tamam olduğu xx.xx.2021-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Babalı oğlu izahatında bildirdi ki, iddiaçıya 04 iyun 2016-cı il tarixdən ikinci dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. 30 iyun 2021-ci ildə cavabdeh tərəfindən iddiaçının əlilliyə görə əmək pensiyası dayandırılmışdır. İddiaçının yaşa görə pensiya almaq hüququ yarandığından və 25 il əmək stajı olduğundan cavabdehə yaşa görə pensiya təyin edilməsi barədə rəsmi müraciət etmişdir. Cavabdeh tərəfindən 17 noyabr 2021-ci il tarixli məktubla iddiaçının müraciətindən qanunsuz imtina olunmuşdur. Həmin imtinada iddiaçının xx.xx.1994-cü il tarixdə xx.xx.2004-cü il tarixədək dövrə aid sənədlərin “Azərbaqqaliyyə” topdan satış kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılmasının mümkün olmaması göstərilmişdir. Halbuki iddiaçının əmək kitabçasında həmin dövrdə işləməsini təsdiq edən əmrlər vardır və möhürlə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyul 1997-ci il tarixli 191s saylı sərəncamı ilə “Azərbaqqaliyyə” "xxxx" ASCnin tərkibinə keçmişdir. Ona görə də iddiaçının yaşa görə pensiya hüququ yaranmışdır və 25 il də iş stajı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən ümumi sığorta stajının müddəti 16 il 01 ay olmaqla, qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajı müddətindən azdır. 16 il 01 ay sığorta stajına uyğun pensiya kapitalı isə 12256,62 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi “Azərbaqqaliyyə” topdan satış kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən həmin dövrün (xx.xx.1994-xx.xx.2004-cü il) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bu səbəblərdən iddiaçının müraciətinin müsbət həlli mümkün olmamışdır. Hazırda iş üzrə mübahisə predmetini iddiaçının “Azərbaqqaliyyə” topdan satış kontorunda xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi dövrlər təşkil edir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi “Azərbaqqaliyyə” topdan satış kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilməmişdir. Belə olduğu halda isə iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial sığorta stajının müddəti 16 il 01 ay təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 16 il 1 aya münasibətdə İddiaçı 12256,62 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. İddiaçının iş materiallarına əlavə edilmiş əmək kitabçasından göründüyü kimi onun mübahisəsiz qəbul edilən sosial sığorta stajı ümumilikdə 16 il 01 ay təşkil edir. Beləliklə, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1959cu il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Məlumat üçün bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Sizə xx.xx.2010-cu il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2021-ci il tarixindən əlillik müddətinin bitməsi ilə əlaqədar əlilliyə görə əmək pensiyanızın ödənişi dayandırılmışdır. Həmin Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanıza əsasən sığorta stajınız 16 il 1 ay təşkil etməklə qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 16 il 1 ay sığorta stajınıza uyğun pensiya kapitalınız 12256,62 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildiririk ki, X3 və araşdırma şöbəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyiniz “Azərbaqqaliyyə” topdan satış kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyindən həmin dövrə aid əmək fəaliyyətinizin araşdırılması mümkün olmamışdır. Qeyd olunanlara əsasən həmin dövrün (xx.xx.1994-xx.xx.2004-cü il) sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət təyin edilir. Əlavə olaraq bildiririk ki, həmin qanunun 1.0.2-ci maddəsinə əsasən müavinət almaq hüququnuz xx.xx.2021-ci il tarixindən yaranacaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, təqdim edilən məlumata əsasən “Azərbaqqaliyə” topdansatış kontoru "xxxx" ASC-nin tabeliyində olmuş və Cəmiyyətin müvafiq əmri ilə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “Azərbaqqaliyə” Topdansatış Kontorunun xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 191s nömrəli sərəncamı ilə “Azərbaqqaliyə” Topdansatış Kontoru "xxxx" ASC-nin strukturuna daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin tabeliyində fəaliyyət göstərmiş “Azərbaqqaliyə” Topdansatış Ticarət Kontorunun sənədləri "xxxx" ASC-də olmadığından vətəndaş İddiaçı sözügedən kontorda işləməsini təsdiq edən məlumatların təqdim edilməsi mümkünsüzdür. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş və tərcümə edilmiş surətindən görünür ki, İddiaçı Qusar ALÇ-də (Atom-lay çökməsi) işə düzəlməzdən əvvəl iş stajı olmamış, xx.xx.1976-cı ildə Qusar ALÇ-nin Bala-Qusar qəbul-yükləmə məntəqəsinə fəhlə qəbul edilmiş, xx.xx.1977-ci ildə işdən azad edilmiş, xx.xx.1978-ci ildə Qusar rayon Orconikidze adına sovxoza fəhlə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmiş, xx.xx.1978-ci ildə analıq məzuniyyəti müddətinə informasiya mübadiləsinə qəbul edilmiş, xx.xx.1978-ci ildə işdən azad edilmiş, xx.xx.1979-cu ildə Elektrik sexinə 3-cü dərəcəli elektrik sarıyıcı qəbul edilmiş, xx.xx.1979cu ildə işdən azad edilmiş, xx.xx.1980-ci ildə Bakı şəhəri komitə ticarəti 6 saylı mağazaya satıcı-təcrübəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1981-ci ildə 6 saylı mağazaya kiçik satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1981-ci ildə işdən azad edilmiş, xx.xx.1981-ci ildə Azərbaycan topdansatış bazasında müvəqqəti iqtisadçı vəzifəsinə qəbul edilmiş, daimi iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR Ticarət Nazirliyinin əmrinə əsasən adı “Azərbaycan Mədəniyyət Ticarəti” Azərbaycan topdan satış bazasının adı “Mədəniyyət malları” RORO adı ilə əvəz edilmişdir, Azərbaycan SSR Ticarət Nazirliyinin əmrinə əsasən “Mədəniyyət malları” RORO adı “İdman Mədəniyyət malları” RORO adı ilə əvəz edilmişdir, xx.xx.1989-cu ildə PEO İİ dərəcə iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə 1-ci dərəcəli iqtisadçı vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə işdən azad edilmiş, xx.xx.1994-cü ildə Azərbaqqaliyyə Topdansatış kontorunda İdman malları RTPSBdən köçürülmə yolu ilə İ köməkçi iqtisadçı vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə aparıcı iqtisadçı keçirilmiş, xx.xx.1997-ci ildə plan iqtisad şöbəsinin rəisi keçirlmiş, xx.xx.2004-cü ildə Azərbaqqaliyyə Topdansatış kontorunun mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar olaraq işdən azad edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. O, əmək kitabçası üzrə ümumilikdə 26 il 26 gün sığorta stajına malikdir. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun onun 62 yaşının tamam olduğu vaxtdan - xx.xx.2021-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi “Azərbaqqaliyyə" topdan satış kontorunun arxiv sənədləri "xxxx" ASC-yə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsinin mümkün olmadığını bildirməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının həmin dövr iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktublardan görünür ki, “Azərbaqqaliyə” topdan satış kontoru "xxxx" ASC-nin tabeliyində olmuş və Cəmiyyətin müvafiq əmri ilə ləğv edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “Azərbaqqaliyə” Topdansatış Kontorunun xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Azərbaycan respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 191s nömrəli sərəncamı ilə “Azərbaqqaliyə” Topdansatış Kontoru "xxxx" ASC-nin strukturuna daxil edilmişdir. Göründüyü kimi, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. İddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən (62 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-7891/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7891/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver