Məhkəmə qərarları › İş №2-1(112)-7892/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7892/2024

16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7892/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həm Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli fərmanını, həm də Azərbaycan Respublikasının Vergi Məcəlləsinin qanunvericiliyinə əsaslanaraq "xxxx" MMC-yə (VÖEN: **********) ödədiyi məbləğin (88000.00 AZN) ƏDV-sinin (4027.11 AZN) geri qaytarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC ilə aralarında bağlanmış 05 sentyabr 2022-ci il tarixli ŞP/3-15 saylı alqı-satqı müqaviləsinə əsasən alınmış Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən 54 saylı mənzilə görə ödənilən 88.000 manat pulun ƏDV hissəsinin 30 faizinin ona qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “alıcı” İddiaçı mənzil alqı-satqısına dair № ÇP/3-15-saylı müqaviləyə əsasən 05 sentyabr 2022-ci il tarixində, "xxxx" MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 6 binalı yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70.4 kv.m olan 54 saylı mənzilin dəyəri 88 000.00 (səksən səkkiz min) AZN dəyərində vəsaiti nağdsız qaydada Cəmiyyətin bank hesabına köçürmə yolu ilə ödəmişdir. Mənzili "xxxx" MMC-dən alarkən, Cəmiyyət tərəfindən ona yalnız bank rekvizitləri təqdim olunmuş və ödənişin Bank Respublikanın Nərimanov filialında olunacağı bildirilmişdir. O da öz növbəsində xx.xx.2022-ci il tarixində 8000 Azn beh olaraq (54 saylı mənzil üçün) və xx.xx.2022-ci il tarixində 80 000.00 Azn (54 saylı mənzil üçün) Cəmiyyət tərəfindən təqdim olunan bank hesabına nağdsız qaydada tam ödəmişdir. Yuxarıda qeyd olunan tarixdə mənzili alarkən, ona Cəmiyyət tərəfindən ödəniş etmək üçün bank rekvizitlərindən başqa digər heç bir sənəd (hesab faktura, elektronqaimə, ƏDV depozit hesabı) təqdim olunmamışdır. ƏDV-nin geri qaytarılması ilə bağlı Cəmiyyətin nümayəndəsi ilə danışıqlar aparan zaman ona bildirmişdir ki, onun mənzil üçün bank hesabına nağdsız qaydada ödədiyi tam məbləğin ƏDV-yə aid olan hissəsində Vergilər Nazirliyinə köçürülərək öz hesabatında göstərmişdir. Bu səbəbdən ƏDV-nin geri qaytarılması ilə bağlı Vergi orqanlarına müraciət etməli olduğunu bildirdilər. Məsələ ilə bağlı Vergilər Nazirliyinə müraciət etmişdir. Cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2- ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Cəmiyyət tərəfindən ona ƏDV depozit hesabı və həmçinin elektron-qaimə təqdim olunmamışdır. Cavabdeh orqan xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, alıcı İddiaçı (FİN:xxxxxxx) tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina” barədə xx.xx.2023-cü il tarixli **********920600 saylı qərara əsasən İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmiş, qərar alıcıya göndərilmiş, qərardan onun təqdim olunduğu vaxtdan 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə şikayət verilə bilməsi qeyd edilmişdir. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması barədə Vergi Məcəlləsinin 165.6-cı maddəsi xx.xx.2020-ci ildən qüvvəyə minmiş, bu barədə Qayda Prezidentin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş, iddiaçı mənzilin ödənişini xx.xx.2022-ci il tarixdə ödəmiş, iddiaçı ƏDV-nin qaytarılması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək 90 günlük müddəti ötürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli beh müqaviləsindən görünür ki, X2, "xxxx" MMC tərəfindən Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi 70,4 kv.m olan 54 saylı mənzilin alınması üçün "xxxx" MMC-nın bank hesabına 8000,00 (səkkiz min manat) manat beh ödəmiş və qeyd olunan mənzilin alınması üçün tərəflərin razılaşdırdıqları, mənzilin ümumi dəyərini təşkil 88000,00 (səksən səkkiz min) manat hissəsini ilkin ödəniş olaraq 15 Avqust 2022-ci il tarixədək "xxxx" MMC-yə ödəyərək həmin mənzilə dair müqavilə bağlamağı öhdəsinə götürmüş, "xxxx" MMC, bu müqavilənin 1-ci bəndində qeyd olunan 8000,00 (səkkiz min manat) manat məbləğində vəsaiti bank hesabı vasitəsi ilə qəbul edərək, Bakı şəhəri, ünvan 1 ünvanında inşa edilən 3-cü bina, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 70,4 kv.m olan 54 saylı mənzili 15 Avqust 2022-ci il tarixədək digər şəxslərin adına sənədləşdirməməyi və mənzilin tərəflər arasında razılaşdırılan dəyərindən 80000,00 ( səksən min manat) manat ilkin ödəniş hissəsi X2 və ya onun təqdim etdiyi digər şəxs tərəfindən 15 Avqust 2022-ci il tarixədək ödənildiyi təqdirdə qeyd olunan mənzilin X2 və ya onun təqdim etdiyi şəxsin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. ÇP/3-15 nömrəli, xx.xx.2022-ci il tarixli mənzilin alqı-satqısına dair müqavilədən görünür ki, ’’icraçı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti özü tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında inşa edilən yaşayış kompleksinin 3-cü bina, 8-ci mərtəbəsində yerləşən, 2 (iki) otağdan ibarət, ümumi sahəsi 70.4 kv.metr olan 54 saylı təmirsiz mənzilin tikintisini, 24 (iyirmi dörd) ay ərzində hazırkı müqavilə şərtlərinə uyğun olaraq tamamlayıb “sifarişçi” İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən 54 saylı təmirsiz mənzilin dəyəri 88.000 manat müəyyən edilmişdir. Cavabdehin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********920600 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. Qərar bununla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Eyni zamanda, Qaydanın 5.3-cü bəndinə əsasən dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə 90 (doxsan) gündən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirərək 54 saylı yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Həmin maddənin icrası məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilmişdir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” (bundan sonra – Qayda) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (bundan sonra – ƏDV) qaytarılması şərtlərini və qaydasını tənzimləyir. - Bənd 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. - Bənd 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. - Bənd 1.5. Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və ya qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və ya qeyri-yaşayış sahəsi əsas götürülür. - Bənd 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. - Bənd 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemidir. - Bənd 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və müvafiq sənədləri skan edərək portala göndərir. - Bənd 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. - Bənd 6.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) aşağıdakı tələblər nəzərə alınmaqla qaytarılır: -6.1.1. ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına müraciət etdikdə. İstinad olunan normalardan görünür ki, nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün şəxs portala müraciət daxil etməli, bu müraciəti yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq etməlidir, əks halda Qaydalara əsasən həmin müddət başa çatdıqdan sonra edilən müraciətlər üzrə ƏDV-nin qaytarılmasına yol verilmir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi olan portal xx.xx.2023-cü il tarixdən istifadəyə verilmiş, portalın istifadəyə verilməsi barədə məlumat xx.xx.2022-ci il tarixdən https://www.taxes.gov.az/az/post/2200 saytında yerləşdirilmişdir. İşdən görünür ki, iddiaçı ƏDV-nin qaytarılması barədə tələblə müvafiq portalın istifadəyə verildiyi, daha sonra isə bununla bağlı ictimaiyyətin məlumatlandırıldığı tarixdən 90 gün keçdikdən sonra, xx.xx.2023-cü il tarixdə müraciət etmiş, bununla da Qaydalarda nəzərdə tutulan müddəti ötürmüşdür. Məhkəmə qeyd edir ki, Qaydalarda istinad olunan 90 günlük müddət kəsici müddətdir və həmin müddətin bitməsi şəxsin malik olduğu hüququn özünün xitamı ilə nəticələnir, həmin müddət dayandırıla, kəsilə və bərpa edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən, həmin müddətin bərpası mümkünsüz olduğundan və Qaydaya əsasən prosessual müddətin ötürülməsi ƏDV-nin qaytarılmasından imtina üçün əsas təşkil etdiyindən, inzibati orqanın imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Bu səbəbdən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar