Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7893/2021 16.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təhsil müddətinin iş stajına daxil edilməklə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1987-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi olan dövr üzrə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda təhsil aldığım 5 il müddəti 2 il 6 ay hesablayıb və 1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Dağıstan Dövlət Universitetində, AR Ədliyyə Nazirliyi MQİBİ-nə qəbul edilənədək, təhsil aldığı 2 il 05 ay müddəti 1 il 02 ay 15 gün hesablayıb, cəmi 03 il 08 ay 15 gün kimi nəzərə almaqla, xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 21 il 04 ay 06 gün iş stajına malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və ona xüsusi rütbəli şəxs kimi əmək pensiyasının təyin olunması və hesablanması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarında göstərilir ki, “Zabit heyətinə daxili işlər və ədliyyə,gömrük fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” AR Qanunun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssələrində, habelə hərbi hazırlıq hissələri və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddətə daxil edilir. Lakin iddiaçının 1987-ci ildən 1992-ci il iyul ayına kimi təhsil aldığı dövr, yəni Azərbaycan Politexnik İnstitutunda təhsil aldığı 5 il və 1993-cü ilin iyul ayından 1995-ci ilin noyabr ayının 30-dək olan dövr, yəni Dağıstan Dövlət Universitetində AR Ədliyyə Nazirliyi MQİBİ-nə qəbul edilənədək təhsil aldığı 2 il 05 ay həmin qərarın tələblərinə zidd olaraq 1 il 06 ay staj kimi qəbul olunmamış və əsassız olaraq pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında göstərmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli qərarında “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyinatı zamanı təhsil dövrünün uzun müddət xidmətə daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçı isə iddia ərizəsində ona həmin Qanunun 9.7.1-ci maddəsinə əsasən ədliyyə qulluqçusu kimi pensiya təyin olunmasını tələb edir. Əlavə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci bəndindəədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə aşağıdakı dövrlərdə təhsil müddəti nəzərdə tutulmamışdır. Eləcə də“Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sosial sığorta stajına daxil edilən iş və digər fəaliyyət müdətlərinə təhsil dövrü aid edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən (630868 nömrəli və 844481 nömrəli diplomların, ******* nömrəli əmək kitabçasının surətindən) müəyyən olunur ki, iddiaçı 1987ci ildə Ç.İldırım adına Azərbaycan Politexniki İnstitutuna daxil olmuş, xx.xx.1992-ci il tarixdə “Avtomobil və avtomobil təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçı 1993cü il tarixdə X1 daxil olmuş, xx.xx.1996-cı il tarixdə hüquqşünaslıq ixtisasını bitirmişdir. İddiaçı xx.xx.1995-ci il tarixli əmrlə ədliyyə polisi orqanlarında işə qəbul olunmuş, xx.xx.2017-ci il tarixdə öz arzusu ilə onun ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı hazırda onun təhsil aldığı 7 il 5 ay müddətin 3 il 8 ay 6 gün hesab olunmaqla, uzun müddət xidmətə daxil edilməsini və beləliklə, xx.xx.2017-ci il tarixədək 25 ildən artıq ədliyyə orqanlarında xidmət etdiyini bildirməklə ona ədliyyə qulluqçusu kimi pensiya təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin sadalanan hallarından görünür ki, iddiaçının ədliyyə orqanlarında qulluq stajı 21 il 4 ay 6 gün təşkil edir. İddiaçının təhsil aldığı müddətin ədliyyə orqanlarında xidmət müddətinə daxil edilməsi məsələsinə gəldikdə, məhkəmə bu məsələ ilə bağlı cavabdehin imtina məktubunda və iddiaya etirazında göstərilənlərlə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının 1-ci hissəsinin iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan redaksiyasına əsasən zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir:...daxili işlər, ədliyyə, feldyeger rabitəsi orqanlarında sıravi, kiçik, orta, böyük və yüksək rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən... ...Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ədliyyə orqanlarında xidmət pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aid edilirdi və həmin şəxslərin xidmətə götürülməzdən əvvəl mülki ali məktəblərdə keçdiyi təlim vaxtı da xidmətə daxil idi. 27 fevral 2007-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 631 saylı Qərarın 1-ci bəndin onuncu abzasında "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin "a" bəndinə əsasən" sözləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1ci maddəsinə əsasən" sözləri ilə əvəz edilsə də, habelə 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 1-ci hissənin on birinci abzasından “və ədliyyə” sözləri çıxarılaraq “orqanlarının” sözündən sonra “, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində” sözləri əlavə edilsə də, məhkəmə hesab edir ki, iddiaçı onun mülki ali məktəbdə təhsil aldığı müddətin ədliyyə orqanlarında xidmət müddətinə daxil edilməsini tələb etməkdə haqlı olmuşdur. Çünki şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Lakin o da qeyd olunmalıdır ki, qanunverici təlim müddətini xidmətə daxil edərkən onu 5 il müddət ilə məhdudlaşdırmışdır. Yəni şəxsin müvafiq qurumda xidmətə götürülməzdən əvvəl mülki ali məktəbdə təhsil aldığı müddətdən asılı olmayaraq həmin təhsil vaxtının beş ilədək müddəti bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Yəni hər bir halda təlim müddəti uzun müddət xidmətə daxil edilərkən bu müddət 2 il 6 aydan artıq olmayacaqdır. Belə olan halda aydın olur ki, iddiaçı ədliyyə orqanlarında xidmətə qəbul edilməzdən əvvəl 7 ildən artıq mülki ali məktəblərdə təhsil alsa da, bu müddətin yalnız 5 ili hər il 6 ay olmaqla uzun müddət xidmətə daxil edilməlidir ki, bu da 2 il 6 ay edir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının ədliyyə orqanlarında qulluq stajı 21 il 4 ay 6 gün təşkil edir və həmin staja təhsilə görə 2 il 6 ay əlavə edildikdə, onun ədliyyə qulluqçusu kimi ümumi stajı 23 il 10 ay 6 gün təşkil edir ki, bu da xx.xx.2017-ci il tarixədək tələb olunan 25 il staj tələbini ödəmir. Məhz buna görə məhkəmə hesab edir ki, qanunvericiliklə tələb olunan 25 il stajı mövcud olmadığından iddiaçıya ədliyyə qulluqçusu kimi əmək pensiyasını təyin olunması barədə iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-7893/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7893/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver