Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7896/2021 28.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı İsgəndər qızının, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxsin (X4) nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı İsgəndər qızının cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X11, X12 və X8) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı İsgəndər qızı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı «mənzildən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, cavabdehin imtina məktubu iddiaçıya 2 iyun 2021-ci il tarixdə poçt vasitəsilə təqdim edilmişdir, hesab olunur ki, iddia müddəti buraxılmamışdır. Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı da daxil olmaqla mənzildə 6 nəfər qeydiyyatdadır. Mənzildə qeydiyyatda olan X11 iddiaçının oğludur, X12 və X8 isə nəvələridir. Təxminən 1995-ci ildə İlqar İbrahimov ünvan 1 ünvanında fərdi yaşayış evi inşa etməklə həmin evə köçmüşdür. X14 arvadı və övladları ilə birlikdə həmin evdə yaşayır. Onun uşaqları (iddiaçının nəvələri) həmin evdə doğulmuşlar. X17 Xətai rayonu, G.Mehmandarov küçəsi, 68 saylı evin 97 saylı mənzildə qeydiyyatda olduğundan, adıçəkilən uşaqlar da bu ünvanda qeydiyyata alınmışlar. İddiaçının oğlu və nəvələri ona məxcsus mənzildə qeydiyyatda olsalar da, onun ailə üzvü olmamaqla yanaşı həmin mənzildə uzun müddətə təxminən 25-ilə yaxın bir müddətdir ki, yaşamırlar, mənzilin saxlanılmasında iştirak etmirlər, onların həmin mənzildə qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olan İlqar İbrahimov və onun hər iki uşağın uzun müddət daimi və faktiki yaşadığı yer Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, döngə l, ev 22-dir. İddiaçı onlara mənzildən qeydiyyatdan çıxmaları ilə əlaqədar müraciət etmişdir. Lakin onlar müvafiq orqan tərəfindən yaşadıqları evə qeydiyyata alınmaması və alına bilməməsi səbəbindən qeydiyyatdan çıxmaqdan imtina etmişlər. İddiaçı həmin şəxslərin, yəni X6, X7 və X1 qeydiyyatdan çıxarılması xahişi ilə cavabdeh Bakı şəhəri Xətai RPİ-yə müraciət etmişdir. Cavabdeh 21 may 2021-cı il tarixli, 12867 İ-3221 nömrəli məktubu ilə həmin şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün «Yaşayış yeri və olduğu yer haqqında» AR Qanununun 9-cu maddəsində göstərilən əsaslar barədə sənədlərdən hər hansı biri təqdim edilmədiyindən, həmin şəxslərin qeydiyyatdan çıxarılmaları mümkünsüzdür. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən edilmiş imtina əsassızdır. Belə ki, cavabdeh tərəfindən istinad edilmiş Qanunun 9-cu maddəsində göstərilən hallardan biri də yaşayış yerini dəyişməsidir. Yaşayış yerini adları çəkilən şəxslər dəyişmişdir, hazırda köçdüyü ünvanda yaşayırlar, şəxs tərəfindən “yaşayış yerini dəyişmə” əsası kimi faktiki olaraq bu işdə mövcuddur. Yaşayış yerini dəyişmə dedikdə, şəxsin könüllü olaraq başqa ünvan köçməsi nəzərdə tutulur. Belə ki, sözügedən şəxslərdən yalnız İlqar İbrahimovun yaşayış yeri ünvan 2 ünvanı olmuşdur. Təxminən 20 – 25 il bundan əvvəl o, mənzili tərk edib, уeni yaşayış sahəsinə – konkret olaraq, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, döngə 1, ev 22 ünvanına köçmüşdür. Orada digərləri Vüqar İbrahimov və Xədicə İbrahimova anadan olmuşdur. Sonuncular iddiaçının xüsusi mülkiyyətində olan G.Mehmandarov küçəsi, ev 68, mənzil 97 ünvandına ümumiyyətlə yaşamamışdır, ataları ilqar İbrahimova qeydiyyat yerinə görə mənzilə qeydiyyata alınmışdır. Hazırda iddiaçı özünə məxsus olan həmin mənzili 30 aprel 2014-cü il tarixdə özəlləşdirmiş və onun xüsusi mülkiyyət hüququ əsasında DƏDRX-nin dövlət reyestrində 2118 nömrəli reyestr kitabının 196050 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fəaliyyət qabiliyyətli şəxs olaraq İlqar İbrahimovun onun fəaliyyət qabiliyyətli oğlu Vüqar İbrahimovun və azyaşlı Xədicə İbrahimovanın xüsusi mülkiyyətində olan mənzildə formal formal olaraq qeydiyyatda olmaları onun həmin mənzilə olan mülkiyyət hüquqlarından irəli gələn hüquqlarını pozur. Belə ki, mülkiyyətində olan həmin əmlak üzrə sərbəst olaraq Azərbaycan Respublikası Mülki qanunvericiliyində müəyyən edilmiş hüquqlarını, o cümlədən sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur ki, bu hüquqpozmaya son qoyulmalı, yəni mənzilində qeydiyyatda olan X4, X5, X2 pozport qeydiyyatından çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmalıdır. Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 1, 2-ci maddələrinə, İPM-in 2.2.2, 33, 45, 47-ci maddələlərinə əsaslanaraq, X4, X5 və X2 Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 68 saylı yaşayış evinin 97-ci mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai RPİ-nin üzrərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X11, X12 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, onun nümayəndəsi (vəkili) və üçüncü şəxsin (İlqar İbrahimovun) nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı İsgəndər qızı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xməhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin (X4) nümayəndəsi və vəkili Vəkil2 iddianın əsassız olduğunu bildirdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işn faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı İsgəndər qızı tərəfindən nə inzibati icraat, nə də məhkəmə icraatı zamanı üçüncü şəxslər X9, X10 və X3 münasibətdə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma ilə bağlı qanunvericilikdə («Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» AR Qanununun 9-cu maddəsində) nəzərdə tutulmuş əsaslardan hər hansı birinin, o cümlədən üçüncü şəxslərin mənzildən istifadə hüququna xitam verilməsinə dair (və ya onların istifadə hüququnun mövcud olmaması müəyyən edilmələ digər müvafiq nəticəyə dair) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğu ilə bağlı sübut təqdim edilmədiyindən, eləcə də belə sübutun alınması ilə əlaqədar təşəbbüskarlıq olunmadığından, cavabdeh Bakı şəhəri Xətai RPİ-nin iddiaçının müraciəti üzrə həmin şəxsləri Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ev 68 saylı yaşayış evinin 97-ci mənzildən qeydiyyatdan çıxarmaması qanuna zidd hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsasızdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı İsgəndər qızının cavabdeh Bakı şəhəri Xətai RPİ-yə qarşı (üçüncü şəxslər X11, X12 və X8) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 62, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İsgəndər qızının cavabdeh Bakı şəhəri Xətai RPİ-yə qarşı (üçüncü şəxslər X11, X12 və X8) «mənzildən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-7896/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7896/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver