Məhkəmə qərarları › İş №2-1(112)-7899/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7899/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7899/2022 12.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «əşya əmlak əvəzi pul kompensasiyasının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xidmət etdiyi dövr ərzində almadığı əşya əmlakı əvəzinə 998,95 manat məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, Cavabdeh polkovnikleytenant rütbəli ehtiyatda olan zabitidir. 2017-ci ilin aprel ayında cavabdeh orqanın əmrinə əsasən o, ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən ona xidmət etdiyi dövr ərzində almadığı əşya əmlakı əvəzinə pul kompensasiyası ödənilməmişdir. Bununla bağlı o, cavabdehə müraciətlər etmiş, lakin cavabdeh tərəfindən onun müraciətlərinin təmin olunmasından imtina edilmişdir. Qanunvericiliyin tələbinə əsasən onun xidmət etdiyi müddət ərzində almadığı əşya əmlakı əvəzinə pul kompensasiyasını almaq hüququ vardır. Cavabdehin verdiyi arayışa əsasən ona əşya əmlakı əvəzinə cəmi 998,95 manat pul kompensasiyası ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmadığından həmin ödənişi müvəqqəti olaraq həyata keçirə bilmirik. İş materiallarında olan Cavabdeh Mülki müdafiə qoşunları tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: ərizədə qeyd olunmuş əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi üçün xərclər smetasında bu xərc maddəsi üzrə vəsait olmadığından həmin ödənişin hal-hazırda həyata keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Cavabdeh N nömrəli hərbi hissənin xx.xx.2017-ci il tarixli 37/36-294 saylı əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün 1 nömrəli arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərxis olunan polkovnikleytenant İddiaçı N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2017-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı xidmət etdiyi dövr ərzində almadığı əşyanın əvəzinə almalı olduğu pul kompensasiyasının ümumi məbləği 998,95 manat təşkil edir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. 10-cu maddəsinin 5-ci hissəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi normalar üzrə dövlət hesabına ərzaq və əşya əmlakı alır, ərzaq və əşya əmlakı üçün pul kompensasiyası hüququna malikdirlər. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşları təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş geyim forması və fərqləndirmə nişanları ilə təmin olunurlar. 26.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarına geyim formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında pulsuz verilir. 26.4-cü maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı fövqəladə hallar orqanlarında xidmət etmiş, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2017-ci il tarixli 0276 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «b» bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış (polkovnikleytenant rütbəsi ilə), Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2017-ci il tarixli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. Cavabdeh N nömrəli hərbi hissənin xx.xx.2017-ci il tarixli 37/36-294 saylı əşya əmlakı əvəzinə pul kompensasiyasının alınması üçün 1 nömrəli arayışına əsasən iddiaçı xidmət etdiyi dövr ərzində almadığı əşyanın əvəzinə almalı olduğu pul kompensasiyasının ümumi məbləği 998,95 manat təşkil edir. İddiaçı həmin pul kompensasiyasının ona verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Lakin iddiaçının xidmət etdiyi dövr ərzində almadığı əşya əmlakı üçün pul kompensasiyası hüququ vardır və həmin məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Buna görə də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xidmət etdiyi dövr ərzində almadığı əşya əmlakı əvəzinə 998,95 manat məbləğində pul kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar