Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-79/2023 19.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 99820,67 manat artıq ödənilmiş məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 99820,67 manat artıq ödəmə məbləği yaranmışdır. Maliyyə vəziyyətinin çətinliyi ilə əlaqədar olaraq, xx.xx.2019-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarilması barədə ərizə ilə müraciət etmişdir. Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2019cu il tarixli, **********327800 nömrəli cavab məktubunda iddiaçı tərəfidən təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixinin düzgün əks etdirilmədiyi və qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Müvafiq düzəlişlər edildikdən sonra xx.xx.2020-ci il tarixində yenidən Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müraciətinə baxılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı xx.xx.2021-ci il tarixli Qərardadına əsasən iddia mümükün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-3005/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şıkayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-830/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilərək, iddia mümkün sayılmış və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə tərəfindən İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu göndərilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərininin vergi ödəyicisinə qaytarılması Qaydaları”nın 1 saylı Əlavəsinə uyğun doldurulmuş ərizənin təqdim edilməsi təklif edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5947/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq həyata keçirilir. Bildiririk ki, iddiaçı X4 xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrlə müraciət edərək 99820,67 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən məlumatları düzgün qeyd etməmişdir. Bununla əlaqədar, X3 xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli məktublarla məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Lakin, X4 tərəfindən artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş Ərizə (1 nömrəli əlavə) forması ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə müraciət daxil olmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. "Büdcə sistemi haqqında” Qanunun 1.1.2-ci maddəsinə əsasən, büdcə təsnifatı dedikdə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması nəzərdə tutulur. Həmin qanunun 9.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Həmin qanunun 1.1.10-cu maddəsində isə qeyd edilir ki, dövlət büdcəsinin kassa icrası dedikdə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi başa düşülür. Digər tərəfdən, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********871500 nömrəli vəsatətdə qeyd edildiyi kimi, artıq ödəmənin qaytarılması barədə ərizə mahiyyət etibarilə düzgün tərtib edilmədiyi üçün vergi ödəyicisinə bu barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya imtina verilməmişdir. Eyni zamanda, əlavə məlumata ehtiyacı olacağı təqdirdə 195 Çağrı Mərkəzinə və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməsi vergi ödəyicisinə təklif edilmişdir. Lakin, ötən müddət ərzində X4 artıq ödənilmiş vergilərin qaytarılması barədə dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddia ərizəsindən göründüyü kimi vergi ödəyicisi iddia tələbi ilə həmçinin artıq ödəmənin qaytarılmasının gecikdirildiyi hər gün üçün gecikdirilən məbləğin 0,1 faiz məbləğində faiz də tələb edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarının 6.3-cü maddəsində qeyd edilmişdir ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin və ya sığortaedənin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının müraciətinə cavab olaraq cavabdeh vergi orqanın xx.xx.2019; xx.xx.2020 və xx.xx.2021-ci il tarixli tarix ilə iddiaçıya ünvanladığı “Artıq ödənilmiş məbləğin geri qaytarılması” barədə məktubunun surəti; - cavabdehin xx.xx.2021-ci il tarixli etiraz məktubu.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) İddia ərizəsindən və iş materiallarından müəyyən etmişdir ki, iddiaçı artıq ödənilmiş 24.902.97 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə çıxış edir. İnzibati məhkəmə icraatı qaydasında öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün zəruri şərtlərdən biri də inzibati mübahisənin olması, yəni iddia qaldırılmasından əvvəl inzibati orqana ərizə ilə müraciət edilməsidir. Hazırki işdə isə iddiaçı ərizə ilə inzibati orqana müraciət etmiş və nəticə etibarilə onun ərizəsi təmin olunmamışdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, iddiaçının dövlət büdcəsinə artıq ödəməsinin olduğu halda, həmin məbləğin qaytarılması barədə qanunla müəyyən edilmiş qaydada və müddətdə ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbləri pozularaq iddiaçının tələbini təmin etməmişdir. Halbuki, iddiaçının müraciət etdiyi tarixdə şəxsi hesab vərəqəsinə əsasən 99820,67 manat məbləğində saldo (artıq ödəməsi) olmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan halları müəyyən olunur ki, iddiaçı şəxsi hesab vərəqəsində yaranmış 99820,67 manat artıq ödəməsi yaranmışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh vergi orqanına “artıq ödənilmiş vergilərin geri qaytarilması” barədə ərizə ilə müraciət etmişdir. Cavabdeh vergi orqanı, iddiaçının “artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” barədə ərizəsinə cavab olaraq xx.xx.2019-ci tarixli məktubunda, təqdim edilmiş ərizədə artıq ödəmənin ödənilmə tarixinin düzgün əks edilmədiyi aşkar edildiyi bildirilmişdir. Cavabdeh vergi orqanı, iddiaçının xx.xx.2020-ci il tarixli təkrar müraciətinə cavab olaraq, xx.xx.2020-ci il tarixli məktubunda isə qeyd etmişdir ki, təqdim edilmiş ərizədə hər bir artıq ödəmənin yaranma səbəbi “AVANS ÖDƏNİŞİ" kimi deyil, “Hesablanmış vergilərdən əlavə ödənilmiş məbləğ” kimi əks olunmadığı üçün müraciətinizin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı artıq ödəmənin yaranma səbəbi barədə cavabdehə müraciət etməmiş, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq ödənilmiş 99820,67 manat manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə gecikdirilən hər bir gün üçün vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan öz mövqeyini əsaslandırmaq üçün məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən məlumatları düzgün qeyd etməmişdir. Bununla əlaqədar, X3 xx.xx.2019cu il və xx.xx.2020-ci il tarixli məktublarla məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5128 nömrəli Ekspert Rəyinin nəticə hissəsində göstərilmişdir ki, iddiaçı X2 (VÖEN: **********) xx.xx.2020-ci il tarixinə 99820,67 manat məbləğində artıq ödəməsinin olması müəyyən olunur. Belə ki, iddiaçı cavabdehə “artıq ödənilmiş vergilərin geri qaytarılması” barədə ərizə ilə müraciət etmiş, ərizədə vergi ödəyicisinin adı, VÖEN-i, bank rekvizitləri, artıq ödəmənin adı, yaranma tarixi, səbəbi və məbləği tam olaraq qeyd edilmiş, ərizə qanunla müəyyən edilmiş müddətdə və qaydada verilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. - 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. - 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. -85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. - 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü maddəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının, eyni zamanda, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. 2.1. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. 3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən isə artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 4.12. Tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun rəsmi məlumatına əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə alınır. 6.1. Vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. İddiaçı müvafiq ərizə ilə müraciət etdiyi vaxt qüvvədə olmuş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 26 yanvar 2017-ci il tarixli **********084100 nömrəli əmri ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər vergilər, faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsi QAYDALARİ”nın:
3. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizədə səhvlərin olub-olmamasının araşdırılması 3.1. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrin araşdırılması həvalə edilmiş əməkdaş (bundan sonra - əməkdaş) 1 gün ərzində hər bir ərizədə aşağıdakı səhvlərin olub-olmamasını araşdırır: 3.1.1. Ərizədə vergi ödəyicisinin adının, VÖEN-nin və bank hesab(lar)ının göstərilibgöstərilməməsini; 3.1.2. Ərizənin vergi ödəyicisi tərəfindən imzalanıb-imzalanmamasını; 3.1.3. Hüquqi şəxslər tərəfindən təqdim edilmiş ərizənin vergi ödəyicisi tərəfindən möhürlənib-möhürlənməməsini. 3.2. Ərizədə vergi ödəyicisinin adının və ya VÖEN-nin göstərilməməsi aşkar edildikdə, əməkdaş həmin səhvi vergi orqanında olan məlumatlar əsasında aradan qaldırır. 3.3. Ərizədə vergi ödəyicisinin bank hesabı göstərilmədikdə, ərizə vergi ödəyicisi tərəfindən imzalanmadıqda və ya hüquqi şəxslər tərəfindən möhürlənmədikdə, növbəti iş günündən gec olmayaraq bu Qaydaların 1 №-li əlavəsində göstərilən forma üzrə məktub hazırlanır və bu səhvlərin aradan qaldırılması üçün vergi ödəyicisi vergi ödəyicilərinə xidmət strukturuna dəvət edilir. 4. Ərizədə aydın görünən səhvlərin olub-olmamasından asılı olaraq görülən tədbirlər 4.1. Təqdim edilmiş ərizədə bu Qaydaların 3.1.1-ci yarımbəndində göstərilən səhvlər aşkar edilmədikdə və ya vergi ödəyicisinin adı və ya VÖEN-i göstərilməmiş ərizələrdəki səhvlər vergi orqanında olan məlumatlar əsasında aradan qaldırıldıqdan sonra həmin ərizələrdə digər səhvlər olmadıqda, vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab vərəqəsi əsasında ərizənin sonrakı araşdırılmasına başlanır. 4.2. Bu Qaydaların 3.1.2-ci və 3.1.3-cü yarımbəndində göstərilən səhvlər aşkar edilmiş ərizələr üzrə həmin səhvlərin aradan qaldırılması barədə vergi ödəyicilərinə xidmət strukturunun məlumatı daxil olduqdan sonra, vergi ödəyicisinin iş qovluğu və şəxsi hesab vərəqəsi əsasında ərizənin sonrakı araşdırılmasına başlanır. 4.3. Ərizənin vergi orqanına daxil olduğu gündən 5 iş günü ərzində vergi ödəyicilərinə xidmət strukturuna dəvət edilmiş vergi ödəyicisi tərəfindən kənarlaşmaların aradan qaldırılması təmin edilmədikdə vergi ödəyicisinə bu Qaydaların 2 №-li əlavəsində göstərilən forma üzrə artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılmasından imtina edilməsi barədə məktub göndərilir. 3 4.4. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş ilkin müraciətdə aşkar edilən kənarlaşmalar aradan qaldırıldıqdan sonra düzəliş edilmiş yeni ərizə bu Qaydalara uyğun olaraq icraata yenidən qəbul edilir və kənarlaşma aşkar edilmiş əvvəlki ərizənin icrası AVİSin Kargüzarlıq altsistemində “işə alınma xahiş etmə” əməliyyat növü vasitəsilə təmin edilir. Məhkəmə qeyd edir ki, müvafiq qaydalarda səhvlərin nədən ibarət olması və onun aradan qaldırılmasının forması göstərilmişdir. Lakin cavabdeh inzibati orqan həmin Qaydalarda konkret olaraq müəyyən olunmuş səhvlərin dairəsindən kənara çıxaraq digər texniki əsaslardan irəli gələn məsələləri (artıq ödəmə məbləği, artıq ödəmənin yaranma səbəbi və s.) səhv olaraq bildirmiş və onun aradan qaldırılmasını tələb etmişdir. Halbuki, həmin “Qaydalar”da müvafiq səhvlərin aradan qaldrılmasının da fərqli formaları müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixində vergi orqanı tərəfindən şəxsi hesab vərəqəsində (fiziki şəxsin gəlir vergisi) 2021-analoji (B) yazılmaqla 2811.5 manat kameral hesablama aparılmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edimişdir. Kameral hesablamadan sonra şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği 97009.17 manat olmuşdur. Hazırda həmin azalmaya səbəb olmuş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğvi barədə iddia üzrə məhkəmə mübahisəsi davam etməkdədir. Bu səbəbdən artıq ödəmənin geri qaytarılması barədə rəyin verilməsi üçün ərizə göndərildikdən və həmin ərizəyə baxıldığı müddətdə artıq ödəmə şəxsi hesab vərəqəsində dəyişmişdir. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan açıq şəkildə aydın olunur ki, vergi ödəyicisi tərəfindən artıq ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyalarının qalan məbləğləri, vergi ödəyicisinin vergi, faiz, maliyyə sanksiyası və inzibati cərimə üzrə borcu və sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi barədə razılığı olmadıqda, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»na müvafiq olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinə qaytarılır. Normaların məzmunundan da aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh imtinasını “İnzibati icraat haqqında” Qanunun normaların tələbinə uyğun əsaslandıra bilməmiş, formal mülahizələrə istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Hazırkı halda iş materialları ilə də iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə müxtəlif əsaslardan irəli gələrək həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, yuxarıda şərh edilən qanunvericilik normaları pozulmuş və iddiaçının xeyrinə əsassız olaraq məsələ həll edilməmişdir. Belə ki “İnzibati İcraaat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsin əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən, inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 24.1-cimaddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən, ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilsin, X2 şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə iddiası qismən təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X2 şəxsi hesab vərəqəsində yaranmış 97009,17 manat artıq ödənilmiş məbləğin geri qaytarılmasına görə rəyin verilməsi və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilməsi cavabdeh Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev