Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-790/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) qarşı “yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2019-cu il tarixdən (64 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 1955-ci il təvəllüdlü Azərbaycan Republikasının vətəndaşı olan İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müvafiq sənədləri ilə müraciət etmişdir. Cavabdeh Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəz filialından ona 01 aprel 2021-ci il tarixli, **********9 №-li, “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktub ünvanlanıb. İmtinaya səbəb kimi əmək kitabçasında iddiaçının ümumi iş satjının az olması yəni, tələb olunan 25 illik staja münasibətdə 17 il 11 ay iş stajının olması göstərilib. Eyni zamanda xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı göstərilib. Cavabdehin imtinası əsassızdır. Belə ki, xx xxxxx 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci ildən xx.xx.2006-cı il tarixə qədər əmək fəaliyyətinə dair əmək kitabçası və bundan əlavə iki il müddətində hərbi xidməti dövrü ilə əlaqədar hərbi bileti var. Bundan başqa "xxxx" Səhmdar Sığorta Şirkətinin Binəqədi flialında da iki ilə yaxın əmək fəaliyyəti olub. Onun ümumilkdə iş stajı 30 ildən artıq edir. xx xxxxx 1955-ci il təvəllüdlü olmağını nəzərə alınsa 2019-cu il iyun ayının 30-na kimi, yəni 07 aprel 2019-cu il tarixdə 64 yaşı tamam olub. 30 iyun 2019-cu il tarixə olan yaş həddi 64-dür. 2006-cı ilin 01 noyabrına kimi də 30 ildən artıq iş stajı var. Həmin Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində həmin tarixədək qeydə alınmalı olan pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (23 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 6 ay) =7.191 manat. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, əmək kitabçası ilk dəfə hansı işəgötürən tərəfindən doldurulursa, onun möhürü ilə təsdiq edilir. Lakin xx.xx.1973-cü il tarixdə doldurulmuş əmək kitabçasının ilk səhifəsinə nəzər yetirdikdə onun işəgötürənə məxsus möhürlə öz təsdiqini tapmadığı məlum olur. İş materiallarındakı əmək kitabaçasından da göründüyü kimi, xx.xx.2004-xx.xx.2006-ci il tarixlərdə "xxxx" sığorta şirkətinin Binəqədi filialında işlədiyi dövr işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə təsdiq edilməmişdir. Bundan başqa, işə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə xx.xx.2021-ci il tarixdə sorğu göndərilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********255800 nömrəli cavab məktubuna əsasən “Ülvin kiçik müəssisəsi" adlı Kommersiya qurumu aşkar edilməmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli 01/3-1361 nömrəli cavab məktubuna əsasən isə “Ülvin” kiçik müəssisəsinə və "xxxx" sığorta şirkətinin Binəqədi filialına dair məlumatlar mövcud deyildir. Beləliklə tələb olunan 25 il sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun yaşa görə pensiya almaq hüququ yaranmır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2.-сi maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cаvаbdеhin nümayəndəsi T.Hətəmova iddiaya dair cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikası vətəndaşıdır və xx.xx.1955-ci ildə Bakı şəhərində doğulmuşdur. İddiaçının İZ ******* nömrəli hərbi biletinin surətinə əsasən iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunması haqqında məktubunda bildirilmişdir ki, təqdim edilən xx.xx.1973-cü il tarixli əmək kitabçasına əsasən iddiaçının ümumi iş stajı 17 il 11 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixdən pensiya hüququnu yaranan tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 03 yanvar 1973-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən, iddiaçı Oktyabr rayon yeyinti ticarəti 24 nömrəli mağazada xx.xx.1972-cü ildən xx.xx.1973cü ilədək kiçik satıcı, “Bakqaz” trestində xx.xx.1973-cü ildən 7 nömrəli EKŞ sexinə 2-ci dərəcəli çilingər, Kirov rayon Qaz istismarı kontorunda xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 2-ci dərəcəli çilingər, xx.xx.1976-cı ildən 2-ci dərəcəli çilingər-baxıcı, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək 3-cü dərəcəli çilingər-baxıcı, Azərbaycan Kənd Təsərrüfatı Texnikasının 1 nömrəli Mərkəzi Respublika bazasında xx.xx.1981-ci ildən baş iqtisadçı, xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək baş əmtəəşünas, Şaumyan rayonu ictimai iaşə müəssisələri biriyində 1 nömrəli yeməkxanada xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək anbardar, Əzizbəyov rayonunun Əhaliyə Məişət Xidməti Kombinatında xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək təhlükəsiz texnikası üzrə mühəndis, “Azərquşsənayesi”nin Yeni-Bakı Broyler fabrikasının 3 nömrəli firma mağazasında xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək direktor, Bakı Broyler Fabrikasının 3 nömrəli firma mağazasında xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək direktor, “Ülvin” kiçik müəssəsində xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək sürücü, "xxxx" Səhmdar Sığorta Şirkəti Binəqədi filialında xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək sığorta agenti işləmişdir. "xxxx" Səhmdar Sığorta Şirkətinin (VÖEN **********) orderlərinə əsasən iddiaçı 2006cı il ərzində sığorta tədiyyəsi üçün müvafiq məbləğlərdə sığorta haqlarını ödəmişdir. Məhkəmənin sorğusuna əsasən, Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixdə "xxxx" Səhmdar Sığorta Şirkəti (SUN: **********1) tərəfindən 1 yanvar 2004-cü il tarixindən 1 yanvar 2007-ci il tarixinədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatı məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron sistemində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən, "xxxx" Səhmdar Sığorta Şirkətinin VÖEN-i **********, vergi uçotu orqanının цnvanı AZ1072, Bakı şəhəri, Yasamal rayonu, Həsənoğlu, ev 12, Korpus 4, mənzil 6-dır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeyiyyatı İdarəsinin xx.xx.2021-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanladığı məktubunda bildirilmişdir ki, reyestrdə xx.xx.1993-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Səhmdar Sığorta Şirkəti (VÖEN **********) adlı kommersiya qurumu aşkar edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. 1974-cü ilin iyun ayından 1976-cı ilin iyun ayına qədər hərbi xidmətdə olmuşdur, əmək kitabçasında olan qeydlərə əsasən xx.xx.1972-ci ildən xx.xx.1993-cü ilədək müxtəlif vəzifələrdə, “Ülvin” kiçik müəssəsində xx.xx.1994-cü ildən xx.xx.2004-cü ilədək sürücü, "xxxx" Səhmdar Sığorta Şirkəti Binəqədi filialında xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilədək isə sığorta agenti olaraq işləmişdir. Pensiya yaşına çatdığı xx.xx.2019-cu ildən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbi ilə bağlı aşagıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya pensiya yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti; 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının əmək fəaliyyəti (1972-2006-ci illər) olan dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində göstərilmişdir:” Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir...İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə;v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olubolmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq;ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə;ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti;k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət...Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “ Hazırda işin faktiki hallarına əsasən iddiaçının 2006-cı ilin yanvar ayının 1-nə qədər 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu, xx.xx.1972-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi müddətlər (cəmi 32 il 9 ay) iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tərixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.-ci bəndinə əsasən, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Göründüyü kimi, qanunvericiliyə əsasən əmək pensiyasının təyin edilməsi üçün 2006-ci il yanvarın 1-dək olan dövr üzrə şəxsin iş müddəti əmək fəaliyyəti barədə sənəd əmək kitabçası əsasında müəyyən olunur. İddiaçının “Ülvin” kiçik müəssəsində xx.xx.1994-xx.xx.2004-cü ilərdə və "xxxx" Səhmdar Sığorta Şirkəti Binəqədi Filialında (VÖEN **********) xx.xx.2004-xx.xx.2006-cı illərdə işlədiyi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Belə ki, həmin əmək kitabçasında “Ülvin” kiçik müəssəsində işləməsinə dair qeydlər kiçik müəssəsinin möhürü ilə, "xxxx" Səhmdar Sığorta Şirkəti Binəqədi Filialında işləməsinə dair qeydlər isə Binəqədi Filialının direktorunun imzası və möhürü ilə (möhür digər səhifəyə vurulmuşdur) ilə təsdiqlənmişdir. Digər tərəfdən əmək kitabçasında mötəbərliyini şübhə altına almaq üçün iş materiallarında hər hansı əsaslar da müəyyən edilməmişdir. İş materiallarında həmçinin iddiaçının (01.01-01.11-dək) 2006-ci ildə sığorta haqqlarının ödənilməsinə dair müvafiq sübutlar-orderlər də mövcuddur. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1994-cü ildən xx.xx.2006-cı ilədək) əmək kitabçasında (işə qəbul olma tarixi, işdən azad olma tarixi) olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək fəaliyyətinə dair əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh tərəfindən iddiaçının əmək kitabçaçında göstərilən xx.xx.1994xx.xx.2006-ci il müddətində işləməməsi, iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin etməkdən imtinası qanuni olmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan müddət nəzərə alınmaqla yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, ona 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 64 yaşı tamam olduğu xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-790/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-790/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver