Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-790/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) “daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 9 saylı bağ sahəsinə dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bununla bağlı müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və eləcə də sözügedən torpaq sahəsinə dair “torpaq sahəsinin plan və ölçüsü”nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iş üzrə X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-cı ildən 1998-ci ilə kimi (12 il) Nizami rayon X17 İcraiyyə Komitəsində (sonradan Nizami Rayon İcra Hakimiyyətində). 1998-ci ildən 2020-ci ilə kimi (22 il) orta məktəbdə müəllimə işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 1987-ci il 15 sentyabr tarixli 326 nömrəli Fərmanı əsasında əvvəllər mövcud olmuş Əzizbəyov rayonunun Dübəndi qəsəbəsində yerləşən keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisi Bakı şəhər XDS İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixli 20/396 saylı qərarı ilə keçmiş Nizami rayon XDS İcraiyyə Komitəsinə 36 üzv üçün kollektiv bağçılıq yoldaşlığın təşkili məqsədilə ayrılmışdır. Ayrıc aktına görə torpaq sahəsinin ümumi ölçüsü 2.04 hektar təşkil etmişdir. Nizami rayon XDS İK-nin nəzdində yaradılmış bağçılıq yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 3 saylı Protokolu ilə 31 nəfər üzvdən ibarət bağçılıq-yoldaşlıq kollektivinin siyahısı təsdiq edilmiş və kollektivin hər bir üzvünə 600 kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuş və həmin qərar əsasında ona da 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Protokola əsasən keçirilmiş püşkatma nəticəsində tərtib olunmuş bölgü sxemində hər bir üzvün torpaq sahəsi nömrələrlə ifadə olunmuşdur. Püşkatma nəticəsində İddiaçı 1-ci Cənub küçəsi. 11 nömrəli bağ sahəsi ayrılmışdır (protokolun surəti əlavə olunur). Mülkiyyət sənədi verilməsi üçün sənədlər o zamankı X8 göndərilmişdir. İddiaçı, həmin bağ sahəsini hasarlayıb, tikinti aparmaq üçün iki maşın kubik daşı alıb həmin sahəyə tökmüşdür. Lakin həmin dövrdə ölkədə baş verən qarışıqlıq səbəbindən torpaqdan təyinatı üzrə istifadə edə bilməmiş və mülkiyyət sənədi ala bilməmişdir. Sonradan torpağa mülkiyyət sənədi almaq istədikdə isə məlum olmuşdur ki, Nizami RİH tərəfindən xx.xx.2000-ci il tarixli 2 saylı Protokol əsasında həmin bağ sahələri əsassız və qanunsuz olaraq başqa şəxslər arasında bölüşdürmüşdür. Çoxsaylı müraciətlərindən sonra problemin həll edilməsi məqsədi ilə Nizami RİH tərəfindən püşkatma nəticəsində yenidən bölgü aparılmışdır. xx.xx.2009-cu il tarixli 6 saylı Protokolu əsasında 9 nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Lakin o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə dəfələrlə müraciət etməyinə baxmayaraq ona ayrılmış, nə 11, nə də 9 nömrəli bağ sahəsinə mülkiyyət sənədi ala bilmişdir. Halbuki bağçılıq yoldaşlıq kollektivinin bir sıra üzvünə müxtəlif dövrlərdə həm xx.xx.1990-cı il tarixli, həm xx.xx.2000-ci il tarixli, həm də xx.xx.2009-cu il tarixli Protokollar əsasında Dövlət Reyestrindən Çıxarış və texniki pasport verilmişdir. xx.xx.2023-cü il tarixli, 629 nömrəli vəkil sorğusuna 3 ay sonra verilən xx.xx.2023-cü il tarixli cavab məktubunda da (cavab məktubu əlavə edilir) bu faktlar öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən dəfələrlə bir birinə uyğun olmayan müxtəlif bəhanələrlə əsassız və qanunusuz imtina verilmişdir. Belə ki, İddiaçı gah onun adının protokoldan çıxarışda aşkar edilmədiyi, gah protokoldan çıxarışın arxivdə tapılmadığı, gah onun adının əvvəlki protokolda aşkar edilməsinə baxmayaraq, sonrakı protokoldan çıxarıldığı, gah bağ sahəsinin hasarlanma və mərzçəkmə işlərinin tam aparılmadığı, gah idarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin yerləşməsinin bölgü sxemi ilə uyğunsuzluq təşkil etdiyi, gah həmin sahəyə digər fiziki şəxsin müraciətinin daxil olduğu, gah həmin torpaq sahəsinin başqa şəxsin adına qeydiyyata alındığı, sonuncu dəfə də guya onun adına hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası) arxiv qovluğunda aşkar edilmədiyi bildirilərək əsassız və qanunsuz imtinalar verilmişdir. İddiaçı hər dəfəsində verilən əsassız imtinalara uyğun olaraq müvafiq sənədləri və faktları əlavə edərək yenidən müraciət etsə də, hər dəfəsində başqa-başqa bəhanələr gətirilərək yenə də onun müraciəti təmin edilməmişdir. Məsələ ilə bağlı müvafiq sənədlərin təqdim edilməsi üçün vəkil sorğusu ilə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə müraciət etsə də, Nizami RİH-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sənədlərin İcra Hakimiyyətinin müvafiq şöbəsində saxlanma müddəti 5 ildir və həmin müddət bildiyindən 2018-ci ilədək olan bütün sərəncam və onlara aid sənədlər daimi saxlanılmaq üçün Dövlət arxivinə təhvil verilmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə verilən cavabda Nizami rayon XDS İK (RİH) nəzdində bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 3 saylı protokolu və bölgü sxemi əsasında ayrılmış siyahısında İddiaçı adına 11 nömrəli bağ sahəsinin qeyd edildiyi, lakin həmin bağ sahəsinə dair onun adına hüquqmüəyyənedici sənədin (üzvlük kitabçasının) arxiv qovluğunda aşkar edilmədiyi, həmçinin həmin bağ sahəsinin onun adına qeydiyyata alınmasına dair məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Digər tərəfdən həmin cavabda Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 11 saylı bağ sahəsinin (0.12 ha) Nizami RİH aparatı bağçılıq və yoldaşlığının idarə heyəti yığıncağının xx.xx.2000-ci il tarixli. 02 nömrəli protokoldan çıxarış və üzvlük kitabçası əsasında xx.xx.2015-ci il tarixində M.Y.Əliyevin adına, həmçinin 11 saxlı bağ sahəsinin (0.06 ha) xx.xx.2009-cu il tarixli, 11 nömrəli protokoldan çıxarış və üzvlük kitabçası əsasında xx.xx.2015-ci ildə S.Ə.Qurbanovun adına ilkin qeydiyyata alındığı qeyd edilmişdir. Eləcə də həmin cavabda Nizami rayon XDS İK (RİH) nəzdində Dübəndi bağ sahəsində yerləşən 9 saylı bağ sahəsinin qeydiyyata alınması barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Həmin cavabdan sonra iddiaçı üzvlük kitabçasının notarial təsdiqini surətini əlavə edərək yenidən cavabdehə müraciət etmişdir. Həmin müraciətdə bildirilmişdir ki, İddiaçı adına olan hüquqmüəyyənedici sənədin (üzvlük kitabçasının) notarial qaydada təsdiq edilmiş surətini də ərizəyə əlavə edib, Nizami rayon XDS İK-nin nəzdində bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 3 saylı Protokolu əsasında İddiaçı adına Dübəndi, İ Cənub küçəsi, 11 nömrəli bağ sahəsi ayrılmışdır. Daha sonra Nizami RİH nəzdində bağçılıq yoldaşlıq kollektivinin üzvlərinin ümumi iclasının xx.xx.2009-cu il tarixli 6 saylı Protokolu əsasında ona Dübəndi bağ sahəsi, 9 nömrəli bağ sahəsi ayrılmışdır. Hazırda həmin 9 saylı bağ sahəsi heç kimin adına qeydiyyata alınmadığı kimi, faktiki olaraq da heç kimin sahibliyində və istifadəsində deyildir. Ona görə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 9 saylı bağ sahəsinə dair İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi xahiş edilmişdir. Lakin cavabdehin həmin müraciətə xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilir ki, “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 1-ci Cənub küçəsində yerləşən "11" saylı torpaq sahəsi üzərindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, idarənin arxiv məlumatlarına əsasən xx.xx.2000ci il tarixli siyahıda Quliyeva X9 adı qeyd olunmamış və 11 saylı bağ sahəsi digər şəxsin adına qeyd edilmişdir. Bu səbəblə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.” Göründüyü kimi cavabdeh ümumiyyətlə iddiaçının müraciətini araşdırmamışdır və sırf imtina vermək üçün yenə də tamamilə müraciətə uyğun olmayan cavabla imtina vermişdir. Belə ki, müraciətdə iddiaçı “11" saylı deyil, “9" saylı bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh müraciəti ümumiyyətlə oxumadan yenə əvvəlki imtina vermək məqsədi ilə tamamilə əsasız və qanunsuz əsaslandırma elmışdir. Göründüyü kimi, İddiaçı dövlət tərəfindən ayrılmış torpaq sahəsinə dair onun heç bir təqsiri olmadığı halda uzun illərdir daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü verilməkdən qanunsuz və əsassız olaraq imtina edilir. Bu səbəbdən də o, indiyə kimi cavabdehin təqsiri ucbatından həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Bununla da onun konstitusion hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli imtinasını onunla əsaslandırmışdır ki, Nizami rayon XDS İK (RİH) nəzdində bağçılıq yoldaşlığının xx.xx.1990-cı il tarixli 3 saylı protokolu əsasında ayrılmış siyahısında İddiaçı (siyahıda olduğu kimi) adına 11 nömrəli bağ sahəsi qeyd edilmişdir. Lakin həmin bağ sahəsinə aid İddiaçı adına hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası) arxiv qovluğunda aşkar edilməmişdir. Həmçinin sözügedən bağ sahəsinin onun adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XDS İK-nin nəzdində yaradılmış b/y-nın 04 saylı bağ sahəsi (0.06 ha) xx.xx.1990-cı il tarixli 03 nömrəli protokoldan çıxarış, üzvlük kitabçası və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2010-cu il tarixdə X4 adına ilkin qeydiyyata alınmışdır. xx.xx.2011-ci il tarixdə isə Dübəndi bağ sahəsi, 0.06 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 206.38 kv.m olan 4 nömrəli bağ evi vahid əmlak kimi X4 adına qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ evi daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Nizami RİH” b/y-nın 6 saylı bağ sahəsi (0.06 ha) xx.xx.2006-cı il tarixli, 5 nömrəli protokoldan çıxarış və üzvlük kitabçası əsasında xx.xx.2020 ci il tarixində X6 adına ilkin qeydiyyata alınmışdır. Həmin bağ sahəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi bağ sahəsi, Nizami rayon XDS İK-nin nəzdində yaradılmış b/y-nın 13 saylı bağ sahəsi (0.0587 ha) xx.xx.1990-cı il tarixli 03 saylı protokoldan çıxarış, üzvlük kitabçası eləcə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixdə tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2009-cu il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 11 saylı bağ sahəsi (0.12 ha) Nizami rayonu İcra Hakimiyyəti aparatı bağçılıq yoldaşlığının idarə heyətinin yığıncağının xx.xx.2000-ci il tarixli, 02 nömrəli protokoldan çıxarış və üzvlük kitabçası əsasında xx.xx.2015-ci il tarixində X11 adına ilkin qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 11 saylı bağ sahəsi (0.06 ha) xx.xx.2009-cu il tarixli, 11 nömrəli protokoldan çıxarış və üzvlük kitabçası əsasında xx.xx.2015-ci il tarixdə X12 adına ilkin qeydiyyata alınmışdır. Daha sonra Dübəndi bağ sahəsi, 0.06 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 33.9 kv.m olan 11 saylı bağ evi xx.xx.2016-cı il tarixdə vahid əmlak kimi X12 adına qeydiyyata alınmışdır. Sözügedən bağ evi Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-253 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx.xx.2023-cü il tarixdə X1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.
5. Cavabdeh xx.xx.2024 imtinasını onunla əsaslandırmışdır ki, idarənin arxiv məlumatlarına əsasən xx.xx.2000-ci il tarixli siyahıda İddiaçı adı qeyd olunmamış və 11 saylı bağ sahəsi digər şəxsin adına qeyd edilmişdir. Həmin torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. Cavabdeh iddiaçının iddia tələbinə dair etirazında qeyd etmişdir ki, təqdim edilmiş protokoldan çıxarış xx.xx.2007-ci il tarixdən sonra verilmişdir. İdarənin arxivində mövcud olan xx.xx.1990-cı il tarixli siyahıda 11 nömrəli bağ sahəsi İddiaçı (siyahıda olduğu kimi) adına qeyd olunmuşdur. Eyni bağçılıq bağçılıq-yoldaşlıq təsərrüfatının nəzdində 1-ci cənub küçəsi, 11 saylı bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmış, sonradan özgəninkiləşdirilmişdir. (**********7, X7). Həmçinin Bakı Şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 11 saylı bağ sahəsi digər şəxsin adına qeydiyyata alınmışdır. (**********06, X22) İddiaçı tərəfindən ərizəyə əlavə edilmiş bölgü sxeminə əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi 8 saylı bağ sahəsinin ərazisinə düşür. Əraziyə digər şəxsin (X3) müraciəti mövcuddur. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilir.
7. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Dübəndi 1-ci Cənub küç., Bağ №9 torpaq sahəsinin həm hüquqmüəyyənedici sənəd üzrə, həm də faktiki sahəsi 600 kv.metr təşkil edir. Bağ sahəsinin sərhədlərinin biri tərəfinin bir hissəsi qonşu bağların hasarı, qalan tərəfləri şərtidir, döngə nöqtəsinə 2-5 ədəd mişar daşıb qoyulmuşdur.
8. Cavabdehin məhkəməyə təqdim etdiyi Nizami rayonu XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlığının kollektivinin ümumi iclasının xx.xx.1990-ci il tarixli 3 nömrəli protokolunda qeyd edilmişdir ki, 31 nəfər bağçılıq yoldaşlılıq üzvü olan şəxslər Dübəndi massivində yerləşən bağçılıq yoldaşlıq kollektivinin torpaq sahəsinin bölüşdürülməsi ilə bağlı iclas keçirmiş və püşk atıldığından sonra bağçılıq yoldaşlıq kollektivinin siyahısı tərtib edilmişdir. Həmin siyahıda 11 nömrə altında İddiaçı qeyd edilmişdir.
9. İddiaçının məhkəməyə təqdim etdiyi Nizami rayonu XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlığının kollektivinin ümumi iclasının xx.xx.1990-ci il tarixli 3 nömrəli protokolunda olan çıxarışda qeyd edilmişdir ki, 11. İddiaçı: 1-ci cənub küçəsi 11 nömrəli, sahəsi – 600 kv.metr olan bağ sahəsi ayrılmışdır.
10. Cavabdehin məhkəməyə təqdim etdiyi Nizami rayonu XDS İcraiyyə Komitəsinin nəzdində yaradılmış bağçılıq-yoldaşlığının torpaq sahəsinin xx.xx.1990-cı il 3 saylı protokolu əsasında bölüşdürülməsinin sxemində görünür ki, həmin sxemdə 31 nəfər bağçılıqyoldaşlığının üzvlərinin adı və bölüşdürülmüş bağ sahələrinin yerləşdi yerin nömrələri müəyyən edilmişdir. Həmin siyahıda 11 nömrə altında İddiaçı qeyd edilmişdir.
11. Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra hakimiyyəti Başçısının Aparatının əməkdaşlarının iştirakı ilə xx.xx.2009-cu il tarixdə keçirilən ümumi iclasının 6 nömrəli protokolunda qeyd edilmişdir ki, Bakı şəhər XDS İK-in xx.xx.1987-ci il tarixli 20/396 №-il qərarının 1.1.53-cü bəndinə əsasən Nizami rayon XDS İK-in əməkdaşları üçün bağçılıq-yoldaşlıq təsərrüfatı yaratmaq məqsədi ilə Əzizbəyov rayonunun “Dübəndi” adlanan ərazisində ayrılmış 2,04 ha torpaq sahəsinin hesabına təşkil edilmişdir. Nizami rayon XDS İK-i Bakı şəhər XDS İK-in qeyd olunan qərarına uyğun olaraq 31 nəfərdən ibarət bağçılıq-yoldaşlıq kollektivinin yaradılması barədə bağçılıq-yoldaşlıq kollektivinin idarə heyətinə göstəriş vermişdir. Nizami rayon XDS İK-nin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli iclasının 3 №-li protokoluna əsasən bağçılıq-yoldaşlıq kollektivinin istifadəsinə verilmiş və Bakı şəhər XDS İK-nin Baş Memarlıq və planlaşdırma idarəsi tərəfindən tərtib edilmiş layihə əsasında nömrələnmiş torpaq sahəsinin püşkatma yolu ilə üzvlər arasında bölünməsi həyata keçirilmişdir. Lakin aradan 19 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Əzizbəyov rayonunun “Dübəndi” adlanan ərazisində Nizami rayon XDS İK-nin əməkdaşları üçün bağçılıq-yoldaşlıq təsərrüfatı məqsədi ilə ayrılmış torpaq sahələrinin 25-i bu günə qədər istifadəsiz qalmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, bu vaxta qədər istifadəsiz qalmış torpaq sahələrinin, istifadələrinə verilmiş şəxslər tərəfindən istifadə edilməməsinin heç bir obyektiv səbəbi yoxdur. Yerdəyişmələr də nəzərə alınmaqla, digər püşkatmaya cəlb edilmiş şəxslərin adı püşkatmanın nəticəsi olan siyahıya salındı və istifadəsiz qalmış torpaq sahələrinin yeni istifadəçilərini müəyyən edən nəticə kimi elan edilmişdir. Həmin siyahıda 9 nömrə altında İddiaçı qeyd edilmişdir. Nizami rayon İcra Hakimiyyətinin bağçılıq-yoldaşlıq kollektivinin ümumi iclası gündəlikdəki məsələni müzakirə edərək, ümumi iclas tərəfindən verilmiş təkliflərə əsasən Nizami rayon İcra Hakimiyyətinin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin 07 may 2009-cu il tarixli iclasında həyata keçirilmiş püşkatmanın nəticəsini və 4, 6 və 12 №-li sahələrin sahiblərinin dəyişdirilməsini özündə əks etdirən dəqiqləşdirilmiş, 24 nəfərdən ibarət siyahısının təsdiq edilməsi, Nizami rayon XDS İK-nin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli iclasının 3 №-li protokoluna əsasən Əzizbəyov rayonunun “Dübəndi” adlanan ərazisində bağçılıq-yoldaşlıq təsərrüfatının həyata keçirilməsi məqsədi ilə ayrılmış torpaq sahəsinin püşkatma qaydasında aparılmış bölgüsü 6, 12, 13 və 14 №-li bağ sahələri istisna olmaqla ləğv edilsin və dövlət idarələri və ictimai xidmət işçilərinin həmkarlar komitəsinin Nizami rayonu üzrə komitəsinin xx.xx.2000-ci il tarixli 2 №-li protokolu əsassız olduğu üçün etibarsız hesab edilməsi qərara alınmışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünküyü
15. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
19. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
27. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlildən biri ondan ibarətdir ki, idarənin arxiv məlumatlarına əsasən xx.xx.2000-ci il tarixli siyahıda İddiaçı adı qeyd olunmamış və təqdim edilmiş protokoldan çıxarış xx.xx.2007-ci il tarixdən sonra verilmişdir.
28. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, Bakı şəhəri Nizami Rayon İcra hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra hakimiyyəti Başçısının Aparatının əməkdaşlarının iştirakı ilə xx.xx.2009-cu il tarixdə keçirilən ümumi iclasının 6 nömrəli protokoluna əsasən Nizami rayon XDS İK-nin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli iclasının 3 №-li protokoluna əsasən bağçılıq-yoldaşlıq kollektivinin istifadəsinə verilmiş və Bakı şəhər XDS İK-nin Baş Memarlıq və planlaşdırma idarəsi tərəfindən tərtib edilmiş layihə əsasında nömrələnmiş torpaq sahəsinin püşkatma yolu ilə üzvlər arasında bölünməsi həyata keçirilmişdir. Lakin aradan 19 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Əzizbəyov rayonunun “Dübəndi” adlanan ərazisində Nizami rayon XDS İK-nin əməkdaşları üçün bağçılıq-yoldaşlıq təsərrüfatı məqsədi ilə ayrılmış torpaq sahələrinin 25-i bu günə qədər istifadəsiz qalmışdır. Yerdəyişmələr də nəzərə alınmaqla, digər püşkatmaya cəlb edilmiş şəxslərin adı püşkatmanın nəticəsi olan siyahıya salındı və istifadəsiz qalmış torpaq sahələrinin yeni istifadəçilərini müəyyən edən nəticə kimi elan edilmişdir. Həmin siyahıda 9 nömrə altında İddiaçı qeyd edilmişdir.
29. Məhkəmə qeyd edir ki, Nizami rayon XDS İK-nin nəzdində bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1990-cı il tarixli iclasının 3 №-li protokolunda, onun əsasında tərtib edilmiş bölgü sxemində, eləcə də Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin nəzdində mövcud olan bağçılıq-yoldaşlıq kollektivi üzvlərinin rayon İcra Hakimiyyəti Başçısının Aparatının əməkdaşlarının iştirakı ilə xx.xx.2009-cu il tarixdə keçirilən ümumi iclasının 6 nömrəli protokolunda İddiaçı adı yer almışdır.
30. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən sənədlərdən müəyyən edilir ki, bağçılıq yoldaşlıq kollektivinin bir sıra üzvünə xx.xx.2009-cu il tarixli Protokollar əsasında Dövlət reyestrindən çıxarışlar verilmişdir.
31. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik prinsipinin pozulması ilə nəticələnə bilər və bu səbəbdən yolverilən hesab edilməməlidir.
32. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
33. Cavabdehin imtina və etirazında göstərdiyi digər dəlil ondan ibarət olmuşdur ki, 11 saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
34. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının iddia tələbi Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 11 nömrəli deyil, istifadəsində olan 9 saylı bağ sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinə dair plan və ölçünün verilməsidir.
35. Cavabdehin etirazında göstərdiyi digər dəlili - iddiaçı tərəfindən ərizəyə əlavə edilmiş bölgü sxeminə əsasən faktiki göstərilən torpaq sahəsinin bir hissəsi 8 saylı bağ sahəsinin ərazisinə düşməsi, əraziyə digər şəxsin (X3) müraciəti mövcud olmasını məhkəmə əsassız hesab edir.
36. Belə ki, həmin şəxs inzibati məhkəmə icraatına cəlb edilmişdir, həmçinin məhkəmənin sorğusuna əsasən torpaq sahəsinin ortofoto görüntüsü təqdim edilmişdir. Məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin müraciətinin mövcud olması, eləcə də torpaq sahəsinin bir hissəsinin 8 saylı bağ sahəsinin ərazisinə düşməsi öz təsdiqini tapmamışdır.
37. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
38. Qanunvericiliklə dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdehin səlahiyyətlərinə aid edilmişdir.
39. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1.-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.20. Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
40. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək.
41. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.
42. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
43. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən sahəsi 600 kv.metr olan 9 nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva