Məhkəmə qərarları › İş №2-1(112)-7901/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7901/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7901/2021 22.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Vəliyeva Ayla Fuad qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinə qarşı “imtinanın qanunsuz hesab edilməsi və avtomobilin qaytarılması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinin 14.06.2021-ci il tarixli imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan və hazırda Baş Gömrük İdarəsinin duracağında saxlanılan ban nömrəsi SAZÇAFF6FA215381 olan 2015-ci il buraxılışlı “Range Rover” markalı avtomobilin ona qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 19.01.2018-ci il tarixli notarial alqısatqı müqaviləsi əsasında Rusiya Federasiyasının Maxaçkala şəhərində ban nömrəsi SAZÇAFF6FA215381 olan 2015-ci il buraxılışlı "Range Rover" markalı avtomobili onun razılaşdırılmış dəyərini ödəməklə satıcıdan almış və Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan qanuni şəkildə keçərək Azərbaycan Respublikasına gətirmişdir. Həmin avtomobilin Azərbaycan Respublikasında gömrük rəsmiləşdirilməsi zamanı sənədlərində uyğunsuzluqların olması aşkar edilmiş, eləcə də bu nəqliyyat vasitəsinin Sankt-Peterburq şəhərində oğurlanmaqla dövlətlərasası axtarışda olduğu müəyyən edildiyindən fakta görə istintaq idarəsi tərəfindən 10.12.2018-ci il tarixdə AR Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Ötən müddət ərzində bütün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilmiş, lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmamış və bu səbəbdən də cinayət işi üzrə icraatın dayandırılması və sözügedən avtonəqliyyat vasitəsinin X2 Baş Gömrük İdarəsinin dayanacağında saxlanması barədə 01.07.2019-cu il tarixli qərar qəbul edilmişdir. İddiaçı həmin avtomaşını hüquqmüəyyənedici sənədlər əsasında onun mülkiyyətçisindən dövlət notariat kontorunun təsdiq edilmiş alqı-satqı müqaviləsinə uyğun olaraq əldə etmiş və bu avtomobilin sənədlərində hər hansı uyğunsuzluqların olması və ya oğurluq yolu ilə əldə edilməsindən heç bir məlumatı olmamışdır. Bunları nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinə ərizə ilə müraciət edərək, hazırda Baş Gömrük İdarəsinin duracağında saxlanılan SAZÇAFF6FA215381 olan 2015-ci il buraxılışlı "Range Rover" markalı avtomobili iddiaçıya qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsi 14.06.2021-ci il tarixli məktubu ilə cinayət işi üzrə müəyyən edilmiş faktlara əsaslanaraq, iddiaçının mülkiyyətində olan avtomobilin ona qaytarılmasını məqsədəmüvafiq hesab etməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası qanunsuz və əsassızdır və aşağıda şərh edilənlərə görə məhkəmə mülkiyyətində olan avtomobilin qaytarılması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul etməlidir. Belə ki, həmin avtomobil hazırda iddiaçının qanuni mülkiyyətindədir və bu nəqliyyat vasitəsinə münasibətdə o, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182-ci maddəsinin tələblərinə uyğun olaraq vicdanlı alıcıdır. Eləcə də 3 ilə yaxın bir müddətdə, mülkiyyətində olan avtomobil Baş Gömrük İdarəsinin duracağında saxlanılır. Bu müddət ərzində avtomaşın maddi və mənəvi cəhətdən köhnəlməyə məruz qalır və bununla da ona əsaslı maddi ziyan dəyir, eləcə də istintaqın nə vaxt başa çatacağının da qeyri-müəyyən olduğu nəzərə alınsa, mülkiyyətində olan avtomaşının illərcə duracağda saxlanılması ilə bağlı ona dəyəcək ziyanın məbləğinin artması aşkar bəllidir. Həmçinin iddiaçı hesab edir ki, hazırkı vəziyyətdə cinayət-prosessual qanunveciliyinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə zərərçəkmiş şəxs mülki iddiaçı kimi tanınmalı və cinayəti törətmiş şəxsə qarşı həmin avtomaşının maddi dəyərinin ona ödənilməsi ilə bağlı müvafiq məhkəmədə mülki iddia qaldırmalıdır. İddia ərizəsinin hüquqi əsaslandırılmasında Azərbaycan Respublikası Konstitusiyasının 13.1, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 152.1, 182.1, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair Əlavə Protokolun 1-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamışdır. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İddiaçı ünvanladığı 14.06.2021-ci il tarixli, 1000-154/150- 26/009548 nömrəli məktubunda bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə daxil olmuş müraciətinizlə əlaqədar bildirilir ki, 22 yanvar 2018-ci il tarixdə sizin Rusiya Federasiyasından idxal etdiyiniz ban nömrəsi SALGA2FF6FA215381 olan 2015-ci il buraxııışlı, “X3 Rover” markalı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı faktiki ban nömrəsinin SALGA2FF7DA120051 olmaqla 2013-cü ildə istehsal edildiyi və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində oğurlanmaqla 6 yanvar 2018-ci il tarixdən etibarən Dövlətlərarası axtarışda olmasının müəyyən edilməsi faktına görə 10 dekabr 2018-ci il tarixdə İstintaq şöbəsində Azərbaycan Respublikası CMnin 206.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq nəqliyyat vasitəsi maddi sübut kimi tanınıb hazırkı vaxtadək DGK-nın X1 Baş Gömrük İdarəsinin dayanacağında gömrük nəzarəti altında saxlanılır. Habelə, nəqliyyat vasitəsinin oğurlanması faktı üzrə Rusiya Federasiyası DİN-in Sankt-Peterburq şəhərinin Kalinski rayonu üzrə istintaq şöbəsində də cinayət işi başlanılmasını nəzərə alaraq sözügedən nəqliyyat vasitəsinin sizə qaytarılması məqsədəmüvafiq hesab edilmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli, 1000- 154/150-24/012254 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı İddiaçı 22 yanvar 2018-ci il tarixdə Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonunun inzibati ərazisində yerləşən Samur gömrük postundan keçməklə Rusiya Federasiyasından “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda idxal etdiyi ban nömrəsi SALGA2FF6FA215381 olan 2015-ci il buraxılışlı, “X3 Rover” markalı nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitəsinin faktiki ban nömrəsinin SALGA2FF7DA120051 olmaqla 2013-cü ildə istehsal edildiyi və həmin nəqliyyat vasitəsinin Rusiya Federasiyası Sankt-Peterburq şəhərində oğurlanmaqla 6 yanvar 2018ci il tarixdən etibarən Dövlətlərarası axtarışda olmasının müəyyən edilməsi faktına görə 10 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatı 1 iyul 2019-cu il tarixli qərarla CPM-nin 39.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyasından ban nömrəsi SALGA2FF6FA215381 olan 2015-ci il buraxılışlı, “X3 Rover” markalı nəqliyyat vasitəsini “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda idxal etmiş, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi zamanı nəqliyyat vasitəsinin Rusiya Federasiyası Sankt-Peterburq şəhərində oğurlanmaqla 6 yanvar 2018-ci il tarixdən etibarən Dövlətlərarası axtarışda olması müəyyən edilmişdir. Qeyd edilən fakta əsasən 10 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə cinayət işi başlanılmış, cinayət işinin icraatı ibtidai istintaq orqanının 1 iyul 2019-cu il tarixli qərarı əsasında dayandırılmışdır. Hazırda qeyd edilən nəqliyyat vasitəsi cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət işi üzrə maddi sübut kimi tanınmış və hazırkı vaxtadək DGK-nın X1 Baş Gömrük İdarəsinin dayanacağında gömrük nəzarəti altında saxlanılır. İddiaçı nəqliyyat vasitəsinin ona qaytarılması ilə bağlı cinayət prosesini həyata keçirən cavabdeh orqana müraciət etmiş, lakin müraciətin təminindən imtina edilmiş, hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olduğunu iddia edərək nəqliyyat vasitəsinin ona qaytarılmasını inzibati məhkəmə icraatında mübahisələndirir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə qeyd edir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Bunun da məntiqi davamıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. Hazırkı iddiadan görünür ki, iddiaçının tələb etdiyi nəqliyyat vasitəsinin Rusiya Federasiyası Sankt-Peterburq şəhərində oğurlanmaqla 6 yanvar 2018-ci il tarixdən etibarən Dövlətlərarası axtarışda olması müəyyən edilmiş və məhz həmin nəqliyyat vasitəsi CM-nin 206.1-ci maddəsi üzrə cinayət işinin başlanmasına əsas olmaqla maddi sübut kimi tanınmışdır. Hazırkı halda cavabdehin cinayətin predmeti olaraq nəqliyyat vasitəsini maddi sübut kimi tanıması və həmin maddi sübutu iddiaçıya qaytarmaqdan imtina etməsi sonuncunun inzibati hüquq fəaliyyəti ilə əlaqəli olmayıb, bilavasitə cinayətprosessual fəaliyyəti ilə bağlıdır. Hazırkı iş üzrə cavabdeh qismində qoyulmuş orqan inzibati orqan olsa da, lakin iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə yaranan mübahisə inzibati mübahisə hesab olunmur. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi nəqliyyat vasitəsinin maddi sübut kimi saxlanılması və qaytarılmaması ilə bağlı fəaliyyət “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan 3.2.1-ci maddəsinin tələbinə əsasən cinayət təqibi üzrə cinayətprosessual fəaliyyət olmaqla inzibati məhkəmə icraatının predmeti qismində çıxış edə bilməz. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunan normaların tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırkı iş üzrə mübahisə inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərarın 15.2-ci bəndi). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərarın 15.3-cü bəndi). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: -122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. -122.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından - ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından - yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından - yuxarı məhkəməyə. -449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 05 avqust 2009-cu il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, “ilk əvvəl nəzərə alınmalıdır ki, CPM-in 9-cu maddəsinə uyğun olaraq cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir. Bu Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 122.1 və 449.2-ci maddələri ilə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ olan şəxslərin ümumi dairəsi müəyyən edilmiş, habelə məhkəməyə şikayət vermək hüququnun subyektləri dairəsinə cinayət prosesinin iştirakçıları və cinayət prosesində iştirak edən digər şəxslər aid olunmuşdur. Odur ki, CPM-in 449.2.3-cü maddəsində məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququnun subyektləri sırasına aid olunan «qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər»in müəyyənləşdirilməsi məsələsində həm bu Məcəllənin 122.1-ci maddəsinin, həm «Cinayət prosesinin iştirakçıları»na aid olan şəxslərin kimdən ibarət olmasından bəhs edən (CPM-in ikinci bölməsinin) müddəaları, həm də 95.6.12-ci maddəsinin müddəaları nəzərə alınmalıdır. Ümumiyyətlə isə qeyd olunmalıdır ki, CPM-in 449.2-ci maddəsində göstərilən şəxslər hər bir halda bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş məsələlərlə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə qeyd edir ki, Qanunla müəyyən olunmuş qaydada cinayət prosesi iştirakçısının hüquqlarına və qanuni maraqlarına toxunan hərəkətlərdən və qərarlardan məhkəməyə şikayət vermək hüququnun tanınmasında məhkəmələr müvafiq şəxsin formal hüquqi vəziyyətindən başqa, həmçinin onun faktiki vəziyyətini və belə vəziyyətdə onun hansı hüquqlara malik olması məsələsini də nəzərə almalıdırlar”. Məhkəmə qeyd edilən normalara istinadən izah edir ki, iddiaçının hazırkı tələbi cinayət prsosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-nin 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüquq hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat və İstintaq Baş İdarəsinə qarşı “imtinanın qanunsuz hesab edilməsi və avtomobilin qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar