Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7905/2022 09.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun X2 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum qaynanasının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun”da fərdi yaşayış evinin ünvanı ünvan 2 X10 qeyd edilsədə, 33 saylı notariat ofisinin məktubunda hüquq obyektinin ünvanı ünvan 3li qeyd edilmişdir. Məlumat üçün bildirilir ki, göstərilən yaşayış evi 1 (bir) mərtəbəli, 2 (iki) yaşayış otağından ibarətdir. A yaşayış evinə bitişik 52 kv.m əlavə sahə inşa olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir: - Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının fərqli göstərilməsi; - Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin ünvanın fərqli göstərilməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıbyaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inetarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatının aparılması üçün qanunvericilik ilə tənzimlənən əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı ilə əhatə olunur. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının vərəsəsi olduğu mərhumun mübahisələndirilən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları yaranmışdır, lakin bu hüquqlar onun tərəfindən reallaşdırıla bilinmədiyindən, hazırki halda daşınmaz əmlakın mülkiyyət hüququnun mərhum X2 məxsus olması haqqında arayış verilməlidir. Cavabdehin etirazının dəlillərindən göründüyü kimi daşınmaz əmlakın ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsini mümkünsüz hesab etməsinin əsası kimi şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda hüquq obyektinin mülkiyyətçisinin adının və hüquq obyektinin ünvanının fərqli olduğu göstərilmişdir. Məhkəmə ilk növbədə hüquq obyektinin mülkiyyətçisinin adı ilə bağlı sənədlərdə ziddiyyətli məqamların olmasına münasibətdə bildirir ki, doğrudur ki, şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda və notariat ofisinin məktubunda iddiaçının mərhum qaynanasının adı fərqli göstərilmişdir. Nəzərə alınmalıdır ki, bu ziddiyyətli məqamın yaranması bilavasitə daşınmaz əmlaka münasibətdə mərhumun hüquqlarının yaranmasını istisna etmir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Dəmiryolçular küçəsi, döngə 2, ev 5 ünvanında yerləşən daşınmaz əmlak X5 ayrılmışdır. Baxmayaraq ki, hüquqmüəyyənedici sənəddə hüquq obyektinin mülkiyyətçisi kimi X11 göstərilsə də, həmin şəxsin əslində X4 olması mülki məhkəmə icraatı zamanı öz əksini tapmış və verilmiş pasportun X2 aid olması faktı Bakı şəhəri Xəzər rayon məhkəməsinin 2(003)-4032/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan hüquq obyektinin sahibi kimi ziddiyyətli məqamların olması əsasını imtina əsası kimi göstərsədə, məhkəmə araşdırılması zamanı Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun mərhum X2 aid olması təsdiq olunmuşdur ki, bu da öz növbəsində cavabdehin irəli sürdüyü birinci dəlili aradan qaldırır. Məhkəmə cavabdehin irəli sürdüyü ikinci dəlil ilə bağlı hesab edir ki, həmin əsas hazırki iddia tələbinin təmin edilməsini istisna edə bilməz. Belə ki, doğrudur ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanı iddiaçının iddia etdiyi ünvan ilə eynilik təşkil etmir. Belə ki, daşınmaz əmlaka dair tərtib olunmuş sənəddə hüquq obyektinin ünvanı ünvan 4ilsə də, iddiaçı hazırda irəli sürdüyü tələbdə ünvan 1 ünvanında yerləşən əmlakın mərhum X2 məxsus olduğunu iddia edir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə vətəndaşın daşınmaz əmlaka münasibətdə hüquqlarının yarandığını təsdiq edir və hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşlara verilmiş, həmin şəxslərin əmlaka münasibətdə hüquqlarının olduğunu göstərirdi. İstisna olunmur ki, həmin sənədlərdə məlumatların yazılması zamanı həmin dövrdə səlahiyyətli olan qurum texniki səhvlərə yol verməmiş olsun. Məhkəmə hesab edir ki, necə ki Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda mərhumun adı səhv qeyd olunmuşdursa, eləcə də hüquq obyektinin ünvanının texniki səbəbdən səhv göstərilməsi halı da istisna olunmur. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlər toplusundan görünür ki, ünvan 5 ünvanında yerləşən əmlakda İddiaçı və onunla eyni soyadı daşıyan, qohumluq əlaqəsi olan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınmışdırlar. Nəzərə alınmalıdır ki, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmalarının əsasında Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport ilə yanaşı, həmçinin ev dəftərində əks olunan məlumatlar dayanır. Doğrudur ki, ev dəftəri, daha dəqiq isə həmin dövrdə «домовая книга» adlanan sənəd şəxsin əmlak üzərində hüquqlarının yaranmasını təsdiq edən sənəd hesab olunmur. Həmin sənəd Azərbaycan SSR dövründə vətəndaşların şəxsiyyətini, yaşını, sosial vəziyyətini, yaşayış sahəsində yaşadığı müddəti ilə əks etdirən kitabçadır. Bununla yanaşı, məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mərhum X4 ailə üzvləri (X15, X9, X16) ilə birlikdə 1963-cü ildən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamışdır. Göründüyü kimi hər nə qədər ev dəftəri adlanan sənəd hüquqmüəyyənedici sənəd hesab olunmasa da, həmin sənəd mərhum X1 mübahisə predmetini təşkil edən əmlakda Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun verildiyi vaxtda, yəni 1963-cü ildən məhz ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamasını təsdiq edir. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunan ünvan 6 ünvanda hal-hazırda digər fiziki şəxslər faktiki yaşayır ki, bu da hər iki əmlakların ayrı-ayrı əmlaklar olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, ünvan 6 və ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakların ayrı-ayrı əmlaklar olduğundan, həmçinin ünvan 7 ünvanında yerləşən yaşayış sahəsində mərhum X4 uzun müddət yaşadığından, o cümlədən həmin əmlak üzərində hər hansı fiziki şəxsin mülkiyyət hüquqları qeydə alınmadığından, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda hüquq obyektinin ünvanın səhv göstərilməsi istisna olunmur. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, vaxtılə səlahiyyətli qurum hüquqmüəyyənedici sənədtə hər hansı yalnışlığa və ya texniki səhvə yol vermişdirsə, bunun nəticəsi iddiaçıya əlavə məsuliyyət yaratmamalıdır. Çünki, nə iddiaçı, nədəki onun mərhum qaynanası X4 Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda yol verilmiş səhvə görə cavabdehlik daşımır. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası hüquqi əsasa söykənmir və formal xarakter daşıyır. Məhkəmə torpaq sahəsinə münasibətdə qeyd edir ki, mərhum X1 təkcə ünvan 7 ünvanında yerləşən yaşayış sahəsinə deyil, həmçinin həmin yaşayış sahəsinin altındaki torpaq sahəsinə münasibətdə də gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına görə Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənəd, hazırki halda Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilən evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid paspor şəxsin mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsas verir. Belə olan halda, Məhkəmə hesab edir ki, cavabdehin imtinası torpaq sahəsinə münasibətdə də əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X4 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyinin 1963-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportuna əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov