Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-7905/2023 07.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi ” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək cavabdehin 24 fevral 2023-cü il tarixli sərəncamının ləğv edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Həmçinin, iddia müddətinin bərpası barədə verilmiş ərizə də təmin edilmiş, iddia müddəti bərpa edilmişdir İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 14 yanvar 2000-ci il tarixdən mənzil növbəsinə götürülmüşdür. Cavabdehin 25 noyabr 2014-cü il tarixli sərəncamı ilə mənzil uçot sənədlərin Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Lakin, heç bir əsaslı səbəb olmadan 24 fevral 2023-cü il tarixli sərəncamı ilə mənzil növbəsindən çıxarılmışdır. İddiaçı qeyd edir ki, mənzil növbəsinə götürülərkən vətəndaşın özünün və həyat yoldaşının mülkiyyətində yaşayış sahəsi olmamışdır. Bundan əlavə, mənzil növbəsinə götürülərkən vətəndaşın özü və həyat yoldaşı dövlət tərəfindən və şəxsi təşəbbüsü ilə əmlak ilə təmin edilməsi barədə cavabdehə müraciət edilməmişdir. Cavabdehin sərəncamında qeyd edilən Buzovna qəsəbəsi 17.7 kv.m olan yaşayış sahəsi heç bir sanitar qovşağı olmayan bir otaqdan ibarət yaşayış sahəsidir. Torpaq sahəsi isə onun adına qeydə alınmadığından başqa şəxsə satılmışdır. Bundan əlavə, sərəncamda qeyd edilən yoldaşının adına yaşayış məntəqələrinin torpaq sahəsi vərəsəlik yolu ilə keçmiş mənzil satılaraq əldə edilmiş torpaq sahəsidir. Yəni, torpaq sahəsi birgə mülkiyyətdə olmamışdır. Cavabdehin etirazının əsaslandırması: Etiraz onunla əsaslandırılmışdır ki, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bundan əlavə, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,03 ha yaşayış məntəqələrinin torpaq sahəsi də həyat yoldaşının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Göründüyü kimi mənzil növbəsinə götürülərkən iddiaçının və həyat yoldaşının adında daşınmaz əmlak olmamışdır. Tərəf isə, mənzil və torpaq sahəsi ilə təmin edilməsi barədə cavabdehə məlumat verməmişdir. Cavabdeh qeyd edir ki, torpaq sahəsinin mövcudluğu onun nikah dövründə əldəe edilməsi üçün yetərlidir. Hansı vəsait hesabına alınması əhəmiyyət kəsb etmir. Bundan əlavə, yaşayış sahəsinin yararsız olması barədə də sübut mövcud deyildir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vərəsəlik hüquqi haqqında şəhadətnamədən görünür ki, pul vəsaiti vəfat etmiş X6 tərəfindən X2 vəsiyyət edilmişdir. Vəsiyyətnamədən görünür ki, həmin şəxs tərəfindən mənzil də S.İbrahimovaya vəsiyyət edilmişdir. Cavabdehin sərəncamından görünür ki, iddiaçının mənzil uçot sənədləri ailə tərkibi nəzərə alınmaqla cavabdehə köçürülmüşdür. Qeydiyyat vəsiqəsindən görünür ki, 17.7 kv.m ölüdə bir otaqlı Buzovna qəsəbəsində yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. 14 aprel 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Buzovna qəsəbəsində yerləşən faktiki X1 istifadəsində olan torpaq sahəsində 18,9 kv.m olan fərdi yaşayış evi mövcud deyil, ərazidə əlavə tikili mövcuddur. İddiaçının adına verilmiş 17.5 kv.m fərdi yaşayış evinin texniki pasportda istinad məlumatları olmadığından həmin sahəyə aid olubolmamasını araşdırmaq mümkün olmamışdır. Cavabdehin mübahisələndirilən 24 fevral 2023-cü il tarixli sərəncamından görünür ki, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.Bundan əlavə, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,03 ha yaşayış məntəqələrinin torpaq sahəsi də həyat yoldaşının adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı isə, mənzil və torpaq sahəsi ilə təmin edilməsi barədə cavabdehə məlumat verməmişdir. İddiaçı tərəfindən Bakı ş, Xəzər r, Buzovna qəsəbəsi 0,10 ha torpaq sahəsinin qeydə alınması barədə məhkəməyə ünvanlanmış iddia ərizəsində iddiaçı qeyd edir ki, 17.7 kv.m sahəsi olan fərdi yaşayış evi və 0,10 ha torpaq sahəsi onun 18 ildir ki, onun xüsusi mülkiyyətindədir. Qeydiyyat vəsiqəsi də bunu tam təsdiq etməkdədir. 2018-ci il tarixdə həmin torpaq sahəsinə gedərkən torpaq sahəsinin başqa şəxs tərəfindən zəbt olunduğunu görmüşdür. Halbuki, Abşeron Rayon İcra Hakmiyyəti başçısının sərəncamı əsasında X5 tərəfindən 0,10 ha torpaq sahəsi ona ayrılmışdır. Sonradan isə, həmin torpaq sahəsində 17.7 kv.m ölçüdə fərdi yaşayış evi inşa edilmişdir. Yaşayış sahəsinin texniki pasportu tərəfindən alınmış, həmin sahə 18 ildir ki, tərəfindən istifadə edilməkdədir. Bu səbəbdən iddiaçı hesab edir ki, torpaq sahəsi də onun adına qeydiyyata alınmalıdır. Adıçəkilən sahəyə dair texniki pasportdan görünür ki, sənəd üzrə 10 sot, reallıqda 1435,7 kv.m torpaq sahəsi iddiaçının istifadəsindədir. Alqı-satqı müqaviləsindən görünür ki, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi iddiaçının həyat yoldaşına alqı-satqı müqaviləsi bağlanılmaqla keçirilmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı cavabdehə X3 qarşı 0,10 ha torpaq sahəsi və 17,7 kv.m fərdi yaşayış evindən istifadəyə maneələrin aradan qaldırılması və sahənin boşaldılması barədə iddiası üzrə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 0,10 ha torpaq sahəsi və 17.7 kv.m fərdi yaşayış evi iddiaçının istifadəsindədir. Lakin, 2018-ci il tarixdə müəyyyən etmişdir ki, başqa şəxs divarları və hasarı sökmüş və giriş qapısının yerini dəyişmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. 53.3. Uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Yuxarıda adıçəkilən normaların məzmunundan görünür ki, şəxsin mənzil uçotuna alınmasından imtina ilə mənzil uçotuna alınmış şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması fərqli anlayışlardır. İş materialları ilə də müəyyən edilir ki, iddiaçının məhz yaşayış sahəsinə ehtiyacı olan qismindən uçotdan çıxarılması üçün əsaslardan biri olan sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qalxması halı müəyyən edilmiş və cavabdehdə həmin hala istinad etməklə şəxsin mənzil növbəsindən çıxarılması barədə mübahisələndirilən sərəncamı qəbul etmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının özü 17.7 kv.m fərdi yaşayış evinin mülkiyyətçisi, 0,10 ha torpaq sahəsinin qanuni istifadəçisi, həyat yoldaşı ilə birlikdə Badamdar qəsəbəsində yerləşən yaşayış məntəqələri kateqoriyasına aid torpaq sahəsinin mülkiyyətçisidir. İddiaçının dəlilləri onunla bağlıdır ki, onun istifadəsində olan 17,7 kv.m fərdi yaşayış evi yararsız vəziyyətdədir və yaşayış evinin inşa edildiyi torpaq sahəsi onun adına qeydiyyata alınmamışdır. Halbuki, iş materiallarında olan iddiaçının özü tərəfindən məhkəmələrə təqdim edilmiş iddia ərizələrindən görünür ki, istər fərdi yaşayış sahəsi, istərsə də onun yerləşdiyi torpaq sahəsi onun qanuni istifadəsindədir ki, bununla bağlı tərtib edilmiş texniki sənədlərdə torpaq sahəsinin ölçüsü 10 sotdan da artıqdır. Fərdi yaşayış evinin yararsız olması barədə sübutun təqdim edilməməsindən əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin fərdi yaşayış sahəsinin yararlı hala salınması barədə iddiaçı tərəfindən hər hansı bir tədbirin həyata keçirilməsi, o cümlədən maddi vəsaitinin olmaması halı üzrə aidiyyəti qurumlara müraciət etməsi iş materialları ilə müəyyən edilmir. Eləcə də uçotda saxlanılmaya münasibətdə başqa şəxslə məhkəmə mübahisənin mövcud olması, torpaq sahəsinin hər hansı hissəsindən ehtimal olunan şəxsin qanunsuz istifadəsi də hər hansı əhəmiyyət kəsb etmir. Məhkəmə hesab edir ki, hazırkı məsələyə münasibətdə vacib olan xüsusiyyət, iddiaçının istifadəsində həm fərdi yaşayış evi, həm də 10 sot yaşayış məntəqələri üçün yararlı torpaq sahəsinin mövcud olmasıdır. İddiaçının sərəncamın mübahisələndirilməsinə münasibətdə digər dəlili isə odur ki, həyat yoldaşının mülkiyyətində olan 0,0300 ölçüdə Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinin birgə mülkiyyətçisi olmaması, həmin sahənin həyat yoldaşına vərəsəlik qaydasında keçmiş mənzilin satılması nəticəsində əldə edilməsidir. Bununla bağlı nəzərə alınmalıdır ki, həmin torpaq sahəsinin mənzilin satışından əldə edildiyi ümumiyyətlə iş materialları ilə sübut edilmir. Belə ki, təqdim edilən sənədlərdən görünür ki, iddiaçının həyat yoldaşının yaxın qohumu tərəfindən mənzil vəsiyyət edilsə də, vərəsəlik şəhadətnaməsi hesabda olan əmanətlə bağlı olmuş, mənzillə bağlı hər hansı qeyd vərəsəlik şəhadətnaməsində öz əksini tapmamışdır. Lakin, həmin hal mövcud olsa belə, məhkəmə hesab edir ki, ailə üzvləri nəzərə alınmaqla mənzil növbəsinə götürülmüş iddiaçının həyat yoldaşının adına yaşayış üçün yararlı torpaq sahəsinin mövcud olması, ailə qanunvericiliyin tələblərinə uyğun olaraq birgə təsərrüfat aparan şəxsə münasibətdə yaşayış sahəsinə ehtiyac meyarını aradan qaldırır. Belə ki, işin faktiki halları ilə də təsdiq edilir ki, iddiaçının mülkiyyətçi olmasından asılı olmayaraq həmin şəxs həyat yoldaşı ilə birlikdə ən azından torpaq sahəsinin qanuni istifadəçisidir. Göründüyü kimi iddiaçı və ailə üzvlərinin istifadəsində yaşayış sahəsinə ehtiyac meyarını aradan qaldırılan kifayət qədər əmlaklar mövcuddur. Uçotdan çıxarma ilə bağlı 55.1.2-ci maddənin tələbi ilə konkretdir və hüquq müəyyən edən əsasın mövcud olmaması uçotdan çıxarılma üçün əsas hesab edilir ki, cavabdehin sərəncamı mahiyyəti baxımından əsaslı olmuşdur. Məhkəmə, qeyd edir ki, sərəncamın qəbulu prosessual baxımından da əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahdan da müəyyən edilir ki, mənzil uçotundan çıxarılma barədə iddiaçıya cavabdeh tərəfindən məlumat verilmiş, şəxs aparılan inzibati icraatla bağlı məlumatlandırılmış, son nəticədə də sərəncam qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi Göründüyü kimi inzibati icraat inzibati orqanın öz təşəbbüsü ilə başlaya bilər ki, mənzil uçot siyahısı üzrə çıxarılma üçün əsas olub-olmama hallarının müntəzəm araşdırılması cavabdehin öhdəliyidir. Cavabdeh də həmin öhdəliyin icrası zamanı, iddiaçının mənzil uçot sənədlərini araşdırmış və müəyyən etmişdir ki, iddiaçının mənzil növbəsindən çıxarılma üçün əsaslar mövcud olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-7905/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-7905/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver