Məhkəmə qərarları › İş №2-1(112)-7906/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-7906/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-7906/2022 31.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi ilə İddiaçı cavabdehlər Xətai rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı icra hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Xətai rayon İcra Şöbəsinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xətai rayon İcra Şöbəsinin 2(011)-369/2019 nömrəli icra sənədi üzrə X4 məxsus Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinin hərrac vasitəsi ilə satılması ilə bağlı hərəkətlərinin qeyri-qanuni hesab edilməsi və hərracın keçirilməsinin dayandırılması, 2(011)-369/2019 nömrəli icra sənədi üzrə işin icraatının “İcra haqqında” Qanununun 17.1.4-cü maddəsinə əsasən dayandırılması öhdəliyinin Xətai rayon İcra Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)- 369/2019 nömrəli icra vərəqəsində müəyyən edilmişdir ki, İddiaçı 25.02.2015-ci il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 65000 ABŞ dolları əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 25.02.2017-ci il tarixinə 14036,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83216,46 (səksən üç min iki yüz on altı dollar qırx altı sent) ABŞ dolları borc, 15.09.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi 15.03.2017-ci il tarixinə 1065,03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6899,3 (altı min səkkiz yüz doxsan doqquz dollar üç sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borc və ödənilmiş dövlət rüsumunun 29,70 (iyirmi doqquz manat yetmiş qəpik) manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Tutma ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə X4 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə yönəldilməli və mənzilin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsaiti iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməlidir və əmlak hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində borclular İddiaçı, X6, X2, X5, X1 və X7 həmin məzildən çıxarılmalıdılar. Qeyd olunan icra sənədinin verilməsinə əsas olan kredit və ipoteka müqavilələrin etibarsızlığı hazırda tərəflərindən Nəsimi Rayon Məhkəməsində mübahisələndirildiyindən qeyd olunan işlə bağlı icra hərəkətləri “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə əsasən dayandırılmalıdır. Belə ki, tərəflərindən icra sənədinin verilməsinə əsas olan tələbin mübahisələndirilməsinə dair iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və bu barədə məhkəmə tərəfindən 01.11.2021-ci il tarixdə 2(006)-7077/2021 saylı qərardad qəbul edilmişdir. Bununla bağlı onun tərəfindən 02.11.2021-ci il tarixdə ərizə ilə Xətai Rayon İcra Şöbəsinə müraciət edilərək icra sənədi üzrə icraatın Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ilə dayandırılması xahiş edilsə də, Xətai Rayon İcra Şöbəsi tərəfindən icra hərəkətləri dayandırılmamışdır. Belə ki, hazırda cavabdeh orqan icra sənədi üzrə icra hərəkətlərini hələ də dayandırmayıb və onun sifarişinə əsasən 27.04.2022-ci il tarixə "xxxx" MMC tərəfindən yuxarıda göstərilən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi təyin edilmişdir. Bu barədə hərrac mərkəzinin biidirişi 11.04.2022-ci il tarixində onlara təqdim edilmiş və həmin tarixdə yuxarıda qeyd edilən əsasla icra hərəkətlərinin dayandırılması üçün tərəflərindən Xətai Rayon İcra Şöbəsinə yazılı şəkildə müraciət edilsə də, icra hərəkətləri dayandırılmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırki halda Xətai Rayon İcra Şöbəsi tərəfindən icra hərəkətlərinin dayandırılmaması “İcra haqqında Qanunun 17.1.4-cü maddəsinin və borclunun hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı və cavabdehlərin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi iki cavabdehə qarşı yönəlmişdir ki, bu hissədə qiymətləndirilmənin aparılması hər bir cavabdeh üçün ayrı-ayrılıqda aparılır. Məhkəmə cavabdeh Xətai rayon İcra Şöbəsinə münasibətdə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin predmetini Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-369/2019 nömrəli, 14.11.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı hərəkətlər təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Göründüyü kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-369/2019 nömrəli, 14.11.2019-cu il tarixli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhəri, Xətai rayon məhkəməsində mübahisələndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Məhkəmə cavabdeh “Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə münasibətdə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının: - 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. - 3.1-ci bəndinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. - 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Göründüyü kimi nəinki dövlət qurumlarının, hətta hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi istisna olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V bölməsindən də göründüyü kimi hüquqi şəxslərin inzibati orqan kimi çıxış etməsi istisna edilməmişdir. Lakin sadalanan qanunvericilik aktlarında hüquqi şəxslərin inzibati orqan qismində çıxış etməsi onun inzibati akt qəbul etməyə səlahiyyətli olub-olmamasından asılı edilmişdir. Belə ki, qanuna əsasən yalnız inzibati akt qəbul etmək səlahiyyətinə malik olan hüquqi şəxslər inzibati orqan qismində çıxış edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt dedikdə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri başa düşülür. Hazırkı üzrə cavabdeh MMC isə inzibati akt, yəni ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri barədə akt qəbul etmək səlahiyyətinə malik olan hüquq şəxs hesab edilmədiyindən ona yönəlmiş iddia tələbi də hazırkı qaydada, yəni inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan tələb hesab edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı Qərarının 9-cu bəndi ilə müəyyən olunmuşdur ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar